“Azadlıq” Meydanının Xəlil Rza nərəsi...

 

Sabir Rüstəmxanlı: "Görəndə ki, onun üçün təhlükəli hal ala bilər, yavaşca ətəyindən dartdım. Deyirdi, “igid”, sənə olar!"

 

Oktyabrın 21-i Xəlil Rza Ulutürkün anım günüdü. Bir həqiqəti dərk etməliyik ki, Xəlil Rzanın bizim xatırlamamıza ehtiyacı yoxdur. Bizim ona ehtiyacımız var. Həmişə də olacaq. Çünki Xəlil Rza Azərbaycan tarixində dərin iz salmış şəxsiyyətdir. Ömür payında yazdıqlarını, araşdırmalarını, elmi işlərini bir kənara qoysaq, Xəlil Rzanın adı “Azadlıq” Meydanındakı gur səsi, qəlbindən qopan atəşi, odu ilə dünya durduqca Azərbaycanla qoşa çəkiləcək. Çünki Xəlil Rza azadlığımızın səsi idi, istiqlalımızın səsi idi, milli mənliyimizin təsdiqi idi! O həm də Milli Qəhrəman Təbrizin atasıdır! Oğul anasına “gözün aydın, Firəngiz, oğlumuz şəhid oldu”, müjdəsini verən bir Ata! Minlərlə təbrizlər fəda olsun bir Təbrizə!..

 

 

Ada baxın… Ata oğluna Təbriz adını qoyasonra da onun şəhid olmasını müjdəli bir xəbər hesab edə. Belə atanın ürəyi parçalanmazmı, Vətən eşqindən?! Ürəyindən zərbə aldı, Xəlil Rza. Ürək dözmədi Xəlil Rzanın od-alovuna. 1950-60-cı illəri yəqin ona görə Azərbaycan milli kimliyinin intibah dövrü adlandırırlar ki, o illərdə həm də ziyalılarımız, yazıçı və şairlərimiz vətənpərvər ruhlu çıxışlar ediblər auditoriyalarda, tələbələr qarşısında. Əbülfəz Elçibəydən, Xəlil Rza Ulutürkdən, Bəxtiyar Vahabzadədən (adını çəkə bilmədiklərim üzrlü saysınlar – M.R.) dərs alan tələbələr çıxmazdımı rus tanklarının qarşısına?!. Çıxardı, çıxardı… Çıxdılar da. Sonra da meydana axışdılar. Cəbhəyə yollandılar. Vətəni müdafiə etdilər. Xəli Rza haqqında məlumat bankında belə cümlələr var:

 

 “1959-cu ildə  Xəlil Rza Bakıya qayıtdıqdan sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutunun aspiranturasında təhsilini davam etdirib. O, 1963-cü ildə "Müharibədən sonrakı Azərbaycan sovet ədəbiyyatında poema janrı (1945–1950)" mövzusunda yazdığı dissertasiyanı uğurla müdafiə edib, fılologiya elmləri namizədi elmi dərəcəsinə layiq görülür.  Onu institutda müəllim kimi saxlayıblar. Tələbə auditoriyasına müəllim kimi daxil olduğu gündən Xəlil Rza dərs proqramı çərçivəsi ilə məhdudlaşmamış, vətənpərvərlik ruhlu mühazirələrində qədim milli bəşəri dəyərlərimizdən və doğma dilimizdən ürək yanğısı ilə söhbət açıb. Xəlil Rza Azərbaycan dilinin saflığı, əcnəbi dilin təsirinə məruz qalmaması üçün özünəməxsus mübarizə yolu da seçmişdi. Harada olursa-olsun doğma dilində təmiz danışmayan müsahibindən eşitdiyi hər yabançı kəlmə üçün 5 qəpik cərimə tələb edər, "danışığından məmnun qaldığı soydaşlarını bir manat məbləğində mükafatlandırardı". Beləliklə, o, müasirlərinin diqqətini ana dilinin saflığını qorumağa cəlb etməyə, digər tərəfdən ruslaşdırma siyasətinə qarşı mübarizə aparmağa çalışardı. Əlbəttə, bütün bunlar dövlətin hakim dairələrinin nəzər-diqqətindən yayınımr, çox çəkmir ki, onun ictimai-pedaqoji fəaliyyəti məhdudlaşdırılır. "Bilik" cəmiyyəti yolu ilə Azərbaycan rayonlarına göndərilməsi qadağan olunur. Şair Sabir Rüstəmxanlı yazır: "Xəlil Rzanı başa düşməyənlər çox idi. Onun cəsarətli vətəndaşlıq şeirlərini dinləməkdən belə qorxanların sayı min-min idi. O, kürsüyə qalxanda durub salonu tərk edirdilər. Xəlilin antisovet, antiimperiya çıxışlarına dəlilik kimi baxanlar, onun səsini kəsməyə çalışan, yüksək kürsülərə yolunu bağlayan, onu kiçiltmək istəyənlər Xəlil Rza istedadının Allah vergisi olduğunu, şairin Allah hökmü ilə danışdığını dərk edə bilmirdilər". Başına çox dərdlər açılıb Xəlil Rzanın. Vətən sevdalı şairin. Xəlil Rza Azərbaycan Dövlət Pedaqoji İnstitutundan uzaqlaşdırılır. Onu Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutuna dəvət edirlər. Burada Xəlil Rza bütün qüvvəsini elmi-tədqiqat işinə və bədii yaradıcılığa həsr edir. Azərbaycan-özbək ədəbi əlaqələri, Maqsud Şeyxzadənin həyat və yaradıcılığı haqqında monoqrafık əsərlər üzərində çalışır. Buna baxmayaraq, Xəlil Rza yenə də "şübhəli şəxs" kimi təqib olunur, onun imkanlarını məhdudlaşdırır, "təhlükəli ictimai mübarizə" yolundan çəkindirməyə çalışırlar. 1980-ci illərin sonlarında başlayan milli-azadlıq hərəkatında odlu-alovlu çıxışları SSRİ rəhbərlərinin əlbəttə nəzərindən qaça bilməzdi. Xüsusilə də 1990-cı il yanvar hadisələrindən sonra Xəlil Rzanişangahda idi. Yanvarın 26-da SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin əməkdaşları tərəfindən həbs edilib MoskvayaLefortovo həbsxanasına göndərildi. Aramsız sorğu-sual, ağır ittiham şairin iradəsini qıra bilmədi, o, zindanda da mübarizəsini davam etdirdi. 8 ay 13 gün öz mühitindən təcrid olunmuş şair öz qəlbinin işığında "Lefortovo gündəliyini, 200-dən çox, şeir, poema və məktubunu qələmə aldı. Bu əsərlər mübariz şairin ictimai-siyasi dünyagörüşünü əks etdirməklə yanaşı, öz siqləti, bədii dəyəri, məzmunu cəhətdən milli poetik fikri zənginləşdirən misilsiz abidədir. "Lefortovo gündəliyi" şairin qəbul etdiyi Ulutürk təxəllüsünün vəsiqəsidir. Şəkər xəstəsi şairin Lefortovo həbsxanasında səhhəti pozulur. 1990-cı il oktyabrın 9-da Moskvadan Bakıya gətirilir, 1 ay davam edən məhkəmə prosesindən sonra azadlığa buraxılır. 1991-ci il mayın 6-da Xəlil Rza "Türk milləti mükafatı laureatı" fəxri adına layiq görülür. Bir ildən sonra, 1992-ci ildə ona Azərbaycan Respublikasının Xalq şairi fəxri adı verilir.  Türkiyədə, Almaniyada müalicə olunsa da, bir müddət sonra yenə vəziyyəti ağırlaşırdı. Buna baxmayaraq səssiz qala bilmirdi. Tez-tez cəbhə bölgələrində, məktəb və mədəniyyət ocaqlarında, görüşlərdə çıxışlar edirdi. Narahat həyat tərzi onu yorurdu. Amma o məhz bu cür idi – Atəş idi, od idi. Bir dəfə alışmışdı, bir dəfə də sönməliydi... Xəlil Rza 1994-cü il iyunun 22-də vəfat etdi. Xəlil Rza Ulutürk Fəxri Xiyabanda dəfn olunub. Məzarüstü abidəsi şairin ömrünü çox dəqiq təcəssüm etdirir.

