Bütün güclər səfərbər olunub

 

Cəbrayılda bərpanın təməl daşı qoyuldu

 

Tezliklə hamımız “Böyük qayıdış”ın başlanmasına şahidlik edəcəyik

 

QarabağaBöyük qayıdış” Ermənistan üzərindəki qələbədən sonra xalqımızın və dövlətimizin qarşısında dayanan ali, müqəddəs vəzifəyə çevrilib. Hər kəs bu hərəkata qoşulmaq, töhfə vermək niyyətindədir. Darmadağın edilmiş, viranəyə çevrilmiş, yandırılmış torpaqlarda yenidən məskunlaşma, qayıdış və böyük Azərbaycan quruculuğunu daşımaq vəzifəsi qarşısındayıq. Ötən bir ilə yaxın müddət ərzində işğaldan azad edilmiş ərazilərimizdə çox mühüm işlər həyata keçirilib. Çoxsaylı infrastruktur layihələri icra olunub, körpülər, yollar, stansiyalar tikilib, yaşayış massivləri salınıb, hava limanları inşa edilib.

 

Qarabağın hər guşəsində sürətli quruculuq işləri davam etməkdədir. Quruculuğun intensiv aparıldığı rayonlarımızdan biri də Cəbrayıldır. Artıq Cəbrayıl rayonu dirçəlməkdə, yeni görkəmi almaqdadır. Cəbrayıl rayonunun düşmən işğalından azad olunmasının ildönümündə Prezident İlham Əliyevin rayona səfəri mühüm əhəmiyyət kəsb edir. Ölkə başçısı səfəri çərçivəsində rayon Mərkəzi Xəstəxanasının, məktəb binasının və Cəbrayıl şəhərində ilk çoxmənzilli yaşayış məhəlləsinin və eləcə də Cəbrayıl şəhərinin bərpasının təməl daşını qoymaqla başda cəbrayıllılar olmaqla bütün Azərbaycan xalqına bir daha böyük bir sevinc yaşatdı. Cəbrayıl rayonunda başlayan quruculuq işləri məhz “Böyük Qayıdış”ın növbəti addımlarından biridir.

 

Cəbrayılda, ümumiyyətlə, Qarabağda aparılan sürətli quruculuq işləri ilə bağlı “Şərq”ə danışan Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov deyib ki, ölkəmizin yaxın-uzaq tarixinə nəzər salsaq görərik ki, Azərbaycan dövləti heç vaxt indiki qədər güclü olmayıb. Partiya rəhbəri bildirib ki, 44 günlük müharibənin bitməsindən ötən 10-11 ay ərzində Qarabağda və Şərqi Zəngəzurda apardığımız bərpa və quruculuq işlərinin miqyası və sürəti də onu göstərir ki, Azərbaycan həqiqətən də oturuşmuş, böyük iqtisadi potensiala malik qüdrətli dövlətdir:

 

 Bir tərəfdən işğaldan azad edilmiş ərazilərimizin minalardan təmizlənməsi prosesi gedir. Digər tərəfdən isə yollar çəkilir, suelektrik xətləri bərpa edilir, dağıdılmış şəhərlərimizin, qəsəbə  və kəndlərimizin təməli yenidən qoyulur. Bir sözlə, bu gün Azərbaycan hökuməti "Böyük qayıdış"a ciddi şəkildə hazırlıq görür. "Böyük qayıdış" üçün bütün imkanlarımız səfərbər edilib. İşğaldan azad edilmiş ərazilərdə hazırda eyni anda 3 hava limanının inşası aparılır. Daha doğrusu, onlardan biri - Füzuli Beynəlxalq Hava Limanı rəsmi açılışa artıq tam hazırdır. Həmçinin, Zəfər Yolu da artıq açılışa hazırdır. Hava limanları, yollar və tunellər regiona rahat gediş-gəliş üçün əlverişli şərait yaradılmasının ilkin zəmini deməkdir. Eləcə də Prezident İlham Əliyev tərəfindən oktyabrın 4-də Şərqi Zəngəzur iqtisadi rayonunda, Cəbrayılda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının, “KamazAZ” ASC ilə “Çəncə Avtomobil Zavoduİstehsalat Birliyinin birgə servis mərkəzinin təməli qoyuldu. Həmçinin, dövlət başçısı Cəbrayılda  Dövlət Sərhəd Xidmətinin hərbi hissə kompleksinin, “Cəbrayıl” yarımstansiyasının  açılışında iştirak etdi, Cəbrayıl şəhərinin bərpasının və Memorial Kompleksinin təməl daşını qoydu. Bütün bunlar Qarabağda və Şərqi Zəngəzurda başlanmış yenidənqurma və bərpa işlərinin kiçik bir hissəsidir. Şuşada, Zəngilanda, Ağdamda, Kəlbəcərdə, eləcə də doğulduğum Qubadlıda aparılan bərpa və yenidənqurma işlərinin hamısını qeyd etməyə başlasam, olduqca uzun bir siyahı alınar. Dövlətimiz bütün bu işləri  daxili imkanlarımız hesabına həyata keçirir. Yəni ki, bu cür nəhəng ölçüdə quruculuq işlərinin aparılması üçün nə hər hansı bir xarici ölkədən borc alırıq, nədəki beynəlxalq maliyyə təşkilatlarından güzəştli kreditlər istəyirik. Bütün işlərimizi heç kimdən kömək almadan, özümüz öz gücümüzə arxalanaraq icra edirik. Hazırda Zəngilan rayonunun Ağalı kəndində həyata keçirilməkdə olan “Ağıllı kənd” layihəsi də yuxarıda qeyd etdiyimiz irimiqyaslı bərpa-quruculuq işlərinin tərkib hissəsidir”.

