Mediada dini mövzular yetərincə
işıqlandırılır
"Bu sahədə yaza bilən
jurnalistlərimiz kifayət qədərdir"
"Din mövzusu
hər yerdə və hər zaman həssas
olub: "Çünki
inanc mövzusuna insanlar emosional
yanaşır və reaksiyalar da hər zaman sakit olmur"
Azərbaycanda müxtəlif dinlərə etiqad edən, fərqli inanclara sahib olan insanlar yaşayır. Ölkəmiz dini tolerantlıq modelinə görə bir çox ölkələrə örnək sayılır. Azərbaycan mediasında da dini mövzuların işıqlandırılması məsələsi kifayət qədər aktualdır. Azərbaycanda din və media mövzusu həmişə aktual olub. Bildiyimiz kimi, Azərbaycan tolerant ölkədir və respublikamızda mövcud olan dini dəyərlərin təbliğində medianın rolu böyükdür. Lakin vacib olan əsas məqam odur ki, özəlliklə jurnalistlər arasında dini mövzularla bağlı təbliğat aparılmalıdır.
Əksər mütəxəssislərin fikrincə, bu sahədən yazan jurnalistin həm dini bilikləri, dinlərlə tanışlığı olmalıdır, həm də mövcud dini şəraiti, şərtləri bilməlidir. Çünki din həssas mövzudur. Bu səbəbdən dini mövzunu ən azı elementar bilgisi olanların yazması daha yaxşıdır. Digər tərəfdən ekspert və ilahiyyatçıları da seçərkən diqqət etmək lazımdır. Nəzərə almaq lazımdır ki, düzgün istiqamətləndirilməmiş dini yazılar cəmiyyətdə ciddi fəsadlar törədə bilər. Son illərin təcrübəsi də göstərdi ki, dünyada buna görə böyük qarmaqarışıqlıqlar, etirazlar baş verib.
Mətbuat Şurası da bu istiqamətdə dəfələrlə monitorinqlər aparıb və jurnalistləri peşə davranış qaydalarına əməl etməyə, din mövzusunda diqqətli və həssas olmağa çağırıb.
Ümumiyyətlə, dinin özü həssas məsələ olduğu üçün bu barədə media orqanlarında gedən yazılara və informasiyalara da bir o qədər həssaslıqla yanaşılır. Hətta bəzən dini mövzular cəmiyyətdə əməlli-başlı ajiotaja səbəb olur. Məlumdur ki, dini yazıların əksəriyyəti müəllifdən daha çox ekspertlərin, ilahiyyatçıların fikirlərini özündə ehtiva edir. Lakin istənilən halda dini məqalələrdə təriqət və məzhəb ayrıseçkiliyi ön plana çıxır ki, bu da dindar qruplar arasında problemlər yaradır. Bir çox media nümayəndələri hesab edir ki, dini yazıların əksəriyyəti müəllifdən daha çox ekspertlərin, ilahiyyatçıların fikirlərini özündə ehtiva edir. Sirr deyil ki, bəzi qüvvələr Azərbaycanda süni şəkildə dini problemlərin olmasını tirajlamaq üçün medianın gücündən istifadə edirlər. Bir sıra mətbuat orqanları bilərəkdən və ya bilməyərəkdən bu cür təxribatların daşıyıcısına çevrilirlər. Ekspertlər hesab edir ki, dini mövzularda qərəzli yazan hansısa media nümayəndəsi öncə düşünməlidir ki, bu, elementar peşə etikasına ziddir. Üstəlik xalqın, toplumun dəyərlərinə hörmətsizlikdir. Bu halda o, haqlı olaraq kütləvi tənqid oluna bilər, hətta ona hansısa fanatiklər hücum da edə bilərlər. Bu baxımdan jurnalist həssas mövzularda ehtiyatla davranmalıdır. Məqsədi maarifləndirməkdirsə, bir neçə ilahiyyatçıdan müsahibə almalı, heç olmasa, elementar dini biliklərə sahib olmalı və müqayisələr verməlidir. Ekspertlər hesab edir ki, Azərbaycanda dini mövzuları lazımi şəkildə işıqlandırmaq üçün yetəri qədər ixtisaslaşmış jurnalistlərimiz yoxdur. Bəzi ekspertlər isə ölkəmizdə kifayət qədər bu mövzuda yazan jurnalistlərin olduğunu düşünürlər. Onların fikrincə, hətta televiziya kanallarında yayımlanan dini verilişlər də kifayət qədər insanların dini mövzuda maraqlandığı suallara cavab tapılmasına yardımçı olur. Ona görə də bəzi ekspertlər çıxış yolunu bu yöndə ixtisaslaşmış jurnalistlərin sayının artırılmasında görürlər. Bəs, problemləri aradan qaldırmaq üçün nə edilməlidir? Mövzuları seçərkən nəyə diqqət yetirilməlidir? Ümumiyyətlə, dini məqalələr sadəcə bu sahə üzrə ixtisaslaşmış, dini yaxşı bilən jurnalistlər tərəfindən yazılmalıdır, yoxsa istənilən jurnalist bu məsələyə toxuna bilər? "Şərq" olaraq suallarımızı media nümayəndələrinə ünvanladıq.