 

Xəlil Rzanın anım günündə ən yaxın dostlarından biri, dəyərli ziyalımız, Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlıya müraciət etdik:

 

- Xəlil Rza haqqında nə deyə bilərəm; o mənim dostum idi. Baxmayaraq ki, yaşda məndən böyük idi. Aramızda heç vaxt qırılmayan dostluq, qardaşlıq bağları yaranmışdı. Onun haqqında vaxtilə böyük məqalə yazmışam, ölüm günü mərsiyə yazmışam. Mən orta məktəbdə oxuyanda Xəlil Rzanın bölünmüş Azərbaycanın faciəsini əks etdirən “Məftillə sarınmış yaralar” poeması çap olunmuşdu. Bu poema mənə çox böyük təsir göstərdi, milli şüuru oyadan poema oldu.  Sonralar biz birinci kursda oxuyanda tələbə yoldaşlarımızla Sabir adına Kitabxanada təşkil olunan Ədəbiyyat dərnəyinə qatılardıq. Orada şeirlərimizi səsləndirərdik. Mən “Müqəddəs adətlər” şeirimi oxumuşdum, bu şeir Xəlil bəyin çox xoşuna gəlmişdi. Sonra məni evinə dəvət etdi, söhbətlərimiz olurdu onunla. Biz gənc yazarlara həmişə diqqət göstərirdi, yolumuzu açırdı. Özüylə birlikdə görüşlərə aparardı və birinci bizə söz verərdi. Belə Xəlil bəylə dostluğumuz  möhkəmləndi. Onun evində olurduq, o bizə gəlirdi. Heç vaxt da əlaqələrimiz kəsilmədi. Çünki ruhən bir-birimizə yaxındıq. Sevincimizi bölüşürdük. Fikir mübadiləsi aparırdıq. Mən “Yazıçı” Nəşriyyatında baş redaktor işləyəndə Xəlil bəyə dedim ki, nəyin varsa gətir, çap edəcəm. Dedi, igid, mümkün olmaz. O mənə “igiddeyirdi. Dedim, yox, sən ver, çap edəcəm. Çap olunmamış əsərlərini gətirdi, dedim, özün necə istəyirsən, o cür tərtib et kitabı. Təkcə Xəlil bəyə deyil, o zaman bir çox yazıçılara, şairlərə “yaşıl işıq” yandırmışdım. Bu dostluğumuz bizi əvvəlcə “Çənlibel”ə, sonra da Meydan Hərəkatına apardı. Xəlil bəy sərhədsiz danışırdı. Görəndə ki, onun üçün təhlükəli hal ala bilər, yavaşca ətəyindən dartdım.  Təsəvvür edə bilərsinizmi, kimsə Xəlil Rzanın ətəyindən dartsın?! Amma mənə dözürdü. Deyirdi, “igid”, sənə olar! Xəlil Rza Azərbaycanın nərə çəkən, hayqıran haqq səsiydi. Allah ona qəni-qəni rəhmət eləsin!

 

 

Məlahət Rzayeva

 

Şərq .- 2021.- 21 oktyabr.- S.3.