Azərbaycana təzyiq mümkün deyil
Heç kim rəsmi Bakının qərarlarına təsir göstərə bilməz
"Bu qərarı
Lavrovun bölgəyə
səfəri ilə bağlamaq da düzgün deyil"
Prezident İlham
Əliyevin nümayiş
etdirdiyi humanizm sayəsində 2020-ci il 10 noyabr üçtərəfli bəyanatından
sonra tərksilah edilən erməni hərbçilərdən üçü
azad edilib. Rusiya sülhməramlı qüvvələrinin
komandanı Rüstəm
Muradovun müşayiəti
altında Bakı-İrəvan
reysilə Ermənistana
çatdırılıb. Azad edilən ermənilər bunlardır: Rovert Vardanyan, Samvel Şuxyan və Seyran Təhməzyan. İstintaq prosesi çərçivəsində
Ermənistan vətəndaşları
olan bu şəxslərin
Ermənistan silahlı
qüvvələrinin hərbi
qulluqçuları olması
təsbit edilsə də, onların əməllərində cinayət
tərkibi, o cümlədən
mülki və ya hərbi Azərbaycan
vətəndaşlarının öldürülməsi və
ya yaralanması ilə nəticələnən
əməliyyatlarda iştirakı
müəyyən edilməyib.
Hərbçilərin Azərbaycana qarşı
terror aktlarında iştirak
etmədikləri də
təsdiqlənib.
Məsələ ondadır ki, Azərbaycanın nümayiş
etdirdiyi yüksək humanizm siyasətinə Ermənistan tərəfindən
adekvat cavab verilmir. Rəsmi Bakının bütün
xoşməramlı addımlarına
rəğmən, erməni
tərəfi müxtəlif
təxribatlarla üçtərəfli
sazişin müddəalarının
reallaşmasına maneçilik
törədir. İlk növbədə
Ermənistan üçün
həyati əhəmiyyət
kəsb edən
regional əməkdaşlıq prosesinin başlanmasına
əngəllər yaradır,
təxribatlar hazırlayır.
Ermənistan minalanmış ərazilərin
xəritələrini hələ
də gizlədir.
Minalanmış ərazilər mülki və hərbi şəxslərin ölümü
və yaralanması ilə nəticələnir. Birinci Qarabağ
müharibəsi dövründən
itkin düşmüş
hesab olunan 4000-dən artıq Azərbaycan vətəndaşı barəsində
heç bir məlumat verilmir. Şübhə yox ki, əksəriyyəti öldürülüb
və kütləvi məzarlıqlarda basdırılıb.
Belə məzarlıqlardan biri ötən gün Kəlbəcərin Başlıbel
kəndində müəyyən
edilib. Birinci Qarabağ müharibəsində
Ermənistan tərəfdə
əsirlikdə olduğu
və sağlığı
Beynəlxalq Qızıl
Xaç Komitəsi tərəfindən də
təsbit edilmiş və müxtəlif yazışmalar aparılmış
Azərbaycan vətəndaşları
barəsində Ermənistan
hələ də susqunluq nümayiş etdirir.
Buna baxmayaraq,
Ermənistan aylardır
uydurma “əsir” mövzusundan Azərbaycana
qarşı təzyiq
aləti kimi istifadə edir və açıq demək lazımdır ki, beynəlxalq aləmdən kifayət qədər dəstək qazanıb.
Son günlər
ermənilərin beynəlxalq
təşkilatlardakı, o cümlədən
ABŞ Konqresi və Avropa Parlamentindəki dostları “əsirlər”
mövzusunda Azərbaycana
təzyiqi artırıblar. Halbuki, 10 noyabrdan
sonra Azərbaycan sərhədini qanunsuz keçən Ermənistan
vətəndaşları əsir
sayılmır. Əfsuslar olsun
ki, Qərb bu həqiqəti qəbul etmək istəmir. Deməli, bu vəziyyətdən
çıxış yolu
tapmalı, siyasətdə
manevr imkanlarımızı
artırmalıyıq. Əlimizdə olan ermənilərlə
bağlı strategiyamız
müəyyənləşməlidir.
Eyni zamanda, əməllərində
cinayət tərkibi təsdiqlənməyən ermənilər
hissə-hissə Ermənistana
təhvil verilə bilər. Bu qərarı
aprelin 8-də planlaşdırılan,
lakin son anda baş tutmayan razılaşmanın indi yerinə yetirildiyi kimi də qiymətləndirə
bilərik. Həmin tarixdə
Muradovun əliboş qayıtmasına İrəvanın
Bakının şərtlərini
yerinə yetirməkdən
son anda imtina etməsinin səbəb olduğu ehtimalı var idi. Mümkündür ki, indi Bakı istəyini alıb. Yəni üç erməninin
qarşılığında minalanmış ərazilərin
xəritəsi, ən
azından bir hissəsi verilir. Yaxud, erməni qoşunlarının
çıxarılması prosesinə
qarşılıq bu addım atılır.
