Əhalinin sosial müdafiəsi
dövlətin əsas
prioritetidir
2 milyona yaxın vətəndaşın
sosial təminatı gücləndiriləcək
Ölkə əhalisinin rifah halının yaxşılaşdırılması aparılan sosial-iqtisadi siyasətin mühüm prioritetlərindən biridir. Son illərdə bu
istiqamətdə ciddi
irəliləyişlərə nail olunub. Əhalinin sosial müdafiəsinin
gücləndirilməsi, sosial
ödənişlərin, əməkhaqlarının
artırılması istiqamətində
ardıcıl addımlar
atılıb. 2019-cu ildə bu məqsədlə
iki sosial islahat paketi qəbul olunaraq icra edilib.
Müavinət və təqaüdlərin məbləğinin orta hesabla 92 faiz, əmək pensiyasının minimum məbləğinin 72 faiz, minimum əməkhaqqının 92 faiz, dövlət büdcəsindən maliyyələşdirilən qurumlarda işləyənlərin əməkhaqlarının orta hesabla 50 faiz artırılması təmin edilib. 2021-ci ildə ölkəmiz COVID-19 pandemiyasının yaratdığı sarsıntıları geridə qoyaraq, inamlı şəkildə iqtisadi bərpa yoluna qayıdıb. Məlum olduğu kimi 2020-ci ilin əvvəlindən həyatımıza girmiş pandemiya insanların sosial vəziyyətinə də öz mənfi təsirini göstərib. Bir çox sahələrin fəaliyyətləri müəyyən dövr üçün qapalı olub. Bu da həmin fəaliyyət sahələrinin aktivliyini azaldıb. Məhdudiyyətlərin aradan qaldırıldığı zaman qapanmış fəaliyyət sahələrinin aktivliyinin bərpası və iş yerlərinin bağlanmaması üçün dövlət dəstəyi proqramları icra olunub. Proqramlar çərçivəsində 2,7 milyard dollar vəsaiti həm sahibkarlıq subyektlərinə, həm də işsiz qalmış insanlara birdəfəlik müavinətlər şəklində dövlət büdcəsindən ödənilib. Bunun əhatə dairəsi 5 milyon insanı əhatə edib. Dünya iqtisadiyyatında bərpa meyillərinin güclənməsi müşahidə olunmaqdadır. Lakin dünya miqyasında iqtisadi fəallığın bərpası və məcmu tələbin artması templəri vaxtilə dayandırılmış istehsal, nəqliyyat-logistika və təchizat güclərinin iqtisadi dövriyyəyə qaytarılması sürətini xeyli üstələyib. Beynəlxalq bazarlarda bir çox əmtəələrin qiymətlərinin əhəmiyyətli dərəcədə qalxmasını şərtləndirərək yeni çağırışlar yaranıb. Mövcud vəziyyət ölkəmizə idxal olunan əmtəələrin, o cümlədən bir sıra ərzaq məhsullarının qiymətlərinin artımına səbəb olur və nəticə etibarilə sosial baxımdan ən həssas əhali qruplarının rifah halına mənfi təsir göstərib. İqtisadi-sosial sferada baş verənləri, ən əsası isə əhalinin ictimai maraqlarını nəzərə alan dövlət başçısı cənab İlham Əliyev insanların sosial rifahının güclənməsi məqsədi ilə əməkhaqlarının, pensiyaların və sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin məbləğlərinin artırılması ilə bağlı Sərəncam imzalayıb. Bu sərəncam əhalinin, xüsusilə həssas qruplardan olan 1,8 milyon vətəndaşın rifahının qorunmasına, sosial vəziyyətinin daha da yaxşılaşmasına xidmət edəcək. Həmçinin, dövrün çağırışlarına uyğun bazarda baş verən qiymət artımlarının insanların sosial rifahına mənfi təsirlərini azaldacaq və yaşayış səviyyəsinin artmasına xidmət edəcək. İctimaiyyət nümayəndələri bildirirlər ki, Prezident İlham Əliyev həmişə əhalinin sosial müdafiəsini daxili siyasətin prioritet istiqaməti kimi görür və daim pensiya, müavinət, təqaüd və əməkhaqların artırılmasına dair sərəncamlar imzalayır. İqtisadçılar 20 faiz civarında artım ola biləcəyini qeyd edirlər.
Ölkə rəhbərinin növbəti Sərəncamını və əhatə dairəsini “Şərq”ə dəyərləndirən millət vəkili Hikmət Babaoğlu deyib ki, iqtisadiyyat və bütövlükdə maliyyə münasibətləri sistemi daima dinamik olduğu üçün müxtəlif qlobal və daxili təsirlərə həmişə həssas olur. Deputatın sözlərinə görə, bu məqam daxili tədavül və tədiyyə vasitəsi kimi pul vahidinin alıcılıq qabiliyyətinə təzyiq eməklə yeni dəyər norması yaradır: “Nəticədə ərzaq səbətinin məzənnəsi dəyişir və vətəndaşların ailə büdcəsi planlamalarında çətinliklər yaranır. Hazırda dünya bazarında pandemiyanın yaratdığı iqtisadi passivlik və digər təsiredici amillər nəticəsində ölkəmizə idxal edilən məhsulların qiymətində və bütövlükdə bazar münasibətlərində dəyişikliklər müşahidə edilməkdədir. Belə hallarda Azərbaycan hökuməti ilk növbədə vətəndaşlarımızın sosial müdafiəsinin gücləndirilməsi istiqamətində təxirə salınmaz tədbirlər həyata keçirərək onların sosial rifahının yaxşılaşmasını təmin edir. Elə Azərbaycan Prezidenti İlham Əliyevin bugünlərdə əməkhaqlarının, əmək pensiyalarının və sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin məbləğlərinin artırılmasının təmin edilməsi ilə bağlı imzaladığı Sərəncam da buna xidmət edəcək”.
H.Babaoğlu qeyd edib ki, Sərəncam iki milyona yaxın vətəndaşımızı əhatə etməklə onların sosial təminatlarını gücləndirəcək və qiymət artımına qarşı sosial immunitet rolunu oynayacaq:
“Hazırda ölkəmizdə illərdir həsrətlə gözlədiyimiz “Böyük Qayıdış” prosesi başlayıb və qısa müddətdə bu istiqamətdə çox böyük işlər görülüb. Ötən bir il ərzində işğaldan azad edilmiş ərazilərimizdə su, enerji və yol nəqliyayat kommunikasiyaları demək olar ki, bərpa olunub. Ağıllı şəhər və kənd layihələri üzrə mühüm işlər icra edilir və bütün bunlar Azərbaycanın daxili imkanları hesabına, heç bir beynəlxalq bank, yaxud maliyyə mərkəzindən kredit, yaxud qrant cəlb edilmədən həyata keçirilir. Belə şəraitdə Prezidentin əməkhaqlarının, əmək pensiyalarının və sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin məbləğlərinin artırılması ilə bağlı qərarı dövlət başçısının həyata keçirdiyi siyasətin təməlində vətəndaşlarımızın rifahının dayandığının əyani sübutudur”.
İsmayıl Qocayev
Şərq.-
2021.- 20 oktyabr.- S.6.