Biz də gəldik!
Xudafərinin üzü gülürdü
Arazın o tayından bizə əl
yelləyən soydaşlarımızın sevinc
yaşadığını görmək bir
başqa aləmdir
"Ərazidə o qədər
danışılası yer var, hisslərini nə qədər
yazsan bitməz. Yaxşısı adamın özünü gedib
görməyidir. Mən də Hərbi Qənimətlər
Parkında görüşənədək deyirəm... Ümid edirəm
ki, yaxın bir zamanda Qarabağımızda
yaradılan parklardan reportaj yazaram...".
Bu sözləri Hərbi Qənimətlər Parkından reportaj hazırlayarkən qeyd etmişdim. Hər qaranlıq gecənin bir işıqlı sabahı var deyirlər. Bəli, sabahdan da doğulan yeni ümidlər...
Yolumuz Qarabağadır. Dövlət Sərhəd Xidmətinin ( DSX) təşkilatçılığı, DSX-nin mətbuat xidmətinin rəisi, polkovnik Maya Şərifovanın koordinatorluğu ilə Cəbrayıl rayonuna yola düşürük.
Səhər saat 05:50-də inzibati binanın qarşısında toplaşmalı idik.
Gecə saat 4-də yuxudan ayılıb, həyəcanla inzibati binanın qarşısına düz yarım saat əvvəl çatmışdım. Hələ heç kim yox idi. Artıq nə qədər sevincli, qürurlu, eyni zamanda fərqli hisslər keçirdiyimi siz düşünün...
Şəhərin işıqlı, sakit gecə yarısı çox möhtəşəm görüntü yaradır. Gözüm DSX-nin inzibati binası ilə üzbəüz yerləşən yaşayış binalarına sataşdı. Eyvanlardan Azərbaycan bayrağı asılıb. Fürsətdən istifadə edib, foto çəkdim.
Az keçmədi ki, yol yoldaşı olacağım "525-ci qəzet"in məsul redaktoru Afaq Rza gəlib çatdı. Birlikdə jurnalistlər üçün ayrılmış xüsusi avtobusa mindik. Deyirlər, yoldaşın yaxşı olsa, uzun yol yaxın olar. Əvvəldən fərdi tanışlığımızın olmamasına baxmayaraq, Afaq, yaxşı yol yoldaşıdır. Düzünü desəm, səfərdən bir gün öncə kiminlə yoldaşlıq edəcəyimi düşünürdüm. Amma lap yerinə düşmüşdü.
...
Həmkarlarımız bir-bir gəlməyə başladılar. Təxminən saat 06:15 olardı, avtobusumuz yola düşdü. Digər həmkarlarla da hal-əhval tuturduq. Səfər iştirakçıları arasında "Xəzər Xəbər"in aparıcısı Elvin Basqallı, digər televiziyalardan gələn jurnalistlər vardı.
Elə söhbətləşdiyimiz ərəfədə gördük ki, artıq Astaradayıq. Səhər açılmışdı, saat 10 olardı. Yol kənarındakı mağazaya baş çəkdik. Mağazadan nə alacağımızı seçərkən arxadan bir səs eşidildi, "çox şey almayın, səhər yeməyinə gedəcəyik".
5-10 dəqiqə fasilədən sonra yolumuza davam etdik. Füzuli rayonunun Horadiz kəndinə çatdıq. Kənd çox səliqəli, abadlaşmış durumda idi. Uzaqdan məşhur "Ohanyan səddi"ni görmək olurdu.
Biz Vətəndə idik! Doğma yurdun havası o qədər təmiz idi ki. Hələ şəhərin səs-küyündən 314 km uzaqda olmağın necə yaxşı təsir etdiyini demirəm.
Horadiz şəhərində Lələtəpə şəhidlərinin xatirəsinə ucaldılan lövhələri görüb yaxınlaşdım. Şəhidlərimizin əziz xatirəsini yad etdim. Şəhidlik uca zirvə olmaqla yanaşı, həm də məktəbdir. İgidlik, cəsurluq, qəhrəmanlıq məktəbi...
Elə bu yerdə bir neçə il əvvələ qayıdaq.
2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin Qondarma Dağlıq Qarabağ Respublikasının hərbi birləşmələri arasında hərbi münaqişə baş vermişdi. Aprel döyüşləri Dağlıq Qarabağda 1994-cü ildə atəşkəs haqqında saziş imzalandıqdan bəri ən şiddətli döyüşlər idi. Döyüşlər Azərbaycan Silahlı Qüvvələrinin qələbəsi ilə nəticələnmiş, Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər və Seysulan kəndi, Cəbrayıl rayonunun Lələ təpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Qazaxlar kəndi və Tərtər rayonunun Suqovuşan (Madaqiz) kəndi istiqamətində yollar düşməndən azad olunmuşdu.
