"Şuşaya gedən yolları minalamışdılar"

 

Vətən müharibəsindəki qələbəmizin təməli 27 sentyabr 2020-də qoyuldu. Əslində isə bir-neçə ay öncəsindən zəfərə, Qarabağa gedən yol görünürdü. İyul ayında Tovuzda başlayan döyüşlər, o zaman şəhidlik zirvəsinə ucalan oğullar 30 il sonra xalqı ayıldıb, “Dəmir yumruq” ətrafında birləşdirdi. Həmin vaxt  şəhadətə qovuşan general-mayor Polad Həşimov üzünün nuru ilə Vətən səmalarını işıqlandırdı. Polad generalımızın şəhidliyi ürəyimizi elə dağladı ki, onun sancısı ilə ayağa qalxdıq. Minlərlə gənc könüllü qeydiyyatdan keçərək Vətən uğrunda can verib, qan tökməyə hazır olduğunu söylədi. İkinci Qarabağ savaşında son günə qədər vuruşan Zahir Zeynalov kimi. ZahirPolad paşanın şəhadətindən sonra könüllü orduya yazılıb. Vətən savaşı başlayanda hərbi komisarlıqdan çağırılıb. Ağcabədi rayonunda bir həftəlik təlimin ardından ön xəttə göndərilib. Zahirin döyüş yolu Füzulidən başlayıb. Füzuli, Qubadlı, Cəbrayıl, Zəngilan və Şuşa istiqamətlərində vuruşub.

Bu Vətən oğlu ilə İnstaqramda rastlaşdıq. Şuşadan paylaşdığı fotosunu gördüm. Bir ümidlə yazdım ki, bəlkə, cavab verər. Nəhayət Zahirlə həmsöhbət olduq. Amma bir saata yox, təxmini bir aya müsahibəni tamamladıq. Çünki o zaman Zahirin xidməti davam edirdi. Xocavənddə idi. İmkan tapdıqca yazır, döyüş yolundan danışırdı.  Altı gün öncə tərxis olunub.

Gəlin,  cəbhə gündəliklərini Zahirin “Sherg.az”a dediklərindən oxuyaq.

-Füzuli rayonunda gecə saatlarında hərəkətə başladıq. Onda düşmən bizi artilleriya ilə hədəf alırdı. Ona görə dağlara sığınmalı olduq. Bu zaman digər hərbi hissə əks-hücuma keçdi. Səhər açılanda eşitdik ki, əsgərlərimizdən şəhadətə qovuşanlar var.

-Bəs, sizetdiz?

-Səhər saat 6 radələrində Cəbrayıla doğru irəlilədik, iki saat yol getdik. Cəbrayıl dairəsinə az məsafə qalmış maşınları saxladıq. On dəqiqə ərzində mövqe tutduq. Həmin dəqiqələrdə əsgərlərimiz düşmənin dronunu gördülər. Birdən 120 mm-lik minamyot mərmisi yaxınlığımıza düşdü. Şəhid və yaralananlarımız oldu. Kömək gəldikdən sonra, qoşunlarımız bizi vuran yüksəkliyi bir həftəyə haropla darmadağın etdilər. Biz yenidən irəlilədik. Nəhayət Cəbrayıl rayonunun mərkəzinə çatdıq. Bir həftəlik mühafizə təşkilinin ardından erməni briqadasına girdik. Oranı çoxdan boşaltmışdılar. Həmin briqadada 1 gecə qaldıq. Koordinatı bildikləri üçün piyada kolonlarla Zəngilana tərəf yol aldıq. Onu da qeyd edim ki, Zəngilan düzənlikdədir. Zəngilandan sonra Qubadlı rayonunun Muğanlı kəndinə girdik. Düşmən qıratlarla atəş açırdı.

-Necə qorunurdunuz?

