İnformasiya cəbhəsində mövqelərimiz
möhkəmlənir
Xarici media
nümayəndələrinin Qarabağa səfəri ermənilərin
törətdiyi faciənin miqyasını dünyaya yayacaq
"Belə paradların sayını çoxaltmaq
lazımdır. Xarici medianın təmsilçiləri həm ərazinin
tarixini bilməli, həm hazırkı dövrdə
Qarabağa verdiyimiz önəmi hiss etməlidirlər"
Fevralın 26-da Prezident İlham Əliyev yerli və
xarici media nümayəndələri üçün mətbuat
konfransı keçirib. Xocalı soyqırımının 29-cu
ildönümü ilə bağlı Azərbaycanda
keçirilən tədbirləri işıqlandırmaq
üçün ölkəmizdə olan 30-dan çox xarici
KİV nümayəndəsinin iştirak etdiyi mətbuat
konfransı 4 saatdan çox davam edib. Bu
müddət ərzində dövlətimizin
başçısına 50-yə yaxın sual
ünvanlanıb.
Azərbaycan Prezidenti mətbuat konfransında natiqlik məharətini
nümayiş etdirərək bütün suallara səlis, əsaslı
arqumentlərlə, məntiqli cavablar verib, güclü liderlərə,
böyük dövlət xadimlərinə xas peşəkar
xüsusiyyətləri ilə xarici media nümayəndələrini
bir daha heyrətləndirib. Təbii ki, mətbuat
konfransına nüfuzlu media qurumlarının nümayəndələrinin
bu cür marağı da səbəbsiz deyildi. Çünki ortada son illər ərzində Azərbaycanın
keçdiyi böyük inkişaf yolu, həyata keçirilən
irimiqyaslı, qlobal əhəmiyyətli layihələr,
regional və beynəlxalq platformalarda əldə edilən
nailiyyətlər və Vətən müharibəsində
qazanılan Qələbə var.
Pandemiya səbəbindən onlayn formatda keçirilən
mətbuat konfransının Azərbaycan tarixinin ən
ağrılı səhifələrindən biri olan Xocalı
soyqırımının ildönümü günündə
təşkil olunması heç də təsadüf deyildi. Bu, ilk növbədə,
faciə ilə bağlı məlumatların dünya ictimaiyyətinə
çatdırılması və Ermənistanın
xalqımıza qarşı soyqırımı siyasətinin
ifşası baxımından mühüm əhəmiyyət
kəsb edirdi.
Digər tərəfdən bu tədbir İkinci
Qarabağ müharibəsindən sonra regionda yaranmış
yeni reallıqların müxtəlif media platformaları vasitəsilə
dünya ictimaiyyətinə çatdırılması
üçün əlverişli imkan kimi qiymətləndirilə
bilər. Təbii ki, aparıcı xarici media
qurumlarının nümayəndələrinin ölkənin
birinci şəxsi tərəfindən verilən məlumatlar əsasında
hazırladıqları informasiyalar Xocalı
soyqırımı ilə bağlı həqiqətlərin
bütün dünya tərəfindən qəbul edilməsi
işində çox böyük rol oynayacaq.
Hər zaman dünyamızda informasiya savaşı
çox böyük önəm kəsb edib. Təcrübə
göstərir ki, əgər bu sahədə ləngimə
olarsa, o zaman qarşı tərəf bu boşluqdan faydalanaraq
saxta informasiyaları dünya ictimaiyyətinə “həqiqət”
kimi təqdim edəcək. Tam əminliklə
deyə bilərik ki, 26 fevral tarixli mətbuat konfransı
ölkəmizin informasiya cəbhəsindəki mövqelərinin
gücləndirilməsində, Azərbaycanın haqq səsinin
dünya ictimaiyyətinə çatdırılması
işində çox önəmli rola malik olacaq və bu
istiqamətdəki mövqelərimizi daha da möhkəmləndirəcək.
Bundan başqa fevralın 25-dən martın 1-dək
xarici jurnalistlərin işğaldan azad olunmuş ərazilərə
səfərləri təşkil olunub. İşğaldan
azad olan Ağdam şəhərinə səfər edən
xarici media nümayəndələri ilk olaraq Ağdam cümə
məscidinə gediblər. Azərbaycan
Respublikasının Xarici İşlər Nazirliyinin və Azərbaycan
Respublikasının Gürcüstandakı Səfirliyinin təşkilatçılığı
və dəstəyi ilə gürcü jurnalistlər və
ekspertlərin Azərbaycan Respublikasının işğaldan
azad olunmuş ərazilərinə səfəri təşkil
edilib. Gürcüstanın "Pirveli TV", Mtavari
Arkhi, Imedi TV, POS TV kanallarının jurnalistləri səfər
cərcivəsində işğaldan azad olunmuş Ağdam,
Xocavənd, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı,
Ağdərə və Kəlbəcər rayonları, həmçinin
Suqovuşan və İstisuda olublar. Orada ermənilərin
törətdikləri vandallıqları öz gözləri
ilə görüblər. Xarici KİV
nümayəndələri Azərbaycanın erməni
işğalından azad edilmiş Füzuli və Cəbrayıl
rayonlarına da səfər ediblər.
