Böyük quruculuq
işləri başlayıb
Heç bir bölgə diqqətdən
kənarda qalmır
Harda zərurət varsa, harda əhali,
vətəndaş maraqlarının təmini tələb
olunursa, dövlət resursları ona yönləndirilir
Azərbaycanda ictimai
maraqların təmini dövlət siyasətinin əsasını
təşkil edir. Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin bu günlərdə Qəbələ
rayonuna səfəri, bölgədə həyata keçirilən
vacib işlər və nəhəng layihələrin təqdimatı
dövlət tərəfindən yürüdülən siyasətin
vətəndaşların rifah halının yüksəlməsinə,
həyat şəraitlərinin yaxşılaşmasına
yönəldiyinin əyani sübutudur.
Cənab Prezident İlham
Əliyev və birinci xanım Mehriban Əliyeva və
qızları Leyla Əliyeva Qəbələ rayonunda bir
neçə mühüm obyektin açılışında
iştirak etdilər. Səfər zamanı Prezident eyni zamanda bölgə
xalqının arzu və istəklərinə uyğun, həmçinin
onlar üçün böyük əhəmiyyət kəsb
edən bir sıra layihələrin həyata keçirilməsinə
dair də göstərişlər verdi. Prezidentin Qəbələ səfərinə diqqətlə
nəzər salmaq yetərlidir ki, həyata keçirilmiş və
reallaşdırılması gözlənilən layihələrin
vətəndaşların həyat şəraitinə necə
müsbət təsir göstərəcəyi
aydınlaşsın. Bu layihələrin hər biri – dəmir
yolunun açılışı, çay üzərində
körpünün tikintisi, yerli xalqlara məxsus dini ibadət
ocaqlarının təmiri, məktəb binasının, məktəbin
həyətində idman kompleksinin inşası
ayrı-ayrılıqda vətəndaş maraqlarına,
ictimaiyyətin istəkləri nəzərə alınaraq həyata
keçirilən işlərdir.
Yerli sakinlər rahat və təhlükəsiz
şəkildə hərəkət edəcək
Qəbələyə səfəri
zamanı Prezident İlham Əliyev və birinci xanım
Mehriban Əliyeva Qəbələ Dəmir Yolu
Vağzalının və Ləki stansiyası-Qəbələ
birxətli dəmir yolunun açılışında
iştirak etdilər. Məlum məsələdir ki, dəmir
yollarının müasirləşdirilməsi ölkəmizin
iqtisadi potensialını nümayiş etdirməklə
yanaşı, həm də sosial sahənin inkişafına
yüksək diqqəti göstərir. Dövlətimizin
başçısına və birinci xanıma məlumat
verildi ki, hazır vəziyyətə gətirilən Ləki
stansiyası–Qəbələ birxətli dəmir yolunun tikinti
işlərinə 2018-ci ildə başlanılıb. Dəmir
yolu xətti ox üzrə 42,3 kilometr, yan
yollarla birlikdə isə 44,5 kilometrdir. Ümumilikdə, layihə
üzrə 122 süni mühəndis qurğusunun,
Ağdaş dəmir yolu dayanacağının, Qəbələ
Dəmir Yolu Vağzalının və stansiyasının, Qəbələ
dartı yarımstansiyasının tikintisi, həmçinin
“Hacıalı” yarımstansiyasının təmiri işləri
yerinə yetirilib. Bu müasir yol-nəqliyyat
infrastrukturu, ilk növbədə, vətəndaşların
rahatlığına xidmət edəcək. Bu layihənin reallaşması Qəbələdən
paytaxta və digər yerlərə gedən sakinlərin rahat
və təhlükəsiz şəkildə mənzil
başına çatmasına hərtərəfli imkan
yaradır.
Bum çayı üzərində
körpünün tikintisi
Qəbələ rayonunda 20 min nəfər
əhalinin yaşadığı 11 yaşayış məntəqəsini
rayon mərkəzindən və digər yaşayış məntəqələrindən
ayıran, Bum-Tikanlı-Abrıx avtomobil yolunun 2-ci kilometrliyində
Bum çayı üzərində yeni körpü və Bum qəsəbəsinə
gedən 2 kilometrlik avtomobil yolu bərpadan sonra istifadəyə
verilib.
Bum çayı üzərində
yeni körpü Prezident İlham Əliyevin “Qəbələ
rayonunun yol-nəqliyyat infrastrukturunun
yaxşılaşdırılmasına dair əlavə tədbirlər
haqqında” Sərəncamına uyğun olaraq inşa edilib. Körpünün uzunluğu 310, eni 9 metrdir. Qəbələ
Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi
Abdullayev Prezident İlham Əliyevə məlumat verib ki,
körpü olmadığı üçün 20 min əhalinin
mərkəzlə əlaqəsi, ümumiyyətlə, kəsilibmiş.
İnsanlar rayon mərkəzinə gəlməkdən
ötrü 30-35 kilometr məsafə qət etməli olurdular.
