Köşə
yazılarının seyrəlməsinin səbəbləri
çoxdur
Oxucu artıq mətni
böyük olan yazıları oxumağı sevmir, artıq
multimedia dövrüdür
"Yazarlar
bu gün hansısa sayta köşə yazısı
yazmaqdansa, feysbukda status yazmağı üstün tuturlar"
Köşə yazıları müasir jurnalistikanın
cəlbedici və mühüm sahələrindən biridir. Qəzet və
saytların künc sütunlarında dərc olunan, siyasi,
iqtisadi, ədəbi, sosial və digər ictimai problemlərlə
bağlı müəllifin şəxsi fikirlərini ifadə
edən yazılar "köşə” sayılır. Köşələr adətən günü və
ya həftəni əks etdirir. Minlərlə
insan köşə yazılarının əsasında
özlərində siyasi və ictimai fikir
formalaşdırırdılar. Məhz bu
baxımdan, dünya mediasında köşə yazarları
yüksək qiymətləndirilir. Müəyyən
sahədə ixtisaslaşan və ekspertə çevrilən
köşə yazarları 2-4 min işarəlik
yazılarında bəzən bütöv bir kitabda deyildiyindən
daha çox fikir deyə bilərlər. Ekspertlərə
görə, köşə yazmaq, əslində olduqca çətin
və məsuliyyətli işdir. Bizim
ölkədə isə vəziyyət fərqlidir. Düzdür, bizdə "mətbuatın onurğa
sütunu” sayılan köşə yazarları var. Amma
köşə yazılarının sayı əvvəlki qədər
çox deyil. Bu silsilədən olan
yazılar azalıb. Bəs, köşə
yazılarının sayının azalmasının səbəbi
nədir?
"Azxeber.com”
saytının baş redaktoru Hacıbəy Heydərli
"Şərq"ə açıqlamasında bildirib ki,
çox təəssüf ki, son dövrlər Azərbaycan
mediasında köşə yazılarına çox rast gəlinmir.
H.Heydərli düşünür ki, bunun da obyektiv və subyektiv
səbəbləri var:
"İnternet media olmadığı dönəmdə
insanlar əlavə şərhə, müəllif
yazısına, alternativ fikrə daha çox maraq göstərirdi. Qəzetin ən
gözəl yerində köşə yazılarına yer
ayrılırdı. Hətta köşə
yazarları gündəmə təsir gücünə malik
idilər. Ancaq təəssüf ki, internet
mediada köşə yazılarına çox az hallarda rast gəlirik".
H.Heydərli
əlavə edib ki, internetdə köşə yazarları
funksiyasını bloqlar yerinə yetirir:
"Bloq yazıları əslində köşə
yazılarının onlayn versiyasıdır, ancaq oxucu kütləsi
tərəfindən sevilərək oxunan köşə
yazarları çox azdır. Məncə, xəbər
portalları və informasiya agentlikləri daha çox
operativliyə qaçdıqları üçün bu tip
yazıları ikinci plana keçiriblər. Həm də yazarlar bu gün hansısa sayta
köşə yazısı yazmaqdansa, feysbukda status
yazmağı üstün tuturlar. Özü
də qısa və lakonik şəkildə. Çünki oxucu uzun yazıları oxumağı
sevmir, artıq multimedia dövrüdür. İndiki zamanda fikri qısa və konkret ifadə etmək
lazımdır. Dünyanın ən məşhur
sosial şəbəkələrindən olan "tvitter"
maksimum 156 şrift yazıya imkan yaradır. Dünyanın ən məşhur yazarları, siyasətçiləri
bu səbəbdən qısa yazı ilə kifayətlənir.
Azərbaycanda da bu tendensiya mövcuddur, uzun və
yorucu yazıların kütləsi yox dərəcəsindədir.
Köşə yazıları da qısa və
lakonik olarsa, bəlkə də uğurlu olar. Ancaq bizdə yazısına və fikrinə rəğbət
bəslənən yazarlar da çox təəssüf ki,
yalnız status yazmaqla kifayətlənirlər. Bəlkə də internet media portalları
yaxşı qonorar versə, həmin yazarları cəlb edə
bilər. Bu baxımdan
düşünürəm ki, sosial şəbəkələrin
sayəsində bu gün hər kəs yazardır, hər kəs
köşə yazır. Yazan çox olan
yerdə də oxuyan az olur və bu səbəbdən
köşələr ikinci plana keçir".
"Lent.az”
saytının baş redaktoru, tanınmış jurnalist Qabil
Abbasoğlu "Şərq"ə açıqlamasında
bildirib ki, internet mediasının inkişafı və
çap mediasını sıxışdırması
köşə yazılarına marağın azalmasına səbəb
olub:
"Belə
bir deyim var: əvvəl iri balıqlar xırda balıqları
yeyirdi, indi isə sürətli balıqlar daha çox
yaşaya bilirlər. Texnologiya inkişaf edir,
media, informasiya daşıyıcıları da onun kimi. Bu inkişaf sürətli xəbər
daşıyıcılığını zəruri edib.
