"Şuşanın
havasındandır..."
Bəyimxanım Cavanşir – Verdiyeva:
"Görürsüz, şəhərə ayaq basan əsgərlərimizin
hamısı oxuyurdu"
"Mehriban
Əliyeva çox zövqlü xanımdır, inanıram ki,
Şuşanın dünyanın ən gözəl şəhərlərindən
birinə çevrilməsində əsas aparıcı
qüvvə olacaq"
Mayın 7-si idi. Yuxuda gördüm Şuşadayam... Ayağımın
altında Şuşanın daş yoludu. Şuşanın
daşları da başqadı. Yağış
yağanda par-par parıldayır. İnanmadım.
Başımı qaldırdım, başımın
üstündə Gəncə qapısını
gördüm, bilirsiz bəlkə də, Şuşaya bir
neçə tərəfdən giriş var, biri də Gəncə
qapısındandı, dedim, ay Allah, mən Şuşadayam?!. Yuxumu Zöhrə xanıma
danışdım (Zöhrə Abdullayevanı nəzərdə
tutur – red.) . O da Şuşalıdı
axı... O vaxt hələ Şuşa
işğalda idi. Noyabrın 8-i Şuşa
azad olundu. Deməli, Şuşa mənə
yuxumda xəbər vermişdi, azad olacağını...
Xan Şuşinskinin – Xan əminin qızı – Bəyimxanım
Cavanşir–Verdiyeva danışır bunları. Daha bu
xanıma Xan qızı deyə müraciət edəcəyik.
Əvvəldə görkəmli sənətkarımız
Xan Şuşinskinin adını ona görə
xatırlatdıq ki, Şuşanın Xan qızı Natəvanı
var. Bu da Azrbaycan üçün bir fəxarət, həm də
bir lütfdür. Bir Xan qızı tarixdən
bizi boylanırsa da, biri aramızdadır. Allah can sağlığı versin. Xan qızı adına layiqdir Bəyim xanım. Davranışı, nəzakətli
danışığı, təmkini daxili mədəniyyətinin
alicənab nəslə mənsub olmasının göstəricisidir,
zahiri də bu göstəriciləri tamamlayır. Məlumdur ki, Xan Şuşinski Pənahəli
xanın soyundandı. Soyadı Cavanşir
olub. Sonra, təbii sovetləşmə
zamanı xan soyunu arxa plana keçirməli olub, görkəmli
xanəndəmiz, muğam ustadımız Xan əmi də
Şuşinski təxəllüsünü seçib. Bəyimxanım bunları efirdə, verdiyi müsahibələrdə
danışıb. Bizim ona budəfəki müraciətimiz
“Şuşanı necə görmək istərdiniz?” mövzusu ətrafında
fikirlərini dinləmək istəyimizlə bağlı idi.
O da ürəyindən keçənləri dilə gətirdi:
- Əvvəla onu deyim ki, çox xoşbəxtəm. İllərin Şuşa həsrətinə son qoyuldu. Mədəniyyət mərkəzimiz, gözəl
Şuşamız özümüzə qayıtdı. Mən cənab Prezidentə təşəkkür
edirəm, öz qətiyyəti sayəsində, ordumuz
gücü ilə Şuşanı Azərbaycana qaytardı.
Mən şəhidlərimizin ruhu
qarşısında, onları böyüdüb boya-başa
çatdıran valideynləri qarşısında, qəhrəman
əsgərlərimizin, Şuşamızı güllədən,
silahdan da ziyadə yalın əllə, ürəklərindəki
təpərlə azad edən əsgərlərimizin
qarşısında baş əyirəm. Bundan
böyük xoşbəxtlik təsəvvür etmirəm.
Çox sevinirəm...
- Bəyimxanım, cənab Prezident
Şuşanı mədəniyyət mərkəzi elan etdi. Bir sıra işlərin görüləcəyini bəyan
etdi. “Vaqif Poeziya günləri”nin, “Xarıbülbül”
festivalının bərpa olunacağını söylədi
və bir çox layihələrin icra olunacağının
anonsunu verdi. Sadəcə, istədik, sizin
də fikirlərinizi öyrənək. Bir şuşalı
kimi, həm də Xanın qızı kimi ürəyinizdən
keçənləri bizimlə bölüşəsiniz. Şuşanı necə görmək istərdiniz?
- Pənahəli
xan Şuşanın təməlini qoyanda bunu yalnız bir
istehkam, qala olaraq nəzərə almayıb. Pənahəli
xan Şuşanın həm də məskunlaşma yeri kimi təməlini
“atıb”. Demək, Şuşa
qalasına dövrün görkəmli sənətkarlarını,
musiqiçiləri, hər sahənin bilicilərini,
ziyalıları toplayıb, həm də zahirən surəti
gözəl insanları toplayıb. Şuşa mədəniyyəti,
Şuşa incəsənəti,
Şuşa insanları belə formalaşıb. Ən
yaxşıları seçib Şuşa
üçün. Şuşa təbiətinin
füsunkarlığı, təkrarsızlığı bəllidir.
