İnformasiya savaşı heç bir sərhəd
tanımır
Onun nə cəbhə xətti, nə də minalanmış əraziləri var
Azərbaycan Ermənistanla
mübarizədə təmkinliyini qorumalı, daha ehtiyatlı
davranmalıdır
Tarixdən də məlumdur
ki, informasiya müharibəsi düşmən mövqedə
olan dövlətlərin hər zaman biri-birlərinə
qarşı atdığı kəskin, təhlükəli
addımlarından biri olub. Bəllidir ki, hər bir ölkə
digər ölkələrlə bağlantılar yaratmağa
can atır. Təbii ki, bu yolla ilk növbədə
özünü beynəlxalq sistemdə tanıtmağa
çalışır. Bu bir faktdır ki, əgər
düşməni olan ölkəyə qarşı informasiya
atəşi açılarsa, bu, onun beynəlxalq siyasi aləmdə
nüfuzunun təhlükəyə girməsinə səbəb
ola bilər. Əslində
informasiya müharibəsi SSRİ dövründə
sınanmış bir metod idi. Hələ
1960-1970 və 1980-ci illərdə Amerika və SSRİ biri-birləri
ilə informasiya müharibəsi ediblər.
Hazırda isə 44
günlük Vətən müharibəsinin başa
çatmasına baxmayaraq Ermənistanla ölkəmiz
arasında informasiya müharibəsi ən gərgin müstəvidə
hələ də davam etməkdədir. Xatırladaq
ki, 44 günlük müharibə nəinki döyüş
meydanında, həm də informasiya məkanında
aparıldı. Dövlət başçısı
döyüşlərə komandanlıq etməklə bərabər,
eyni zamanda dünyanın ən nüfuzlu telekanallarına, mətbuat
orqanlarına 30-dan çox müsahibə verdi.
Bununla ermənilərin həm də informasiya
manipulyasiyasına ciddi zərbə vuruldu. Qeyd
edək ki, 44 günlük müharibədə məğlub
olan Ermənistanın hərbi-siyasi rəhbərliyi
çıxış yolunu öz xalqını yalan məlumatlarla
aldatmaqda görür. 44 gün ərzində
erməni və dünya ictimaiyyətinə feyk məlumatlar
verən terrorçu ölkə informasiya savaşında da Azərbaycana
məğlub oldu. Əslində Paşinyan
iqtidarı ilk gündən anlayırdı ki, onu ağır və
rüsvayçı məğlubiyyət gözləyir.
Odur ki, Azərbaycana qarşı başladığı
savaşın və Bakının əks-hücum əməliyyatının
ilk günlərindən sosial şəbəkələrin fəaliyyətini
qadağan elədi, müharibənin gedişi ilə
bağlı düzgün məlumat yayan yerli və xarici media
nümayəndələrinə qarşı sözün əsl
mənasında repressiya və təhdidlərə başladı.
Azərbaycanın apardığı düzgün və
ağıllı informasiya siyasəti Qarabağda baş verən
həqiqətlərin dünyaya çatdırılmasına
imkan verdi. Azərbaycan Prezidenti İlham
Əliyev 44 gün ərzində dünyanın bütün
aparıcı mediasına çoxsaylı müsahibələr
verdi. Düşmən tərəfindən
maliyyələşdirilən, erməni lobbisinin əlində
oyuncağa çevrilən jurnalistlərin ən qərəzli
suallarına belə cavab verməkdən yayınmayan Prezident
Əliyev nə dərəcədə hazırlıqlı
olduğunu nümayiş etdirməklə yanaşı, Azərbaycanın
haqlı olduğunu, işğala məruz qaldığını,
beynəlxalq hüququn Azərbaycanın tərəfində
olduğunu sübut edə bildi. Azərbaycanın
Ali Baş Komandanının intellektual cavabları ilə
müqayisədə isə Paşinyan olduqca miskin durumda
görünürdü. Bunu dünyanın
aparıcı media nümayəndələri və ekspertlər
də etiraf edirlər.
Düzdür, bu günləri
müharibə bitsə də, informasiya müharibəsi hələ
də davam etməkdədir. Düşmən
ölkə Ermənistan bütün dünyaya
haqqımızda yenə də yalan informasiyalar yaymaqda davam
edir. Onu da qeyd edək ki, Azərbaycan və
Ermənistan arasında başlayan informasiya müharibəsinin
tarixi Qarabağ müharibəsindən çox-çox əvvələ
təsadüf edir. SSRİ dönəmində
Ermənistan Azərbaycana qarşı gizli informasiya müharibəsinə
əl ataraq tarixi saxtalaşdırıb, tarixi yerlərimizin
adını dəyişdirib.
