Ordumuz təlimlərlə güclənir
və təkmilləşir
Qarabağda terrorçular
baş qaldırarsa anında cavabları veriləcək
"Sülh şəraitində
Silahlı Qüvvələrimizi
elə həddə çatdırmalıyıq ki,
bundan sonra heç kim
bir qarış torpağımıza göz
dikməyə cəsarət
etməsin"
44 günlük Qarabağ
savaşından 4 ay sonra
Qarabağ və ətrafında yenidən silah səsləri eşidilməyə başlayıb. Martın
15-dən etibarən Azərbaycan
Silahlı Qüvvələri
10 min nəfərədək şəxsi heyətlə
və çoxsaylı
müasir zirehli texnikalarla əməliyyat-taktiki
təlimlərə start verib.
Müdafiə Nazirliyinin məlumatına
görə, əsasən
dağlıq-meşə və
çətin relyefli ərazilərdə keçirilən
təlimlərdə məqsəd
Qarabağdakı terrorçu
dəstələrə, həmçinin
qanunsuz silahlı qruplaşmalara qarşı
anti-terror əməliyyatları üzrə tapşırıqları
icra etməkdir.
Xatırladaq ki, bu, Azərbaycan
Ordusunun 44 günlük
müharibədən sonra
keçirdiyi ilk irimiqyaslı
hərbi təlimlərdir. Təlimlərdə qarşıya qoyulan vəzifələr yeni və mühümdür.
Ordumuzun müharibədən əvvəl
vaxtaşırı olaraq
keçirdiyi irimiqyaslı
hərbi təlimlərdə
qarşıya qoyulan döyüş tapşırıqları
hücum əməliyyatları
üzərində qurulmuşdu.
Ancaq indi senari dəyişib
və Ordumuzun qarşısında dayanan
başlıca vəzifə
bölgədə müharibənin
nəticələrindən sonra yaranmış status-kvonu qoruyub saxlamaqdan
ibarətdir. Ermənistanda və Qarabağda revanşist qüvvələrin
varlığı bizə
bəllidir. Əgər yaxın
zamanda qanunsuz birləşmələrin dinc
yolla tərksilah edilməsi baş verməzsə, onların güc yolu ilə
tərksilahı qaçılmaz
olacaq. Qarabağdakı təhlükəli məqam ötən gün Azərbaycan Xarici işlər naziri Ceyhun Bayramov
tərəfindən də
gündəmə gətirilib.
Nazir
ATƏT-in sədri Ann Linde
ilə görüşdə
vurğulayıb ki, Ermənistan gecə qaranlıq vaxtda tikinti üçün nəzərdə tutulmuş
maşınlarla hərbçilərini
Azərbaycana göndərməyə
cəhd edir. Onun sözlərinə görə,
bu məsələ
BMT Baş Assambleyasına
çatdırılıb. Bununla bağlı beynəlxalq medianın materiallarına da istinad edilib: “Ermənistanda əsgər
valideynləri də övladlarının hərbi
xidmət üçün
Qarabağa göndərilməsinə
etiraz edirlər, aksiyalar keçirirlər.
Bütün dünya mediası
bunu görür.
Beynəlxalq təşkilatlar bu məsələdə Ermənistana təzyiq etməli, hər bir tərəf üzərinə götürdüyü
öhdəliyi yerinə
yetirməlidir”. Xatırladaq
ki, bir müddət
öncə Ceyhun Bayramovun Ermənistanın
üçtərəfli bəyanata
zidd olaraq, sabitliyin pozulmasına yönələn fəaliyyəti,
o cümlədən, terrorçu-sabotaj
qrupunun Azərbaycan ərazilərinə göndərilməsinə
dair BMT Baş katibinə məktubları
Baş Assambleya və Təhlükəsizlik
Şurasının sənədləri
kimi dərc olunub. Xarici İşlər Nazirliyinin
məlumatına görə,
Ceyhun Bayramov Ermənistan silahlı qüvvələrinin şəxsi
heyətinin gizli şəkildə “Laçın
dəhlizi” vasitəsilə
və buradakı Rusiya sülhməramlılarının
nəzarət prosedurlarından
yayınmaq məqsədilə
mülki nəqliyyat vasitələrində Azərbaycan
ərazilərinə göndərilməsi
barədə məlumatı
BMT rəhbərliyinin diqqətinə
çatdırıb. Nazir Ermənistan
silahlı qüvvələrinin
Azərbaycan ərazilərində
yerləşdirilməsinin beynəlxalq
öhdəliklərin kobud
şəkildə pozulması
halı olduğunu vurğulayıb.
