"Tuğda ermənilər
yaşamış məhəllələr salamatdı"
Əbülfət Mədətoğlu: "Biz azərbaycanlıların evlərini
yandırıb, darmadağın ediblər"
"Ağrılarım azaldı. Arzum
vardı ki, o
torpağı görmədən ölməyim, arzum çin oldu"
"Əvvəl videoda Tuğu görəndə özümə söz vermişdim ki, getməyəcəm. Ancaq
Prezidentimizin inamlı sözləri məni
sakitləşdirdi"
“…Sizin qanınız çoxdan halaldır. Amma bu zamanadək tökən olmuyub, indi sizi əcəl çəkə-çəkə mənə düçar edibdir. Özgəyə quyu qazan özü düşər. Çox adamların evin yıxıbsınız. İndi cəzanıza yetişərsiniz! Yaraqlarınızı salın! Yoxsa, vallah, tüfəngi bu saatda ürəyinizin başına boşaldaram!
Ermənilər başlayırlar qorxmağa...”
Oxucularımızın çoxu, bəlkə də xatırladı. Bu, Murzə Fətəli Axundzadənin “Hacı Qara” əsərindən bir parçadı. Hacı Qaranın Tuğ kəndindən 2 erməni ilə qarşılaşması səhnəsi. Hacı Qara, məncə, o qədər də mənfi qəhrəman deyil. Əsər həm də komediyadır axı. Komediyada mənfi qəhrəmanlardan daha çox, gülünc vəziyyətə düşən zavallı obrazlar olur. Amma dahi Mirzə Fətəlinin 2 əsr öncə qələmə aldığı hekayətdə Hacı qaranın 2 erməni ilə dialoqunun məhz bu hissəsi günümüzlə necə də səsləşir. Müzəffər Ali Baş Komandan və qalib ordumuz hücuma keçəndə ermənilər başladılar qorxmağa (zatən həmişə qorxaq olublar və həm də arxalı köpək – red.) və sakinlərini qoca-cavan, qadın-uşaq demədən qətl edib yiyələndikləri ərazilərimizi sürətlə tərk edib qaçmağa başladılar. Əksəriyyətimizin məktəb illərində məhz “Hacı Qara”da adını eşitdiyimiz Tuğ kəndi də işğaldan azad edildi. Cənab Prezident bu günlərdə növbəti dəfə Xocavənd rayonuna, həmçinin də Tuğ kəndinə səfər etdi. Səfər zamanı cənab Prezidenti müşayiət edənlər arasında Əməkdar jurnalist, “Ədalət” qəzetinin baş redaktorunun müavini Əbülfət Mədətoğlu da vardı. Əbülfət müəllim əslən Xocavənd rayonunun Tuğ kəndindəndir. Təkcə, əslən deyil, həm də məhz bu kənddə doğulub, kənd işğal olunan günə, hətta saatadək də orada yaşayıb, işləyib. Əbülfət müəllimin Tuğu, ovcunun içi kimi tanıdığı Prezidentlə səfər zamanı aydın hiss olundu. Cənab Prezidentə bu cənnət məkan haqqında çox önəmli tarixi məlumatlar verdi. Bizimlə söhbətində Əbülfət müəllim “cənab Prezidentin suallarına cavab verəndə anladım ki, o, mənim dediklərimi bilir, çünki mən danışdıqca təsdiqləyirdi. Başa düşdüm ki, Prezident Tuğ kəndinin tarixinə bələddir”, söylədi.
- Əbülfət müəllim, Tuğa
işğaldan azad
edildikdən sonra ilk dəfə
idi gedirdiniz?
- Bəli. Şuşada olmuşdum, Vaqif Poeziya Günləri şərçivəsində, amma Tuğa, bəli, ilk gedişim idi...
- Hansı hisslər keçirdiyinizi doğrusu, heç bilmirəm, necə soruşum. İşğaldan azad edilmiş yurd yerlərinə əzəli sakinlərinin ziyarətləri ağrılı olur...
- Buna qədər oğlum 2 dəfə Tuğda olmuşdu. O, Kənd Təsərrüfatı Nazirliyində çalışır. Nazirliyin tapşırığı ilə olub orda, torpaqların tədqiqatı, əkin, təsərrüfatçılıq məsələləri ilə bağlı. Bizim evin, yurdun videosunu çəkmişdi. Dəhşət idi o videolara baxmaq. Evimiz, həyətimizlə bağlı xatirələrimdən heç bir iz qalmamışdı. Videonu görəndə özümə söz verdim ki, getməyəcəyəm Tuğa.
