Dezinformasiya ölkədə
çaşqınlıq yaradır
"Bu müharibə ilə
xüsusi mütəxəssislər məşğul
olmalıdır"
"Düşmən
tərəfindən hansısa materialı götürdükdə
çox diqqətli
olmalıyıq və niyə verdiyimizi bilməliyik"
Müasir dünyamızda
elmi-texniki inkişaf müharibələrin metoduna da təsirsiz
ötüşmür. Mütəxəssislər qeyd edirlər
ki, gələcək dövrdə müharibələr
dövlətlərin nizami orduları arasında deyil,
müasir İKT vasitələri ilə silahlanmış,
yüksək hazırlıq görmüş, əsəs məqsədi
qarşı tərəfin informasiya resurslarını ələ
keçirmək və ya nəzarətdə saxlamaq olan
xüsusi qruplar arasında aparılacaq. Qeyd
edək ki, "İnformasiya müharibəsi" termini rəsmi
olaraq ilk dəfə ABŞ Müdafiə Nazirliyi tərəfindən
1992-ci ildə istifadə edilib. Bilirik ki,
informasiya həm silah, həm də məqsəddir. Yəni
informasiya hücumu
icazə olmadan istənilən formada həyata
keçirilə bilər. Xüsusilə qeyd edək
ki, informasiya müharibəsi insan psixologiyasına yönəlmiş
əməliyyatdır. Ancaq məsələyə
daha makro aspektdən yanaşsaq, “İnformasiya müharibəsi”
və onun tətbiqi daha qədim dövrlərə təsadüf
edir. Məsələn, Çingiz xanın
yürüşləri zamanı xüsusi informasiya
hazırlığı görmüş müəyyən qrup
atlılar işğal olunacaq ərazilərdə Çingiz
xanın ordusunun hədsiz dərəcədə güclü və
amansız əsgərlərdən təşkil olunduğu
haqqında xəbərlər yayaraq əhalidə qorxu, ruh
düşkünlüyü yaradırdılar. Bu cür psixoloji təsir üsullarından
Makedoniyalı İsgəndər, Əmir Teymur və s. məşhur
sərkərdələr də istifadə ediblər.
Əsrlər keçsə də,
bu günləri informasiya müharibəsi yeni texnoloji həllər
vasitəsilə davam edir. Bu günləri hər
bir sosial şəbəkə istifadəçisi informasiya
müharibəsində iştirak edə bilir. Ancaq ən önəmli məsələ informasiya
müharibəsində iştirakın və mövqenin
düzgün müdafiə olunmasıdır.
Mütəxəssislər
hesab edir ki, informasiya müharibələri zamanı informasiya
üstünlüyünə nail olmaq çox vacibdir. Çünki
bu yaranan vəziyyət haqqında məlumatların davamlı
axınını toplamaq, idarə etmək və yaymaq
bacarığı, rəqibə oxşar cəhdi etməyə
mane olmaq qabiliyyəti kimi müəyyən edilir. Qeyd edək ki, xüsusən informasiya şəbəkə
müharibəsinin aparılması daha rahat olur və neqativ,
anonim informasiyanın nəzarətsiz yerləşdirilməsi
imkanı yaradır. Bu bir faktdır ki, bu
gün Azərbaycanın hər bir vətəndaşı,
xüsusən də gənclər informasiya müharibəsində
çox fəaldırlar və düşmənə adekvat
cavab verməkdədirlər. Qarabağ həqiqətlərinin
dünyaya, xüsusən də münaqişələrin həlli
ilə məşğul olan beynəlxalq təşkilatlara
çatdırılması üçün bütün
imkanlardan istifadə edirlər. İnformasiya
müharibələrində ən güclü silah informasiya və
dezinformasiyadır ki, bunlar da müharibənin formasını
təyin edir. İnformasiya müharibəsində
ən əhəmiyyətli məsələ ölkənin
öz məlumat infrastrukturunu qoruyaraq düşmən
qoşunlarının informasiya sistemlərini, məlumat mənbələrini
və məlumat infrastrukturunu məhv edə bilməkdir.Lakin
informasiya müharibəsində dezinformasiyalara xüsusi önəm
yetirmək lazımdır.
Çünki dezinformasiyanın məqsədi
şəxsləri yanlış istiqamətləndirmək
üçün doğruluq payı olmayan, təhrif olunmuş
məlumatlar verməkdir. Bu, təbii ki,
dünyada ideoloji müharibə metodu hesab edilir və əks-təbliğat
gücünə malik inandırıcı üsuldur. Yəni
doğruları
gizlətməklə əks məlumat vermək
insanları inandırmağın, yaxud aldatmağın ən
təsirli yoludur.