...
Nəhayət, "N" saylı hərbi hissəyə gəlib çatdıq. Koordinatorumuz Maya xanım hərbi hissədə "əsgər səhər yeməyi"ndən dadacağımızı söylədi. Təbii ki, hərbi xidmətdə olmuş kişi həmkarlarımızın bu yeməyin dadından xəbəri var idi. Amma bizim üçün ilk yaşandı. Yeni tikilmiş yeməkxanaya daxil olanda ab-hava dəyişir. Həmkarım Afaqla üz-üzə, pəncərənin kənarında əyləşdik. Ağ formalı, səliqəli geyimli aşpazlar dadlı yeməkləri artıq önümüzə qoymuşdular. Zeytun, qaynadılmış yumurta, pendir, yağ, şor, toz şəkəri, xama, çörək və çay.
Çayımızı içib, ayağa qalxırıq. Ətraf çox sakitlikdi.
Həmkarlardan biri yaxınlaşır:
- Əsgərlikdə belə yeyirdik, necə idi, bəyəndiz?
- Əlbəttə, söz ola bilməz.
Arxadan səs eşidilir: "Uşaqlar, gəlin, yolumuz çoxdur, material hazırlamalıyıq".
Horadiz sərhəd dəstəsindən keçdikdən sonra Cəbrayıl rayonuna üz tuturuq. Radioda mahnı səslənir: "Səninləyəm, səninləyəm harda olsam, ey Vətən, səndən uzaq yalnız səni , düşünürəm mən".
Yolboyu çox həyəcanlıyam. İlk dəfə Qarabağa - Cəbrayıl rayonuna, Xudafərinə gedirəm.
Cəbrayıl rayonunda girişdə yol ayrıcına çatdıq. Yolun biri Hadrut - Xocavənd - Şuşaya aparır. Həmin vaxt Afaqla, azad olunmuş ərazilərdən söz açırdıq. O, bu səfərdən əvvəl Zəngilanda olduğunu dedi. Lakin daha çox Kəlbəcərə getmək istədiyini söylədi. Düzü, mən isə Qarabağın döyünən ürəyi Şuşaya səfər etməyi çox istərdim... Hələlik ora gedə bilməsəm də, yol ayrıcında "Şuşa" yazılan lövhəyə baxaraq, ürəyimdə "İnşallah, bir gün, görüşənədək, Şuşa!" dedim.
Səfərimizə davam edirik. Cəbrayıl - Xudafərin - Zəngilan - Qubadlı yolunda irəliləyirik. Bura atom bombası atılmasa da, erməni vandalları kəndləri talan edib, evləri viran qoyub, dağıdıb. Adamın ürəyi parçalanır. Hər daşında bir tarix var. O an xarabalıq kimi görünən, lakin cənnət məkan olan kəndlərin gələcəyini təsəvvür etdim. Bəlkə də, düşündüyümdən gözəl olacaq.
Axır ki, Xudafərin kəndinə gedən yol ayrıcına çatdıq. Avtobus böyük olduğu üçün darvazadan keçməsi mümkün olmadı. "Pikap" tipli maşınlara minərək Xudafərin kəndinə gedirik. Uzaqdan orta əsrlərdən bu günə qədərə gəlib çatmış Xudafərin körpüsü görünür. İranla sərhəddəyik, telefonumda artıq şəbəkə itib. Nömrə avtomatik İran rouminqinə qoşuldu. İran və Azərbaycan arasındakı beynəlxalq sərhəddə yerləşən Araz çayı üzərində tikilmiş Xudafərin su anbarının yanından keçdik.
Xudafərin su anbarı 1993-cü ildən 2020-ci ilin 18 oktyabr tarixinə qədər eyni adlı Su Elektrik Stansiyası ilə birlikdə ermənilərin nəzarəti altında olub. Su anbarı Araz çayı üzərində İranla Azərbaycan arasında imzalanmış razılaşmaya uyğun olaraq inşa edilib. Bu anbar vastəsi ilə 75.000 hektar ərazinin suvarılması nəzərdə tutulub.
....
Günorta saat təxminən 12-i olardı.
Cəbrayıl torpağına ayaq basdım. Nə yolda şütüyən avtomobillər var, nə də hündürmərtəbəli binalar. İlk diqqətimi çəkən çala-çuxurlu yollar, viran qoyulmuş evlər... Ürəyimizdə illərin nisgili vardı. İndi bəziləri deyəcək, 19 yaşı var, Qarabağmı görüb? Doğrudur, nə qarabağlıyam, nə də Qarabağ görmüşdüm.