Ona görə də xəbər
bütövlükdə medianın aparıcı, əsas məhsuluna
çevrilib. İnsanlar
başqalarının fikirlərini oxumaqdansa, xəbər
istehlakına daha çox üstünlük verirlər. Bu, məsələnin bir tərəfidir. İkinci səbəb, internet mediasının
inkişafı və çap mediasını
sıxışdırması ilə bağlıdır. Köşə yazıları daha çox çap
mediasının janrı sayılır. Üçüncü
səbəb isə fikri azad ifadə etmək imkanları ilə
bağlıdır. Köşə
yazısı müəllifin və KİV-in mövqe ifadə
etməsi üsuludur. Mövqe həm
subyektiv olduğu, həm də müəyyən risklər
yaratdığı üçün yazarların bu janrdan
imtina etməsini anlamaq olar".
Jurnalist
Elman Cəfərli "Şərq"ə
açıqlamasında vurğulayıb ki, ötən əsrin
90-cı illəri və qismən də 2000-ci illərin əvvəlləri
Azərbaycan mediasının çox parlaq dövrü idi:
"O
zaman mediamızda çox nüfuzlu, tirajlı köşə
yazarları vardı. Oxucu qəzetin
yazdığına, müəllifin fikrinə inanırdı.
Bir sözlə, qəzetlərin, ümumilikdə
medianın cəmiyyətdə etibarı vardı. Müəllif ictimai fikri yönləndirə bilirdi.
Hansısa hadisəni şərh edirdi. Müəllif mövqeyi tək qəzetlərdə
deyildi, televiziyalarda da vardı. Məsələn, Orxan
Fikrətoğlunun, Etibar Hüseynovun tele-köşələri
vardı".
E.Cəfərli
əlavə edib ki, əslində medianın işi təkcə
cəmiyyəti informasiya ilə təmin etmək və maarifləndirmək
deyil:
"Baş verən hadisələri
təhlil etmək də medianın missiyasına daxildir. Məsələn,
oxucu baş verən hadisələrə bəzən
düzgün qiymət verə bilmir. Lakin
müəllif köşə yazısında nə baş
verdiyini izah edir, yönləndirici rol oynayır. Lakin son zamanlar xəbər məkanında rəqabət,
informasiya axınının sürətlənməsi vəziyyəti
dəyişib. İndi xəbərləri
hər kəs əlindəki smartfondan istifadə edərək
sosial şəbəkələrdən alır. İndi izləyicinin güvəndiyi video-blogerlər,
internet televiziyalar var. Xəbəri də, baş verən hadisənin
izahını da böyük ölçüdə onlardan
alırlar. Bir ara tanınmış
jurnalistlərdən biri özünün “youtube” kanalında
tele-köşə layihəsi etdi. Lakin bu
özünü doğrultmadı. Çünki indiki
dövrün özünün “internet ulduzları” var. Mənim
fikrimcə, media iqtisadi müstəqillik əldə edərsə,
reklam bazarına çıxış imkanı qazanarsa, qəzetlər
informasiya məkanında mövqeyini bərpa edə bilər. İnformasiya çevikliyini təmin etmək
üçün səhər və axşam qəzetləri
çıxa bilər. Jurnalist əməyi
əvvəlki kimi dəyərləndirilərsə,
köşə yazarları yenə oxunacaq”.
25 ildən
artıqdır ki, müxtəlif qəzet və saytlarda
köşə yazısı ilə çıxış edən
publisist, jurnalist Səbuhi Rəhimli "Şərq"ə
açıqlamasında bildirib ki, son dövrlər ölkəmizdə
təkcə köşə yazısına münasibət
deyil, o cümlədən digər informasiyaları da oxumaq
prinsipi zəifləyib və oxumaq əmsalı çox
aşağı düşüb:
"Hesab
edirəm ki, qəzetlər özünün köşə
yazıları, təhlilləri ilə oxucusunu cəlb edə
bilər. Düzdür,
köşə yazısına bəzi saytlarda müəyyən
sayda rast gəlmək mümkün deyil. Çünki bu
yazıları cəmiyyətdə oxuyanlar var. Təbii ki, onu
da az adam oxuyur. Çünki
cəmiyyətdə oxumağa qarşı sanki bir tənbəllik
prosesi başlayıb. İnternet və yeni
texnologiyalar da obyektiv səbəbdir. Hazırda yalnız
video şərhləri dinləyənlər var və onların sayı da
kifayət qədərdir. Biz bunu müharibə
dönəmində də gördük. Hansısa bir
siyasi situasiya ilə bağlı bir təhlil videosu,
araşdırma olarsa, ona kifayət qədər çox adam baxır. Bəzən 100 min, 200 min. Adi bir məsələni
qeyd edim ki, 44 günlük Vətən müharibəsi dönəmində
araşdırma yazıları yazırdım və cəbhədə
nə baş verir barədə
danışırdım. Bir günə 100 min,
150 min insan bu yazılara, videolara baxırdı. Mindən çox rəy yazılırdı".
