"Mütləq
qayıdacağımızı bilirdik"
Bəxtiyar Qaraca: "İndi
Qarabağa gedəndə adama ən gözəl təsir
bağışlayan yol boyu Azərbaycan əsgəri ilə
qarşılaşmaqdır"
"Kəndimiz azad edilənədək Xocavənddə
də ev tikib orda yaşamaq istəyirəm"
"Əgər
Hadrut bizdədirsə, gerisi rahatdı. Digər ərazilərimizi
də qaytaracağıq. Ermənilər nəinki
Hadrutdan, Şuşadan, nə Kəlbəcərdən, nə
də Laçından əl çəkmək istəyirdilər"
Hazırıq, hər
axşam səcdənə gəlsək,
Bu yolda min dəfə
ölüb-dirilsək,
Əgər bu
dünyanı yarıya bölsək,
O yan cəhənnəmdir,
bəri Qarabağ!..
Bəxtiyar Qaracanın
şeirindən bir parçadı. İlk bəndini qəsdən
ötürdüm. Pessimizm var, ona görə.
Yaralı vaxtımızda, didərgin günlərimizdə,
əlimizin Qarabağa yetmədiyi illərdə yazılıb.
Artıq əlimiz də çatır, ayağımız
da gedir. Həm də tam sərbəst, istədiyimiz
kimi. Qalibik!.. Məğruruq!.. İllərlə həsrət
qaldığımız, nəfəs çəkib uzaqdan
boylandığımız torpaqlara müzəffər xalq kimi
qayıtmışıq. Oxucu
darıxmasın, məqamında şeirin ilk bəndini də
görəcək.
İndiliksə, Bəxtiyar
müəllimlə cənab Prezidentin Xocavəndə, Hadruta səfəri
barədə danışacağıq. Bu səfərdə
Prezidenti müşayiət edənlər arasında Bəxtiyar
Qaraca da vardı. Xatırladaq ki,
yazıçı-publisist, uzun illər, həm də ölkəmiz
üçün ən gərgin dövrdə - 1980-ci illərin
sonu 90-ların əvvəlində (bundan sonra da uzun müddət
–red.) Azərbaycan Dövlət
Televiziyasında çalışmış, hazırda Milli
Teleradio Şurasında Şura üzvü Bəxtiyar Qaraca əslən
Xocavənd rayonunun Əmrallar kəndindəndir. Bir insan 30 ildən sonra doğma yurda qayıdırsa,
ondan “hansı hissləri keçirirdiniz?” soruşmaq nə qədər
yersiz görünsə də, başqa sual da düşünə
bilmirsən. Yaxşısı budu,
özü danışsın.
- Xocavəndin işğal
günü 1992-ci il oktyabrın 2-dir. Bu, elə
bir zaman idi ki, Dağlıq Qarabağda azərbaycanlılar
yaşayan kəndlər sürətlə boşalırdı.
Xüsusilə Hadrut ətrafında.
Muğanlı işğal olundu, ardınca Əmrallar… Bu kəndlərdən əhalinin
çıxmasıyla Xocavənd tamamilə erməni
silahlılarının əlinə keçdi. 1991-ci il oktyabrın ortalarında kiçik
qardaşım rəhmətə getdi. Mən
Bakıda işləyirdim.
Kəndimizə qardaşımın dəfninə
getdim. Əmrallar qəbiristanlığında
qardaşımı dəfn etdik. Amma qardaşımın il mərasimini isə artıq verə bilmədik.
Vəfatının ildönümünə 15 gün
qalmışdı, biz kənddən çıxdıq…
- Sizin
üçün ağırdı, bunları xatırlamaq. Amma soruşum; qardaşınız nədən rəhmətə
getmişdi?
- Qardaşım Kənd Təsərrüfatı
Akademiyasını bitirmişdi, Xocalıda işləyirdi. Evə
qayıdanda yolda qəzaya düşmüşdü…
- Evli idi?
- Xeyr. Evləndirmək
istəyirdik. 28 yaşı vardı…
-Sizin üçün nə qədər
çətin olub, bu illər ərzində. Eviniz, yurdunuzla bərabər
qardaşınızın məzarı da işğal
altında qalıb, ziyarət edə bilməmisiniz…
- Ailəmiz, atam, anam Əmrallardan
çıxdıqdan sonra uzaq yerlərdə məskunlaşmaq
istəmədilər. Elə bir yer istədilər ki, Xocavəndə,
Qarabağa yaxın olsun, belə yer də Ağcabədi, Beyləqan
ola bilərdi. Onlar da Beyləqanda məskunlaşdılar.
Sanki orda yaşamaqla Xocavəndin havasını
alırdılar. Kəndimiz işğal
olunandan sonra dəfələrlə Ağcabədiyə
getmişik, hündür yerlərə qalxanda qarşıda
bizim dağlar görünərdi, dağlara baxardıq. Qəbiristanlığa baxardıq. Uzaqdan görürdük bunları. Amma gedə bilmirdik. O zaman bu şeiri yazmışdım:
Mən indi baxıram sənə
uzaqdan,
Əlimin çatmayan yeri
Qarabağ.
