Güc birlikdədir!
"Biz sizə borcluyuq"
kampaniyası ümumxalq şüarına
çevrilir
Kampaniyanın adındakı “Biz” sözü təkcə 10 milyonluq
Azərbaycan vətəndaşını deyil,
50 milyondan artıq olan
dünya azərbaycanlılarını
ifadə edir
Vətəndaş cəmiyyəti, hüquqi
dövlət quruculuğu
Müharibə veteranlarının, qazi və şəhid ailələrinin sosial müdafiəsi, onların rifahının yaxşılaşdırılması daim dövlət siyasətinin əsas tərkib hissəsi olub. Bu istiqamətdə geniş dövlət dəstəyi mexanizmləri formalaşdırılıb, xüsusi kateqoriyaya məxsus insanlar hərtərəfli dövlət qayğısı ilə əhatə olunublar. Bununla yanaşı, şəhid ailələrinin və Vətənin müdafiəsində iştirak edən şəxslərin maddi-sosial vəziyyətinin yaxşılaşdırılması, onlara qayğı və diqqət göstərilməsi daim vətəndaş cəmiyyətinin də diqqət mərkəzində olub.
44 günlük Vətən savaşında əhəmiyyətli xidmətləri ilə Qələbəyə töhfə verən qeyri-hökumət təşkilatları xeyirxahlıq, fədakarlıq və humanizm prinsiplərini rəhbər tutaraq, müharibədən sonrakı dönəmdə də təmənnasız kömək ənənələrini davam etdiriblər. QHT-lər şəhid ailələrinin və hərbi əməliyyat iştirakçılarının zəruri ehtiyaclarının təmin edilməsinə, maddi, tibbi və digər sosial xərclərinin ödənilməsinə yardım sahəsində həmrəylik nümayiş etdiriblər. Bu gün də qeyri-hökumət təşkilatları xüsusi aktivlik nümayiş etdirir, çoxsaylı təşəbbüslərlə qazilərə, müharibə əlillərinə, şəhid ailələrinə qayğı göstərirlər.
Belə mühüm təşəbbüslərdən biri də vətəndaş cəmiyyəti nümayəndələrinin və BDU-nun SABAH tələbə qruplarından ibarət Təşəbbüs Qrupu üzvlərinin könüllü olaraq icra etdikləri “Biz sizə borcluyuq” kampaniyasıdır. Kampaniya çərçivəsində mütəmadi olaraq şəhid ailələrini, qaziləri ziyarət edən “Biz sizə borcluyuq” kampaniyasının Təşəbbüs Qrupunun üzvləri arasında QHT nümayəndələri ilə yanaşı millət vəkilləri də var.
Gözəl kampaniya barəsində “Şərq”ə danışan Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadə deyib ki, “Biz sizə borcluyuq” şüarı hər bir azərbaycanlının şəhid adı gələndə ilk keçirdiyi hisslərin sözlə ifadəsidir. QHT rəhbərinin sözlərinə görə, Qarabağ acısına son qoyan, bu torpaqların mənəvi və fiziki olaraq bizim olmasını hiss etdirən şəhidlərimiz və qazilərimizdir. Vətənin müdafiəsini özlərinə borc bilən bu insanlara və onların ailələrinə hər zaman borcluyuq:
“Məqsədimiz şəhidlərimizi yad etmək, tanıtmaq və onların ailə üzvlərinə psixoloji dəstək göstərməkdir. Kampaniyaya çox ciddi şəkildə diqqət və maraq var. Sevindirici haldır ki, şəhid ailələrinə mənəvi dəstək xarakteri daşıyan “Biz sizə borcluyuq” kampaniyasına qoşulanların sayı gündən-günə artmaqdadır. Kampaniyaya millət vəkillərinin, yerli icra hakimiyyəti orqanlarının, vətəndaş cəmiyyəti nümayəndələrinin, tələbə-gənclərin, məktəblilərin, xaricdəki soydaşlarımızın qoşulması ilə əhatəmiz gündən-günə genişlənir. “Biz sizə borcluyuq” kampaniyası ümumxalq şüarına çevrilməkdədir.