Suallarımızı cavablandıran tanınmış jurnalist Cavid Cabbarlı "Şərq"ə açıqlamasında bu sahədə olan problemlərdən danışıb. O qeyd edib ki, əsas problem qeyri-peşəkarlıqdır:
"Xəbərdaşıyıcısının (jurnalist) tərəfsiz ola bilməməsi də ciddi problemdir. Biz mətbuatdan danışırıqsa, jurnalistin peşəkarlığı önə çəkilməlidir. Sosial mediada istənilən istifadəçi düşüncəsini yaza, deyə bilər. İstifadəçi dini mövqeyini müdafiə edərsə, normal qarşılanmalıdır. Lakin bu hal mətbuat üçün keçərli deyil. Peşəkarlıq olmadığı halda, jurnalist tərəfsizliyini də qoruya bilmirsə, dini mövzuların səviyyəsi aşağı düşür. Üçüncü əsas problem redaksiyaların sərbəst kurs (mətbuat qaydalarına sadiqlik) yürüdə bilməmələridir. Redaksiya ən azı xərclərini çıxarmaq və mövcudluğunu qorumaq üçün tərəf seçməli olur. Mətbuatın problemlərini dini mövzular baxımından dəyərləndirsək, qeyd etdiyim üç problemdən əlavə, hökumətin dinə basqılarını da vurğulamalıyam. "Dini mövzuları seçərkən nəyə diqqət yetirilməlidir" sualına gəlincə, qeyd edim ki, dini mövzular aktuallığına və cəmiyyətə faydalı olacağına görə seçilməlidir. Əksər halda isə gündəmi izləməklə mövzular seçilir. Məsələn, Lerikdə bir dindarın qonşu qadını öldürməsi, din mövzusunu aktivləşdirir. Təəssüflər olsun ki, bəzən belə mövzular fürsətçilərin əlinə “göydən düşmüş” kimi olur. Din haqqında mənfi fikirlər tirajlamaq üçün “hücuma” keçirlər. Məncə, belə zamanlarda peşəkar və tərəfsiz jurnalist daha maraqlı araşdırmalar təqdim etməlidir. Ən azı ehtiyac yaranır. Cəmiyyətin dini araşdırmalara ehtiyacı mənbəsiz məlumatlarla ödənilərsə, ciddi fəsadlarla üzləşəcəyik. Din insan həyatının ayrılmaz hissəsidir. Qeyd edim ki, din deyəndə təkcə islamı deyil, səmavi (islam, yəhudilik və xristianlıq) və qeyri-səmavi dinlərin hamısını nəzərdə tuturam. Ona görə də dini mövzularda həssas məqamlar xüsusilə nəzərə alınmalıdır. Təhqir və aşağılayıcı ifadələrdən istifadə olunmamalı, tənqid faktlara və məntiqə əsaslanmalıdır".
C.Cabbarlı əlavə edib ki, dini mövzuda yazmaq hər hansı bir məhdudiyyət qəbul eləmir:
"Jurnalistikanın
qaydaları var, onlara əməl olunarsa, yetərlidir. Bu, ümumi mənzərədir.
Lakin biz peşəkarlıqdan danışırıqsa,
baxışımız bir
qədər dəyişir.
