Televiziyaların xəbər
formatları bir-birinə
çox bənzəyir
Aparıcı heç
bir halda öz mövqeyini tamaşaçıya sırımamalıdır
Televiziyada xəbər aparıcılarında
dil qüsurları problemi hələ də öz aktuallığını qoruyur. Keçirilən monitorinqlər fonunda xəbərdarlıqlara baxmayaraq
Azərbaycan televiziya məkanında kifayət qədər çatışmazlıqlara
rast gəlmək mümkündür. Başlıca qüsurlar isə aparıcıların peşəkarlığı
ilə bağlıdır.
Təəssüflər olsun ki, efirə çıxan xəbər aparıcılarının
böyük əksəriyyətinin
nə jurnalistikanın
qaydalarından, nə
də ədəbi dilin normalarından anlayışı var. Bəzi
aparıcıların nitqində,
davranışında, geyimində
xeyli nöqsanlar gürülməkdədir. Aparıcıların əksəriyyətinin dialekt sözlərdən istifadə etməsi, ləhcə ilə danışması, nitqlərində
loru, kobud ifadələrə yol verməsi də artıq adi hal alıb. Nəzərə alınmalıdır ki, televiziya kütləvi informasiya vasitələri içərisində
ən çox baxımlı və populyar olanıdır.
Televiziya kanallarına baxan adamlar oradakı hər bir sözü,
hər bir ifadəni çox ciddi qəbul edirlər. Bu səbəbdən
efirdə hər hansı bir yanlışlıq ciddi bir rezonans doğurur
və daha geniş yayılır.
Sovet dövründən
sonra özəl telekanalların sayı az olduğu
üçün telekanallara
daha çox səlis danışmağı
bacaran, görünüşü
fotogenik olan adamlar buraxılırdı.
Amma özəl telekanalların
sayı artdıqca, ümumiyyətlə, verilişlər
çoxaldıqca qaydalara
əməl etmək unuduldu. Bir sözlə, telekanallarımız
insanların zövqünə
adekvat deyil. Aparıcılar tamaşaçı
və peşəkarlar
qarşısında məsuliyyət
hiss etmədikdə peşələrinə
dırnaqarası yanaşırlar.
Efirdə dialekt və
şivələrdən istifadə
edilməsi halları da məhz məişət
davranışının nəticəsi
olaraq meydana gəlir. Bundan başqa efir
görünüşlərində də ciddi nöqsanlar
aşkarlanmaqdadır. Media
ekspertləri hesab edirlər ki, dil-üslub redaktə edən şəxslər aparıcı ilə xüsusi şəkildə
məşğul olmurlar.
Onların sözlərinə görə, televiziya aparıcılarından edilən
tələblər yüksək
səviyyədə deyil.
Burada yaş meyarı əsas götürülməlidir.
Bunun nəticəsidir ki, bəzən aparıcılar
efir məkanında hər sahədə ciddi nöqsanlara yol verirlər.
Media eksperti Zeynal
Məmmədli də
"Şərq"ə açıqlamasında
bu günləri efir məkanında xəbər aparıcılarında
çoxsaylı qüsurların
olduğunu qeyd edib. Onun sözlərinə
görə, xəbər
proqramının özündə
də kifayət qədər nöqsanlar görülməkdədir:
"Bu gün xəbər
proqramlarında prodüser
işi yetərli deyil. Bir xəbər proqramının
mütləq prodüseri
olmalıdır. Çünki prodüser proqramda hansı mövzular hazırlayacağını, hansı
bilgiləri verəcəyini,
xəbərlərin necə
sıralanacağını əvvəlcədən müəyyənləşdirir.
Yəni burada tək sıralamaq işi deyil, tamaşaçı marağını idarə
eləmək üçün
xəbərin hansı
formatda verəcəyini
də o müəyyənləşdirməlidir.
Təbii ki, xəbər proqramının
formatının içində
də müxtəliflik
var. Məsələn, səs
müxtəlifliyi, kadr
müxtəlifliyi, görüntülərin
keyfiyyət və zənginliyi, təbii nitqlərdən istifadə
və s. bütün bunlarla bağlı peşəkarlığın çatışmadığı
açıq-aydın hiss olunur".