Ən mühüm məqam isə üç diversantın Rusiya XİN rəhbəri Sergey Lavrovun
bölgəyə səfərə
başlamasından bir
gün öncə azad edilməsidir. Məlumatlara
görə, Lavrov məhz erməni qoşunların Qarabağdan
çıxarılmasından, Ermənistanın Qarabağda
hərbi varlığının
başa çatmasından
sonrakı dövrü
müzakirə etmək
üçün regiona
gəlir. Söhbət Xankəndinin taleyindən gedir. Rəsmi Bakı yalnız
4-cü bəndin icrasına
başlanandan sonra nələrisə müzakirə
edə bilər və gözləniləndir
ki, Lavrovun İrəvan və Bakı səfəri ilə bu prosesə
start verilsin, yaxud konkret vaxt müəyyənləşdirilsin.
Üç erməninin
azad edilməsi də Bakının xoş niyyətini nümayiş etdirməsi,
İrəvana “razılaşmalara
əməl ediləcəksə,
bu addımların davamı ola
bilər” mesajının
verilməsi, o cümlədən,
Paşinyan hakimiyyətinə
razılaşmalara əməl
edə bilməsi üçün erməni
ictimaiyyəti qarşısında
əsas yaradılmasıdır.
Azərbaycanın cari hədəfi
Ermənistanın Qarabağdakı
hərbi varlığının
aradan qaldırılmasıdır.
Yalnız bundan sonra Xankəndinin idarəçiliyini
müzakirə etmək
mümkün olacaq.
Lavrovun səfəri və nəticələri proseslərin
inkişafını müəyyənləşdirəcək
amildir.
Rusiya Federasiyasının Təhlükəsizlik
Şurasının ekpert-analitiki
Anatoli Nikoforov rusdilli caliber analitik informasiya resursuna verdiyi müsahibəsində
bir sıra maraqdoğuran məsələlərə
toxunub. Onun sözlərinə görə, Azərbaycanla
münasibətlər qurulub,
ancaq Ermənistanla nə baş verdiyini anlamaq çətindir.
Nikoforov əlavə
edib ki, əlbəttə, Moskva qarşılıqlı, sərfedici
iqtisadi layihələri
inkişaf etdirmək üçün öz ətrafında partnoyrlarının
olmasını istəyir
və Sergey Lavrovun həm Ermənistana, həm də Azərbaycana səfər məqsədi rus siyasətinin sabitlik göstəricisidir: “Moskva
söz yox ki, Bakı və
İrəvan ilə yaxşı münasibətlərdə
olmaqda maraqlıdır.
Yeri gəlmişkən, Azərbaycanla
münasibətlər qurulub,
ancaq Ermənistanla nə baş verdiyini anlamaq çətindir. Azərbaycanla müharibə göstərdi
ki, Ermənistan qaçdı, ayağı
ilişərək yıxıldı
və “burnunu əzdi”.
Nikoforov bu məsələdə Ermənistanın 44 günlük
müharibədə ağır
məğlubiyyətə düşdüyünü
və buna görə heç kimin deyil, məhz
özünün günahkar
olduğunu ifadə edib.
Yəni qeyd etməyə çalışıb
ki, Ermənistan uğradığı ağır
və çıxılmaz
vəziyyətinə görə
məhz öz rəhbərliyini, siyasi dairələrini günahlandırmalı,
səhvlərindən nəticə
çıxarmalıdır: “Ermənistan kiçik, zəif ölkə kimi Rusiyadan başqa heç yerin marağında deyil. Beynəlxalq ictimaiyyətə belə bir siqnal
verilir ki, baxın, Ermənistan hətta Rusiyanın xarici işlər nazirini “persona non-qrata” elan etməkdən belə çəkinmir.
Lakin bütün bunlar Krılovun məşhur “Fil və Moska”
təmsilində deyildiyi
kimi, gülünc və axmaqlıqdır”.
