Medianın islahatlar paketi hazırlanır

Mətbuatın bütün sferalarını əhatə edən qanun layihəsi gələn ay Milli Məclisdə müzakirəyə çıxarılacaq

Yaxın günlərdə Azərbaycanda informasiya-kommunikasiya, medianın fəaliyyəti sahəsində geniş islahatlara start veriləcək. Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) bazasında səlahiyyətləri, fəaliyyət sferası daha geniş olan yeni qurumun yaradılması planlaşdırılır. Bundan başqa, KİV-lərin fəaliyyətini tənzimləyən qanunvericiliyə yenidən baxılması və media ilə bağlı yeni qanunun qəbul olunması gözlənilir.

Gələn ay qanun layihəsinin Milli Məclisə təqdim olunacağı bildirilir. Əvvəllər də ekspertlər bildirirdilər ki, 2000-ci illərin əvvəlində sürətli inkişaf dövrünə qədəm qoyan media hazırda durğunluq mərhələsindədir. Mövcud qanunvericilik yeni dövrün reallıqlarına uyğun deyil, kommunikasiya sahəsində son 20 ildə baş verən dəyişiklikləri əhatə etmir. Bu isə istər onlayn, istərsə də sosial media sahəsində xaotik vəziyyətin yaranmasına səbəb olub. Qarşıdan gələn dövrdə həyata keçiriləcək tədbirlərin medianın inkişafına təkan verəcəyi, bu sahədə fəaliyyətin təkmilləşdirilməsinə, müasir standartların geniş tətbiqinə səbəb olacağı gözlənilir.

Bildiyimiz kimi, son dövrlər media artıq ənənəvi üslubundan çıxmaqdadır, sosial media platformaları isə sürətlə önə çıxır. Dövrün nəbzini tutmaq və onunla ayaqlaşa bilmək üçün bu günləri daha sürətli  çevik bir medianın inkişafına ehtiyac var. O baxımdan sosial media sahəsində yeniliklərin olması olduqca mühümdür. Bəs görəsən, KİV nümayəndələri bu yeniliklər barədə nə düşünür?

Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli  "Şərq"ə açıqlamasında vurğulayıb ki, “KİV haqqında” yeni qanuna zərurət var. Onun sözlərinə görə, hazırkı “KİV haqqında” Qanunda digər mediaların fəaliyyəti tənzimlənsə də, onlayn medianın fəaliyyəti tənzimlənmir:

"Media islahatları artıq bir ildən çoxdur ki, Azərbaycanda başlayıb və davam edir. Sadəcə olaraq, Vətən müharibəsinin, pandemiyanın başlanması və digər hallar prosesi bir az ləngidib. İndi bu proseslər bitmək üzrə olduğu üçün yenidən islahatlar məsələsinə qayıdılır. Media sahəsində həqiqətən də yeni düzəmin yaradılmasına ehtiyac var.  Məsələ ondadır ki, onlayn medianın qeydiyyatı və ya tənzimlənməsi məsələsi ilə bağlı dünyada praktika mövcuddur. Sadəcə bizdə problem ondadır ki, qanunvericilik onlayn medianın, ümumiyyətlə, media qurumunun standartlarını müəyyən etməlidir. Məsələn, "KİV haqqında" qanuna baxanda biz orda "çap medianın standartları necə olmalıdır?" bu barədə aydın təsəvvür əldə edə bilirik. Yaxud da ki, televiziyanın, radionun strukturu, rekzivizitləri necə olmalıdır, bu barədə aydın təsəvvür verilir. Amma onlayn medianın fəaliyyəti, strukturlaşması, məsuliyyəti haqqında aydın bir təsəvvür yoxdur.

Əlbəttə,  "KİV haqqında" qanunun 3-cü maddəsi göstərir ki, internet üzərindən yayılan informasiya resursları da kütləvi informasiya vasitəsidir. Amma sonrakı bəndlərdə bu göstəriş tamamlanmır. Bu da çox ciddi şəkildə bir xaotik durum yaradır".

MŞ sədrinin müavini əlavə edib ki, bu gün kompüteri, mobil telefonu, internetə çıxış imkanı olan hər kəs özünə bir sayt yaradır və adını da qoyur ki, bu kütləvi informasiya vasitəsidir:

"Amma hansı ki, öz fəaliyyətini kütləvi informasiya vasitələri standartları əsasında qurmur. Son vaxtlar daha ciddi bir problem ortaya çıxıb. Tez-tez təsadüf edirik ki, məsələn, özü "Facebook" üzərində sosial şəbəkə hesabı yaradıb. Baxırsan ki, adamın özəl profilidir. Amma bunun adını qoyur kütləvi informasiya vasitəsi. Belə bir strukturlaşma açığı "KİV haqqnda" mövcud qanunvericilikdə yoxdur və heç bir standarta da uyğun gəlmir. Yaxud günümüzün reallıqlarından biri olan internet televiziyaların olmasıdır. Düzdür, onlar  fəaliyyət göstərirlər, amma bizim mövcud "KİV haqqında" qanunvericilikdə onların fəaliyyətini tənzimləmir. Ancaq  "Onların fəaliyyəti necə olmalıdır? Strukturlaşması necə aparılmalıdır? Məsuliyyəti nədən ibarətdir?" bax bu barədə bizim mövcud qanunvericilikdə aydın təsəvvür yoxdur. Əlbəttə, internet üzərindən yayılan informasiyaların tənzimlənməsi üçün müxtəlif dövrlərdə bizim qanunlara əlavə və dəyişikliklər edilib.  Xatırladım ki, bu proses 2012-ci ildən gedir. Məsələn, cinayət məcəlləsinə müəyyən dəyişikliklər edildi və internet üzərindən edilən böhtan və təhqirin yolverilməz olduğu bildirildi. 2016-cı ildə isə sosial şəbəkələrdə saxta profillərin yaradılmasının qadağan edilməsi barədə bir düzəliş edildi. Yaxud da 2017-ci ildə "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanun qəbul edildi. Deyə bilərlər ki, bəs bu, bizim qanunvericiliyimizdə var. Məsələ ondadır ki, sadaladığım qanunlardakı dəyişikliklər onlar onlayn informasiyanı konkret, məzmun baxımından tənzimləməyə çalışır. Hazırda onlayn kütləvi informasiya vasitəsinin strukturlaşması və statusu barədə məlumat yoxdur. Yəni indiyə qədər qanuna edilən əlavə və dəyişikliklər bu strukturlaşmanın fəaliyyət standartları barədə təsəvvür yaratmır. Ona görə də, biz hesab edirik ki, "KİV haqqında" qanun dəyişilməlidir və onlayn media sferasında fəaliyyətini əhatə etməlidir. Standartlar bilinməlidir ki, "Onlayn KİV qurumu nədir? Bu necə fəaliyyət göstərməlidir? Bunun statusu nədən ibarət olmalıdır?".

Onun sözlərinə görə, məsələ ondadır ki, indiki xaotik durum həm əhaliyə, həm də peşəkar KİV nümayəndələrinə pis təsir göstərir:

"Sual yarana bilər ki, nə baxımdan? Bu gün tutaq ki, bir peşəkar jurnalist gedir və özünün sosial şəbəkədə onlayn bir xəbər portalını, internet televiziyasını yaradır. Bildiyimiz kimi, hazırda onun statusu qanunvericilikdə tanınmır. Bu da onun işi və fəaliyyəti ilə bağlı bir sıra məhdudiyyətlər yaradır. Ancaq bu durum əksinə olaraq,  KİV-dən neqativ məqsədlər üçün istifadə edənlərin işinə daha yaxşı yarayır. Nəyə görə? Çünki onlar sosial şəbəkələr üzərindən KİV qurumu qoyduqları bir ad yaradırlar. Sabah ondan istifadə edərək reklam bazarına girirlər, insanları şantaj edirlər və s. başqa qanunsuz işlərlə məşğul olurlar. Bu baxımdan KİV qanunvericiliyində dəyişiklik edilməsi və onlayn media sferasının əhatə olunmasına çox ciddi zərurət var. Bu gün onlayn media informasiya təminatında çox böyük paya malikdir. Yəni bunlar bizim artıq ənənəvi medianı ya ötüb keçiblər və ya da ki, ən azı 50 faiz informasiya təminatında, bazarında bərabər paya sahibdirlər. Bu baxımdan bu məsələlər tənzimlənməlidir. KİV qurumu nədir? Onlayn KİV qurumu nədir? Jurnalist kimdir və necə fəlaiyyət göstərməlidir? Bütün bunlarla bağlı bizim qanunvericilikdə aydın təsəvvür olmalıdır. Təəssüf ki, mövcud qanunvericilikdə bu təsəvvürləri əldə etmək mümkün deyil. Bu baxımdan KİV qanunu dəyişilməli və yenilənməlidir. Mövcud qanunlar üzərində  düzəlişlər edilməsinin tərəfdarı deyiləm. Çünki o qədər düzəlişlər edilə bilər ki, artıq mahiyyətini itirə bilər. Mövcud KİV qanunu 62 maddədən ibarətdir, amma üzərində indiyə qədər 78 dəfə dəyişiklik edilib. Yəni bu, absurd bir haldır. Ona görə də biz hesab edək ki, yeni bir qanun yaradılmalıdır. Bu qanunvericilik onlayn media da daxil olmaqla, ümumilikdə, jurnalistikanı və KİV qurumunun standartlarını, həm də məsuliyyətini müəyyən etməlidir. Eyni zamanda medianın özünün tənzimlənməsi ilə bağlı qanunvericilikdə müəyyən yenilənmələr olmalıdır. Çünki indiyədək medianın özünün tənzimlənməsi ilə məşğul olan qurumların özü haqqında da qanunvericilikdə aydın təsəvvür yoxdur. Düzdür, onlar mövcuddurlar, fəaliyyət göstərirlər və işlərini yerinə yetirirlər. Amma qanunvericilikdə təkmilləşməsinə ehtiyac var. Yəni belə deyək ki, medianın bir sferasını, bir qolunu deyil, ümumilikdə media və jurnalist fəaliyyətini tənzimləyən yeni bir qanunvericilik olmalıdır. Burda həm KİV qurumlarının strukturu, məsuliyyəti eyni zamanda KİV sahəsində fəaliyyət göstərən jurnalist təşkilatlarının, media qurumlarının, özünü tənzimləmə qurumlarının hamısının səlahiyyət və status məsələləri müəyyənləşməlidir. Hesab edirəm ki, informasiyanın alınması və yayılması haqqında qanunlarda yeniləşmə, uyğunlaşdırılma aparılmalıdır, vahid  bir məcəllə hazırlanmalıdır". 