Qeyd edək ki, müasir
dünyanın münaqişə və çəkişmələrinin
sırasında əsas oyunçuların başlıca
mübarizə üsulu informasiya müharibəsidir. İnformasiya
müharibəsi üçün nə cəbhə xətti
var, nə minalanmış sahə, nə də ki, əks tərəfin
həmləsini müəyyən edən radiolokasiya
qurğuları. O, heç bir sərhəd
tanımır, onun üçün keçilməz sədd
yoxdur. Müasir silahlı münaqişələrin
təcrübəsi göstərir ki, bəzən
gücündən də asılı olmayaraq, bütöv bir
dövlət inkişaf etmiş informasiya
texnologiyalarının qarşısında aciz qalaraq
çökür. Bəzi mütəxəssislər
hesab edir ki, ümumiyyətlə, informasiya müharibəsi
ayrıca sahədir və jurnalistikanın qolu deyil.
İnformasiya müharibəsi, adından da
göründüyü kimi, əsasən, hərbi xarakter
daşıyır.
Silah səslərinin
eşidilmədiyi bu gurultusuz, səssiz müharibədə
döyüş meydanında informasiyadan silah kimi istifadə
olunur. Bu silah sosial, iqtisadi və hərbi sahədə
istifadə edilsə də döyüşlər
aparıldığı informasiya müharibəsində, əsasən,
hədəfdə ictimai fikir, beyinlər, insan şüuru,
psixologiyasıdır. Silahlı mübarizədə
olduğu kimi, informasiya müharibəsində də üsullar
və texnologiyalar yüksək sürətlə dəyişir.
Ekspertlər qeyd edir ki, informasiya müharibəsinin
özünün ayrıca mütəxəssisləri var.
Bu, ayrıca və çox mürəkkəb
bir sahə olduğuna görə, onun PR, texnoloji biliklər
kimi elementləri və s. var. Ümumiyyətlə, bilirik ki,
feyklərin 90 faizi montaj əsasında düzəlir. Bəzən aylarla, hər hansı məlumatı
araşdırmaq, üzərində işləmək, buna
qarşı mübarizə aparmaq lazım gəlir. Bəzi ekspertlər
bildirir ki, “Azərbaycan jurnalistləri bütövlükdə
zəifdir, ona görə informasiya müharibəsində
mübarizə apara bilmir” fikri ümumiyyətlə,
düzgün deyil. Çünki informasiya
müharibəsi artıq ayrıca instituta çevrilib. Burada adi medianın istifadə etdiyi texnologiyalardan
daha dərin, hətta süni intellektə dayanan texnologiyalar
mütləq istifadə olunmalıdır. Bəs
hazırda Azərbaycan Ermənistanın dezinformasiyalarına
cavab verə bilirmi?
Mövzu ilə bağlı Mətbuat
Şurasının İdarə Heyətinin üzvü Azər
Həsrət "Şərq"ə
açıqlamasında bildirib ki, bu gün Azərbaycan informasiya
müharibəsinin hədəfində olan ölkədir:
"Müşahidələrimə
əsasən deyə bilərəm ki, informasiya müharibəsi
heç vaxt səngimir. Özü də antiazərbaycan dairələr
həmişə bizim üçün önəmli olan
günlərdə, vacib tədbirlər ərəfəsində
həddindən artıq fəallaşırlar. Ona görə də biz həmişə informasiya
müharibəsinə hazır olmalıyıq. Yəni “hücumu”
gözləyib, sonra “əks hücuma” keçməli deyilik. Necə deyərlər, “şəraiti nəzarət
altında saxlamağı” bacarmalıyıq. Özü də bu prosesdə yalnız dövlət
qurumlarından nəsə ummaq, yaxud da hər hansı
tapşırıq gözləmək lazım deyil. Qeyri-hökumət təşkilatları, diasporumuz, həmçinin
hər bir vətəndaşımız bu işdə fəal
olmalıdır. Yəni hər kəs, xüsusilə
xarici dilləri (ingilis, rus, fransız, fars,
ərəb, alman və s.) bilənlər informasiya müharibəsinin
əsgəri olmağı bacarmalıdır. Unutmayaq
ki, bütün dünyada bu informasiya müharibəsini media və
vətəndaş cəmiyyətləri aparırlar. Xaricdə yaşayan, eləcə də müxtəlif
ölkələrə səfər edən
soydaşlarımız da buna cəhd etməlidirlər. Məsələn, şəxsən mən bu və ya
digər ölkədə səfərdə olarkən Azərbaycanın
bütün məsuliyyətini üzərimdə hiss edirəm.