Media eksperti vurğulayıb ki, çox təəssüf ki,
teleməkanımızda xəbər
formatları bir-birinə
çox bənzəyir:
"Xəbər hazırlayarkən
ilk növbədə "Nə
ilə başlayıram? Necə davam
etdirirəm? Bunun son nöqtəsi
haradır? Hadisəni necə
çözəcək? Necə bitirəcək? bu kimi amillərə
xüsusi diqqət yetirilməlidir. Bu baxımdan bizim xəbər proqramları çox təəssüf
ki, bir-birinə bənzəyir. Halbuki, tamam
fərqli olmalıdır.
Yəni tamaşaçı efiri canlı izləməsə
belə, aparıcının
xəbər təqdimatı
ilə hansı kanalın olduğunu müəyyən etməlidir.
Məhz buna maksimum fikir
verilməlidir. Bunu az-çox
təmin edən hesab edirəm ki, hələlik "ARB
24" kanalıdır. Qeyd edim ki, efir
məkanında ilk növbədə
parlaq aparıcı və fərqli format olmalıdır. Yəni hər
birinin öz siması olmalıdır.
Bu baxımdan çox ciddi qüsurlar aşkarlanmaqdadır. Bəzən xəbər proqramında
aparıcıya çox
yer verirlər. Məsələn, Xəzər TV-də
xəbər aparıcısının
danışığı, o cümlədən də xəbərlər nə qədər yer tutur. Bu, heç
bir baxımdan mümkün deyil. Burada prodüserin zəifliyi ön plana çıxır".
Xəbər cümlələrində ciddi səhvlərin mövcud olduğunu qeyd edən ekspert əlavə edib ki, bu
sahədə ciddi islahatların aparılmasına
zərurət var:
"Çox zaman
xəbər aparıcıları
hüquq-mühafizə orqanlarının
verdiyi məlumatı olduğu kimi oxuyurlar. Halbuki, rəsmi xəbərlərin
verilmə tərzi başqa cürdür.
Yəni praktiki bilgiyi saxlayıb, onu çox sadə dillə ifadə etməlidirlər. Amma çox
təəssüf ki, bu da görülmür.
Bir də görürsən ki, cümlə başlayıb, aparıcının
artıq nəfəsi
kəsilir, cümlə
isə hələ bitməyib. Xüsusilə də kriminal,
rəsmi xəbərlərdə
çox ciddi şəkildə nöqsanlar
var. Bununla bağlı
ciddi işlər görülməli və aparıcılar bu istiqamətdə peşəkarlaşmalıdırlar.
Məsələn, formatda tamaşaçı
marağı necə ifadə olunmalıdır?
Daima təkrarlanan hissələri bir ayrı rubrika edib, fərqli formada necə etməliyəm və s. barədə daim düşünməli və
onlar üzərində
işlər aparılmalıdır.
Ayrı rubrikalar olmalıdır.
Bununla bağlı ciddi işlərin görülməsinə
çox ehtiyac var. Düşünürəm ki,
fərqli bazar olsa, yəni ancaq reklamdan pul qazansalar, məcbur olacaqlar ki, onlar da
keyfiyyətli işlər
görsünlər".
Z.Məmmədlinin fikrincə, bütövlükdə
xəbər proqramlarında
bədən dilinə
də xüsusi diqqət yetirilməlidir:
"Bəzi aparıcıların
görünüşündə çox ciddi qüsurlar var. Məsələn,
aparıcının saçının
yarı hissəsi qabaqda, o biri hissəsi arxadadır. Xəbər
aparıcısı belə
ola bilərmi?
Yəni bütövlükdə bədən
dilinə də baxılmalıdır. Bu barədə nöqsanlar kifayət qədərdir.
Bu günləri məni bir çox
meyarları ilə qane edən "ARB 24"
kanalının xəbər
aparıcılarıdır, özəlliklə də Günel Mönsümovadır.
Yəni demək olar ki, o, bütün kriteriyalara uyğun gəlir. Geyimindən tutmuş, saç
düzümü, intonasiyasına
qədər öz missiyasını dəqiq yerinə yetirir. Bilinir ki, bu, spikerdir.
Amma fikir verin, "Xəzər" TV-də Lalə Azərtaşa.
O öz missiyasını
qarışdırır. Yəni
faktiki olaraq xəbər
proqramı təbliğat
proqramına çevrilir.
Amma xəbər proqramının
əsas meyarı bilgiləndirmək, yönləndirməkdir.
Xəbər proqramlarında saydıqlarım
içərisində yaş
baxımından uyğunluq
əsas meyar kimi götürülməlidir.
