Hər gün Üzeyir bəyin doğum
günüdür
Şuşanın
azadlığı ilə dahi bəstəkarımızın
timsalında Azərbaycan mədəni irsi
işğaldan azad olundu
Azərbaycanın dövlətçilik tarixinin,
milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği:
dövlət müstəqilliyimizin bərpasının 30-cu ili – Azərbaycan dövlətçiliyi müasir mərhələdə
“Üzeyir Hacıbəylinin anım
günüdür”, deyirik.
Məgər hər gün Üzeyir
bəyin anım günü deyilmi?! Biz ki,
hər səhərimizi Üzeyir bəylə
açırıq. Daha doğrusu,
o bizim səhərimizi
açır. Dövlət himnimizin sədaları
ilə. Bu səsdən, bu
melodiyadan şirin, bəlkə
yalnız ana laylası ola
bilər. Amma yox. Deyim niyə: çünki
Üzeyir bəy bu musiqini Ana Vətənə ithaf edib. Hansı yöndən baxsan
dövlət himni həm də ana laylasıdır. Ona
görə də dövlət himni ana laylası qədər şirindir...
23 noyabr dahi Üzeyir Hacıbəylinin cismən ayrıldığı gündür. Cismani yoxluq insanı Vətəndən, xalqından ayırmır. Əksinə, cisim Vətən torpağı ilə qovuşur, ruhu da torpağı, insanı – bütün varlıq aləmini Yaradanla. Üzeyir Hacıbəyli yüksəkliyində şəxsiyyətlərsə daim, xalq, Vətən durduqca ürəklərdə yuva salır. Üzeyir bəy haqqında o qədər gözəl, mənalı sözlət söyləmək olar ki! Heç bilmirsən, necə başlayıb, necə bitirəsən. 1992-ci il mayın 8-dən 2020-ci il noyabrın 8-nə qədər Üzeyir bəyin qarşısında xəcalətli, həm də çox xəcalətli, başıaşağı idik. Qoruya bilməmişdik müqəddəs şəhərimizi. 28 il beləcə xəcalətli qaldıq. Hər dəfə 27 sentyabr, 23 noyabr tarixləri bizə utanc gətirdi. Nə olsun ki, Bakıda musiqi günləri də keçirilirdi, Üzeyir Hacıbəyli adına somfonik orkestrin konserti də olurdu, Leyli də, Məcnun da səhnəyə çıxırdı, Koroğlu Qıratın belinə qalxırdı... Şuşa yox idi, bizim üçün. Şuşasız idik. 2020-ci il noyabrın 8-də isə alnımız açıldı, başımız dikəldi, “biz gəldik, Şuşa!”, “biz gəldik, Üzeyir bəy!”, söyləyə bildik. Vüqarla, məğrur! Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı İlham Əliyevin sözləri ilə desək, “Əziz Şuşa, sən azadsan!”, “Əziz Şuşa, biz qayıtmışıq!”, “Əziz Şuşa, biz səni dirçəldəcəyik”. Prezident həmişəki kimi sözünə, vədinə sadiq qaldı. Şuşa artıq dirçəlib. Qısa müddətdə Şuşada Üzeyir bəyin yeni abidəsi də qoyuldu, ev-muzeyinin bərpası başladı. Xatırladaq ki, Şuşa Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Məftun Abbasov bir müddət öncə KİV-ə açıqlamasında bildirmişdi ki, Üzeyir Hacıbəylinin Şuşadakı ev muzeyinin bərpası layihəsi hazırdır, yaxın vaxtlarda təmir-yenidənqurma işlərinə başlanacaq. Ev-muzeyinin bərpası Heydər Əliyev Fondunun təşəbbüsü ilə baş tutacaq. Təkcə Üzeyir bəyin deyil, Molla Pənah Vaqifin məqbərəsi yenidən inşa edildi. Adı Şuşa ilə bağlı olan digər karifeylərimizin, görkəmli elm və mədəniyyət xadimlərimizin də ev-muzeyləri bərpa edilir, abidələri də ucalacaq. Bununla Azərbaycan öz mədəniyyətinə, tarixinə, adət-ənənələrinə sahib çıxdığını göstərir.