İndi isə artıq rahat körpü inşa
edilib. Bu layihənin icrası əhalinin məşğulluğunun
təmin edilməsində və rayon mərkəzi ilə əlaqəsində
mühüm rol oynayır. İcra
başçısı xatırladıb ki, 2011-ci ildə
Olimpiya Kompleksinin açılışı zamanı Prezident
İlham Əliyev şəhərsalma ilə bağlı
önəmli tapşırıqlar verib. Ondan
sonra körpünün digər tərəfində Peşə
Təhsili Mərkəzi, 1 saylı uşaq
bağçası, yanğınsöndürmə məntəqəsi
inşa edilib. İndi isə prezidentin sərəncamı
ilə 5 hektar ərazidə 160 çarpayılıq xəstəxana
tikilir. Şəhərin genişlənməsi
insanların işlə təmin olunmasına şərait
yaradır. Yerli sakinlər indi 6-8 dəqiqəyə
rayon mərkəzinə çatır.
Tolerantlığın əyani
sübutu
Azərbaycanın tolerant
ölkə olması, ölkəmizin ərazisində
yaşayan, Azərbaycan vətəndaşı olan hər bir fərdin,
kimliyindən, hansı irqə, hansı dinə mənsubluğundan
asılı olmayaraq dövlət qayğısı ilə əhatə
edildiyi məlum həqiqətdir. Bu reallıq artıq
bütün dünya tərəfindən təsdiqlənir və
qəbul edilir. Azərbaycanın
bütün dini konvessiyalara, azsaylı etnik qruplara, xalqlara nəinki
dözümlü, mehriban, bir ailənin üzvü kimi
yanaşdığı və onlarla eyni taleyi
paylaşdığı bir sıra ölkələr və
dövlətlər, hətta özünü super-demokratik
hesab edən dövlətlər üçün də qibtə
olunacaq səviyyədədir. Azərbaycana
mənsub bu reallıq hər zaman göz önündə olub.
44 günlük Vətən müharibəsində
mənfur düşmən üzərində əzəmətli
qələbə çalan Azərbaycan işğaldan azad
edilmiş ərazilərdə eyni reallığı sərgiləməkdədir.
İşğaldan azad edilmiş ərazilərdə
məscidlərlə yanaşı kilsələrin qeyri-islam
dini ibadət ocaqlarının təmiri, bərpası buna
sübutdur. Eyni mənzərə Qəbələ
rayonunda da yaşanır. Qəbələ rayonuna səfərləri
zamanı Prezident İlham Əliyev və Heydər Əliyev
Fondunun prezidenti, birinci xanım Mehriban Əliyeva Qəbələnin
Nic qəsəbəsindəki Müqəddəs Yelisey adına Cotari kilsəsini ziyarət etdilər,
vəziyyətlə yerində tanış oldular. Nic qəsəbəsindəki bu kilsə də Heydər
Əliyev Fondu tərəfindən 2006-cı ildə əsaslı
bərpa olunaraq Alban-Udi Xristian dini icmasının istifadəsinə
verilib. Tolerantlığın kiçik modeli olan Nic qəsəbəsində
hazırda 3 kilsə, 2 məscid var. Dünyadakı 10 minə
yaxın udinin 4 minə yaxını Qəbələnin Nic qəsəbəsində
yaşayır. Kilsənin ziyarəti zamanı Prezident İlham
Əliyev din xadimləri
ilə səmimi söhbət etdi və onlara müraciətlə
“həmişə sizinlə birlikdə olacağam”, dedi.
İşğaldan azad edilmiş ərazilərə səfər
edib oradakı vəziyyətlə tanış
olmuş din xadimləri isə “tez-tez gedəcəyik
Qarabağ bölgəsinə. Biz də
Allahın köməyi ilə bu mühiti saxlayacağıq”
söyləməsi Azərbaycanda dövlət-xalq, dövlət-vətəndaş
birliyinin möhkəmliyini göstərirdi. Prezident və birinci xanım həmçinin Müqəddəs
Məryəm Ana Alban kilsəsində olublar. Müqəddəs Məryəm Ana kilsəsi 2019-cu
ildə Heydər Əliyev Fondu tərəfindən bərpa
olunmağa başlanmış və 2020-ci ilin noyabr ayında
44 günlük müharibə zamanı bərpa işləri
başa çatdırılıb və kilsənin təmirdən
sonra açılışı olub. Kilsənin
təmirinə vacib edən səbəblərdən biri
gümbəzin dağılması idi. Yenidənqurma
zamanı isə tikilinin 50 faizə yaxın kərpicləri,
daşları bərpa edilib. Həmçinin
həyətyanı sahə abadlaşdırılıb, sahəsi
hasarlanıb, bulaq və üç gölməçə
yaradılıb. Kilsənin tavanı,
döşəməsi dəyişdirilib. Din xadimi qeyd
etdi ki, kilsənin təmiri Leyla Əliyevanın təşəbbüsü
ilə gerçəkləşib. Pandemiyaya, 44
günlük müharibəyə baxmayaraq, burada bərpa
işləri bir gün də dayanmayıb. Təmir işlərində doqquz xalqın nümayəndələri
çalışıb. Bu da Azərbaycanda
yaşayan xalqların mehribanlığına daha bir
sübutdur. Prezident isə qeyd edib ki, udi xalqının
çox böyük tarixi mirası var: “İndi həm Qəbələ
rayonu ərazisində və eyni zamanda, azad edilmiş torpaqlarda
siz gedib ibadət edirsiniz - həm Xudavəngdə, həm
Ağoğlanda. Orada udi xalqına məxsus olan
digər məbədlər də var. Onların böyük
hissəsi dağılmış, ya da ki,
yarıdağılmış vəziyyətdədir. Ona görə, onları da bərpa edəcəyik.
