"Bir neçə ilə Qarabağa köç prosesi yekunlaşacaq"

 

Ceyhun Məmmədov: "Böyük Qayıdışın həyata keçirilməsi ilə bağlı çox ciddi tədbirlər həyata keçirilir"

 

İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış"

 

İşğal dövründə ermənilərin dağıtdığı yurd yerlərimizin bərpası prosesi sürətlə davam edir. Hərbi əməliyyatların bitməsindən sonra Prezident İlham Əliyevin mütəmadi olaraq işğaldan azad edilmiş rayonlara səfərləri dövlət başçısının bu məsələlərə nə dərəcədə həssas yanaşdığının sübutudur. Hər bir səfər tarixi hadisə olmaqla yanaşı, Böyük Qayıdışa, soydaşlarımızın tezliklə öz doğma yurd-yuvalarına qovuşmaları istiqamətində atılan addımdır. Prezident Füzuli rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə Zəngilan, Qubadlı, Kəlbəcər və Laçının baş planlarının hazırlandığını açıqladı və qeyd etdi ki, heç kimdən asılı olmayaraq, öz vəsaitimiz hesabına, heç kimə müraciət etmədən, heç bir kredit götürmədən biz bu işləri görəcəyik.

 

Vurğulandığı kimi ilk bərpa edilən kəndlər Zəngilanın 1-ci, 2-ci, 3-cü Ağalı kəndləri olacaq. Bu kəndlər “ağıllı” kənd pilot layihəsi çərçivəsində yenidən qurulacaq. Ərazidə ilk olaraq tam izolyasiya olunmuşinnovativ tikinti materiallarından istifadə olunmaqla 200 fərdi ev tikiləcək. Evdaxili mühəndis kommunikasiya, isitmə sistemi də ağıllı texnologiyalar əsasında qurulacaq. Bu kəndlərdə müasir məktəb, uşaq bağçası, poliklinika tikiləcək, yerləri yaradılacaq. Elektron idarəetmə olacaq. Zəngilandakı Ağalı kəndi Qafqazda müasir standartlara cavab verən ilk kənd kimi tarixə düşəcək. Kənddə layihənin icrası əsasən 5 komponent üzrə aparılacaq: yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı”, alternativ enerji sahələri. Burada inşa ediləcək 200 evdən ibarət kəndin enerjiyə olan tələbatı yalnız alternativ enerji mənbələrindən əldə olunacaq. Layihələrin icrasında Türkiyə, Çin, İsrail, İtaliya şirkətləri iştirak edəcək. Texnologiyalar sahəsində dünyanın ən inkişaf etmiş kompaniyalarından olan “Huawei-Azərbaycan” şirkəti Qarabağda “Ağıllı kənd” üzrə qabaqcıl texnologiyaları təmin etmək üçün ən son məhsul və texnologiyaları bölgədə yerləşdirəcək. “Ağıllı kənd” layihəsinin birinci mərhələsində Qarabağda təhlükəsiz yaşayış mühiti yaradaraq “ağıllı tədris”, “ağıllı səhiyyə” və “ağıllı kənd təsərrüfatı” sistemlərini də həyata keçirəcək.

 

Qarabağın “yaşıl enerji” zonasına çevrilməsi prosesində Zəngilanın xüsusi rolu var. Zəngilanda günəş enerjisinin böyük potensialı var.

 

Artıq ilkin tədqiqatlar aparılıb və azad edilmiş torpaqlarda enerji generasiya gücləri, ötürücü xətlərin yenidən qurulması sayəsində bitkiçilik, meyvəçilik, heyvandarlıq daha sürətlə inkişaf edəcək. Dəfələrlə vurğulandığı kimi Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşasının böyük strateji əhəmiyyəti var. İlk növbədə ona görə ki, bu dəmir yolu azad edilmiş torpaqlara həm vətəndaşların gəlməsi, həm də yüklərin daşınması üçün böyük əhəmiyyətə malik olacaq. Zəngilanda inşa olunacaq hava limanı bu bölgəni beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevirmək üçün imkanlar yaradır. Buradan dəmir və avtomobil yolları da keçəcək və Naxçıvana yol açılacaq. Təməli qoyulan Zəngilan-Horadiz avtomobil yolu strateji əhəmiyyəti ilə seçilir. Yolun ümumi uzunluğu 124 kilometrdir və 6 zolaqdan ibarət olacaq. İkinci Qarabağ müharibəsindəki Qələbədən sonra Azərbaycanın nəqliyyat-kommunikasiya, logistika imkanlarını genişləndirməsi üçün çox əlverişli imkan yaranıb. Vətən müharibəsinin sonunda Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin imzaladıqları birgə Bəyanatda Zəngəzur dəhlizinin açılması da müddəa kimi qeyd edilib. Dəhlizin açılması isə uzun illər blokadada olmuş Naxçıvan Muxtar Respublikasını bu şəraitdən çıxarmaqla yanaşı, xalqımızın 101 ildən sonra tarixi ərazisi olan qədim Zəngəzura yenidən qayıdışını təmin edəcək. Zəngilanı Naxçıvanla ayıran cəmi 40 kilometrlik Zəngəzur dəhlizidir. Dəhlizin bərpa olunması yeni iqtisadi perspektivləri yaradacaqdır. Şərqi Zəngəzur bölgəsində yerləşən Zəngilanı qədim torpağımız olan Qərbi Zəngəzurla, ondan sonra Ordubad vasitəsilə Naxçıvanla və Türkiyə ilə birləşdirmək Azərbaycanın növbəti tarixi nailiyyəti olacaq.

 

 

Millət vəkili Ceyhun Məmmədov “Şərq”ə açıqlamasında bildirib ki, sürətlə aparılan yenidənqurma işləri vətəndaşlara ən qısa zamanda öz yurdlarına dönməyə imkan verəcək. Deputatın sözlərinə görə, uzun illərdir öz dədə-baba yurdlarına həsrət qalan məcburi köçkünlər ən qısa zamanda doğma evlərinə qayıdacaq. O əlavə edib ki, ilk olaraq Cəbrayılın “'Cocuq Mərcanlı” kəndindən başlayan Böyük Qayıdış prosesi artıq sürətləndirilib:

 

 “Ölkəmizdə cənab Prezidentin rəhbərliyi ilə Böyük Qayıdışın həyata keçirilməsi ilə bağlı çox ciddi tədbirlər həyata keçirilir. Əslində torpaqlarımız işğaldan azad olunduqdan sonra daha uzun müddətdə bu işlərin həyata keçiriləcəyi ilə bağlı proqnozlar var idi. Amma biz şahidi oluruq ki, çox qısa müddətdə böyük işlər görülüb. Artıq Füzuli Beynəlxalq Hava Limanı istifadəyə verilib. Bir sıra yeni layihələr icra olunur. Zəngilanda “ağıllı kəndlər” inşa edilir. İlin sonu, yaxud gələn ilin əvvəlindən insanlarımızın Qarabağa köçünə start veriləcək. Kifayət qədər mürəkkəb proses olmağına baxmayaraq, işlər sürətlə davam etdirilir. Bütün işlər cənab Prezidentin uzaqgörənliyi və siyasi rəhbərliyi altında icra olunur. Əminliklə demək olar ki, bir neçə ildən sonra köç prosesi yekunlaşacaq. Artıq bütün rayonların baş planı hazırdır”.

 

 

İsmayıl Qocayev

 

Şərq.-2021.-2 noyabr.-S.6.