Azərbaycan tərəfi hərbi təlimlərdə məqsədin
öz ərazilərimizdə
baş verə biləcək terror aktlarının
qarşısını almaq
olduğunu açıq-aşkar
vurğulasa da, Ermənistan siyasiləri bu təlimləri “yeni müharibəyə” hazırlıq kimi dəyərləndirirlər. Vətən savaşından
sonra ilk dəfə keçirilən genişmiqyaslı
hərbi təlimlərdən
ciddi təşvişə
düşən Ermənistan
rəsmiləri Azərbaycan
Ordusunun Qarabağla kifayətlənməyəcəyini, Yerevana qədər gələcəklərini iddia
edirlər. Hətta Azərbaycana
“göz dağı” vermək niyyətinə düşən Ermənistan
məğlub və dağılmış ordusu
ilə “hərbi təlim” keçirəcəklərini
də bəyan edib. Ermənistan Müdafiə Nazirliyinin
məlumatına əsasən,
2021-ci ilin birinci yarısının planına
uyğun olaraq, Ermənistan silahlı qüvvələri bütün
əməliyyat istiqamətləri
üzrə birləşmiş
silahlı qruplar və xüsusi təyinatlıların iştirakı
ilə taktiki və peşəkar manevrlər keçirəcək.
Rusiya Xarici İşlər Nazirliyi də Azərbaycanın bölgədəki
hərbi təlimləri
ilə bağlı bəyanat yayıb.
XİN-dən vurğulanıb
ki, Azərbaycan Ordusunun təlimləri sabitliyə və təhlükəsizliyə risk yaratmır:
“Hərbi təlimlər,
adətən, bütün
Cənubi Qafqaz ölkələri tərəfindən
keçirilir. Bu təlimlər müntəzəm
əsasda keçirilir
və müvafiq məlumatlar maraqlı tərəflərə vaxtında
çatdırılır. Bizdə olan məlumata görə, Azərbaycandakı
hərbi təlimlər
planlı xarakter daşıyır və qoşunların döyüş
hazırlığının yüksəldilməsinə istiqamətlənib”.
Hərbi ekspertlər də bildiriblər ki, Azərbaycan Ordusunun əməliyyat-taktiki təlimləri
heç kimə qarşı yönəlməyib. Bu, planlı təlimdir.
Təlimlər qarşıya qoyulacaq
tapşırıqları yerinə
yetirmək üçün
hazırlıq prosesidir.
Nəzərə alaq ki, ərazi bütövlüyümüz
bərpa edilsə də, Ermənistanla aramızda hələlik sülh müqaviləsi yoxdur. Bundan başqa azad
edilən torpaqlarımızda
bərpa işləri
aparıldığı üçün
vətəndaşlarımız hələ məskunlaşmayıb.
Hələlik boş olan əraziləri terror qrupları
və quldurlar çirkin məqsədləri
üçün istifadə
edə bilərlər.
Düzdür, sülhməramlılar orada xidmət edir. Lakin bunun baş verməyəcəyinə heç
kim zəmanət
vermir. Çünki Ermənistanın daxilindəki siyasi-iqtisadi və hərbi xaos ermənilərin təxribat törətməsi
ehtimalını hər
zaman aktual edir. Ona görə də
indiki təlimlər “Qarabağdakı silahlı
qruplaşmalar qanunsuzdur
və onlara qarşı addımlar anti-terror
xarakteri daşıyacaq”
mövqeyinin hərbi müstəvidə nümayiş
etdirilməsidir. Masada istəyimizə nail olmasaq,
anti-terror əməliyyatı Xankəndidə yox, erməni silahlı birləşmələrinin Azərbaycan
ordusu ilə üzbəüz dayandığı
ətraf ərazilərdə
də keçirilə
bilər və bu, ruslara qəti
mövqe nümayiş
etdirmək məqsədi
daşıyacaq.
AMİP sədri, politoloq Arzuxan Əlizadə “Şərq”ə açıqlamasında
bildirib ki, Vətən müharibəsində
Azərbaycan Ordusu ən yeni üsullardan,
taktiki gedişlərdən
və müasir silah-sursatlardan istifadə etməklə Ermənistan
silahlı qüvvələrini
darmadağın etdi. Partiya rəhbərinin sözlərinə görə,
tam əminliklə demək
olar ki, erməni ordusu mövcud deyil:
“Ermənistanın ordu
potensialını bərpa
etmək üçün
on illər və böyük miqdarda vəsait lazımdır. Belə məqamda
düşmən tərəfin
Azərbaycan Ordusunun başlatdığı 10 minlik
hərbi təlimlərdən
narahatlıq duyması
anlaşılan və
təbiidir. Müharibədən öncə Ermənistan tərəfi Türkiyə
və Azərbaycanın
birgə təlimlərindən
də qorxu ilə bəhs edir, təşvişə
düşdüyünü açıqca hiss etdirirdi.
