Məramı kamillik

 Zemfira Məhərrəmli Əsmədxanımdan yazır

 

Bu örpəkli qadını Milli Məclisin iclaslarında tez-tez görürdük. Ciddiliyi, səmimiyyəti, təmkini ilə diqqəti cəlb edir, çoxları onunla maraqlanırdı.

Əsmədxanım Bəyəhməd qızı Məmmədova 1941-ci il martın 5-də Bakı şəhərində anadan olub. C.Cabbarlı adına 187 saylı orta məktəbi əla qiymətlərlə bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Şərqşünaslıq fakültəsində təhsil alıb. Bu ali məktəbi fərqlənmə diplomu ilə bitirdikdən sonra − 1966-1969-cu illərdə Respublika Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun aspiranturasında oxumuş, 1972-ci ildə filologiya elmləri namizədi alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə etmişdir. 1969-cu ildən BDU-da elmi-pedaqoji fəaliyyətini davam etdirir. Sevimli tələbələri və universitetin professor-müəllim heyəti arasında böyük nüfuza malikdir. 200-dən artıq elmi tədqiqat əsərinin, çoxsaylı kitabların və bədii tərcümə ədəbiyyatının müəllifidir. Beynəlxalq konfranssimpoziumlarda Azərbaycanın haqq səsini dünya ictimaiyyətinə çatdıran aydınlarımızdandır.

Arzu peykinin orbitində

İnsan nəcib əməlləri ilə tanınır, yadda qalır. Ömür isə elə qısadır ki... Hiss olunmadan sanki, bir göz qırpımında, ildırım sürətilə ötüb keçir. Zamandan qanad alan illər bir-birini qovduqca az qala mənzil başına yetişirik. Bəşər övladına bəxş olunan həyatı, beşgünlük ömür payını necə yaşayasan ki, dünəndə qalanlar üçün heyfsilənməyəsən, nəcib əməllərinlə özündən sonra iz qoymağı bacarasan. 

Bu insani, humanist duyğular Hacı Əsmədxanım Məmmədovaya yaxşı tanışdır, onun fikrini erkən yaşlardan daim məşğul edən düşüncələr, qəlbinə hakim kəsilən hisslərdir. Təkcə özün, ailən üçün yox, xalqın üçün yaşayıb-yaratmaq, insanlara gərək olmaq istəyi. Tanınmış şərqşünas alim, istedadlı pedaqoq, BDU-nun dosenti, sabiq millət vəkili Ə.Məmmədovanı yaşamağa, yaradıcı fəaliyyətə sövq edən məhz bu ülvi hisslərdir.

İnsanın arzu peyki daim əngin səmalarda, ucsuz-bucaqsız ulduzlar kəhkəşanında dolaşır. Sonsuz fəzanın dərinliklərinə baş vuran arzu peykimizin orbiti hədsiz-hüdudsuzdur. Daim ucalığa can atan, xeyirxahlığı nəciblik sanan, yaxşı əməllərindən zövq alan Əsmədxanımın arzuları da beləcə... Arzulara çatmaq üçün əzablara qatlaşanlar, əsl fədakarlar həyatda öz yolunu tapır, elin-obanın gözündəucalırlar. El-obanın ləyaqətli qızı, müəllim, nəcib insan olan Ə.Məmmədova məhz belə şəxsiyyətlərdəndir.

Ot kökü üstə bitər

İçərişəhərdə doğulmuş ana babası Məşədi Əbdülqasım dövrünün mükəmməl təhsil görmüş ziyalısı idi. Ərəb və fars dillərində səlis yazıb-oxuyurdu. Sədinin, Firdovsinin şeirlərini əzbər söyləyər, Naşad təxəllüsü ilə incə ruhlu şeirlər yazar, zəngin kitabxanasından çoxları bəhrələnərdi. Əsmədxanımın anası Qızxanım şeir, sənət vurğunu idi, şərqşünas olmağı da qızına o, məsləhət görmüş, “baban kimi sən də Şərq dünyasına bələd olarsandemişdi.

