"Təəssüf
ki, olmadı..."
Cavanşir Quliyev: "Mən həmişə demişəm ki, Azərbaycana lazımamsa hər saniyə, hər an qayıtmağa
hazıram"
"Xəstəliyimin uzun bir adı var,
yadda da qalmır"
"Mən istirahət nədir, bilmirəm. Dəniz, qum,
günəş... Ömrümdə belə şeyləri istirahət saymamışam.
Bunu vaxt itkisi hesab etmişəm"
Belə insanlar çox azdı: hamının sevdiyi, hamının hörmət
etdiyi, hər kəsin görmək istədiyi, əlini sıxmaq, kəlmə kəsmək, söhbət
etmək istədiyi...
Bəxtimiz onda gətirib ki, media nümayəndəsiyik
və çoxları
üçün əlçatmaz
olanlara əlimiz çata bilir. Aralıq dənizindəki
adada – Quzey Kıprıs Türk Cümhuriyyətində yaşayan,
orada Yaxın Doğu Universitetinin Səhnə sənətləri
fakültəsinin dekanı
vəzifəsini daşıyan,
professor - sevimli bəstəkarımız,
Əməkdar incəsənət
xadimi Cavanşir Quliyevlə həmsöhbət
olmaq asan məsələ deyil. Nədən danışdıq, bir azdan məlum olacaq. Söhbətə keçməmiş, deyim, birincisi, “sevimli” sözündən əvvəl “görkəmli”
yazmışdım.
Dəyişdim. Cavanşir
Quliyevin görkəmli
bəstəkar olması
sirr deyil ki! İstədim onun məhz
sevilən bəstəkar,
sevilən insan olduğunu vurğulayım.
Cavanşir bəy Bakıya
gələcəyini sosial
şəbəkə üzərindən
bildirmişdi. Dillər əzbəri
mahnısında deyilən
kimi; “əli çatan, ünü yetən” Vətənə
gəlirdi. Bu xəbərə bəyənmə
işarəsi qoyub, xoş sözlər, arzular yazanların sayı milyonu keçdi.
Bu, uzun illər mühacirətdə
yaşamış Vətən
oğlunun gəlişinə
insanların sevincini göstərirdi. İkincisi, Cavanşir Quliyev ziyalı simasını qoruyub saxlamağı bacarmış az
sayda şəxslərdəndir.
Əsl ictimai xadimdir.
Gündəlik planlaşdırmada baş
redaktorumuz Cavanşir Quliyevi deyim, necə xatırladı; “yadınızdadı, “Şərq”in
5 illik yubileyində
(2001-ci ilin noyabrı),
çıxış üçün
birinci Cavanşir bəyə söz verdik. Yubileyə gələnlərin hamısı dəyərli
ziyalılarımız, dostlarımız
idi.
Amma Cavanşir bəy kimi “qızıl orta” ola biləcək
başqa birisi “tapılmadı”. Çünki
Cavanşir bəyə
heç kim
etiraz etməyəcəkdi,
o hamı tərəfindən
əsl ziyalı kimi qəbul olunurdu”. Akif müəllimin xatırlatması
mənim də yadıma saldı ki, Cavanşir bəyi çıxış
üçün dəvət
edəndə, simasında
təəccüb hissi
gözümüzdən qaçmamışdı;
niyə məhz mən?! Bu da
onun böyüklüyünün,
təvazökarlığının bir nümunəsi idi.
Sonra Cavanşir Quliyev getdi. Azərbaycanı tərk etdi.
Bilmirəm, (səhvə yol
vermək fikrim yoxdur) ötən illər ərzində Cavanşir bəy neçə dəfə Bakıya qayıdıb, ümumiyyətlə qayıdıbmı,
özündən də
soruşmadım. Budəfəki səfəri isə necə deyərlər, “məhsuldar” oldu. 2 medalla təltif
edildi. “Diaspor
fəaliyyətində xidmətə
görə” və “Dədəd Qorqud” medalları. Dostlarıyla
görüşdü, sosial
şəbəkədə fotolar
paylaşıldı, tv çəkilişlərində
oldu... Həm də... Hansısa ağır xəstəliyə
tutulması xəbəri
də yayıldı.
Doğrusu, onun artıq
Bakını tərk etdiyini bilmirdim. Baş redaktorumuz tapşırığı
ilə zəngləşib
səhhəti ilə maraqlanmalıydım. Ağlıma
ilk gələn “Bakı
həsrəti” adı altında paylaşılan
fotolarda onunla üz-üzə əyləşmiş
dəyərli ziyalımız
Eldəniz Quliyev oldu. Fotoda başqa ziyalılar,
sənətkarlarımız da var. Amma Eldəniz
müəllimə zəng
etdim. “Cavanşir
getdi”, deyəndə, əlbəttə təəssüfləndim.
Əlüstü səhhətini də
soruşdum, “yaxşıdı.
Xəstəlik xəbəri
də yayılıb, təhlükəli bir şey yoxdu”, dedi. Bir az arxayınlaşdıq.
Cavanşir bəyin Kipr
nömrəsi varımızdı,
ora zəng etdim. Qısa danışdıq. Beynəlxalq çıxış imkanı
məhdud olduğundan.