Mən gələ bilmədim, yollar
bağlıdı,
Sən gəl mənə
sarı yeri, Qarabağ.
Nə
verdin, nə dedin qanımda getdi,
Başımda dolandı,
canımda getdi.
Atamı gözləmədi, anam da
getdi,
Biz öldük, sən həmişə
diri Qarabağ…
(Sonrakı bənd əvvəldə
qeyd etdiyimdir.
İkinci bənddə qayıdış
havası var. Min dəfə
ölüb-dirildik, arzumuza, muradımıza çatdıq –
Qarabağa qayıtdıq! Ona görə önə keçdi. Bütün qələbələr kimi – M.R.)
Bəxtiyar müəllim davam edirdi:
-Siz fikir vermisiniz, ya yox, bilmirəm,
bir şey deyim. Qarabağdan didərgin
düşmüş bir çox soydaşımızın məzar
daşında “əmanət” sözü həkk edilib. Harada dəfn olunduqları önəmli deyil. Amma əksəriyyətində bu söz
yazılıb. Bununla o məzarların bir
gün doğma torpağa köçürülməsi vəsiyyət
edilirdi. Çünki bizim insanlar heç
vaxt işğalla barışmadılar. Hamıda
ümid vardı ki, o torpaqlara qayıdacağıq. Nə vaxt qayıdacağımızı bilmirdik.
Amma mütləq qayıdacağımızı
bilirdik. Dostlarım da buna şahiddir.
Harada söhbət düşübsə, mən
heç vaxt ümidsiz olduğumu deməmişəm. Çəkinəcəyim
bircə bu idi ki, görəsən mən o günü görəcəyəmmi?
Ömür vəfa edəcəkmi?
- Şükür, Bəxtiyar müəllim
gördünüz…
- Mən cənab Prezidentə təşəkkür
edirəm. Onun dəmir iradəsi sayəsində,
ordumuzun igid əsgərlərinin mərdliyi, qəhrəmanlığı
sayəsində Qarabağa qayıtdıq. Allah imkan versin, siz də
gedib o yerləri görəsiniz. Görəsiniz,
necə cənnətdir. O torpağın hər
qarışı üçün qan tökülüb. Qarabağa gedəndə bu fikir insanı tərk
etmir. Torpaq uğrunda can verənlər insanın
gözünün önündən çəkilmir. Ulu öndərin sözləri həmişə
yaddaşımdadır, deyirdi ki, Qarabağsız Azərbaycan
yoxdur. Qeyri-adi təbiəti var. Aura tamam fərqlidi.
Cənab Prezident də dedi ki, bura gələndə
çıxıb getmək istəmirsən. İstər
Şuşa olsun, istər Kəlbəcər, Xocavənd… Qarabağın
hər yeri, hər qarışı cənnətdir. Cənab
Prezident bizimlə söhbətində Kəlbəcərdə
ona təqdim olunan 2 pətək balı
xatırladı və dedi ki, indiyə kimi belə bal
dadmamışdı. Kəlbəcər balının tamı tamam başqadı. Eləcə də
Qubadlıda səfərdə olarkən ona təqdim olunan
xurmanın unudulmaz dadı olduğunu dedi.
- Xocavənd
yolunuz hardan keçdi, Bəxtiyar müəllim?
- Əvvəlcə Füzulidə,
Horadizdə olduq, sonra Şuşa yoluyla
Xocavəndə, Hadruta çatdıq. Gözəl,
abad yol çəkilib. Amma sağa-sola baxırsan,
dağıntılar, uçulmuş evlər, qurumuş, kəsik
ağaclar, yanmış torpaq… Bir xeyli gedəndən
sonra Xocavənd başlayır. Orda vəziyyət
fərqlidir. Evlər yerindədir,
ağaclar yerindədir. Ən gözəl
təsir bağışlayan bilirsiniz nədi? Yol boyu Azərbaycan əsgəri ilə
qarşılaşmaq. Bu, insana qürur,
güvən hissi verir.
- Bəxtiyar müəllim, belə
deyirlər, harda ki, ermənilərin yaşayışı
olub, oralar az dağılıb.
- Bəli. Xocavənddə,
Hadrutda yaşayırdılar.
Onlarım yaşadıqları evlər
salamatdı. Düzdü,
dağıntılar azdı, amma səliqəsizlikdi ətrafda.
Cənab Prezident də dedi ki, bunlar necə yaşayıblar? İnsan da yaşadığı yeri səliqə-səhmana
salmazmı? Azərbaycan ordusu əsgərlərinin
Hadrutun girəcəyində erməni dilində
yazılmış lövhəyə Azərbaycan dilində
Hadrut lövhəsini yapışdırması yəqin
yadınızdadır.