Xatırlayırsızsa, deyirdilər, "bu gənclik hara gedir?". İndi gördüz? Bu gənclik, Qarabağa gedirmiş... Doğma el-obamıza baxmaqdan doymuruq. Ətrafımızda xüsusi təyinatlı əsgərlər, torpaqlarımızın işğaldan azad edilməsində iştirak edən qəhrəmanlarımızla həmsöhbət olmaq üçün tələsirdim.
Bu yerlər Vətən müharibəsi zamanı Dövlət Sərhəd Xidmətinin qarşısında qoyulan döyüş tapşırığını yüksək səviyyədə yerinə yetirməsi nəticəsində işğaldan azad edilib. Aparılan əməliyyatlar zamanı Xudafərin, sonra Ağbəndə gedən yolun nəzarətə götürülməsi zamanı düşmən sarsıdıcı zərbələrlə geri oturdulub.
Azərbaycan sərhədçiləri 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan tərəfindən qoyulmuş döyüş tapşırıqlarını uğurla icra etmiş, müharibənin ilk günündən sərhədçilər Füzuli rayonu ərazisindəki təmas xəttindən Ermənistanla dövlət sərhədinədək böyük bir ərazini azad etmişdi. Ordumuz 24 saat ərzində 105 kilometr məsafədə ildırımsürətli hücumla düşmənə sarsıdıcı zərbələr endirərək yüzlərlə canlı qüvvəsini məhv edib. Xudafərin körpüsündə, Zəngilanın Ağbənd qəsəbəsində və Zəngilan şəhərində Dövlət bayrağını sancmış, Ermənistanla sərhəddə “Bartaz” və “Şükürataz” strateji yüksəkliklərini azad ediblər.
Dövlət Sərhəd Xidmətinin heyəti Füzuli, Cəbrayıl, Qubadlı rayonları, Hadrut qəsəbəsi və Şuşa şəhərinin azad olunmasında qəhrəmanlıq və igidlik nümunələri göstəriblər.
2011-ci ildən etibarən modifikasiyası həyata keçirilən AN-2 təyyarələrinin taktiki tətbiqi nəticəsində düşmənin aşkarlanmış hava hücumundan müdafiə sistemləri, radio-elektron mübarizə vasitələri və digər strateji hədəfləri, döyüş texnikası, çoxsaylı canlı qüvvəsi peşəkarlıqla idarə olunan pilotsuz uçuş aparatları tərəfindən məhv edilmiş, ümumilikdə 290 düşmən hədəfi məhv edilib.
....
Yolun sağında Xudafərin kəndinin qalıqlarından hiss olunur ki, bura yaşayış məskəni olub.
Yan-yörəmizdə gördüyüm mənzərə nə qədər ürəkağrıcıdı, xarabalıq olsa da, cənnətməkan Vətənimin torpağının sanki üzü gülürdü. İran sərhədi ilə qarşı-qarşıya idik. Güneyli soydaşlarımız Arazın o tayından bizi salamlayırdı. Xan Arazın surətli axını həsrətin göz yaşlarına bənzəyirdi. Xudafərin körpüsünün o tayında gəlişimizə sevinən güneylilər var idi, lakin İran sərhədçiləri uzaqdan olsa belə həmvətənlərimizin dayanmasına izn vermirdilər.
Öz işimə dönürəm. Ətrafa bir daha nəzər saldım. Hərbi geyimdə olan şəxs diqqətimi cəlb etdi. DSX çevik hərəkət qüvvələrinin zabiti, kapitan Mirzəliyev Sənanla həmsöhbət oldum.
Kapitan S.Mirzəliyev deyir ki, ilkin tapşırıqlar Cəbrayıl rayonunun Soltanlı kəndindən başlayıb:
"Rəhbərliyin qarşımıza qoyduğu tapşırıq 11 kilometr yarım düşmən dərinliyinə sızaraq Xudafərin ətrafında olan "zastava"ların işğaldan azad edilməsi və yüksəkliklərin götürülməsi idi. İrəlilədiyimiz ərazidə düşmənin müxtəlif mövqeləri vardı. Yüksəkliyi nəzarətə götürmək üçün çalışırdıq ki, düşmən qüvvələri ilə toqquşmayaq. PUA-larımızın köməyi ilə ərazi müşahidə edilir və bizə istiqamətlər verilirdi. Həmin istiqamətlərdə gördüyünüz yüksəkliklərə gəlib çıxdıq. Gecə vaxtı yerləşdik. Hava işıqlananda “zastava” müşahidəsini təşkil etdik. “Zastava” heyətini müəyyən etdikdən sonra, düşmən təmizləməsini apardıq. Ardınca Araz boyu Xudafərin körpüsü istiqamətində irəliləməyə başladıq. Digər qüvvələrimiz isə bizim ərazidə rahat hərəkət etməyimiz üçün mühafizəni təşkil edirdi.