Dini mövzuları iki hissəyə bölmək olar: xəbər və araşdırma. Dini mövzuda hər
hansı bir xəbəri çatdırmaq
üçün xüsusi
ixtisas lazım deyil. Çünki xəbərin çatdırılması
önəmlidir. Belə məqamda
əlavə bilgiyə
ehtiyac yoxdur. Amma dini mövzuda araşdırma hazırlayan
jurnalist, heç olmasa, dinin zəruri
qaydalarını, mühüm
terminləri bilməlidir,
yəni ixtisaslaşmalıdır.
Bu, “köhnə bazara yeni qayda
gətirmək” deyil.
Mədəniyyət, idman sahələrində
çalışan jurnalistlər
varsa, dini mövzuda jurnalist niyə ixtisaslaşmasın?
Düşünürəm ki, bu sahədə kurslar təşkil olunmalı, dini mövzuda yazmaq istəyən jurnalistlər ən azı terminləri öyrənməlidirlər ki,
təqdim etdikləri araşdırmalarda çaşdırıcı
fikirlərə yol verməsinlər".
"Yeni Müsavat” qəzetinin əməkdaşı, dini
mövzularda yazıları
ilə tanınan Kənan Rövşənoğlu
isə "Şərq"ə
açıqlamasında qeyd
edib ki, hazırda bu sahədə xüsusi ciddi bir problemin
olduğunu görmür:
"Ümumi mətbuatın
problemləri kontekstində
baxanda elə dini mövzuların işıqlandırılması da bu şəkildədir.
Əsasən xəbər, rəsmi
açıqlamalar və
bir neçə ruhani-dinşünasın açıqlamalarına
daha çox geniş yer verilir. Daha əvvəl bu
mövzuda bir çox seminarlar, mühazirələr təşkil
olunub. Hətta bir sıra dini ədəbiyyatlar buraxılıb".
K.Rövşənoğlu əlavə
edib ki, din mövzusu hər yerdə və hər zaman həssas olub:
"Çünki
inanc mövzusuna insanlar emosional yanaşır və reaksiyalar da hər zaman sakit olmur. Buna görə də tövsiyə olunur ki, bu cür
mövzuları dini mövzuya bələd olanlar işləsin.
Ancaq mən o fikirdə deyiləm ki, dini mövzuda yalnız dini təhsili olan xüsusi ixtisaslaşmış
şəxslər yazmalıdır.
Jurnalistin işi universaldır.
O, hər sahədə
yaza bilər və yazmalıdır. Amma əlbəttə, dini mövzuların həssaslığını
nəzərə alaraq
bu mövzuda müəyyən təcrübəsi
olan, elementar bilikləri olan jurnalistlər işləməlidir.
Ən əsası isə həssaslığı nəzərə
alıb dinlər və məzhəblər arasındakı fərq, kövrək məqamları
nəzərə almalıdır.
Əlbəttə, əksər vaxt
jurnalist öz fikirlərini deyil, müəyyən açıqlamalar
və ya mütəxəssis rəylərini
yazır. Buna görə də hər dindən yazanın xüsusi dini təhsil almasına gərək yoxdur. Amma redaksiyalarda dinlə
bağlı ümumi çərçivələr müəyyən
olunmalıdır. Bunu da həm müxbirlər, həm də redaktorlar nəzərə
almalıdır".
Araşdırmaçı-jurnalist Rəsul Mirhəşimli isə bildirib ki, bu istiqamətdə vəziyyət qənaətbəxşdir. O hesab edir ki, mətbuatda dini mövzular yetərincə işıqlandırılır:
"Bu
sahədə yaza bilən jurnalistlərimiz
kifayət qədərdir. Onlar bəzi dini suallara cavab
tapmaq üçün
ekspertlərin mövqeyini öyrənirlər.
Dini mövzuda
çıxış edən ekspertlər bir
çox məsələlərin
aydınlaşdırılmasında öz
fikirlərini söyləyirlər. Bu
günləri bir çox
televiziya kanallarında dini
verilişlər yayımlanır. Bu
verilişlər vətəndaşların dini
mövzuda maraqlandığı suallara cavab
tapılmasına yardımçı olur.
Ramazan ayı boyunca isə
dini mövzuda
yazılar mətbuatda, saytlarda daha geniş şəkildə
dərc edilir. İnternet
kanalları da bu
sıraya əlavə olunanda vəziyyətin
qənaətbəxş olduğunu
görmək olar".
Şərq 2021.- 5 may.- S.11.