Görürsünüz, Şuşaya ayaq basan əsgərlərimizin
hamısı oxuyurdu. Şuşanın
havasındandı bu. Mən İsveçrənin Sürix
şəhərində olmuşam, adətən tərifləyirlər
oranın havasını, amma Şuşanın havası orda da
yoxdu. Şuşanın havası ancaq
Şuşadadı. Prezidentimizin dediyi kimi, Şuşa
abadlaşacaq, dirçələcək. Biz
Şuşanı tanıtmalıyıq, dünyanın mədəniyyət
mərkəzi kimi tanıtmalıyıq, təkcə Azərbaycanın,
ya da Qafqazın deyil. Mən bir dəfə demişəm,
Şuşa üçün Qafqazın
konservatoriyası deyirlər, Şuşa təkcə
Qafqazın deyil, bütün Şərqin
konservatoriyasıdır. Şuşanın yetişdirdiyi
görkəmli şəxsiyyətlər saymaqla bitməz...
- Bəyimxanım, hamımız
Prezidentin Şuşaya səfərini izlədik. Xan
qızı Natəvanın, Üzeyir bəyin,
Bülbülün abidələri Şuşaya qayıtdı,
Prezident, birinci vitse-prezident Mehriban xanım da abidələrin
açılışını etdilər. Təbii ki, abidələr
layiq olduqları yerdə qoyulacaq, ev-muzeyləri də bərpa
ediləcək. Başqa nələrin edilməsini
istərdiniz? Fikrinizdə nəsə
varmı?
- Mən
düşünürəm ki, Şuşada konservatoriya
açılmalıdır. Həm də
paytaxtdakı Azərbaycan Milli Konservatoriyasının
filialı deyil, birbaşa konservatoriyanın özü. Çünki paytaxtdakı konservatoriyanın əsasını
qoyan dahilər elə Şuşalıdılar. Milli
konservatoriyamızın binası Bakıda idisə də,
beşiyi Şuşa idi. Şuşada
idi. İndi də elə olmalıdır.
Kök Şuşadır. Mənbə
Şuşadadır. Məsəl var,
Qarabağda analar segah üstə lay-lay deyir. Uşaqlar da şikəstə üstə
ağlayırlar. Bunlar elə-belə,
söz xatirinə deyilməyib. Şuşanın
havasıdır oranın insanlarına segah, şikəstə
oxutduran. Şuşada təbii ki, musiqi məktəbləri,
bəlkə də musiqi kolleci olacaq. Amma
konservatoriya mütləq olmalıdır. Azərbaycan
musiqisi paytaxtdan yox, Şuşadan dünyaya
yayılmalıdır. Şuşa təkcə
musiqi, muğam beşiyi deyil. Yəqin
bilirsiniz, Azərbaycan xalçaçılıq məktəbinin
ustadı Lətif Kərimov da şuşalı olub. Azərbaycan xalça sənəti onsuz da dünyada
məşhurdu. Amma biz Şuşanı həm
də Azərbaycan-Qarabağ xalçaçılıq məktəbinin
ayrılmaz bir parçası kimi tanıtmalıyıq. Şuşada xalçaçılıq məktəbi
yaradılmalıdır və bu sənət növü
inkişaf etdirilməlidir. Qarabağ mətbəxinin
özü, tanınmağa layiqdir. Qarabağ
mətbəxi bütün digər regionlardan fərqlənir.
Öz xüsusiyyətləri olan bir mətbəxdir.
Biz Şuşaya təkcə incəsənət,
mədəniyyət mərkəzi kmi deyil, həm də elm
ocağı kimi baxmalıyıq. Azərbaycanın
görkəmli alimlərini yetirib Şuşa
torpağı. Qəhrəmanlar yetirib bu torpaq.
- Məsələn,
Qəbələdə beynəlxalq musiqi festivalları
keçirilir. Son bir ili nəzərə
almasaq, pandemiya səbəbindən, neçə illərdir Qəbələ
qonaqlar qarşılayır. Belə səpkili
festivallar da yəqin ki, Şuşada təşkil olunacaq.