Ot kökü üstə bitər” kəlamında, doğrudan da, həqiqət var. Əsmədxanım Məmmədova deyir ki, “rəhmətlik anam çox müdrik qadın idi, onun məsləhəti ağlıma batdı. Mən ailə ənənəsinə sadiq qalaraq anamın tövsiyəsinə əməl etdim. Ali təhsili uğurla başa vurduqdan sonra elmi tədqiqatlara başladım. Universitetdə dərs deməklə yanaşı, namizədlik dissertasiyası üzərində işləyirdim. 1972-ci ildə Leninqradda (indiki Sankt-Peterburq) “Fars dili tələffüzündə vurğunun təbiəti və yerimövzusunda dissertasiya müdafiə edərək, filologiya elmləri namizədi alimlik dərəcəsinə layiq görüldüm. Bu gün də yetirmələrimə tədris etdiyim fənnin incəliklərini öyrədir, onların intellektual səviyyəsinin, dünyagörüşünün artmasına çalışıram.”

Xatırladaq ki, 1995-ci ildə Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilən Ə.Məmmədova göstərilən etimadı ləyaqətlə yerinə yetirərək, seçiciləri ilə daim ünsiyyətdə olur, onların müraciətlərinə həssaslıqla yanaşırdı. Millət vəkili seçildiyi Sabunçu rayonundakı kənd və qəsəbələrdə onu böyükdən-kiçiyə hamı tanıyırdı. Axı, sakinlərin yaxın məsləhətçisi, yardımçısı, hamisi idi. Köhnə qaz kəmərlərinin, qədim klub və mədəniyyət evlərinin yerləşdiyi binaların təmirində, xalçaçılıq sexlərinin bərpa olunmasında və işçi qüvvəsi ilə təminatında bir millət vəkili kimi səylərini əsirgəmirdi. O, elm, təhsil və mədəniyyət komissiyaları tərkibində fəaliyyət göstərərək, dövlət quruculuğu işində, müstəqil respublikamızın qanunlarının hazırlanmasında, ölkəmizin tərəqqisi naminə yorulmadan çalışırdı. Qüvvə və bacarığını ana Vətənin çiçəklənməsinə sərf edən Ə.Məmmədova yenidən seçicilərinin etimadını qazanaraq ikinci çağırış Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilmişdi. Ona ümid edir, inanırdılar. İnam isə hər şey deməkdir.

O dövrdə Parlamentdəki otağında yazı masası üzərində gördüyüm təşəkkür məktublarını xatırlayıram. Həmin məktublar bu nəcib insanın əməyinə seçicilərinin verdiyi yüksək qiymət idi. Əsmədxanım özü bu barədə belə deyir: Doğrudan da, çəkilən zəhmət hədər getmir. Çoxsaylı məktublarda yeni yerlərinin açılması zərurəti irəli sürülürdü. Bir neçə qəsəbə bazarı kiçik və darısqal ərazidə yerləşdiyindən tələbləri ödəmirdi. Tezliklə həmin alış-veriş yerlərinin abad əraziyə köçürülməsinə nail olduq. Ətrafda sakinlər üçün yeni sahələri, xidmət obyektləri də açıldı. Bütün bunlar neçə-neçə sakinin məşğulluğu demək idi. Məsləhət oldu ki, uşaqlı qadınların evlərində hanalar quraşdırılsın. Xalçaçı qızları işə aparıb-gətirmək üçün avtobus təşkil olundu. Xalça sexlərinin yenidən işə başlaması həm də qədim el sənətimizin yaşamasına təkan vermişdi.”

Əsmədxanımın fikrincə, bənzərsiz incəsənət nümunələrimizin yaşarılığını təmin etmək, böyüməkdə olan nəslə mənəvi-əxlaqi dəyərlərimizi öyrətmək olduqca vacibdir. Qəsəbələrdə yeni istirahət guşələri, Diyarşünaslıq muzeyləri yaratmaq, folklor sinifləri açmaq, həmin siniflərdə uşaqlara güləbətin, təkəlduz kimi ulu sənət növlərini öyrətmək təşəbbüsü də bu işgüzar qadına məxsus idi.