- Bu, unudulmayacaq səhnədir…
- Müharibənin 13-cü
günü Hadrut qəsəbəsi ermənilərdən azad
edildi. Ermənilər gözləmirdilər, bəlkə də
inanmırdılar ki, Azərbaycan ordusu Hadruta daxil olar. Elə
bilirdilər ki, ətraf rayonları azad etməklə iş
bitəcək. Hadrutda da dirəniş göstəriblər. Amma ordumuz Hadrutu azad
etməklə ermənilərin xülyalarını alt-üst
etdi. Ermənilərin beli Hadrutda
qırıldı. Gözləmədikləri baş verdi. Onlar öz fikirlərində elə
bilirdilər ki, Azərbaycan ordusu Qarabağın içinə
doğru irəliləməyəcək. Amma
bayaq xatırlatdım ki, ulu öndər “Qarabağsız Azərbaycan
yoxdur”, demişdi. Cənab Prezident də
daim vurğulayırdı ki, bizim üçün
qarabağın içi, çölü, dağı,
aranı… fərq yoxdu. Qarabağın hər
qarışı Azərbaycandır. Hadrutu azad etməklə
Şuşaya da yol açıldı.
- Doğma kəndinizi
də gördünüz, Bəxtiyar müəllim?
- Yox… Kəndimiz hələ
ki, rus sülhməramlılarının nəzarəti
altında olan ərazidədi. Xocavəndin
müəyyən hissəsi.
(İnanın, mən Bəxtiyar
müəllimin səsində kədər hiss etmədim,
doğru sözümdü. Xocavəndə səfər
ona qəti inam vermişdi. Sözləri ilə də
bunu təsdiq etdi)
- Əgər Hadrut bizdədirsə,
gerisi rahatdı. Digər ərazilərimizi də
qaytaracağıq. Ermənilər nəinki
Hadrutdan, Şuşadan, nə Kəlbəcərdən, nə
də Laçından əl çəkmək istəyirdilər.
Bunların içməli suyunun 70 faizi Kəlbəcərin
hesabınadı. Sonra yalvarıblar ki, bəs suyu hardan
alaq?!. Dediyim odur ki, Azərbaycan Prezidenti qətiyyətli iradə
ortaya qoyub ərazi bötüvlüyümüzü təmin
etdisə, nəzarətimizdən hələ ki, kənarda
qalmış az bir hissə də mütləq azad ediləcək
və xocalılar Xocalıya, kərkicahanlılar Kərkicahana,
kim hansı kənddən, hansı qəsəbədəndirsə
ora qayıdacaq. 1997-ci ildə ulu öndər
Heydər Əliyev məcburi köçkünlərlə
görüş keçirmişdi. O görüşdə
iştirak edənlərin çoxu mənim 1989-cu ildə
Şuşada, Laçında, Kəlbəcərdə,
Malıbəyli, Kərkicahanda apardığım çəkilişlər
zamanı görüşüb danışdığım
insanlar idi. Çəkilişlər zamanı bu
insanlar deyirdi ki, Heydər Əliyev Azərbaycana qayıtsa, bu
problem bitəcək. Ermənilərin
qarşısı alınacaq. İnsanların
hamısı buna ümid edirdi. O çəkilişlərin
bir hissəsi həmin vaxt efirə getdi, bir hissəsinə icazə
verilmədi… Nə isə. 1997-ci
ildə də bu insanlarla ulu öndərin
görüşü oldu. O görüşdə Heydər Əliyev dedi ki, siz mənim
Qarabağ siyasətimin az bir qismini görürsünüz. Mənim səhərim Qarabağla
açılır, axşamım da Qarabağla düşür.
Bir də bunu dedi ki, bircə arzusu var: özündən sonra
güclü dövlət qoyub getmək. Şükür
ki, arzusu yerinə yetdi. Siz kəndimizi
soruşdunuz. Bilirsiz, illər,
ağrılar bizə çox şey öyrətdi.
Qarabağ Şuşa, Laçın, Kəlbəcər
və bütün digər ərazilərlə birlikdə azad
olunubsa, ayrı-ayrı qəsəbə və ya kəndlər
o qədər də vacib görünmür. “Bu
mənim kəndimdir, niyə azad edilməyib” düşüncəsi
şəxsi problem kimi görünər.
- Yenə də nə qədər
olmasa, sizin yurdunuz, ocağınızdı…
- Söszüz. Kim istəməz ki, doğma yurduna, ocağına qayıtmasın?! Amma mən əminəm ki, bu məsələlər də həll olunacaq.
- Xocavəndin bərpası necə olacaq?
- Xocavəndin, əslində bütün Qarabağ kimi qeyri-adi təbiəti, mənzərəsi var. Bu qeyri-adlik qorunub saxlanmalıdır. Prezident səfər zamanı dedi ki, ona təqdim olunan Baş Planı geri qaytarıb. Planda dəyişikliklər olmalıdır, Prezidentin özünün əlavələri, qeydləri var. Bu, Prezidentin Xocavəndə xüsusi diqqət ayırdığını göstərir.
- Bəxtiyar müəllim, yəqin kənddə yaşamağı düşünürsünüz.
- Əlbəttə. Kənddəki evimizi bərpa edəcəm. Kəndimiz azad edilənədək Xocavənddə də ev tikib orda yaşamaq istəyirəm.
- İnşallah, arzunuza çatarsınız…
- İnşallah!..
Söhbətləşdi:
Məlahət Rzayeva
Şərq 2021.-
15 oktyabr.- S.4.