- Amma cənab Prezident sizi apardı...
- Bəli. Türkiyədə müalicədəydim. Pandemiya müddətində gedə
bilməmişdim. İndi qaydalar
yumşalıb deyə
getmək imkanı oldu. Orda mənə zəng
gəldi ki, Prezidentin Xocəvənd rayonuna, Tuğ kəndinə səfəri
olacaq, mən də tuğlu kimi orda iştirak
etsəm, yaxşı
olar. Müalicəmi yarımçıq qoyub qayıtdım. Yaxşı ki, qayıtmışam.
- Amma yenə dağılmış
yurdunuzu görəcəkdiniz...
- Bilirdim görəcəyəm. Ancaq Prezidentin
inamlı sözləri
məni sakitləşdirdi.
Prezident dedi ki, burda heç
nəyə toxunulmayacaq,
hər şey işğaldan əvvəl
necə idisə, elə də olacaq.
- Yəni
necə? Dağlmış evlər hamısı
bərpa ediləcək?
- “Ağıllı
kənd”, “ağıllı şəhər”
layihələri işlənir
axı. Amma Tuğ kəndi
tarixi görkəmi necə idisə, o cür bərpa ediləcək.
- Sizin
ata yurdunuz da?
- Bəli. Mən doğulan ev qalmayıb. Bizim evimiz gözümün qabağında yanıb. 1991-ci il oktyabrın 30-dan 31-nə keçən gecə erməni daşnakları evimizə od vurdular. O vaxt Dağlıq Qarabağda komendant üsuli-idarəsiydi. Ruslar vardı, guya ki, əhalini qorumalıydılar. Evimiz yanırdı, amma biz heç nə edə bilmirdik, kənardan baxa-baxa qalmışdıq. Qarabağ savaşında ilk məktəbli şəhid də Tuğ kəndindən olub. Bilirsiz, Tuğ kəndi beynəlmiləl kənd idi. Ermənilərlə iç-içə yaşayırdıq. Məktəbimizdə erməni sinfi də vardı, Azərbaycan sinfi də. Bəzən erməni müəllimlər azərbaycanlı uşaqlara dərs deyirdi. Azərbaycanlı müəllimlər də erməni uşaqlarına. 9-cu sinif şagirdi vardı, Seymur Süleymanov. Çox ciyərli, cəngavər oğlan idi. Məktəbdə erməni uşaqlarla dava düşüb. Seymur da erməni uşaqların cavabını necə lazımdı verib. Bunlar da gedib özlərindən yaşca böyük daşnaklardan bir dəstə toplayıb gəliblər uşağın üstünə. Məktəbin qapısından çıxanda ürəyindən bıçaqla vurmuşdular... Qarabağ tarixi belə faciələrlə doludu.
- ...Əbülfət müəllim, siz
həmin oktyabr ayında
çıxdınız Tuğdan?
- Ailələrimiz çıxdı, əvvəlcə Füzulidə, Füzuli işğal olunanda isə Beyləqanda məskunlaşdılar. Mən Ağdama getdim. Ağdam hələ işğal olunmamışdı. Orda işləyirdim. Ağdam işğal olunanda isə mən də Bakıya gəldim. Sağ olsun, Aqil Abbas, məni “Ədalət” qəzetinə dəvət etdi, o gündən də “Ədalət”də çalışıram.
- Tuğ kəndi də digər ərazilərimiz
kimi çox
dağıntılara məruz qalıbmı?
- Tuğda ermənilər yaşamış məhəllələr salamatdı. Biz azərbaycanlıların evlərini yandırıb, darmadağın ediblər... Tuğ həqiqətən də bu dünyanın cənnətidir. Yəqin siz də izləmisiniz, cənab Prezident dedi ki, bura elə bil cənnətdir. Havası o qədər gözəldir ki, insan burda yorulmur. Darıxmır. Kadrarxası söhbətdə isə Prezident dedi ki, ötən dəfə Xocavəndə səfər edəndə də Tuğa gəlib, indi dayandığı yerdə dayanıb və burda nahar edib. Çox bəyənir buranı. Sonra da dedi ki, burda sanatoriyalar tikiləcək. Meşələrin, bulaqların üstündə, rayon mərkəzindən aralı. Necə ki, Kislovodsk, Yessentuki, Tuğ da elə olacaq. Bu torpaq mineral sularla zəngindir. Təsəvvür edin ki, Füzuli aeroportundan Tuğa cəmi 17 kilometrlik yoldu. 15 dəqiqəyə Tuğa çatırsan. İmkanlı tuğlular gəlib burda işə başlasınlar.