Fəlsəfə elmləri doktoru, yazıçı-publisist, Əməkdar jurnalist Natiq Məmmədli “Şərq”ə açıqlamasında “ Biz Üzeyir bəy üçün nə edə bilərik? O, bizim üçün hər şey etdi. Biz bunu edə bilərik ki, Azərbaycanı Üzeyir bəyə layiq sevək” söylədi və əlavə etdi:
- Tərəddüdsüz deyirik ki, Üzeyir bəyin ruhu şaddır, bütün şəhidlərimizin ruhu şaddır, ümumiyyətlə ölkəsinə, dövlətinə həqiqi sevgi bəsləyən, bağlı olan, lakin Şuşa niskili ilə dünyadan köçmüş insanlarımızla birlikdə. Sağ olsun, Ali Baş Komandan, cənab Prezident, xalqımıza Şuşanı qaytardı. Vuran əlinə sağlıq, Şuşa torpağına ayaq basan dizinə qüvvət, ürəyi daim təpərli igid əsgərlərimizin - Şuşanı düşməndən təmizlədilər. Mən belə hesab edirəm ki, bizim cəsur döyüşçülərimizə sıldırım qayalara dırmaşmağa kömək edən, onları Şuşa qalasını azad etməyə səsləyən, onlara kömək olan həm də Üzeyir bəyin ruhu idi. Üzeyir bəyin adı çəkiləndə həmişə mərhum şairimiz Şahmar Əkbərzadənin Üzeyir bəyə ithaf etdiyi şeiri yadıma düşür, bir misrası belədir: Adını Vətənə yaraşdırıram; Üzeyirbaycan! Bundan yüksək qiymət ola bilməz. Bir şəxsin ki adı Azərbaycanla, Vətənlə eyniləşsin, qoşa çəkilsin, adı Vətənin adına yazılsın, o dahi barədə daha başqa sözə ehtiyac da qalmır. Amma ürəyimiz doludu. Nə qədər desək də, sözlər Üzeyir dühası qarşısında yetərsiz qalır. Şükür ki, Üzeyir yurdunda onun əzəli, əbədi sahibləridir artıq. Şuşa bizimdir. O qala bizimdir. Üzeyir bəy də Şuşasına qovuşub. Üvertürası Şuşada səslənir. Şuşada “Üzeyir musiqi günləri” keçirilir. “Xarı bülbül” festivalı keçirilir. Bundan böyük xoşbəxtlik ola bilməz. Xalqımızın qəlbinə rahatlıq gətirən həm də cənab Prezidentin Üzeyir bəyin, Bülbülün, Xurşidbanu Natəvanın güllələnmiş heykəllərinin doğma şəhərlərinə qaytarılması oldu. Bunu da xatırladım ki, erməni vandalları ən çox gülləni Üzeyir bəyə “atmışdılar”. Onun büstündəki güllə izləri lap çoxdur. Qələbə yenə bizim oldu. Üzeyir bəyin Şuşada yeni heykəli qoyuldu. Ev muzeyi bərpa olunur. Mən inanıram ki, Bülbülün də yeni abidəsi olacaq, Xan qızı Natəvanın da. Amma güllələnmiş heykəllərin Şuşaya qaytarılması erməni vandalizminin dünyaya sübutu üçün çox vacib idi. Eyni zamanda bununla Şuşanın bu görkəmli şəxsiyyətlərin ana yurdu olduğunu da təsdiqləyir, bilməyənlər üçün. Bununla Şuşanın əsl sahiblərinin kimlər olduğu sübuta yetir. O güllələnmiş büstlər haqq etdikləri yerdədir. Üzeyir bəy də həmçinin. Öz doğma yurdunda, doğma şəhərindədir. Şuşanın azadlığı ilə Üzeyir bəyin timsalında Azərbaycan mədəni irsi işğaldan azad olundu. Dua var, deyirlər, Allah o dünyasını versin. Məncə, Allah Üzeyir bəyə hər iki dünyanı verib.
Məlahət Rzayeva
Şərq
.- 2021.- 24 noyabr.- S.6.