"ARB 24" və
"AZTV" yaş baxımından
adekvatdır. Xəbər proqramında
yaş uyğunluğu,
geyim tərzi, saç düzümü,
xəbər intonasiyası
və sözlük əsas götürülməlidir.
Bütün bunlar baxımından
"ARB 24"-ü daha üstün
sayıram. O birilərində
dediklərimə qismən
uyğun gələnlər
var, amma tam uyğunu yoxdur.
"ATV"-nin son aparıcıları
da normaldır.
Amma onlarda qəribə bir çəkingənlik var, sanki öz
missiyasına hakim olmaq
yoxdur. Yəqin ki, o da müəyyən təcrübə
qazanıldıqdan sonra
olacaq. Amma bütövlükdə ən ciddi nöqsan
xəbər aparıcısının
şəxsiyyət, yoxsa
robot olması məsələsidir.
Yəni ya robot kimidir, ya da ki,
özünü olduğundan
daha artıq şəxsiyyət kimi göstərmək istəyir.
Bunlar sözsüz ki, xoşagəlməyən nüanslardır.
Bir məsələyə də
diqqət çəkmək
istəyirəm. Xəbər proqramının
elə bir yeri var ki,
ya o studiya müsahibədir, ya da ki, studiyadan
kənar bağlantıdır.
O halda orda bir moderatorluq qeyd olunur. Aparıcı heç bir halda öz mövqeyini
tamaşaçıya sırımamalıdır,
sadəcə bilgiləndirməlidir.
Bu baxımdan da nöqsan görünməkdədir".
Tanınmış jurnalist
Azər Həsrət "Şərq"ə
açıqlamasında bildirib ki, bu günləri xəbər
aparıcılarında terminologiya sahəsində
ciddi axsamalar
müşahidə olunmaqdadır. O qeyd edib ki, bəzən xəbəri
təqdim edərkən hiss olunur ki, aparıcı
danışdığı mövzu barədə
o qədər də bilgiyə malik deyil:
"Rəsmi məlumatları əldə etmək üçün televiziya kanallarını tez-tez izləyirəm, özəlliklə də İctimai Televiziyanı. Bu kanalın xəbər təqdimatı barədə hər zaman yüksək fikirdə olmuşam. Burada xəbər aparıcısı kimi xüsusilə Nigar Sabirqızı diqqətimi cəlb edir. "Real" TV də mahiyyət üzrə çox operativ xəbərlər verir. Həmçinin "Xəzər" TV də xəbər təqdimatını yüksək qiymətləndirirəm. Bu günləri demək olar ki, "Space" TV-ni izləmirəm. Lakin vaxt var idi "Space"TV-də Fuad Babayevi izləyirdim. Yəni Fuad Babayevin "Hər gün" və "Hər həftə" verilişlərini oturub gözləyirdik ki, məhz onun təqdimatında xəbərlərə baxaq. Gəlin indi diqqət yetirək. Bu günləri bu cür xəbər təqdimatçıları varmı? Məhz onlara görə oturaq gözləyək ki, filankəsin təqdimatında xəbərlərə baxaq? Təbii ki, xeyir. Çünki bu günləri bəzi televiziya kanallarında xəbər aparıcılarının naşılığını müşahidə edirik. Hiss olunur ki, danışdıqları mövzu barədə məlumatlı deyillər. Yaxud da ki, təqdim etdikləri xəbərdə keçən xarici sözləri, terminləri işlətmə tərzlərindən bəlli olur ki, bu adamların dünyagörüşü çox kasaddır. Hiss olunur ki, bədii ədəbiyyat oxumayıblar. Ümumiyyətlə, terminologiya sahəsində ciddi axsayırlar. Fuad Babayev isə belə şeylərdə heç vaxt axsamazdı. Adam əməlli-başlı təqdimat edirdi. Ağzından çıxan hər sözdən hiss olunurdu ki, bu adamın savadı, dünyagörüşü var. Hamını ucdantutma tənqid etmirəm. Amma təəssüflər olsun ki, bəzən elələri də az deyil. Dünyagörüşü, mütaliə diapazonu zəif olan xəbər aparıcılar da az deyil. Amma həqiqətən də elə aparıcılarımız var ki, onların əməyini yüksək qiymətləndirirəm. Ümid edirəm ki, yaxın gələcəkdə bu problemlər də müsbətə doğru öz həllini tapacaq".
Aynurə Pənahqızı
Şərq 2020.- 27 yanvar.- S.11.