Bu gün kampaniyadan xəbəri olan və olmayan minlələr soydaşımız sosial şəbəkə profillərində şəhidlərimizin şəkillərini paylaşır. Bununla artıq virtual ümumxalq işi həyata keçirmiş olurlar. Çünki şəhdlərimizi anmağı, yad etməyi hər kəs özünə milli borc bilir. Kampaniyanın davam etməsi, şəhidlərimizin adlarının əbədi yaşaması, anılması şəhid ailələrinin hər birinin istəyidir. Kampaniya çərçivəsində şəhid evlərini ziyarət edərkən, şəhid analarının bircə istəyi bu olur: "Şəhidlərimiz heç zaman unudulmasın!". Bir maraqlı məqamı da qeyd edim. Şəhidlərimiz yaşından, rütbəsindən asılı olmayaraq, sanki eyni xarakterə, mənəvi keyfiyyətlərə, milli ruha, vətən sevgisinə malik olublar. Bir-birini tanımıyan şəhid anaları şəhid övladları haqqında danışanda sanki eyni adamdan bəhs edirlər. Şəhidlərimizin eyniliyini valideynləri özləri də etiraf edirlər. Müxtəlif taleli bu insanlar şəhidliyə gedən şərəfli yolda birləşiblər. Şəhid valideynlərinin, xüsusən analarının danışmağa, dərdlərini bölüşməyə ehtiyacı var. Onlar özlərinə dərd ortağı axtarırlar. Buna görə də şəhid ailələrinə davamlı olaraq psixoloji dəstəyin göstərilməsi mütləqdir”.
F.Hüseynzadə qeyd edib ki, kampaniya öncədən nəzərdə tutulan müddətdən sonra da fəaliyyət istiqamətlərini işini davam etdirəcək:
“Yenə də mütəmadi olaraq şəhid ailələri ziyarət olunacaq. Amma davamlı olaraq "Xarıbülbül" Psixoloji Yardım Mərkəzi tərəfindən şəhid ailələrinə, eləcə də şəhidliyin bir addımlığında olmuş qazilərimizə psixoloji dəstək göstəriləcək. Şəhid ailələri və qazilərimizin müxtəlif kliniklarda tibbi müayinə və müalicə işinə dəstək göstəriləcək. Xüsusən şəhid övladları bacarıqlarını və intellektual səviyyələrini, yaradıcılıq qabiliyyətlərini inkişaf etdirmələri, asudə vaxtlarını səmərəli keçirmələri üçün məktəbdənkənar təhsil müəssisələrinə cəlb olunacaq. Bununla yanaşı, onların xarici ölkələrə turistik səfərləri təşkil ediləcək. Ümumiyyətlə, zaman-zaman kampaniya üzvləri planlı şəkildə yeni-yeni fəaliyyət istiqamətlərini gerçəkləşdirəcək. Bu fəaliyyətlərin icra olunması kampaniya üzvlərinin daxili və sosial məsuliyyət hissindən irəli gəlir. Həmçinin, bütün bunlar dövlətin bu istiqamətdə gördüyü işlərə vətəndaş cəmiyyəti olaraq veriləcək töhfədir”.
Təşkilat rəhbəri bəyan edib ki, kampaniyanın adındakı “Biz” sözü təkcə 10 milyonluq Azərbaycan vətəndaşını deyil, 50 milyondan artıq olan dünya azərbaycanlılarını ifadə edir:
“Vətən müharibəsi zamanı hər birimiz şahid olduq ki, 5 qitədə yaşayan soydaşlarımız Qarabağ uğurunda ayağa qalxaraq dəmir yumruq kimi birləşmişdi. Bütün dünya azərbaycanlılarının ürəyi Vətənlə döyünürdü. Bu gün Azərbaycanda şəhidlərimiz üçün bizlərin qəlbi necə sızlayırsa, necə onların qarşısında borc hiss edirksə, xaricdəki hər bir soydaşımız da eyni hissi keçirir”.
“Biz sizə borcluyuq” kampaniyasının Təşəbbüs Qrupunun üzvü, millət vəkili Jalə Əhmədova da Türkiyənin “Öncə Vətən” qəzetinə müsahibəsində sözügedən kampaniya barədə açıqlama verib. Deputat bildirib ki, şəhidlərimiz hər birimizin övladıdır:
“Hər bir şəhidimiz bizim qürurumuz, igid qəhrəmanlarımızdır. Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı hüquqi dövlət quruculuğunun əsas istiqamətlərindən biridir. Hökumətin vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığı, bu istiqamətdə atdığı addımlar göz önündədir. Ölkəmizdə vətəndaş cəmiyyəti institutlarının, o cümlədən QHT-lərin inkişafına daim diqqət yetirilir və onların fəaliyyəti qanunvericilik aktları ilə tənzimlənir”.
İsmayıl Qocayev
Şərq
.- 2021.- 23 oktyabr.- S.6.