Bildiyimiz kimi, 44 günlük
müharibədə Azərbaycan tarixi qələbə
qazandı. Sirr deyil ki, bu, qələbə təkcə hərb
meydanında deyil, informasiya meydanında da özünü
açıq-aydın şəkildə göstərdi. Düzdür, qardaş Türkiyənin də
informasiya müharibəsində bizə göstərdiyi dəstək
danılmazdır. Amma bu gün cəbhədə
müharibə bitsə də, informasiya üzərində
müharibə davam etməkdədir. Düşmən
ölkə daim dezinformasiyalar yaymaqdadır. Bəs bu dezinformasiyalarla necə mübarizə
aparılmalıdır? İnformasiya
müharibəsində nələrə diqqət yetirilməlidir?
"Şərq" bu barədə
suallarını media mütəxəssislərinə
ünvanlayıb.
Mövzu ilə bağlı
"Şərq"ə danışan BDU-nun Jurnalistika
fakültəsinin professoru, tanınmış jurnalist Qulu Məhərrəmli
bildirib ki, informasiya müharibəsi hərbi əməliyyatların
başqa üsullar vasitəsilə davam etməsi deməkdir. O
qeyd edib ki, bu işdə hər bir kəsin üzərinə
böyük məsuliyyət düşür:
"Biz ilk növbədə
informasiya müharibəsi ilə jurnalistika fəaliyyətini
ayrı-ayrılıqda nəzərdən keçirməliyik. Bütövlükdə
götürüləndə media qurumları - televiziya, qəzet,
saytlar bu müharibədə iştirak edə bilir. Ancaq bu müharibə ilə xüsusi mütəxəssislər
məşğul olmalıdır. Bir
faktı qeyd edim ki, bizim media nümayəndələri tez-tez
Ermənistan mətbuatının yaydığı
dezinformasiyaları götürüb yayır və ona
münasibət alırlar. Hesab edirəm ki, bunları
yaymaq, ona münasibət bildirmək və s. bunlar
hamısı qeyri-peşəkarlıqla
bağlıdır".
Tanınmış jurnalist qeyd edib ki,
dezinformasiya informasiya müharibəsinin bir elementidir: "Bilməliyik
ki, dezinformasiyalar ölkə içində müəyyən
çaşqınlıqlar yarada bilər. Ona görə də
biz düşmən tərəfindən hansısa materialı
götürdükdə çox diqqətli olmalıyıq və
niyə verdiyimizi bilməliyik. Yəni ilk olaraq fikirləşməliyik
ki, bunun mənbəyi varmı, doğrudurmu və s. Həmçinin
informasiya
müharibəsi ilə məşğul olan müəyyən
qurumlar bununla bağlı müəyyən texnologiyalardan
yüksək səviyyədə bəhrələnməlidirlər.
Bu sahədə çalışan media təmsilçilərimiz
də bu işin incəliyini bilməli, informasiya müharibəsinin
nədən ibarət olduğunu, hansı üsullarla,
metodlarla aparıldığını bilməlidirlər.
Jurnalistlərimiz material verərkən çox
ehtiyatlı olmalı və hər şeyi diqqətlə
araşdırmalıdır. İnformasiya
müharibəsi adında göründüyü kimi, hərbi
əməliyyatların başqa üsullar vasitəsilə
davam etdirilməsidir. Qeyd edim ki, bu işin
də öz incəliyi, öz psixoloji və elmi əsasları
var".
