Qarşılıqlı anlaşma mütləqdir
Gender, ailə və demoqrafiya məsələlərinin
işıqlandırılması
Bir-birini sevmək
bəzən birgə yaşayış üçün
yetərli olmur
Lalə Mehralı:
"Ailə daxilində
bir-birini anlamaq, bir-birinə hörmət göstərmək, güzəşt
etmək çox mühüm məsələdir"
"İqlimin təsirləri, qidalanma faktoru, geyimlər, dövrün cizgi filmləri və bədii filmləri, içkilər və s. bütün bunlar birbaşa insan beyinlərinə təsir edir"
Ailə çox mürəkkəb
bir fenomendir. Onun müxtəlif
tərifləri və
funksiyaları var. Tədqiqatçıların
da qeyd etdiyi
kimi: "Ailə qədər ictimai həyatın dəyişiklik,
nailiyyət, inkişaf
və çətinliklərinə
həssas olan başqa bir sosial institut yoxdur" . Ogüst Kont “ailəyə cəmiyyətin ilkin özəyi”, Georq Zimmel “insanların sosial qarşılıqlı
təsirinin bir forması”, Fredrik Le Ple ailəyə "kiçicik
cəmiyyət" kimi
baxmış və cəmiyyəti başa düşmək üçün
ailəni başa düşmək lazım olduğunu bildirib. Gətirdiyimiz bu nümunələrdən də göründüyü
kimi, ailə çoxtərəfli və
çoxşaxəli sosial təsisatdır. Bu institutun öyrənilməsi
geniş araşdırma
tələb edir.
Ailəni çox vaxt
ocağa bənzədirlər.
Ocaq isti münasibətlər yaradan,
onu soyuqdan, aclıqdan və təhlükələrdən qoruyan müqəddəs
məkandır. Hər bir
insanın, hətta hər bir xalqın
özünü təsdiq
etməsində və
inkişafında ailənin
rolu böyükdür.
Azərbaycanlılar o nadir xalqlardandır
ki,
ər və
arvad bir-birinə "həyat yoldaşı" deyirlər.
“Həyat yoldaşı”
sözünün məsuliyyəti isə daha ağırdır. Bir insanla həyatını
bağlayaraq, çətin,
ağır, firavan, xoşbəxt günlərdə
hər iki şəxs eyni həyəcanı, hissi yaşayırlar. Ümumiyyətlə, hər bir ailənin xoşbəxtlik
dərəcəsi ailədaxili
münasibətlərdən, qarşılıqlı hörmətdən,
bir-birinə göstərdiyi
anlayışdan asılıdır.
Lakin çox təəssüflər
olsun ki, cəmiyyətdə ailədaxili
zorakılığa, münaqişəyə
dair münasibət hər ailədə eyni deyil. İnsanlar bir çox hallarda bu kimi
cinayətlərə səbəb
olan halları gizli saxlayırlar. İstər qonşular, istərsə də yaxın ailə üzvləri bu kimi hallar
haqqında məlumatı
yalnız çox ağır sonluqla nəticələndikdə bildirirlər.
Ötən gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin
sədri Bahar Muradova mətbuata açıqlaması zamanı
bildirib ki, bütün dünyada pandemiya ilə əlaqədar ailədaxili
zorakılıq, münaqişə
halları yaranır:
"Müharibənin də
insanlarda yaratdığı
psixoloji fəsadları
görməzdən gəlməməliyik.
Bu səbəblərdən qəddarlıq, şəxsiyyətə
qəsdən zərərvurma,
cinayət halları daha qabarıq şəkildə meydana çıxır". O, həmçinin
qeyd edib ki, istənilən halda əgər bir zorakılıq halı varsa, biz bunu cəmiyyət olaraq qəbul etməməliyik. Buna səbəb
olan dəyər, mentalitet adlandırdığımız
mənfi stereotipləri
aradan qaldırmalıyıq:
"Cəmiyyət olaraq
bu sahədə şəffaflığı artırmalıyıq.
Hər hansısa bir ictimai təşkilat bunu təkbaşına bacara bilməz. Xalq olaraq bu kimi
hallara laqeyd, biganə yanaşmadan onların qarşısını
almalıyıq". Bu il avqustun sonuna
qədər komitəyə
212 ailədaxili zorakılıq
faktları haqqında
məlumat daxil olduğunu vurğulayan B.Muradova hər ay bununla bağlı 12-15 məlumat daxil olduğu halda, avqust ayında bu rəqəmin 46-ya yüksəldiyini bildirib:
"Bu çox narahatedici
haldır. Müraciət edənlərin böyük
qismi psixoloji təzyiqdən şikayət
edən qadınlardır.