Politoloq Tofiq Abbasov “Şərq”ə bildirib ki, Azərbaycanın əlində olan olan ermənilərin cinayət əməlləri
müxtəlifdir. Ekspertin sözlərinə görə, müharibədə,
yaxud ondan sonra ələ keçirilən erməni
hərbçilərinin hamısı
birbaşa diversiya və ya terrorçuluq
fəaliyyətində iştirak
etməyib. Analitikin
sözlərinə görə,
burada söhbət Azərbaycan vətəndaşlarına
və əsgərlərimizə
xətər yetirməyən
erməni hərbçilərin
Ermənistana təhvil
verilməsindən gedir:
“Saxlanılan
bütün erməni
hərbçilərlə bağlı
uzun müddətdir ciddi araşdırmalar aparılır. Bu işə
təhlükəsizlik orqanları
da cəlb olunublar. Əgər lazım bilinirsə
və məqamı yetişirsə, hansısa
erməni hərbçinin
Ermənistana verilməsi,
mübadilə prosesi baş tutur. Heç kim
bunun təsadüfən
ortaya çıxdığını,
yaxud hansısa təzyiq vasitəsi kimi məcburiyyətindən
edildiyini iddia etməməlidir. Məncə, bu qərarı Lavrovun bölgəyə səfəri ilə bağlamaq da düzgün deyil. Rəsmi Bakı bütün addımlarını
müstəqil şəkildə
öz şəxsi iradəsi əsasında atır və heç kim
bizim qərarlarımıza
təsir göstərə
bilməz. Bu məqam
dövlət rəhbərliyi
tərəfindən də
dəfələrlə bəyan
edilib. Sadəcə anlamaq lazımdır
ki, Ermənistanın siyasəti başıpozuq
siyasətdir. Orada proseslər
vahid mərkəzdən
idarə olunmur. Ermənilər təfriqələr
hesabına məqsədlərinə
nail olmağa çalışırlar.
Amma rəsmi Bakının siyasəti tam fərqlidir və özünü doğruldur. Biz düşünülmüş siyasət icra edirik. Dövlətimizin konturları, prioritetləri
bəllidir. Ermənistana dəfələrlə xəbərdarlıq
edilib ki, düşmən törətdiyi
hər təxribatın
cavabını mütləq
alacaq. İndiki halda üç
erməninin Ermənistana
təhvil verilməsi çox humanist addımdır.
Deməli, həmin şəxslərlə
bağlı araşdırmalar
sonlanıb və vahid qərar qəbul olunub. Lakin digər erməni diversantları ilə bağlı başqa qərar olacaq. Hələlik bu barədə
danışmaq istəmirəm,
çünki hər şeyin vaxtı var”.
Cənubi Qafqaz Sülh və Münaqişə İnstitutunun rəhbəri Məhəmməd Əsədullazadə vurğulayıb ki, Azərbaycan üç erməni diversantını azad etməsi ötən gün Ermənistan silahlı qüvvələrinə məxsus xüsusi texnika və artilleriya vasitələrinin Xankəndidən çıxarılmasına cavabdır: “Qarabağda Ermənistan silahlı qüvvələrinə məxsus texnikalar qalmaqdadır.
Onların Azərbaycan ərazisində olması Ermənistanın birbaşa 10 noyabr razılaşmasını pozmasıdır. Ermənistan tərəfi hərbi texnikanı çıxarır. Qarabağdakı Rusiya sülhməramlı qüvvələrinin məsuliyyət zonasında silahlı erməni birləşmələrinə gəldikdə isə ilin axırına kimi bu silahlıların da ləğv edilməsinə Azərbaycan çalışacaq.
Azərbaycan konkret şərtlərlə hərəkət edir və diversantların qaytarılması erməni tərəfi şərtlərə əməl etməklə həyata keçirilib. Digərlərinin geri verilməsi də zamanla həll ediləcək. İlk növbədə bu, Nikol Paşinyanın hakimiyyətdə qalmasına zəmin yaratmalıdır. Çünki Paşinyan hakimiyyətdə qalacaqsa, Qarabağla bağlı proseslərdən geri çəkiləcək. Qeyd edim ki, Azərbaycan hazırda iki məsələnin üzərində dayanıb, Sərsəng su anbarına və Xocalıya nəzarəti bərpa etmək. İki strateji nöqtə nəzarətimizə keçdikdən sonra erməni separatçıları ərazini tərk edəcək”.
Siyasi şərhçi Rusif Məmmədsoy isə düşünür ki, Ermənistan tərəfi minalanmış ərazilərin xəritəsini verəcəyini vəd edib:
“Əks halda
üç erməninin Ermənistana
qaytarılmasının başqa
açıqlaması yoxdur. Azərbaycan tərəfinin
həmin diversantları qeyd-şərtsiz
qaytaracağını zənn etmirəm. Nikol
Paşinyan üçün
bu məsələ çox
vacibdir. Qarabağ azad edilib və Nikol anlayır ki, xəritənin
verilib-verilməməsi heç nəyi dəyişmir.
Lakin erməni hərbçilərin
qaytarılması seçki öncəsi Paşinyan üçün
çox əlverişli şərait yaradar. Təbii ki,
hansı razılaşma əldə olunub,
dəqiq deyə bilmərik. Ancaq istənilən
halda hər hansı razılaşma olmadan heç bir ermənini qaytara bilmərik”.
İsmayıl
Qocayev
Şərq 2021.- 6 may.- S.11.