Azərbaycan Demokratiya və İnsan
Haqları İnstitutunun rəhbəri, hüquq müdafiəçisi,
ictimai fəal Əhməd Şahidov "Şərq"ə
açıqlamasında bildirib ki,
Azərbaycanla Ermənistan arasında 44 günlük
savaşın bitməsinə baxmayaraq, hələ də
informasiya müharibəsi davam edir:
"Mən deyərdim ki,
hazırda informasiya müharibəsi daha gərgin və daha
intensiv şəkildədir. Çünki 44
günlük müharibənin ardından Ermənistan tərəfi
müxtəlif dezinformasiyalar, həqiqətə uyğun
olmayan ittihamlar səsləndirir. Beynəlxalq
ictimaiyyətin diqqətini cəlb eləməyə
çalışır. Xüsusən də
bu onların hərbi əsir dediyi, əslində erməni
diversiya qrupunun üzvü olan terrorçuların
buraxılması ilə bağlı erməni tərəfinin əsassız
təbliğatıdır ki, bu, beynəlxalq arenada geniş
vüsət alıb. Təbii ki, Azərbaycan
tərəfinin siyasi qətiyyəti nəticəsində bu cəhdləri
baş tutmadı. İndi də iki ölkə
arasında dövlət sərhədində, guya, Azərbaycan
hərbiçilərinin dövlət sərhədini
pozması Ermənistan ərazisinə keçməsi ilə
bağlı əsassız məlumatlar yaymaqdadırlar. Bütün bunlar informasiya savaşının tərkib
hissəsidir. Azərbaycan da bu savaşda
tutarlı cavab verir. Təbii ki, 44
günlük savaşda Azərbaycan həqiqətlərinin
dünyaya çatdırılmasında qardaş Türkiyənin,
Türkiyə mətbuatının böyük dəstəyi
olub. Hazırda isə aktiv hərbi əməliyyatlar,
ümumiyyətlə, hərbi əməliyyatlar getmədiyinə
görə, biz informasiya savaşını təkbaşına
davam etdirməyə məcburuq. İstərdim
ki, bu istiqamətdə ilk növbədə Azərbaycan sosial
şəbəkə istifadəçiləri daha aktiv olsunlar.
Biz adətən "Facebook" platformasından
istifadə edirik. Burada ölkəmizin
daxili məsələləri ilə bağlı vətəndaşlarımız
çox aktivdirlər. Amma bu gün
dünyada daha ciddi ictimai, siyasi müzakirələrin getdiyi
platforma var. Bu günləri təəssüflər olsun ki, bədnam
düşmənlərimiz ermənilər "Twitter" də
daha fəaldırlar. Xüsusən də Azərbaycana qarşı informasiya savaşında onun
geniş imkanlarından istifadə edirlər. Beynəlxalq
təşkilatların, diplomatların, xarici dövlət və
hökumət başçılarının diqqətini cəlb
edə bilirlər".
Ə.Şahidov qeyd edib ki, Azərbaycan
istifadəçiləri informasiya müharibəsində qalib
gəlmək üçün sosial şəbəkələrdə
mütləq aktiv olmalıdırlar: "Azərbaycan istifadəçiləri
sosial media hesablarında, xüsusilə də “Twitter”də
ingilis, rus və mümkünsə, fransız dilində erməni
aqressiyasını, Azərbaycan həqiqətlərini əks
etdirən kontentlər dərc edə, müəyyən
heşteqlərdən istifadə edərək səsimizi
dünyaya çatdırmaqda dəstək ola bilərlər. Həmçinin sosial media platformalarında
düşmən tərəfindən yazılmış yalan,
təhrif olunmuş məlumatlara müdaxilə edə, aqressiya
və təhqirə yol vermədən həqiqətləri əks
etdirən cavablar yaza bilərlər. İlk
növbədə qarşı tərəfin yaydığı
dezinformasiyalar və ya digər məlumatların təsirində
ruh düşkünlüyü yaşamaq, emosiyalara qapılmaq
olmaz. Bu həm də beynəlxalq mətbuata
təsir etmənin vasitələrindən biridir. Bu baxımdan düşünürəm ki, hələ
ki, Azərbaycan informasiya savaşında qətiyyətlə
mübarizə aparır. Ermənistan 44
günlük müharibənin acı məğlubiyyətini
yaşayan tərəf olduğu üçün onlar hələ
uzun illər bu barədə yazacaqlar, danışacaqlar,
özlərini məzlum xalq kimi göstərməyə
çalışacaqlar. Bununla da beynəlxalq
ictimaiyyətin diqqətini özlərinə cəlb etməyə
çalışacaqlar. Ona görə də
istənilən halda Azərbaycan döyüş sahəsində
qazandığı qələbəni, üstünlüyü
informasiya savaşında da davam etdirməlidir. Biz bundan başqa xarici media ilə, xüsusən də
dünya mediaları ilə əməkdaşlıq etməliyik.
Azərbaycan həqiqətlərinin beynəlxalq
media məkanına çıxışını təmin
etməliyik. Düşünürəm ki,
bunun üçün də kifayət qədər
potensialımız var. Sadəcə, beynəlxalq əlaqələrimizi
bir qədər də genişləndirib, bu sahədə
düşmən tərəfini məğlubiyyətə
düçar etməliyik".
Aynurə Pənahqızı
Şərq 2021.-
21 may.- S.11.