Azərbaycanda internet medianın hüquqi statusunun müəyyənləşməsinin çox vacib olduğunu vurğulayan "Azxeber.com” saytının baş redaktoru Hacıbəy Heydərli "Şərq"ə açıqlamasında qeyd edib ki, hazırda xəbər portalları qeydiyyatda MMC kimi keçir, ancaq fəaliyyəti "KİV haqqında" qanunla tənzimlənir:

"Bu gün istənilən şəxs domen alaraq, media yarada bilir. Halbuki televiziyalar, radiolar lisenziya alarkən onlara qaydalar və şərtlər tətbiq olunur. Yaxşı olar ki, internet medianın statusu müəyyənləşsin. Eyni zamanda internet media və sosial şəbəkələrlə bağlı bir neçə təklifim var. Təkliflərim isə bundan ibarətdir: birincisi, sosial şəbəkə hesabları, "instagram”, "facebook” səhifələrini, "telegram" kanallarını özündə birləşdirən bir quruma ehtiyac var. Bu qurum məsləhətverici xarakter daşıya bilər. İkincisi, KİVDF bu istiqamətdə mühüm işlər görə bilər. Ən azından elan edilən müsabiqələrin istiqamətlərinə uyğun yazıların sosial şəbəkə səhifələrində paylaşılması daha məqsədəuyğun olar. Bundan başqa müsabiqələrə blogerləri, influincerləri də cəlb etmək lazımdır. "Facebook" və "İnstagram"da aktiv olan "influencer”lər və bloggerlərə də diqqət ayırmaq lazımdır. Çünki onların cəmiyyətə təsir gücü ən azı KİV-lər qədərdir. Çox vaxt bəzi səhifələrin adminlərini tapmaq müşkül məsələyə çevrilir. Bu istiqamətdə yaradılan qurum bu işləri koordinasiya edə bilər".

Tanınmış jurnalist Xəqani Səfəroğlu isə deyib ki, əgər belə islahat paketi olacaqsa, ilk növbədə internet saytların hüquqi statusu barədə qanunda olan boşluqlar həll edilməlidir.

O qeyd edib ki, "KİV haqqında" qanunun tələbləri hazırda onlayn media ilə uzlaşmır: "Qanuna görə, saytların istehsal etdiyi məhsul KİV məhsulu hesab olunmur. Saytların qeydiyyatı prosesində qeyri-müəyyənliklər var. Saytlar MMC olaraq kommersiya qurumu kimi qeydiyyatdan keçir, Ədliyyə Nazirliyinin KİV üçün nəzərdə tutulan qaydaları havada qalır. Vahid reyestr yoxdur. Ədliyyə Nazirliyi ayrıca, Vergilər Xidməti ayrıca KİV qeydə alır. Onlayn medianın qeydiyyatı necə aparılmalıdır? Bu sual açıq qalır. Rəqəmsal texnologiyaların inkişafı ilə yeni termin-internet jurnalistikası anlayışı meydana gəlib. Bu sahədə bizdə ciddi boşluqlar var. Onlayn resursların təsnifatı mühüm məsələdir: İnternet-qəzet, informasiya agentliyi və aqreqator saytları fərqləndirən məqamlar aydın deyil. Reklam saytlarının statusu da açıq qalır. Saytların maliyyə məsələsində ciddi problemlər var. Media biznes sahəsidir və burada yeni oyunçuların meydana çıxması üçün imkanlar tanınmalıdır. Bu reklam bazarı və sosial reklam paketləridir. Bunun ədalətli bölgüsü təmin olunmalıdır. Jurnalistlərin sosial vəziyyəti, həmkarlar ittifaqının təşkili, tibbi, sosial sığorta, pensiya sistemi müzakirəyə çıxarılmalıdır. Ümid edirəm ki, bu məsələlər islahat paketində yer alacaq".

 

Aynurə Pənahqızı

Şərq 2021.- 8 yanvar.- S.11.