Amalımız yaşatmaqdır...

 

Zəfər tarixini yazanlara dəstək olmaq bir Vətən borcudur

 

"Marafon təkcə maddi və siyasi aksiya deyil, eyni zamanda bizim mənəvi gücümüzün, birliyimizin göstəricisidir"

 

Qələbəni bizə yaşadanları yaşadaq. Məhz bu şüarla “Yaşat” Marafonu təşkil edilib. Məlumdur ki, qəti qələbəmizlə yekunlaşmış 44 günlük Vətən müharibəsindən dərhal sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev “Yaşat” Fondunun yaradılmasıyla bağlı sərəncam imzaladı. Bu sərəncamla cənab Prezident Vətən torpaqlarının işğaldan azad olunmasında iştirak edənlərə qayğı ilə yanaşıldığını bir daha sübut etdi. Nəzərə alaq ki, bu sərəncam təkcə 44 günlük müharibə iştirakçılarını deyil, ümumən Qarabağ müharibəsi dövründə şəhid olanlara, onların ailələrinə və bütün qazilərə, müharibə əlillərinə şamil edilir. “Yaşat” Fondu fəaliyyətə başladığı vaxtdan indiyədək bu vəzifənin öhdəsindən lazımınca gəlməkdədir.

 

Şəhid ailələri ilə keçirilən görüşlər, onların ehtiyaclarının, problemlərinin öyrənilməsi, qazilərin müalicəsinin təşkili, reabilitasiya məsələlərinin həlli Fondun fəaliyyətinin ana xəttini təşkil edir. Bu da məlumdur ki, Fond yaranandan indiyədək müəssissə və təşkilatlar tərəfindən, həmçinin fərdi qaydada da ianələr edilib. Azərbaycan xalqının Vətən sevgisi müqayisəolunmazdır. Azərbaycan vətəndaşı çətin sınaq günlərində daim dövlətinə dəstək olub. Biz bunu ötən əsrdə Qarabağ müharibəsi zamanı da gördük, 44 günlük Vətən savaşında da. Nəinki gəlirli müəssisələr, təşkilatlar, şirkətlər, hətta sadə insanlar, təqaüdçülər belə əsgərlərə, şəhid ailələrinə cüzi gəlirlərini, təqaüdlərini bağışlayırdılar. Bu, xalqın birliyi, millətin həmrəyliyinin təzahürü idi. Azərbaycan vətəndaşı çətin gündə onun yanında olan, arxa, dayaq duran dövlətinə, öz dəstəyini bu şəkildə ifadə edirdi. İndi isə Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin və “Yaşat” Fondunun təşəbbüsü, Azərbaycan Diasporuna Dəstək Fondunun təşkilatçılığı ilə “Yaşat” Xeyriyyə Marafonu təşkil edilib. Bu isə təkcə Azərbaycan daxilində deyil, dünyada yaşayan soydaşlarımızın Qələbə çətiri altına toplaşması və bu əvəzsiz qələbəni bizə yaşadanları yaşatmağa qoşulmaqdır.                 

 

Marafon dünya azərbaycanlılarını bir araya gətirir 

 

Qısaca xatırladaq ki, "Yaşat" marafonu bir ay müddətində keçiriləcək. Bu müddət ərzində toplanan vəsait marafon başa çatdıqdan sonra ictimaiyyətə açıqlanacaq. Marafonun məqsədi qazilərə və şəhid ailələrinə dəstək üçün dünyanın müxtəlif ölkələrində yaşayan həmvətənlərimizi bir araya gətirərək “Yaşat” Fonduna ianə etməyə çağırışdır. Marafonda bütün dünya azərbaycanlıları “Birlikdə Yaşadaq” şüarı altında birləşərək, Qələbəni bizə yaşadanlara və Zəfər tarixini yazanlara dəstək olacaq, onların xoş xatirələrini yada salacaqlar. Xatırladaq ki, “Yaşat” Xeyriyyə Marafonu Azərbaycan Dövlət televiziyasında videoyayım formatında təşkil edilib və canlı nümayiş olunub. Marafon müddətində müxtəlif ölkələrdə yaşayan həmvətənlərimizlə və tanınmış şəxslərlə canlı bağlantılar yaradılıb, şəhid ailələri, Vətən müharibəsi qəhrəmanları və qazilər çıxış ediblər.