“Hər bir cəmiyyətin demokratik, sivilizasiyalı olmasının əsas göstəricisi qadının bu cəmiyyətdəki mövqeyi ilə ölçülür.” Bu fikirlər də oxuduğunuz yazının qəhrəmanına aiddir. O, elmi-pedaqoji fəaliyyəti ilə yanaşı, daim cəmiyyət içərisində, insanlar arasındadır. Qadınları ictimai-siyasi həyata geniş cəlb etmək, onları yüksək vətəndaşlıq ruhunda fəaliyyətə istiqamətləndirmək yurd aydınımızın başlıca amalıdır. O, təlim-tərbiyəni milli zəmində inkişaf etdirməyi, mənəvi-əxlaqi dəyərlərimizin təbliğini də vacib sayır. Vaxtilə yaratdığı “Kamillik” Qadın Xeyriyyə Cəmiyyəti tənha qadınların, ailə başçısını itirmiş anaların problemləri ilə məşğul olur, şəhid ailələrinin və əlillərin ehtiyaclarına kömək edir. Ölkəmizdə mənəvi-psixoloji durumun sağlamlaşdırılmasına, maddi-mənəvi irsimizə varislik münasibətinin tərbiyə edilməsinə çalışan pedaqoq-alim yaşlı nəslin yaradıcılıq bacarığını yetişməkdə olan gənc nəslə aşılanması, nəsillər arasında körpü yaradılması, unudulan milli incəsənət nümunələrinin bərpası ilə bağlı tövsiyələrini verir, gənc qızların elmə cəlb edilməsi, onların kamil mütəxəssislər kimi yetişməsinə nail olmaq onu daim düşündürən məsələlərdəndir. 

Portret cizgisinə əlavə

Əsmədxanım Məmmədovanın sözlə çəkmək istədiyim portretini tam şəkildə çatdırmaq üçün yazıma bir neçə fikri də əlavə etmək istəyirəm. “Vətən bizim anamız, inancımız, and yerimiz, qibləgahımızdır” deyən Hacı Əsmədxanım həm də qayğıkeş, mehriban ana, müdrik məsləhətçidir. O, doğma yurdunu sevən dörd vətənpərvər övlad yetişdirib. Birinci Qarabağ müharibəsinin qanlı-qadalı illərində öz oğlu da səngərlərə atılan bu məğrur ana üçün öncə Vətəndir. Qarabağ savaşının tüğyan etdiyi illərdə oğlu Fərid təhsil aldığı BDU-nun könüllülərdən ibarət tələbə batalyonu ilə barıt qoxulu cəbhələrə yollanmış, Qubadlının düşmən təcazvüzündən müdafiəsi uğrunda döyüşlərə atılmışdı. İgid əsgər silah yoldaşları ilə birlikdə çətin döyüş tapşırıqlarınıyerinə yetirir, ölüm-dirim savaşında şücaət göstərirdi.

Bu gün 80 yaşı tamam olan Əsmədxanım deyir ki, 44 günlük Vətən müharibəmizin möhtəşəm Qələbəmizlə başa çatması qəlbimizi dağa döndərib. Bu nəhəng sevinci bizə yaşadan, xalqımıza xoş ovqat bəxş edən Müzəffər Ali Baş Komandanımız və rəşadətli Milli Ordumuzla qürur duyuruq. İndi hər birimiz fəxr etdiyimiz, qürur duyduğumuz həmrəyliyin − dövlət, xalqordu birliyininşahidiyik. Bu sıx vəhdət ürəyimizdə ehtişam, fəxarət duyğusu yaradıb. Xalqımız bütün dünyaya haqq işi naminə bir yumruqtək birləşmək nümunəsi göstərib.

Erməni vandalizminin şahidi olan, 30 il ərzində işğal altında, əsirlikdə qalan yurd yerlərimiz,şükürlər olsun ki, xiffətini çəkdiyi igid oğullarımızın, polad biləkli Vətən müdafiəçilərinin qədəmlərinə sevinmiş, doğma insanların səsinə, hənirtisinə həsrət yollar-rizlər, bağlı qapılar açılmışdır.

 

Şərq  2021.- 5 mart.- S.12.