Əcnəbi
jurnalistlər səfər zamanı işğaldan azad
edilmiş ərazilərdəki vəziyyətlə, bu
rayonlarda elektrik şəbəkələrinin bərpası
işlərinin gedişi ilə tanış
olublar, həmçinin Füzulidəki beynəlxalq hava
limanının inşaat sahəsində və Füzulidən
Şuşaya çəkilən Zəfər yolunda olublar.
Ümumiyyətlə,
xarici jurnalistlərin
Qarabağ həqiqətlərini və erməni
vandalizmini öz ölkələrində
işıqlandırması Azərbaycan üçün nə
dərəcədə önəmlidir?
Sualımızı
cavablandıran Azərbaycan
Mətbuat Şurasının sədri Əflatun Amaşov
"Şərq"ə açıqlamasında
vurğulayıb ki, Azərbaycan hər zaman Ermənistandan
güclü və haqlı olub:
"Mən konkret məsələdən söz
açmazdan öncə bir məqama diqqət yetirmək istərdim. Baxın, Ermənistandakı
siyasi təbəddülatlar fonunda bütün dünya ölkənin
Baş naziri Nikol Paşinyanın müdafiəsinə
qalxır. Bu, sıradan məsələ
deyil. Müxtəlif bəyanatlar görürük
ki, onlarda ordunun, hərbi qüvvələrin siyasi proseslərə
müdaxiləsi pislənilir. Nəticə
etibarilə demək mümkündür ki, dünya
bugünkü Ermənistan iqtidarının tərəfindədir.
O iqtidarın ki, Qərblə bağlıdır. Düşünək görək, 44 günlük
müharibə dönəmində Paşinyan xaricdən nə
üçün indi gördüyü qədər dəstək
görmədi? Bəli, biz haqlıydıq,
buna söz yox. Güclü
olmağımız da öz yerində. Amma
biz ötən 27 ildə də haqlı olmuşuq və indiki
kimi olmasa da, ötən 17 ildə də Ermənistandan
güclü olmuşuq. Demək, nəticə
haqlı olmaqla yanaşı, haqqın təbliğatından
asılıdır".
Ə.Amaşov
qeyd edib ki, 44 günlük Vətən müharibəsi dönəmində
Azərbaycan təbliğat baxımından da Ermənistandan
qat-qat güclüydü: "Baxmayaraq ki, ermənipərəst
qüvvələr xeyli fəallıq göstərirdilər. Bu gücü təmin edən Prezident İlham
Əliyev idi. Müharibə müddətində
onun xarici mediaya 30-dan artıq müsahibəsi oldu. Bu müsahibələr Qarabağın informasiya cəbhəsindəki
vəziyyəti xeyrimizə dəyişdi, bir növ stereotipləri
qırdı".
Mətbuat
Şurasının sədri əlavə edib ki, əcnəbi
jurnalistlərin işğaldan azad edilmiş bölgələrə
səfərləri, vəziyyətlə yerində tanış olmaları isə informasiya
müharibəsindəki qələbənin belə demək
mümkünsə, paradıdır:
"Şübhəsiz, belə paradların
sayını çoxaltmaq lazımdır. Xarici
medianın təmsilçiləri həm ərazinin tarixini
bilməli, həm hazırkı dövrdə Qarabağa
verdiyimiz önəmi hiss etməlidirlər. Habelə, bölgənin inkişafının
xalqımız üçün prioritetliyini duymalı, həm
də Qarabağa mənəvi
bağlılığımızı əyani şəkildə
görməlidirlər. Təbii ki,
müasir dövrdə Qarabağ həm də vandalizm səhnələrinə
şahidlik etmiş diyarımızdır. Bu
məqama da kifayət qədər əhatəli
yanaşılmalıdır. Çünki
münaqişə zamanı baş vermis cinayətlər bəşəri
mahiyyət daşıyır. Dünyanın
bu cinayətlərin, o cümlədən Xocalı dəhşətinə
bənzər faciələrin bir daha yaşanmaması
üçün həmrəylik nümayişi, səfərbərlik
lazımdır. Bu baxımdan da əcnəbi
jurnalistlərlə apardığımız işin,
onların vəziyyətlə yerində tanış
olmalarının əhəmiyyəti misilsizdir".