Tapşırığımızın uğurlu cəhətlərindən biri o idi ki, ərazidə şəhid vermədik. Şəhidsiz Xudafərini azad etdik və Azərbaycan bayrağını sancdıq".
Minnətdarlıq edib, yenə ətrafa göz gəzdirirəm. Aha, digər qəhrəmanımız Xudafərin körpüsünü izləyir. Yaxınlaşıb hal-əhval tutduqdan sonra döyüş tapşırıqları barədə sual verdim.
DSX çevik hərəkət qüvvələrinin zabiti, kapitan Qurbanov Qurban deyir ki, Hadrut istiqamətindən başlayan tapşırığının döyüş planını dəyişərək Cəbrayıl - Şükürbəyli - Soltanlı - Xudafərin - Zəngilan istiqamətində irəliləməyə başlayıblar.
“Tapşırığa uyğun olaraq Xudafərindən əks hücuma başladıq. Piyada olaraq 12 kilometrə yaxın məsafə qət etdik. Təbii ki, texniki vasitələrin də köməyi oldu. Həmin ərazilərdə düşmənin canlı qüvvələri yerləşirdi. Strateji yüksəkliyi azad etdikdən sonra onun arxasında olan tarixi İran-Azərbaycan sərhədində mühafizəni həyata keçirən "zastava"nı işğalçılardan təmizlədik. Yüksəkliyin üzərində qrupumuz var idi. Orada düşmən əraziyə yaxşı nəzarət etmək üçün kameralar quraşdırmışdı. Həmin kameralar qruplarımız tərəfindən söndürüldü. Düşmənin təkrar gələcəyi ehtimal edilirdi, elə də oldu. Düşmənin bir neçə texnikası əraziyə yaxınlaşdı. Sonra texnika və canlı qüvvənin məhv edilməsi həyata keçirildi. Şəhid yoldaşım gizir Ələkbərov Məhəmməd ilə birlikdə Soltanlı istiqamətində irəlilədik. Komandanlıqdan alınmış əmr əsasında düşmənin hücumetmə ehtimalı olan strateji yüksəkliyə müəyyən edilmiş qüvvə ilə heyətimizi yerləşdirdik".
İgidlərimizlə Xudafərin körpüsündə həmsöhbət olduğuma görə qürur duyurdum. Əslində bütün hisslər bir-birinə qarışmışdı. Qürur, hüzn, fəxr, kədər... İgidlərimizin hər birinin gözündə fərəh hissi görürdüm.
O taylı bu taylı Azərbaycanı birləşdirən körpünün kənarındakı qayaqlıqda əyləşdim. Ətraf sakitlik, Xan Arazın şırıltısı eşidilir, sanki bizim gəlişimizə nəğmə söyləyirdi. Araz çayına gedəsən, suyuna toxunmayasan?! Çay bum-buz , tər-təmiz idi...
Xudafərin kəndində sağ tərəfdə viran qoyulmuş evləri izləməyə başladım. Nə bilim. İnsan bu qədər vəhşi olmamalıdır. Ziyarətimizin sonuna yaxınlaşırdıq. Heç getmək istəmirdim. O qədər təmiz havası olan yerdən kim getmək istəyər ki? Gəldiyimiz kimi yenidən “Pikap”lara əyləşib, avtobusun yanında düşdük. Qayıdarkən Horadizdə “N” saylı hərbi hissədə yemək yeyəndən sonra Bakıya yola düşdük. Yol kənarında uçuq-sökük evlər bizi müşayiət edirdi.
Paşinyan Cəbrayıla yol çəkmək istəyirdi. Prezidentin dillərə dastan ifadəsi var, “Nə oldu, Paşinyan, Cəbrayıla yol çəkirdin?!”. İndi Paşinyanın arzusunu ürəyində qoyan qəhrəmanlarımız sayəsində Cəbrayıla səfər edə bildik. Təbii, həmin ərazilərə getmək hələ təhlükəlidir. Əziz həmvətənlər, səbrli olun, Qarabağ da gözəl gələcək olacaq.
Yolüstü koordinatorumuz Maya xanım daxil olmaqla, jurnalist həmkarlarla yorğunluğumuzu atmaq üçün Sabirabadda kafelərin birində çay içməyə getdik. Günün sonunda təəssüratlarımızı bölüşdük. Beləliklə, səfərimizi yekunlaşdırdıq. Xudahafiz demirəm, görüşənədək, Qarabağ!
Aygün Tahir
Şərq.-
2021.- 19 oktyabr.- S.4.