Odur ki, bizə qarşı səslənən
fikirlərə də cavab verirəm, üstəlik, ölkəmizlə
bağlı ətraflı məlumatlar da təqdim edirəm.
Bu, hər kəsin vətəndaşlıq borcu
olmalıdır”.
Azər Həsrət deyir ki,
ümumiyyətlə, informasiya müharibəsi
jurnalistikanın sahəsi deyil. O qeyd edib ki, ümumiyyətlə,
jurnalistikanın qarşısında elə bir vəzifə
qoyulmur ki, informasiya müharibəsində tərəf olsun:
"Media müəyyən
funksiyaları yerinə yetirir və ya yetirməyə də
bilər. Yəni jurnalistika bilgiləndirmək məqsədi
güdür. Bu bilgiləndirməkdə
obyektiv və tərəfsiz olmalıdır. İnformasiya müharibəsində isə obyektlik də,
tərəfsizlik də yoxdur. Düzdür,
bəzən obyektivlik olur. Amma tərəfsizlik ola bilmir, çünki bu, müharibədir. Müharibədə mütləq hər kəs
öz tərəfinin maraq və mənafelərinə xidmət
etməlidir.
Bu baxımdan bu məsələ
jurnalistikadan ayrı tutulub. Digər bir tərəfdən
isə ümumiyyətlə, Azərbaycanla Ermənistan
arasındakı informasiya müharibəsində əlbəttə
ki, biz jurnalistlər də yaxından iştirak edirik.
Sual yarana bilər ki, niyə
iştirak edirik? Çünki məcburuq, bizə
qarşı qaralama kampaniyaları aparılır. Dövlətimizə və xalqımıza böhtan
atılır. Əlbəttə ki, biz də
vətənpərvər insanlar olaraq öz dövlətimizin
və xalqımızın mənafelərini müdafiə etmək
məcburiyyətində qalırıq. Yəni
bunu etməyə məcburuq. Amma bir daha
qeyd edirəm ki, informasiya müharibəsi jurnalistika məsələsi
deyil. Bu, təbliğat məsələsidir.
Təbliğatın da əlbəttə
ki, çoxtərəfli olduğunu hər kəs yaxşı
bilir. Nə etməli, necə etməli, ümumiyyətlə,
bu informasiya müharibəsində necə davranmalı
olduğunu anlayır. Fikrimcə, ən
güclü biclik düzlükdür. Əlbəttə
ki, bu özünü doğrultmuş bir qənaətdir.
Doğrunu nə qədər çox tirajlasaq,
yalanlara bir o qədər çox qalib gələ bilərik.
Yalan, yaxud da ki, uydurma
materiallarla informasiya ilə müharibədə qalib gəlmək
mümkün deyil. Döyüşləri udmaq olar, müvəqqəti.
Amma ümumi nəticədə qalib gəlmək
mümkün deyil. Çünki o yalanların farş olması o qədər də uzaqda olan
məsələ deyil. Ermənilər informasiya
müharibəsində həddindən artıq aqressivdilər.
Azərbaycanlılar isə daha təmkinli
addım atırlar. Bu təmkinliyi mütləq
qorumaq lazımdır.
Beynəlxalq münasibətin
dəyişməsində də təmkinliyin böyük rolu
var. Ona görə də Ermənistan qəsdən aqressiv
olaraq, hazırda bu müharibəni aparır ki, bizi əsəbiləşdirsin,
özümüzdən çıxarsın.
Biz də təmkinimizi pozub
Ermənistanın üzərinə eyni aqressiya ilə gedək
və həmin aqressiyadan da bizə qarşı istifadə
etsinlər. Ancaq qeyd edim ki, diplomatik müharibə müəyyən
qanunlara, qanunauyğunluqlara, idarəçiliyə söykənir.
Ona görə də informasiya müharibəsində
hansısa vahid idarəçilik sistemi və fəaliyyət
proqramı olmalıdır. Bütün informasiya müharibəsi ilə məşğul olan adamlara
hər zaman çağırış etmişəm ki,
birincisi, obyektiv və doğru informasiyaya söykənin. İkincisi, çalışın ki, təhkiminizi
pozmayasınız. Belə olan halda mütləq
qalib gələcəksiniz. Ola bilər bir az gec,
amma qalib gələcəksiniz".
Aynurə Pənahqızı
Şərq 2021.- 18 may.- S.11.