- Var belələri?
- Niyə yoxdu? Prezident də
tanıyır onları. Hazırda Rusiyada
sahibkarlıqla məşğuldurlar. Ümumiyyətlə, Tuğ kəndi Qarabağ
bəylərbəyinin paytaxtı olub. Həm də istirahət məkanı. Qarabağ bəyləri daim
Tuğda dincələrmiş. Təsərrüfat,
ticarət işləri üçün ətraf
bölgələrə səfər edib
yenə Tuğa qayıdarlarmış. İran-Rusiya müharibəsindən sonra “Gülüstan”
müqaviləsi imzalananda ruslar
Hadrutda zastava
yaradıb. Erməniləri də İran
ərazisindən bura qulluqçu
kimi köçürüblər, iş gördürmək üçün.
Tuğ kəndində 12 alban
məbədi var. Bir çox görkəmli şəxsiyyətlərin
adı Tuğa bağlıdır. O vaxt Qarabağda maarifpərvər
əməlləri ilə böyük
hörmət qazanmış Sadıq bəy və Mehdi bəy Məlikaslanovların yaxından
köməyi ilə rus-Avropa tipli məktəbin əsası qoyulub. Tuğ bəyləri nəinki Qarabağda, bütün Azərbaycanda
ad-san sahibi olublar. Azərbaycan Xalq Cümhuriyyətinin iki üzvü – poçt, rabitə və dəmiryolu naziri Xudadat bəy Məlikaslanov, Bakı-Lənkəran
qubernatoru Cavad bəy Məlikyeqanov... Cavad bəy parlamentin üzvü idi, həm də Zaqafqaziya Seymində müsəlman fraksiyasının
daimi nümayəndəsi.
Cavad bəyin həyat yoldaşı Məryəm
xanım Bayraməlibəyova
Azərbaycanda maarifçiliyin
əsasını qoyan
qadınlardan biridir.
Azərbaycanın ilk kimyaçı
qadını Tuğdandır... Bəy nəslinin nümayəndələri
sovet hakimiyyəti qurulandan sonra da 1923-cü ilədək Tuğda yaşamaqda davam ediblər. Tərk etməyiblər doğma yurdlarını.
- Əbülfət
müəllim, siz orda bir nəfərin
də adını çəkdiniz, məzarından
danışdınız...
- Mir Mehdi Xəzani. Bu şəxs
Tuğda açılmış
rus-Avropa tipli məktəbin rəhbəri
olub. Şair, tarixçi idi.
Məşhur “Qarabağnamə”lərdən birinin müəllifidir.
Danışdığım elə həmin
məktəbdir. Hansı ki,
140-dan artıq yaşı
var artıq. O məktəb binası da dağılıb. Amma mütləq
bərpa ediləcək.
Tuğ kəndinin adı görün ədəbiyyatımızda kimlərə
bağlıdır: Mirzə
Fətəli Axundov “Hacı Qara”, Cəfər Cabbarlı
“1905-ci ildə”, Bayram
Bayramov, Nüsrət Kəsəmənli, Hüseyn
Arif, Çingiz
Əlioğlu... yadıma
düşənləri deyirəm.
Hamısı Tuğun adını
çəkib, ondan yazıblar.
- Ağrı-acınız
necə, bu səfərdən sonra azaldımı?
- Tam səmimi deyirəm. Səfərdə mənə ən
çox təsir edən cənab Prezidentin səmimiyyəti
oldu. Bir insanın bu qədər sadə ola biləcəyini
düşünmürdüm. Prezident bizimlə öz arasında səmimiyyət
körpüsü saldı.
Tuğa qədəm basanda bizə tərəf baxıb gülə-gülə “Tuğa
xoş gəlmisiniz”, dedi. Bəli, ağrılarım azaldı. Arzum vardı ki,
o torpağı görmədən
ölməyim. Arzum çin
oldu.
- İnşallah,
o biri arzularınız
da çin olar, Əbülfət müəllim. Eviniz bərpa olunar,
yenə də öz doğma yurdunuzda yaşamağa davam edərsiniz.
- İnşallah. Daha buna
şübhəm yoxdu.
“Şərq”i Tuğda mütləq qonaq gözləyəcəm.
-Qəbul edirik dəvətinizi. Çox sağ
olun.
Məlahət Rzayeva
Şərq 2021.- 13 oktyabr - S.4.