-Kənddə yerləşib, mövqe tutduq.  İnanın, bizi Allah qoruyurdu. Biz həmin ərazidə 19 yaşlı ermənini əsir götürdük. Bir müddət sonra ermənilərin hərbi hissəsinə əks-hücuma keçdik. 20 gün orada qaldıq. Əslində 15 gün rahat məskunlaşmışdıq. Lakin xəbər gəldi ki, düşmənin aviasiya hücumu gözlənilir. Rabitəni götürüb əks-hücuma keçdik. Gorus istiqamətində bir yüksəkliyi götürdük. Səhərə kimi nizamla səngər qazdıq. Sübh tezdən komanda müşahidə məntəqəsi seçib, gizləndik. Gorus istiqamətindəki yüksəkliyin əhəmiyyəti böyük idi. Onu ələ keçirməliydik.Ona görə qrup yaradıb, arxa tərəfdən təpəyə qalxdıq. Çatanda gördük ki, ermənilər postdan çıxıb, kəndə ərzaq gətirməyə gediblər. Yüksəklikdə möhkəmləndik. Səhər açılırdı, gördüm ki , ermənilər posta tərəf gəlir. Dərhal komandirə məruzə etdim. Komandirimiz dedi ki, atəş açmayın, bir az yaxınlaşsınlar. Düşmən posta çathaçatda atəş açıb, hamısını məhv etdik. Bir hissəsi də qaçdı. Saat 10:00-da düşmən  D-30 topları ilə yüksəkliyimizi vurmağa başladı. On gün orda qaldıq. Ərzağımız tükənmişdi, yaralılarımız var idi. Lakin geri çəkilmədik. Bütün çətinliklərə rəğmən postu qoruduq. Post Qubadlının ermənilərlə sərhədində yerləşirdi.  Düşmən də hücuma keçib, təpəni ələ keçirməyə çalışırdı. Amma bacarmadı...

-Şuşa döyüşlərində nələr baş verdi?

-Biz Qubadlıda olarkən müharibə dayandı. Şuşada XTQ və “Bayraqtar” işləyirdi.

-Müharibənin sizin üçün ən çətin anını xatırlayırsınızmı?

-44 günün hər günü yadımdadır. Məsələn Qubadlıda 92 kənd var idi deyə çox əziyyət çəkdik. Təsəvvür edin, mühasirədən çıxa bilmirdik, 5 gün, 5 gecə sürünə-sürünə mövqeyi dəyişirdik, ac-susuz qalmışdıq. Dilimiz, ağzımız qurumuşdu. Döyüş yoldaşlarımızla vidalaşırdıq. Hər saniyə, hər dəqiqə ölüm burnumuzun ucunda idi. Minamyot düşüb, hamımızı paramparça edə bilərdi. Çətin idi, çox çətin.

-Silahdaşlarınızın  gözünüzün önündə şəhid olması əzab vericidir. Təxmin edirik...

-7 canavar kimi oğul getdi…

-Səhifənizdə Şuşadan fotolarınızı gördüm. Ora nə vaxt yollandınız?

-Noyabrın 10-u müharibə dayandı. Bizə əmr verildi ki, Şuşaya gedirsiz. Tezdən 5-də yola çıxdıq, 2 günə şəhərə çatdıq. Ermənilər Şuşaya gedən yolları minalamışdılar. BizTopxana meşəsinin içi ilə piyada qalxdıq.

- Gözəlliyi dillərə dastan Şuşamızı görəndə təəssüratlarınız necə oldu?

-Məni qəhər boğurdu. Çünki biz döyüş yoldaşlarım, bütün müharibə iştirakçıları 30 ildən sonra tarix yazdıq. Addımladıqca, dumanı yardıqca  qürurlanırdıq. Şuşanı görmək hər insana qismət olmur.

-Bəli. Amma sizin haqqınız idi.

 Bəs, sivil həyata adaptasiya prosesiniz çətin deyil?

-5 gündür gəlmişəm, ab-havaya uyğunlaşa bilmirəm. O hayqırışlar, əsgər yoldaşlarımın iniltisi, top minamyot səsləri qulağımdan getmir.

-Allah köməyiniz olsun. Borcunuzdan çıxa bilmərik...

-Vətən sağ olsun!

Bu mərhələli söhbəti başa vururuq. O, savaşın acı reallıqlarını, yaşadıqlarını yazırdı. Mən isə düşünürdüm. Fikirləşirdim ki, bizim üçün 44 gün qədər asan keçib. Rahatca dildə deyib, mətnlərdə yazırıq. Onlar isə hər dəqiqəsini, hər anını yaşayıb, acısını çəkiblər...

Qeyd edək ki, Zahir ZeynalovQubadlının azad olunmasına görəmedalı ilə təltif olunub.

 

Samirə Ərəblinski

Şərq  2021.- 9 yanvar.- S.9.