- Cavanşir
bəy, necəsiniz, səhhətiniz necədi?
- Yaxşıyam...
(Görünür, xəstəliyi ilə bağlı yayılmış
şayiələrdən xəbərdardı.
Ona görə arxayın salmağa çalışdı)
Bilmirəm, bu nə məsələdi, yayılıb, guya, ağır xəstəliyə
tutulmuşam. Məndən müsahibə alanda jurnalist xanıma demişdim ki, xəstəliyin sonu şərti mənfidir.
Xanım da “şərti” sözünü yazmayıb,
bilərəkdən, bəlkə
də bilməyərək,
amma nəticə bu oldu ki,
mənim ağır xəstəliyə tutulmağım,
həyatımın sonu
olduğu təsəvvürür
yarandı. Və xəbər bu
şəkildə yayıldı.
Oxuyanlar da qorxuya düşdü.
Təəssüf edirəm.. .
- Eldəniz müəllimdən sizi soruşanda mənə də dedi “niyə
narahatsınız, Cavanşir
bəy yaxşıdı,
səhhəti normaldı.
Bu nə xəbərdi
yayılıb belə...”.
- Düzdü, xəstəliyim oldu. Ötən il.
İndi də var. Bu çox qəribə, çox
nadir hallarda görünən
xəstəlikdir.
- Adı
nədi?
- İnanın, həkim mənə xəstəliyimin adını
deyəndə, təkrar-təkrar
soruşdum; nə?.. Uzun bir adı
var. Yadda da qalmır. Autoimmun xəstəliyi. Bu, immunitet yanlışlığı
xəstəliyidir. İmmunitet səhv
çalışmağa başlayır.
Qarşısı alınmayanda orqanları
yavaş-yavaş məhv
edir. Bütün hallarda son ölümdür.
Amma geci-tezi var. Həkim də proqnoz verəndə xəstəliyin
sonunun şərti mənfi olduğunu deyib.
- Amma müalicə alırsınız...
- Bəli. Uzunmüddətli müalicə tələb
edən xəstəlikdir.
Bir dərmandı, onu hər gün qəbul etməliyəm.
- Cavanşir
bəy, bəs niyə Kiprə geri döndünüz?
- Qalmalıydım
ki?!
- ... (Sakit qaldım)
- ...Bilmirəm, niyə hamı elə hesab edirdi ki, mən
birdəfəlik gəlmişəm?... (Elə intonasiya
ilə dedi ki, belə anladım,
həm özünə
verir bu sualı, həm də mənə)
- ... Cavanşir
bəy, şəxsən
özümün niyə
belə düşündüyünü
deyim. Sizin bir paylaşımınız
olmuşdu, işlədiyiniz
universitet tərəfindən
sizə təşəkkürnamə
təqdim olunmuşdu.
Onu paylaşmışdınız
feysbukda...
- Hansı?.. Mən belə
paylaşım etməmişəm...
- (Yenə duruxdum, nəsə anlaşılmazlıq vardı)
... Həm də yazmışdınız
ki, “dönmək fikrim var”. Sonra
da “gəlirəm...”.
- Mən məzuniyyətə gəlmişdim.
Məzuniyyətim bitdi
və getdim...
- Nə bilim, vallah... Biz elə bildik, birdəfəlik qayıtmısınız...
- Demişdim, üzümə yaxşı
baxsalar, qalacam.
- Baxmadılar
ki?
- Təəssüf
ki, olmadı.
- Sizin
bu qədər dostlarınız, sizi sevənlər var... Dostlarınız yaxşı
baxmadı, yoxsa qeyri-dostlar?
- ...Mən həmişə müsahibələrimdə
demişəm ki, hər saniyə, hər an qayıtmağa
hazıram...
- Buna görə
yəqin elə anlaşılıb...
- Amma bir şərtlə!
- ...
- Mən orda lazımamsa!.. Mənim yerimdə siz olun, lazım olmadığınız yerdə qalarsınız?..
- Heç
olmasa, istirahət edə bildiniz?
- Mən istirahət nədir, bilmirəm. Dəniz, qum, günəş...
Ömrümdə belə şeyləri
istirahət saymamışam.
Bunu vaxt itkisi hesab
etmişəm. İstirahət necə olmalıdır?
Bəzən ürəyin
açılır, bəzən
kədərlənirsən... İnsanın sevinən vaxtı
var, kədərlənən
vaxtı var.
- Şəkiyə necə,
getdiniz?
- Getdim, bəli.
- Cavanşir bəy, bir söz
deyim, yəqin inciməzsiniz. Sonuncu çəkilən fotolarda
sizi Nursultan Nazarbayevə, Oljas Süleymenova oxşadıram...
- Zatən türkük...
- Təxmin etmişdim ki, belə deyəcəksiz...
- Əlbəttə.
Onlara oxşamağım
təbiidi.
- Sizə can sağlığı arzulayırıq. Var olun, Cavanşir bəy.
- Siz də sağ olun. Salamat qalın...
Söhbətləşdi: Məlahət Rzayeva
Şərq 2021.- 4 sentyabr.- S.9.