Qarabağ Zəfəri yeni üfüqlər açıb

 

Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi

 

Hədəfimiz böyüdükcə, millət olaraq da böyüyürük

 

Gənclərimiz türk tarixi və ədəbiyyatı ilə daha yaxından maraqlanmağa başlayıblar

 

Ölkədə koronavirus infeksiyasının sürətlə yayılmasının qarşısını almaq məqsədilə Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası (MEK) da bir çox müəssisələr kimi oxucularına elektron (onlayn) xidmət göstərir. MEK-dən bildirilib ki, bu müddət ərzində kitabxananın zəngin fondlarına əsas müraciət AMEA-nın elmi-tədqiqat institutlarından, həmçinin tədqiqat işi aparan alimlər, ali məktəb müəllimləri, tələbələr və müxtəlif sahələrdən olan geniş oxucu kütləsi tərəfindən edilib.

 

Mərkəzi Elmi Kitabxananın Xidmət şöbəsinin müdiri Ofeliya Yunusovanın verdiyi məlumata əsasən, pandemiya dövründə kitabxanaya edilən müraciətlərin statistikasına nəzər saldıqda daha çox elmi-tədqiqat mərkəzləri tərəfindən elmi araşdırmalarla bağlı müraciətlər üstünlük təşkil edib. Elmi əsərlər jurnallarına, siyasi, tibb, tarixxarici ədəbiyyatlara, xüsusilə türk ədəbiyyatlarına ehtiyac yaranıb. 44 günlük Vətən müharibəsi dövründə qazanılan şanlı qələbəmizlə əlaqəli qəzet və jurnal materiallarına və digər nəşrlərə müraciətlər olunub. “Nizami Gəncəvi ili”ndə oxucular tərəfindən dahi şairin yaradıcılığına məxsus kitablara maraq daha da artıb. MEK-ə edilən müraciətlər arasında müxtəlif yaş kateqoriyasında olan oxucular, xüsusilə gənclər bədii kitablara daha çox üstünlük veriblər.

 

AMEA əməkdaşı, türkoloq-alim Faiq Ələkbərli "Şərq"ə açıqlamasında bildirib ki, son zamanlar türk tarixinə və ədəbiyyatına maraq xüsusilə artıb. O qeyd edib ki, elmi jurnallara, siyasi, tibb, tarixxarici ədəbiyyatlara, xüsusilə türk ədəbiyyatlarına ehtiyacın yaranması heç də təsadüfi deyil:

 

"Elm sahəsində müəyyən irəliləyişlərin əldə olunmasından sonra bu cür əsərlər maraq yenidən oyanıb. Xüsusilə, 44 günlük Vətən müharibəsindən sonra əldə etdiyimiz zəfər həm yeni qələbəmizə, həm də tarixi keçmişimizə maraq oyatdı. Məhz bu səbəbdən xalqımız həm yeni, həm də köhnə tarixini yaxından öyrənməyə çalışır. Ötən il əldə etdiyimiz Qarabağ Zəfəri gənclərimiz arasından yeni üfüqləri oyatdı. Çox sevindirici haldır ki, gənclərimizin bir çoxu türk tariximizlə daha yaxından maraqlanmağa başlayıb. Türkiyənin Azərbaycanla bir çox sahələrdə yaxından əməkdaşlığı, yəni bir çox anlarda birgə hərəkət etməsi də buna öz müsbət təsirini göstərir. Təbii ki, bu amillər gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsində və vətənpərvərlik hisslərinin tərbiyəsində mühüm amildir. Ona görə də gənclərimizin türk tarixinə maraq göstərməsini təqdirəlayiq hesab edirəm.

 

 Pandemiya dövrü olduğundan çox təəssüflər olsun ki, Mərkəzi Elmi Kitabxana, Mirzə Fətəli Axundov adına kitabxanas. kitabxanalarımız tam şəkildə fəaliyyət göstərə bilmir. Ancaq bütün bunlara baxmayaraq gənclərimiz istər əyani, istərsə də virtual formada türk ədəbiyyatları ilə maraqlanırlar. Ümumiyyətlə, 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan gənclərimizin özünə inamını da artırdı və gələcəyə daha nikbin baxmasına müsbət təsir göstərdi.

 

Ümid edirəm ki, pandemiya tamam bitdikdən sonra istər gənclərimiz, istərsə də dahi mütəffəkirlərimiz, siyasi xadimlərimiz tariximizlə, ədəbiyyatımızla daha yaxından maraqlanacaqlar".

 

F.Ələkbərli diqqətə çatdırıb ki, orta məktəblərdə ortaq türk tarixinin tədrisinin başlanılması və Zəfər tarixinin tədris olunması gənclərimiz arasında vətənpərvərlik hisslərinin tərbiyəsinə müsbət təsir göstərəcək: "Çünki onlar yeni nəslin nümayəndələridir və Müstəqil Azərbaycanın övladlarıdır. Onlar bu müstəqilliyi nəinki qorumaq, gücləndirmək, eyni zamanda Azərbaycanımızın daha da güclənməsini öz qarşılarında görəcəklər. Onlar indi özlərini 50-60 milyonluq Azərbaycanlı çərçivəsində görürlər.

 

Bu mənada onlar artıq təkcə Azərbaycan Respublikasının sərhədlərini, yaxud da onun tarixi ədəbiyyatı  ilə kifayətlənmək istəmirlər,onlar bütöv Azərbaycanı da öyrənmək istəyirlər. Yəni hədəflərimiz daha da genişlənir. Hədəflərimiz böyüdükcə  tarixə, ədəbiyyata və digər məsələlərə marağımız da təbii ki, artır.

 

Üstəlik də ümumtürk tarixinə və bütöv Azərbaycan tarixi ədəbiyyatına. Təbii ki, yeni nəslin bu məsələ aktiv olmasını təbii qarşılamaq lazımdır. Mənə elə gəlir ki, pandemiyadan bitdikdən sonra bu daha da güclü bir sürət alacaq. Gənclərimizin türk tarixinə, ədəbiyyatına marağı daha da güclənəcək. Bu sahədə çalışmalar, elmi işlər də çox olacaq. Çünki artıq Azərbaycan böyüyürTürk xalqların birliyi də güclənir".

 

Aynurə Pənahqızı

 

Şərq  2021.- 23 sentyabr.- S.6.