-
Sözsüz. Üzeyir bəyin, Zülfüqar
bəyin, Niyazinin, Süleyman Ələsgərovun...
adlarını sadalaya bilmədiyim neçə-neçə
dahi sənətkarımızın xatirəsinə musiqi
festivalları keçirilə bilər. Atam Xan
Şuşinskinin bu il 120 illiyidir. Onun da ruhu şaddır. Doğma
Şuşasına doğma sahibləri qayıdıb. Xan Şuşinskinin də yubiley tədbirləri yəqin
ki, keçiriləcək. Mehriban xanım
Əliyeva çox zövqlü xanımdır. Mən inanıram ki, muğam sənətimizi, milli-mənəvi
dəyərlərimizin qorunmasında bilavasitə iştirak edən
Mehriban xanım Şuşanın dünyanın ən gözəl
şəhərlərindən birinə çevrilməsində
əsas aparıcı qüvvə olacaq. Şuşa
muzeylər, sənətkarlıq şəhərinə
çevriləcək.
- Həm
şuşalılar, həm də ümumən
qarabağlılar, işğaldan azad edilmiş bölgələrin
sakinləri deyir ki, yurdumuza qayıdanda tanış
mənzərələri görmək istəyirik. İlk baxışda, ilk addımda buranın bizim
vaxtilə tərk etdiyimiz yurd yerimiz olduğunu yenə görkəm
istəyirik. Necə etmək olar ki, Şuşaya yol alan adam məhz Şuşaya ayaq
basdığını hiss etsin? Şəhərin girişindəki
məlum “Şuşa yazısından savayı...
- Gəncəyə
gedənlər oranın Nizami yurdu olduğunu irəlilədikcə
hiss edirlər, Nizaminin “Xəmsə” qəhrəmanları
insanları qarşılayır, yola salır. Demirəm,
Şuşaya gəlib-gedəni Üzeyir bəy, Pənahəli
xan, yaxud Xan qızı Natəvan qarşılasın. Çünki Şuşanın o qədər
görkəmli şəxsiyyətləri var ki,
hamısının abidəsini qoymaq, hamısını şəhərin
girişində nümayiş etdirmək
mümkünsüzdür. Amma indi
müasir texniki vasitələr var, müxtəlif üsullarla
işıqlandırma, nümayiş etdirmə, aydınlatma
işləri aparmaq mümkündür. Elə bir layihə
olmalıdır ki, özündə bütün
Qarabağı əks etdirsin və Şuşa
da daxil, bütün Qarabağın Azərbaycana aid
olduğunu əks etdirsin. Milli ornamentlər
mütləq olmalıdır. Şuşanın
alınmasında igidlik göstərənlərin xatirəsinə
abidə-kompleks mütləq olmalıdır. Şuşa unikal şəhərdir. Biz bu unikallığı qoruyub saxlamalıyıq.
Və dünyaya göstərməliyik. Şuşanın təbiəti görün necə
məxsusidir ki, xarıbülbül çiçəyi
yalnız orda bitir. Şuşa işğal
olunmuşdu, təbiət də küsmüşdü,
xarıbülbül də küsmüşdü. İndi Şuşanın əzəli sakinləri
qayıdır, xarıbülbül yenə çiçək
açacaq.
- Hazırlaşırsınız,
Şuşaya getməyə?
- Əlbəttə, icazə verilən kimi gedəcəyik.
- Eviniz qalır?
- Yox. Dağıdılıb. Babamın 3 kəndi
olub Şuşa ətrafında. Sonra təbii ki, ailənin əlindən
alınıb. Sonralar atam Şuşada
Üzeyir bəyin qardaşı Zülfüqar bəyin evini
almışdı. Üzeyir bəyin evinin
qonşuluğunda 2 mərtəbəli ev
idi. Çuxurməhlə adlanan yerdə. Evimizə qonaqlar çox gəlirdi. Ümumiyyətlə,
Şuşada hansı evin yanından keçirdin, mahnı,
musiqi sədaları gələrdi...
- Səhv
etmirəmsə, siz Xan Şuşinski Fondunun rəhbərisiniz...
- Bəli. Fond 10 ildir fəaliyyət göstərir.
Bizim xarici səfərlərimiz olub. İngiltərə, Fransa,
İtaliya, Avstriyada səfərdə olmuşuq. Sərgilər,
konsertlər təşkil etmişik. Həmişə belə
səfərlərə gedəndə Qarabağla bağlı
kitablar, fotolar aparırdım özümlə, ürək
ağrısı ilə sərgilər təşkil edirdik.
Şükür Allaha ki, qalib ölkənin vətəndaşıyıq
artıq.
İnanın, Prezidentin Şuşaya səfərini göz yaşlarıyla izləyirdim, həm də qürurlanırdım ki, Şuşa artıq bizimdir. Biz ora qayıtmışıq.
Məlahət
Rzayeva
Şərq 2021.- 20 yanvar.- S.9.