Ə.Hüseynova görə, işğaldan azad edilmiş ərazilərə “Böyük qayıdış”ın təməli bölgədə ilk “ağıllı kənd”in sakinlərinin yerləşdirilməsi, məskunlaşdırılması ilə qoyulacaq: “Qeyd edək ki, bu il aprelin 26-da Prezident İlham Əliyev Zəngilan rayonuna səfəri zamanı 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edən birinci “ağıllı kənd” layihəsinin təməlini qoyub. Bununla da işğaldan azad olunmuş ərazilərdə müasir çağırışlara cavab verən, beynəlxalq standartlara əsaslanan yeni modelin, müsbət təcrübələrin tətbiqinə başlanılıb. Layihəyə əsasən, bu kənddə 200 ev tikiləcək və sakinlərin yerləşdirilməsinə bu ilin sonu, 2022-ci ilin əvvəllərində start veriləcək. Həmin ailələrin hamısı keçmiş məcburi köçkünlərimizdir. Ölkəmizin həyata keçirdiyi bu layihənin əsas üstünlüklərindən biri də ondadır ki, bu işdə 4 qabaqcıl ölkənin təcrübəsindən istifadə olunur. Belə ki, layihənin icrasında Türkiyə, Çin, İtaliyaİsrail şirkətlərinin mütəxəssisləri iştirak edir. Biz bu kənddə dünyanın ən qabaqcıl təcrübələrinin birləşməsinin şahidi olacağıq. Beləliklə, işğaldan azad edilmiş ərazilərə keçmiş məcburi köçkünlərin qaytarılması prosesi yaxın aylarda reallaşmağa başlayacaq. Çünki Qarabağda və Şərqi Zəngəzurda quruculuq işlərinin böyük sürətlə həyata keçirilməsi "Böyük qayıdış"ın da tezliklə başlayacağını söyləməyimizə əsas verir. Lakin bu proses birdən-birə və qısa müddətdə baş verməyəcək. Az öncə də qeyd etdiyim kimi əvvəlcə rayonların hər birində inşa edilmiş pilot kəndlər – “ağıllı kənd”lərin məskunlaşdırılması həyata keçiriləcək. Sonrakı dövrdə isə əhalinin digər kontingenti də tədricən həmin ərazilərə qaytarılacaq”.

 

Partiya rəhbəri qeyd edib ki, QarabağaBöyük qayıdış”ın təməli Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi ilə qoyulub:

 

“2016-cı ilin aprel ayında Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatı nəticəsində “Lələ Təpə” yüksəkliyinin erməni işğalından azad edilməsi ilə bu kənddə insanlarımızın təhlükəsiz yaşaması mümkün oldu. Kənddə tikinti-bərpa işləri qısa zaman ərzində başa çatdırıldı. Tezliklə hamımız "Böyük qayıdış"ın başlanmasına şahidlik edəcəyik. İndi Ermənistanla sərhədə yaxın ərazilərdə ən müasir səviyyədə quruculuq işlərinin aparılması bir tərəfdən düşmən ölkəyə göz dağı  psixoloji təsirdir, digər tərəfdən isə Azərbaycanın qələbəsinin möhkəmləndirilməsi deməkdir. Prezident İlham Əliyevin Cəbrayıl sakinləri ilə görüşündə qeyd etdiyi kimi,  təqribən 5 il ərzində elə bir yeni Azərbaycan, yeni Qarabağ, yeni Zəngəzur quracağıq ki, bütün dünya bizə qibtə edəcək. Bölgənin lider ölkəsi olmağımızı bir daha təsdiqləyəcəyik”.

 

 

İsmayıl Qocayev

 

Şərq 2021.- 6 oktyabr.- S.6.