Lakin vurğulandığı kimi,
martın 18-dək davam
edəcək hərbi
təlimlərdə məqsədimiz
Qarabağdakı terror ehtimalına
qarşı önləm
almaqdır. Erməni
separatçıları bir
neçə dəfə
təxribata əl atıblar və bundan sonra atmayacaqlarına
heç kim
təminat vermir. Həm də erməni quldurlarının Qarabağın
müxtəlif bölgələrinə
daşınması ilə
bağlı informasiyalar
yayılır. XİN rəhbəri səviyyəsində
məsələyə münasibət
bildirilməsi də vəziyyətin ciddiliyindən
xəbər verir.
Qarabağdakı ermənilər, o cümlədən Ermənistandakı
siyasilər revanşist
düşüncədən birdəfəlik vaz keçməlidirlər. Başıpozuq xunta rejiminin rəhbərlərinin, separatçıların
təhrikinə aldanmamalıdırlar.
“Ermənistan Ordusu yenidən formalaşır” tipli bəyanatlar isə tamamilə uydurma və yalandır. Erməni ictimaiyyətinin məsuliyyətsiz
fikirlər səsləndirən
siyasi fiqurların ardınca getməsi onları bütövlükdə
məhvə sürükləyir.
Azərbaycan Ordusu isə
istədiyi vaxt, beynəlxalq hüququn da verdiyi dəstəklə
rəsmi sərhədləri
daxilində anti-terror əməliyyatları
keçirə bilər.
Əlbəttə, biz yerimizdə dayanmamalıyıq,
çünki hələ
hər şey bitməyib. Ordumuzu texniki və
komanda heyəti baxımından durmadan gücləndirməli, daha
mobil səviyyəyə
gətirməliyik. Belə təlimlər
də ordumuzun güclənməsinə fayda
verir”.
A.Əlizadə vurğulayıb ki,
Ermənistan tərəfi
“hərbi təlim” şousu ilə erməni cəmiyyətini
mümkün qədər
sakitləşdirməyə
çalışır:
“Göstərmək istəyir ki,
guya, hələ erməni ordusu
qalır, gücü yerindədir və
lazım olan anda
müqavimətini ortaya qoyacaq.
Əlbəttə, bunun yalan
olduğunu erməni cəmiyyəti özü də yaxşı bilir.
Xatırladım ki, Ermənistanda illik büdcənin müzakirəsi zamanı ən
az vəsait orduya
ayrılıb. Siyasilər vurğulayıblar ki,
madam ki, erməni ordusu həqiqətdə yoxdur
və heç nəyə qadir
deyil, o zaman böyük məbləğdə
vəsait ayrılmasına da ehtiyac yoxdur. Onsuz da ölkə
iqtisadiyyatı çökmüş
durumdadır. Bütün bunlar
bir daha sübut edir ki, işğalçı Ermənistan ordusunun yenidən dirçəldilməsinə
ermənilərin özü belə
inanmır”.
Təlimləri
“Şərq”ə dəyərləndirən ehtiyatda olan
polkovnik Cəlil Xəlilov da bildirib ki, zabit və əsgərlər
yeni texnikaları tətbiq etməyi öyrənməli, hərbi
bilgilərə yiyələnməli, döyüş
taktikalarını dərindən mənimsəməlidir.
Ekspertin sözlərinə görə, ordu təlimlərlə
güclənir və təkmilləşir:
“Hərbi
təlimlərin dağlıq və meşəlik relyefdə
keçirilməsi olduqca önəmlidir. Regiondakı durum hamıya bəllidir. Hər an Qarabağın məlum bölgəsində
erməni təxribatı, terrorçu
qrupların qanunsuz fəaliyyəti ilə
rastlaşa bilərik. Ona
görə də silahlı qüvvələrimiz daim hazırlıqlı vəziyyətdə
olmalı, ayıq-sayıqlıqlarını itirməməlidir.
Torpaqlarımızı işğaldan azad etdikdən sonra
qarşımızda duran ən böyük vəzifə ərazilərimizi
düşməndən qorumaq və istənilən
təcavüz cəhdinə ən sərt şəkildə cavab verməkdir”.
C.Xəlilov
hesab edir ki, düşmənlərimiz və onların
havadarları Azərbaycan Ordusunun gücünü hər zaman
hiss etməlidir:
“Təlimlər qonşu ölkələrə hərbi qüdrətimizi unutdurmayacaq. Sülh şəraitində Silahlı Qüvvələrimizi elə həddə çatdırmalıyıq ki, bundan sonra heç kim bir qarış torpağımıza göz dikməyə cəsarət etməsin”.
İsmayıl Qocayev
Şərq 2021.- 11 mart.- S.11.