 

Eyni zamanda “Yaşat” Fondu tərəfindən ötən müddətdə görülən işlər barədə də hesabat təqdim olunub. Qeyd etməliyik ki, marafondan əvvəl uğurlu PR kampaniyası təşkil edildi. PR məqsədilə “Yaşat" Marafonunun keçiriləcəyi ilə bağlı mətbuat konfransı keçirildi, marafonla bağlı PR materiallar mediada (TV, radio, saytlar), sosial şəbəkələrdə (fb, instaqram, tvitter, teleqram, linkedin, yutub), “ASAN xidmət” mərkəzlərində və şəhərdəki monitorlarda nümayiş olundu. Proses indi də davam edir. Və müsbət nəticələr özünü çox gözlətmir. Demək olar ki, dünyanın 4 bir yanından soydaşlarımız “Yaşat” Xeyriyyə Marafonuna qoşulurlar. Məsələn, Qazaxıstanın Kostanay vilayətində fəaliyyət göstərən azərbaycanlı icmasının “Birlik” etnomədəni cəmiyyətinin təşəbbüsü ilə “Yaşat” xeyriyyə marafonuna dəstək tədbiri keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsinin məlumatında bildirilir ki, tədbirdə çıxış edən “Birlik” cəmiyyətinin sədri Rafail Hacıbalayev Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ötən il Vətən müharibəsində Qələbəni bizə yaşayanlara və Zəfər tarixini yazanlara dəstək göstərməyi hər bir azərbaycanlının borcu adlandırıb: “Qazaxıstan azərbaycanlıları da böyük xalqımızın bir hissəsi olaraq hər an dövlətimizə dəstək vermək üçün əlindən gələni etməyə hazırdırlar”, - deyə o qeyd edib. Cəmiyyətin tədbirdə iştirak edən 51 üzvü “Yaşat” xeyriyyə marafonuna qoşulduğunu bildirib və ianə edib.

 

Azərbaycanın dostları “Yaşat”la birlikdədir

 

“CNN Türk” telekanalının müxbiri, 44 günlük Vətən savaşımızda Azərbaycanın haqq davasını kamerasıyla dünyaya yayan Fülya Öztürk də xeyriyyə marafonuna qoşulub. “Ermənistanın Azərbaycanda, Qarabağda törətdiyi zülmlərin, qətliamın şahidi olmuşam. Ən əsası isə Azərbaycan əsgərlərinin bu böyük Zəfər üçün qəhrəmancasına mübarizə apardıqlarını gözlərimlə görmüşəm”. Bu fikirləri türkiyəli jurnalist, “CNN türk” telekanalının müxbiri Fülya Öztürk Diasporla İş üzrə Dövlət Komitəsinin və “Yaşat” Fondunun təşəbbüsü, Azərbaycan Diasporuna Dəstək Fondunun təşkilatçılığı ilə keçirilən “Yaşat” xeyriyyə marafonu barədə danışarkən söyləyib. “Yaşat” marafonuna dəstəyini ifadə edən türkiyəli jurnalist xeyirxah insanları bu təşəbbüsə qoşulmağa çağıraraq deyib: “Şəhid ailələrini, qazilərimizi, əsgərlərimizi unutmamalıyıq”.

 

“YAŞAT” marafonu dünyaya tək ölkəmizdə yaşayan azərbaycanlıların deyil, digər yerlərdə yaşayan azərbaycanlıların gücünü, birliyini dünyaya çatdırır".

Bunu isə "Report”a açıqlamasında yazıçı, şair Ramiz Rövşən deyib.

 

Onun sözlərinə görə, keçiriləcək marafon mahiyyətcə çox gözəl və uğurlu addımdır: "Əvvəla, onu qeyd edim ki, sonu qələbə ilə bitən 44 günlük müharibə bizim ən şərəfli tariximizdir. Bu müharibə həm də bizim sözün əsl mənasında milli birliyimizin göstəricisi idi. İndi keçirilən marafon isə bizim birliyimizi bütün dünyaya göstərəcək. Mən Avropada və bir çox ölkədə yaşayan alimlərimizi, həmvətənlərimizi tanıyıram ki, onlar Azərbaycanda yaşamasa da, ürəyi Azərbaycanla döyünür. Onlar birbaşa olaraq, Azərbaycanın təmsilçiləridir. Marafon isə dünyaya tək ölkəmizdə yaşayan azərbaycanlıların deyil, digər yerlərdə yaşayan azərbaycanlıların gücünü, birliyini dünyaya çatdırır".