S.Rəhimli
əlavə edib ki, çox təəssüf ki, bu gün gənclər
köşə yazısının nə olduğunu bilmirlər:
"Bu istiqamətdə gənc jurnalistlər çox zəifdilər. Bunun da təbii
ki, bir neçə səbəbi var. Əsasən də
informasiyasızlıqdandır. Çünki
rəsmi orqanlardan hansısa bir məlumatı dəqiq öyrənməlidir
ki, hansısa hadisə ilə bağlı bir paralelliklə təhlil
aparsın. Məsələn, biz Xankəndinə
niyə gedə bilmirik? Qarabağda əslində
nə baş verir? Rus ordusu
doğrudanmı erməniləri ordan keçirdir? Bəs bunun sonu necə olacaq? və
s. Köşə yazarı bu barədə ilk növbədə
ətraflı məlumat almalıdır və bundan sonra bir
qanuna uyğun formada ortaya bir təhlil
çıxartmalıdır. Əgər onu
doğru yazsa belə informasiya olmadığına görə
insanlar onun doğru olub-olmayacağını bilməyəcəklər.
Bu da təbii olaraq diqqət çəkməyəcək. Adi 1994-1998-ci
illərdə "Şərq" qəzetində gündəmi
dəyişə biləcək köşə yazıları
yazılırdı. Amma artıq şərtlər
dəyişib. Belə deyək ki, Azərbaycan
mühitindən artıq köşə yazısı
dövrü də sanki gedib. Amma "New York Times" da "Washington
Post"da, Türkiyənin də ən çox da
"Hürriyet" qəzetində bəzən bir köşə
dövlətlərarası münaqişəyə və yaxud
da hansısa skandala səbəb olur.
O dərəcədə
ciddi yanaşırlar ki, burada köşə yazılarına.
Bir məsələni də vurğulayım ki,
Türkiyə mediasında da bir çox əlaqələrim
var. Orada çox yüksək qonorarla köşə
yazısı yazırlar. Əgər
köşə yazarı yaxşı, bacarıqlı
yazardısa onu xüsusi olaraq oxuyurlar. Amma
təəssüf ki, bizdə qorxu var. Adi heç bir ad çəkmədən
mən iki-üç köşə yazısı vermişəm.
Bir çox saytlar və qəzet orqanları onları qəbul
eləmədi.
Çünki oradakı adi tənqiddən belə
media orqanlarımız çəkinir. Məsələn,
adi təhsildəki problemləri deyirəm. Nə ad, nə də ünvan çəkirəm.
Belə deyək ki, ümumiləşdirilmiş
söz yığını. Köşə
yazarı içindən gələnləri
acılı-şirinli deməlidir. Sən
içindən doğruları çıxardıb təqdim
eləyə bilməyəcəksənsə, o zaman köşə
yazısı da bir o qədər uğurlu alınmayacaq.
Məsələn,
Zamin Hacı bir vaxtlar nə qədər məqalələrlə
çıxış edirdi.
Hətta onun 100 minlərlə oxucusu vardı. Əldən-ələ
keçirdi yazısı. Azərbaycanda
vaxtilə çox güclü köşə yazarları
olub. Bu günləri mediada adamın eyninə
olmayan informasiyalar verirlər. Nə
düşündürücüdür, nə hiddətləndiricidir,
nə ümidvericidir, nə də bir gizlinləri açan bir
köşə yazıları var. O baxımdan sanki onun dövrü bitib.
Köşə
yazan insan özü həm yazıçı, psixoloq, həm
də siyasətçi olmalıdır. Politoloji
məsələləri və geopolitik mənzərəni tam
bilən insanlar olmalıdır. Əgər bu gün mətbuatlar
köşə yazarının üzünə
bağlıdırsa, müəyyən müddət keçəndən
sonra yazanın da həvəsi öləcək. İtmiş və
donmuş istedadı bərpa eləmək isə olduqca
çətindir. Ona görə də bu məsələdə
bu gün tək gəncləri qınamaq olmaz. Onlar da
yalnız hazırda gördüklərini edir.
Adicə bu günləri mətbuatımızda Qarabağ döyüşləri ilə bağlı araşdırma yazıları yoxdur. Ancaq şəhidin anası, atası, bacısı, qardaşıyla söhbətlər edirlər, onlar da ağlayırlar kamera qarşısında və ancaq da cəmi bir-iki söz deyirlər. Müxbirlər də ancaq statistik məlumat verir. Ortada da heç bir araşdırma yoxdur. Amma buna yaradıcılıq baxımından, dünyəvilik baxımdan ciddi yanaşmaq lazımdır. Yəni elə bir material hazırlanmalıdır ki, bunu fransız dilinə də, ingilis dilinə də, hind dilinə də çevirsən maraqlı olsun. Amma çox təəssüflər olsun ki, nə bu cür çəkən, nə də ki, yazan var.
Hesab edirəm ki, köşə yazılarının inkişafı üçün müəyyən müsabiqələr təşkil oluna bilər. Fikrimcə, o zaman köşə yazılarını diriltmək mümkün olar. Amma təəssüf ki, belə müsabiqələr təşkil olunmur".
Pənahqızı, Aynurə.
Şərq 2021.- 20 mart.- S.11.