Siz o kilsələrə də gedəcəksiniz.
Siz Xudavəngdə bir neçə dəfə
olmusunuz”. Prezidentin sözlərini din xadimi
də təsdiqləyib. Laçında,
Ağoğlan kilsəsində olduqlarını deyib. Ümumilikdə ora 7 dəfə səfər etdiklərini
deyib. Prezident İlham Əliyev qeyd edib ki,
qəsəbədə təmirə ehtiyacı olan 1 saylı və
4 saylı məktəblərin hər ikisi də təmir
edilib, istifadəyə veriləcək.
Prezident özü şəxsən
işlərə nəzarət edir
Bələdiyyələrin Fəaliyyətinin
Təbliği Birliyinin sədri Vüqar Tofiqli “Şərq”ə
açıqlamasında qeyd etdi ki, Prezidentin Qəbələ
rayonuna səfəri zamanı yaşanan hadisələr
heç bir bölgənin diqqətdən kənarda
qalmadığını göstərir:
- Kimsə düşünə
bilərdi ki, Qarabağ işğaldan azad olundu, indi
bütün resurslar ora yönləndiriləcək. Digər ərazilər
kölgədə qalacaq. Amma xeyr, belə olmadı.
Hamımız görürük ki, Prezident İlham Əliyev məqsədyönlü
dövlət siyasətini necə davam etdirir.
İşğaldan azad edilmiş ərazilərimizdə nəhəng
quruculuq, abadlıq işləri aparılır. Bir gün də
olsun işlər dayanmır. Cənab Prezident özü şəxsən
işlərə nəzarət edir. Bu, əlbəttə
hamımızı sevindirir, çünki görülən hər
bir iş, hər bir layihə günbəgün, saatbasaat bizi
doğma yurd yerlərinə yaxınlaşdırır. Amma
baxın, Qarabağda aparılan nəhəng işlərlə
yanaşı digər bölgələrdə də işlər
dayanmır. Harda zərurət varsa, harda əhali, vətəndaş
maraqlarının təmini tələb olunursa, dövlət
resursları ona yönləndirilir. Qəbələdə son
zamanlar görülən işlər də bu qəbildəndir.
Yol infrastrukturu yenilənib, körpü salınıb, xəstəxana
tikilir. Yerli xalqın ehtiyaclarının təmini
üçün nə lazımdırsa, dövlət tərəfindən
edilir. Yolun tikintisi, körpü salınması yerli əhalinin
mərkəzlə əlaqəsini artıq təmin edir. Bu o
deməkdir ki, əhali işə gedib-gələ biləcək,
işlə təmin olunacaq. Deməli, əhalinin maddi vəziyyəti
yaxşılaşacaq, həyat şəraiti də
yaxşılaşacaq. Təkcə yol, körpü
salınmır. İbadət yerləri də təmir edilir. Bu
işlər yerli xalqların mənəvi həyatlarında
böyük əhəmiyyətə malikdir. Qəbələnin
Nic qəsəbəsində qədim alban-udi monastrı təmir
olunur. Prezident Qəbələdə olarkən dedi ki, bu,
böyük bir tarixi irsdir, bizim mirasımızdır.
Şuşada “Xarıbülbül” festivalında udi
xalqının nümayəndələri də
çıxış etdilər. Eləcə də Azərbaycanda
yaşayan bütün xalqların nümayəndələri.
Bu, bir daha onu göstərir ki, Azərbaycanda bütün
xalqlar bir ailə kimi yaşayır. Cənab Prezident, Ağdam
məscidinin önündəki çıxışı
zamanı demişdi ki, işğaldan azad olunmuş torpaqlarda
bütün kilsələr, məscidlər, monastrlar bərpa
ediləcək, udi xalqının nümayəndələri
buraya gələcəklər. Gördük ki, udilər Xocavəndə,
Tuğa səfər etdilər. Bütün bunlar tarixi ədalətin
bərpasıdır.
Məlahət Rzayeva
Şərq 2021.-
17 may.- S.7.