Qarabağda hüquqi təsisatlar formalaşdırılır

 

Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu

 

İşğaldan azad edilmiş ərazilərdə bütün dövlət strukturları, ictimai birliklər, vətəndaş cəmiyyəti institutları olacaq

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin işğaldan azad edilmiş ərazilərdə yeni hərbi prokurorluqların yaradılması haqqında 1 aprel 2021-ci il tarixli Sərəncamının icrası ilə əlaqədar Kəlbəcər və Qubadlı rayonlarında müvafiq hərbi prokurorluqların inzibati binalarının inşasına başlanılaraq qısa vaxt ərzində  başa çatdırıldı. Sentyabrın 26-sı və 27-də Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə Respublika Baş Prokurorluğunun və Hərbi Prokurorluğun rəhbər əməkdaşlarından ibarət nümayəndə heyəti Kəlbəcər və Qubadlı rayonlarında səfərdə oldular və Kəlbəcər, Qubadlı Hərbi Prokurorluqlarının yeni inzibati binalarının açılış mərasimində iştirak etdilər.

 

Qeyd edilir ki, yeni inzibati binalar prokurorluq əməkdaşlarının xidmətlərini daha səmərəli və peşəkar təşkil etmələri üçün yüksək şəraitə, eləcə də müasir maddi-texniki təminatla təchiz edilib. Baş Prokuror hər iki hərbi prokurorluğun, eləcə də Kəlbəcər və Qubadlı rayon prokurorluqlarının əməkdaşları ilə görüşüb, onlara fəaliyyətləri ilə bağlı tapşırıq və tövsiyələrini verib. Həmçinin, Respublikanın Hərbi Prokuroru Xanlar Vəliyev də hərbi prokurorluqlarda yaradılmış şəraiti ilə tanış olaraq əməkdaşlarla görüşüb fəaliyyətlərində uğurlar arzu edib.

 

Göründüyü kimi işğaldan azad edilmiş ərazilərdə dövlət strukturları, o cümlədən də hüquqi təsisatlar ləngimədən formalaşdırılır. Əlbəttə ki, burada əsas məqsəd işğaldan azad edilmiş ərazilərdə hüquqi dövlət prinsiplərinə əməl olunması üçün müvafiq strukturların qısa zamanda fəaliyyətə başlamasıdır. 28 il müddətində yurdundan-yuvasından didərgin düşmüş soydaşlarımız və ümumiyyətlə, işğaldan azad edilmiş ərazilərə istər səfər edən, istərsə də o torpaqlarda məskunlaşmaq, yaxud, sahibkarlıqla məşğul olmaq, yerlərinin açılmasında iştirak etmək, xidmət sektorunu canlandırmaq istəyində olanlar ilk növbədə hüquqi təsisatlarla qarşılaşmalıdır. İnsanlardan əvvəl bu ərazilərə ilk növbədə qanun ayaq açmalıdır. Təbii ki, qanunun aliliyinin təmin olunduğu yerdə rifahrahat yaşayış da olacaq.

 

Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, hüquq müdafiəçisi Əliməmməd Nuriyev “Şərq”ə açıqlamasında Kəlbəcər və Qubadlı rayonları ərazisində hərbi prokurorluğun fəaliyyətə başlamasını mühüm addım hesab etdiyini dedi:

 

- İşğaldan azad edilmiş ərazilərdə bütün dövlət strukturları, ictimai birliklər, vətəndaş cəmiyyəti institutları olacaq. Bu istiqamətdə ilk görülən işlərdən biri kimi məhz hüquqi təsisatların formalaşdırılması Azərbaycan dövlətinin qanunun aliliyini üstün tutduğunu göstərir. Azərbaycan ordusu torpaqlarımızı işğalçılardan təmizlədiyi, ərazi bütövlüyümü təmin etdiyi günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev  “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” fərman imzaladı. Bu o deməkdir ki, ərazilər işğaldan azad edildikcə orada artıq hüquqi təsisatlar formalaşırdı.  Cənab Prezidentin 2021-ci il 2 fevral tarixli 2469 nömrəli Sərəncamı ilə "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"  Planı təsdiq edilib. Qeyd edilən Sərəncama əsasən qabaqcıl beynəlxalq təşkilatlar və ixtisaslaşmış məsləhətçi şirkətlərlə səmərəli əməkdaşlığın həyata keçirilməsi və aidiyyəti dövlət orqanlarının, elmi təşkilatların, mütəxəssislərin və vətəndaş cəmiyyəti təsisatlarının cəlb olunması vasitəsilə "2021-2025-ci illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın hazırlanması məqsədi müəyyənləşdirilir. Bu çərçivədə regionda təhlükəsizliyin, sabitliyin, rifahın və qarşılıqlı faydalı əməkdaşlığın formalaşması istiqamətində qəbul olunan prioritetlər sırasına həm də dinamik, inklüzivsosial ədalətə əsaslanan cəmiyyətin  formalaşması da daxildir. Bu o deməkdir ki, bütün ölkə ərazisində, o cümlədən də işğaldan azad edilmiş ərazilərimizdə vətəndaş cəmiyyəti təsisatları və hüquqi dövlət quruculuğu üçün bütün imkanlar yaradılacaq. Bu gün Hərbi Prokurorluqların inzibati binalarının açılışı oldu, sabah mülki idarəetmə strukturları üçün inzibati binalar tikiləcək və bundan vətəndaşlar faydalanacaq. Niyə ilk olaraq hərbi prokurorluq  işə başlayır, çünki işğaldan azad edilmiş ərazilərdə hazırda hərbçilər var. Mülki əhalinin kütləvi qayıdışı hələ başlamayıb.  Qanunun aliliyinin təmin edilməsi üçün hərbi prokurorluğun fəaliyyətə başlaması mütləqdir. Eləcə də Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili İşlər Nazirliyinin azad edilmiş rayonlar üzrə şöbələri, bölmələri mütləq olmalıdır. Bilirik ki, ermənilər hər cür təxribatlara meyillidir və törətməyə cəhd edirlər. Bu təxribatların qarşısının alınması üçün güc strukturlarının vaxt itirmədən fəaliyyətə başlaması xüsusilə vacibdir. Bu, qanunçuluğun təmin edilməsində dövlətin iradəsini və gücünü təsdiq edir.

 

Ə.Nuriyev qeyd etdi ki, dövlət strukturları ilə yanaşı işğaldan azad olunmuş ərazilərdə müxtəlif təsisatların, xüsusilə fondlarictimai birliklərin fəaliyyəti də vacibdir:

 

- Vətəndaş cəmiyyəti daim aktiv olmalıdır. Necə ki, hazırda paytaxtda və ölkənin digər regionlarında müxtəlif ictimai birliklər, vətəndaş institutları fəaliyyət göstərir, işğaldan azad edilmiş ərazilərdə də belə olmalıdır. İctimai təsisatlar dövlət strukturları ilə yanaşı çalışmalıdır. Çünki vətəndaşların sosial müdafiəsi, dövlət tərəfindən həyata keçirilən tədbirlərə məhz vətəndaş institutları əlavə dəstək verə bilər. Rəsmi strukturlar da vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılmasına dəstək verməlidirlər.

 

Məlahət Rzayeva

 

Şərq.-2021.-30 sentyabr.-S.6.