Şərəfli tarix...
Azərbaycançılıq
ideyasının təbliği: dövlət müstəqilliyimizin
bərpasının 30-cu ili – azərbaycançılıq
ideologiyası bizi birləşdirən əsas
dəyərdir
30 ildə Azərbaycan
dünyada söz
sahibinə çevrildi
1991-ci il oktyabrın 18-də Ali Sovet “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktını qəbul etdi. Bununla da Azərbaycan Respublikası 1918-ci il 28 may tarixində müstəqilliyini elan etmiş Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisi oldu. Konstitusiya Aktında məhz 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə və “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli bəyannaməsinə istinad olunur və Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edilirdi.
Hazırda isə ölkəmiz dövlət müstəqilliyinin bərpasının 30-cu ilini qeyd edir. Ötən 30 il ərzində dövlətçiliyin qorunub saxlanmasında çox çətin dönəmlər oldu, ərazilərimizin 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi, Azərbaycan insanı məcburi köçkün taleyini yaşadı. Lakin müstəqilliyimiz ulu öndər Heydər Əliyevin dediyi kimi “əbədi və sarsılmaz” oldu. Ötən 30 ildə xalqımızı birləşdirən əsas dəyərlərdən biri də azərbaycançılıq ideyası oldu. Müstəqil dövlətin vətəndaşları olaraq bütün xalq Azərbaycanın istiqlalı, suverenliyi və ərazi bütövlüyünün bərpası ətrafında birləşdi. Nəhayət, 2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuz işğal faktına son qoydu, ərazilərimiz işğaldan azad edildi. Və biz bu gün dövlət müstəqilliyimizin bərpasının 30-cu ilini qalib xalq, qalib dövlət olaraq qeyd edirik. Bizə bu şərəfi nəsib etdikləri üçün şəhidlərimizə, qəhrəman ordumuza, igid əsgərlərimizə borcluyuq. Bunu xüsusi olaraq vurğulamalıyıq ki, ötən 30 il ərzində Azərbaycan daha da güclənib, nəinki regionda, dünya dövlətləri sırasında da söz sahibi bir ölkəyə çevrilib. Təbii ki, Azərbaycanın tanınması, xarici ölkələrdə yaşayan soydaşlarımızın Azərbaycan naminə çalışmasının da əldə edilən uğurlarda payı vardır. Azərbaycan naminə çalışan, Azərbaycanı təmsil edən soydaşlarımızın bu yolda əsas istinadı məhz azərbaycançılıq ideyasıdır. Bunu istər qonşu dövlətlərdə, istərsə də uzaq ölkələrdə müstəqilliyimizin bərpasının 30-cu ildönümü münasibətilə keçirilən tədbirlər də sübut edir.
Tbilisidə 18 Oktyabr - Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə əlaqədar keçirilən tədbirlərə ümummilli lider Heydər Əliyevin büstünün ziyarəti ilə başlanılıb. Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, hərbi attaşe, polkovnik-leytenant Fuad İbrahimov, səfirlik və hərbi attaşe aparatının əməkdaşları ulu öndərin abidəsi önünə əklil və gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər. Ziyarətdə “SOCAR Energy Georgia” şirkətinin nümayəndələri, Gürcüstanda səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin, Azərbaycanın QHT və media təmsilçiləri iştirak ediblər. 18 Oktyabr - Azərbaycanın Müstəqilliyinin Bərpası Gününün 30-cu ildönümü münasibətilə Tbilisi və Rustavi şəhərləri arasında marafon keçirilib.
Yarış qaliblərinin mükafatlandırılması mərasimi isə Rustavidə Heydər Əliyev adına parkda olub. Səkkiz ölkədən olan vətəndaşların qatıldığı marafonda kişi və qadın kateqoriyalarında ilk üç yeri tutan iştirakçılara pul mükafatı və kuboklar təqdim edilib. Finişə çatan marafonun hər bir iştirakçısı sertifikatlarla təltif edilib. Marafonun ən yaşlı qadın və kişi iştirakçısına da hədiyyələr verildi. Tədbirdə çıxış edən Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev marafon iştirakçılarına təşəkkür edib. Mərasim çərçivəsində parkda Azərbaycan mədəniyyətinə xas nümunələr sərgilənib, milli mətbəx təamları hazırlanıb, əyləncəli idman yarışları təşkil olunub. Tədbirdə Gürcüstanın xarici işlər nazirinin müavini Laşa Darsaliya, Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan və digər rəsmi şəxslər iştirak ediblər. Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Birləşmiş Krallıqda fəaliyyət göstərən "Natavan Qrup"un təşkilatçılığı ilə İngiltərənin paytaxtı London şəhərində isə 7 bilbordda 18 Oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyinin Bərpası Gününün 30 illiyi münasibətilə məlumat xarakterli bilbordlar yerləşdirilib. Komitənin məlumatında bildirilir ki, Böyük Britaniyada yaşayan soydaşlarımızın adından Müstəqillik Gününə həsr olunmuş lövhələrdə 18 Oktyabr tarixinin Azərbaycanda Dövlət Müstəqilliyinin Bərpası Günü kimi qeyd edildiyinə diqqət cəlb edilib. Lövhələrdə üçrəngli dövlət bayrağının təsviri fonunda olan məlumatın 3 gün müddətində yerləşdirilməsi nəzərdə tutulur. Azərbaycanın müstəqilliyinin bərpasının 30 illik yubileyi 30 milyondan artıq soydaşımızın yaşadığı qonşu İranda da qeyd olunub. Azərbaycanın İrandakı səfirliyinin bununla bağlı məlumatında qeyd edilir ki, rəsmi qəbulda İran XİN-in rəsmi şəxsləri, İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi və müavinləri, Tehranda yerləşən diplomatik missiyaların rəhbərləri və diplomatları, ictimaiyyət nümayəndələri və İranda yaşayan azərbaycanlılar iştirak ediblər. Azərbaycanın İrandakı səfiri Əli Əlizadə müstəqilliyimizin bərpası tarixindən, 30 ildə əldə edilən nəhəng uğurlardan danışıb.
Xatırlatdığımız bu tədbirlərin keçirilməsi qonşu ölkələr və digər xarici ölkələrdə fəaliyyət göstərən, yaşayan soydaşlarımızın Azərbaycan və azərbaycançılıq ideyası ətrafında sıx birləşdiyini göstərir. Soydaşlarımız bu ideyanı daim istinad seçməklə Azərbaycan xalqı və dövlətinin daha da möhkəmlənməsinə xidmət edirlər.
Məlahət Rzayeva
Şərq 2021.- 19 oktyabr.- S.6.