Beynəlxalq
Avrasiya Mətbuat Fondunun (BAMF) sədri Umud Mirzəyev
"Şərq"ə açıqlamasında qeyd edib ki,
xarici media nümayəndələrinin işğaldan azad
olunmuş ərazilərimizə ziyarət etməsinin misilsiz əhəmiyyəti
var. Onun sözlərinə görə, belə səfərlərin
təşkil olunması Azərbaycan həqiqətlərinin
dünyaya çatdırılmasında xüsusi rol
oynayır:
"Əcnəbi jurnalistlərin həqiqətləri
öz gözləri ilə görməkləri çox
vacibdir. Ermənilərin dinc əhaliyə qarşı
törətdikləri təxribatlar xarici KİV-lərdə
yayımlanırsa, bu, həqiqətlərimizi dünyaya
çatdırmaq baxımından mühümdür. Məqsəd erməni vəhşiliyini, onların
yaramazlığını, insani davranışlara aid olmayan hərəkətlərini
beynəlxalq aləmə çatdırmaqdır. Belə
səfərlərin təşkili ermənilərin iç
üzünün bütün dünyaya açılması
üçün xüsusi əhəmiyyətə malikdir.
Xarici jurnalistlərin azad edilmiş ərazilərimizə getməsi
kifayət edir ki, onlar ermənilərin kim
olduqlarına qiymət versinlər. Bildiyimiz kimi, xarici media
nümayəndələri bu yaxınlarda müxtəlif yerlərdə
- Füzulidə, Ağdamda və s. bir çox işğaldan
azad olunmuş kəndlərimizdə və şəhərlərimizdə
olublar. Onlar erməni vandallığını
öz gözləri ilə görüblər. Təbii
ki, bütün
bu vandalizmi onların öz gözləri ilə görməsinin
effekti tamam başqadır. Yəni bir var bu faktları müxtəlif mənbələrdən
oxuyarlar, bir də var ki, öz gözləri ilə görərlər".
U.Mirzəyev
hesab edir ki, bütün bunlar gələcəkdə daha
çox müsbət təsirə malik olacaq:
"Çünki xarici media nümayəndələri
artıq burada faciənin miqyasını dərk edirlər və
həqiqəti daha yaxşı anlayırlar.
Onlar da ermənilərin bu illər ərzində
bir zamanlar 10 minlərlə azərbaycanlının
yaşadığı şəhərin necə viran
qaldığını öz gözləri ilə
görürlər. Ümumiyyətlə,
biz mümkün olduğu qədər işğaldan azad olunan
torpaqlarımızda Ermənistanın törətdiyi vəhşilikləri
bütün dünyaya çatdırmalıyıq. Hesab edirəm ki, bu cür səfərlərin təşkilinə
hər zaman xüsusi diqqət yetirilməlidir. Çoxlu sayda olmasa da, müəyyən sayda da olsa
dünyanın ən nüfuzlu media nümayəndələrinin
Azərbaycana bu cür səfərləri tez-tez təşkil
edilməlidir".
BAMF sədri əlavə edib ki, 44 günlük Vətən müharibəsi dönəmində ölkə başçısı İlham Əliyevin müxtəlif kanallara müxtəlif dillərdə verdiyi geniş müsahibələrin informasiya savaşı baxımından xüsusi önəmi var idi:
"Çünki bütün bunlar informasiya savaşında da qalib gəlməyimizdə əhəmiyyətli rola malik oldu. İşğaldan azad olunmuş regionlarımızda istər yerli, istərsə də xarici media mənsubları üçün şərait yaradıldı. Təbii ki, bunun da informasiya müharibəsində müsbət mənada gücünü hiss elədik.
Prezidentin
fevralın 26-da 4 dildə 4 saat ərzində 35-ə yaxın
media nümayəndəsinin 50-yə yaxın sualını
cavablandırması da təbliğatın ən yaxşı
forması idi.
Heç şübhəsiz ki, bunun gələcəkdə ölkəmiz üçün çox böyük təsirləri olacaq. Təbii ki, bunun faydasını zaman-zaman hiss edəcəyik. Qeyd edim ki, bu günləri də bir çox media araşdırmaçıları tərəfindən prezidentin mətbuat konfransı ilə bağlı çox maraqlı müzakirələr aparılır.
Təbii ki, bu da bizim uğurlarımız
sırasındadır".
Aynurə Pənahqızı
Şərq 2021.- 3 mart.- S.11.