 

Şair hesab edir ki, keçirilən marafon təkcə maddi və siyasi aksiya deyil, eyni zamanda bizim mənəvi gücümüzün, birliyimizin göstəricisidir.

Moskva Azərbaycanlıları İcmasının rəhbəri Şamil Tağıyev bu proyektdə aktiv şəkildə iştirak etmək üçün paylaşımlar etdiklərini bildirib. Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi Maisə Ağamirzəyeva çox sayda soydaşımızın “YAŞAT” marafonuna qoşulduğunu qeyd edib. “Ana Vətən Avropa Azərbaycanlıları Qadınlar Birliyi olaraq bu ölkələrdə yaşayan insanlarımıza aksiyaya qoşulmaq üçün müraciət edilib. Müraciət əsasında toplanan vəsait Fonda ianə edilib. Paris Azərbaycan Evinin rəhbəri, Fransada Azərbaycan Dostları Assosiasiyasının baş katibi Mirvari Fətəliyeva Fransada yaşayan azərbaycanlıların marafonda aktiv şəkildə iştirak etdiyini söyləyərək bu cür layihələri dəstəklədiklərini və hər zaman Azərbaycanın yanında olduqlarını bəyan edib. İsveçrə Azərbaycanlıları Koordinasiya Şurasından da eyni məzmunli açıqlamalar daxil olub və şuranın nümayəndəsi, Fətəli Xoyskinin nəticəsi Mariya xanım Xoyskinin də marafonda iştirak etdiyi bildirilib. Avstriyanın Zalsburq və Almaniyanın Münhen şəhərlərində fəaliyyət göstərən Azərbaycan Evləri, Polşadakı Azərbaycan Evi də bu kampaniyaya qoşulan diaspor təşkilatlarındandır.

 

Yaratmaq Allaha, yaşatmaq insana məxsusdur

 

Xalq artisti Nurəddin Mehdixanlı “Şərq”ə açıqlamasında hər bir azərbaycanlını “Yaşat” Marafonuna qoşulmağa çağırdı:

 

- Atalarımızın gözəl kəlamları var: el gücü, sel gücü. El bir olsa, dağ oynadar yerindən... 30 il bütün dünyanın susaraq baxdığı, həlli üçün söz deməkdən savayı heç bir iş görmədiyi münaqişəni Azərbaycan xalqı birliyi sayəsində həll etdi. Torpaqlarımızı işğaldan azad etməklə münaqişəyə son qoydu. Bir olduq Qələbə çaldıq. Bir olduq Zəfər qazandıq. Deməli, bir olanda güclüyük. Bir olsaq kimsə, dünyanın heç bir gücü qarşımızda dayana bilməz. Bu birliyimizi, həmrəyliyimizi Vətən müharibəsində şəhid olanların ailələrinə, qazilərimizə və onların ailələrinə dəstək verilməsində də göstərməliyik. Yaratmaq Allaha məxsusdur. Yaşatmaq isə insanın vəzifəsidir. Biz insanların üzərinə düşən vəzifə Allahın yaratdıqlarını yaşatmaqdır. “Yaşat” Fondu belə bir müqəddəs missiyanı üzərinə götürüb. Təşkil olunan xeyriyyə marafonu da bu missiyanın həyata keçirilməsinə dəstək məqsədi daşıyır. Hər birimiz, istər Azərbaycanda yaşayanlar, istərsə də ölkəmizdən kənarda, müxtəlif ölkələrdə yaşayan soydaşlarımız bu marafona qoşulmaqla şəhidlərimizin ruhunu yaşadacaq, qəhrəmanlarımızı yaşadacaq, onların ailələrinə dəstək olmaqla onları yaşadacaq, ümumən qəhrəmanlıq ruhunu, zəfər ruhunu yaşadacaq. Bizim borcumuz şəhid ailələrinin, qazilərin ağrılarının, dərdlərinin yanında olmaqdır. Nə qədər ki, bir yerdə olacağıq, hər bir işin öhdəsindən gələcəyik, hədəflərimizə çatacağıq. Bundan sonra hər birimiz yaşatmaq üçün yaşamalıyıq. Yanğına dimdiyində bir damla su aparan qaranquş kimi, hər birimiz “Yaşat” Fonduna bir damla əsirgəməsə, damlalar ümmana çevriləcək. Və biz ideallarımızı həyata keçirəcəyik.

 

Məlahət Rzayeva

 

Şərq 2021.- 28 may.- S.11.