Hədəfi tək atəşlə susdururdu

Qəhrəman snayperçi canını Vətənə fəda edib

 

Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn oğullarımızın xatirəsi hər birimiz üçün əziz, doğmadır. Müqəddəs adlarını əbədiləşdirmək ən ümdə vəzifəmizdir.

Şərqdaha bir şəhid qardaşımız haqqında məlumatı sizə təqdim edir. O, Xüsusi Təyinatlı qüvvələrin kiçik giziri Röyal Şahin oğlu Mədətovdur. İgidimiz 14 May 1992-ci il tarixində Qazax rayonunda dünyaya göz açıb. Hüseynbəyli kənd Alı Əliyev adına orta məktəbində 1999-2010-cu illərdə təhsil alıb. 2011-ci ildə hərbi xidmətdən sonra, Ağdam rayonunda “N” saylı hərbi hissədə çalışmağa başlayıb. Röyal Aprel döyüşlərində də savaşıb, böyük şücaət göstərib.

Qəhrəmanımız ötən il sentyabrın 27-də müharibəyə yollanıb. Murovdağ yüksəkliyi, Cəbrayıl, Füzuli, Kəlbəcər, Xocavənd, Şuşa istiqaməti, Qırmızı bazar döyüşlərində vuruşub. Oktyabr 22-i şəhadətə qovuşub, iki gün sonra doğma kəndində torpağa tapşırılıb.

Röyal onlarla düşmən hərbçini və hərbi texnikasını məhv edib. Deyirlər, hədəfini tək atəşlə məhv etməyi bacaran snayperçi olub.

Atası danışır ki, Röyalın dilindən Vətənin adı düşmürdü:

“Deyirdi, ata, bütün ərazilərdə üçrəngli bayrağımız dalğanacaq: “Erməni kimdir ki, bizim torpağımızda məskən salsın”.

Şəhidimizin anası Zərifə xanım deyir ki, oğlu ilə son dəfə danışanda yaralı olduğunu ona bildirməyib: “Söylədi ki, təlimdəyəm”.

Demə, Röyal Füzulidə yaralanıb, həkim döyüşə qayıtmamasını məsləhət görüb. O, isə yenidən ön cəbhəyə dönüb. Düşmənin 3 maşın kolonunu partladıb, tağımı ilə birgə 100-ə yaxın mənfuru gəbərdib.

 

Röyal Mədətov ölümündən sonra “Azərbaycan bayrağı” ordeni, “Vətən uğrunda”, Füzulinin, Kəlbəcərin,  Şuşanın, Xocavəndin, Cəbrayılın azad olunmasına görə medalları ilə təltif olunub.

Samirə Ərəblinski

Şərq  2021.- 12 mart.- S.9.