Bu halların aradan qaldırılması
üçün beynəlxalq
əlaqələrimizdən istifadə edərək müxtəlif layihələrin
reallaşdırılmasına, müvafiq qanunvericiliyin təkmilləşdirilməsinə, ən əsası isə cəmiyyəti məlumatlandırmağa üstünlük
veririk".
Ailə qurmamışdan
öncə münasibətlərin
düzgün dəyərləndirilməsi,
ailəni qurmaqda əsas məqsədin müəyyən edilməsinin
çox mühüm olduğunu deyən sosioloq Lalə Mehralı "Şərq"ə
açıqlamasında bildirib
ki, əslində ailədə yaranan mübahisələrin əsas
səbəbi qarşılıqlı
anlaşmanın olmamasıyla
əlaqəlidir. Sosioloq qeyd
edib ki, ailədə insanlar bir-birini sevə bilərlər, lakin birgə yaşayış
üçün bu
hiss bəzən yetərli
olmur. Ona görə də bir-birini anlamaq, bir-birinə hörmət göstərmək, güzəşt
etmək çox mühüm məsələdir:
"Ailədaxili münasibətlərin tənzimlənməsi, ailədə baş verən mübahisələrin səbəbləri hər zaman aktuallıq kəsb edib. Karantin dövründə isə bu aktuallıq daha da artır. Çünki bir qayda olaraq, tədqiqatçılar bildirirlər ki, böhranlı vəziyyətlərdə hər zaman ailələrdə münaqişələrin sayı artır. Ancaq mən heç də o fikirlə razı deyiləm ki, böhran şəraitində ailədaxili zorakılıqlar artır. Əslində bu, dövrün yaratdığı çatışmazlıqlardır. Tarixə nəzər saldıqda görürük ki, bizim ölkəmiz dünyanın ən dağıdıcı müharibələrindən birinin həm iştirakçısı, həm də şahidi olub. Qeyd edim ki, hətta, SSRİ-nin tərkibində olanda Böyük Vətən müharibəsinin birbaşa iştirakçısı olub. Sual yarana bilər ki, niyə o dövrdə bu cür ailədaxili zorakılıqlar, şiddət, qətl kimi hadisələr baş vermirdi? Bu günləri bu kimi amilləri dövrün yaratdığı diskomfortla, psixoloji gərginliklə, psixoloji çatışmazlıqlarla, böhran şəraitində insanların daha aqressivləşməsi ilə əlaqələndirirlər. Əslinə qalanda isə insanlar yenə də tamamilə normaldır.
Əlbəttə, insan aqressiv ola bilər, qətl və ya şiddət tətbiq edə bilər. Ancaq bunu hər zaman iqtisadi problemlə, sosial çatışmazlıqlar əlaqələndirirlər. Amma analiz edən beyinlər yaxşı başa düşür ki, bunun altında çox böyük sual işarəsi var. İnsanlar niyə ən adi problemlərdə bu qədər qəddarlaşa, zorakılıq göstərə bilirlər? Niyə insanlarda səbr, empotiya yoxdur?
Bilirik ki, bunlar ən adi insanlıq duyğuları, hissləridir. Niyə bu dövrün insanında bu hisslər yoxa çıxıb? Əlbəttə ki, iqlimin təsirləri, qidalanma faktoru, geyimlər, dövrün cizgi filmləri və bədii filmləri, içkilər və s. bütün bunlar birbaşa insan beyinlərinə təsir edir. Hətta hazırda insanların düşüncə və analiz qabiliyyətləri üzərində hegemonluq etmək də mümkündür. Yəni məşhur söz var: "İnsan nə yeyirsə odur". İnsanlar hazırda genetik dəyişdirilmiş qidalardan, kimyəvi sulardan istifadə edirsə, bu, əlbəttə ki, onun düşüncə tərzinə, psixologiyasına da böyük təsir göstərəcək. Odur ki, şüuraltında gizlənən zorakılıq, şiddət və qətlə meyillilik özünü belə kritik anlarda büruzə verir. Nəticədə özünü gizlədən zorakılıq hissi ən kritik anı gözləyir və özünü büruzə verir. Bir məqamı da qeyd edim ki, ailədə yaşanan hər bir gərginlik, mübahisə, münaqişə uşaqlara da birbaşa təsir edir. Bu təsir hətta uzunmüddətli olub, həyatı boyu da davam edə bilər. Onu da qeyd edim ki, hər bir ailədə böyüyən və tərbiyə alan insan, bütövlükdə dünyaya təsir edə bilir və onun təməlini təşkil edir. Ona görə də ailə daxilində olan bu problemlərə diqqət yetirmək xüsusi önəm tələb edir".
Aynurə Pənahqızı
Şərq 2021.-
7 sentyabr.- S.11.