Ermənilər Heydər Əliyevdən Kremlə şikayət etmişdilər ki...

"...Qarabağ xanının vəziri Vaqifə heykəl qoyub"

 

Nəriman Həsənzadə: "Gözəl məqbərə tikilmişdi. Allah lənət eləsin, ermənilərə. Pis günə qoydular o gözəllikdə  abidəni"

Ümummilli Lider Heydər Əliyevin bütün həyatını xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasına, Azərbaycanın ərazi bütövlüyünə zərrə qədər də xələl gəlməməsinə, dövlətimizin güclənməsinə sərf etdiyi şəksizdir. Görkəmli siyasi xadimin fəaliyyətində Azərbaycanın maraqları hər zaman üstün olub. Xüsusilə də bədxah niyyətlərindən, az qala bütün dünya ölkələrinə ərazi iddiaları irəli sürən erməni toplumu ilə qonşuluq kimi taleyin acı ironiyası ilə üz-üzə qaldığımızı nəzərə alsaq, Ulu Öndər bu tarixi gerçəkliyi özünün siyasi fəhmi ilə Azərbaycanın milli maraqları çərçivəsində əritməyə nail olurdu. Ulu Öndərin 1969-cu ildə Azərbaycanda siyasi hakimiyyətə gəldikdən sonra Qarabağa xüsusi diqqəti və qayğısı əməli işdə görünməyə başladı. Qarabağ dedikdə əlbəttə ki, sovet hakimiyyətinin ilk illərində təsis edilən Dağlıq Qarabağ Muxtar Vilayəti də bura daxildir.

Lakin Ulu Öndərin muxtar vilayətin sosial-iqtisadi inkişafına önəm verməsi, şübhəsiz, Qarabağın əzəli sakinləri – Azərbaycan xalqının rifahının yaxşılaşması, qədim mədəniyyətimizin dirçəldilməsi məqsədi daşıyırdı. Təbii ki, əsas diqqət də Şuşaya yönəlmişdi. Görkəmli Azərbaycan şairi, Qarabağ xanının vəziri olmuş Molla Pənah Vaqifin məzarı məhz Heydər Əliyev hakimiyyətdə olduğu 1980-81-ci illərdə abadlaşdırıldı, məzarın üstündə məqbərə tikildi və Vaqifin abidəsi qoyuldu. Eyni zamanda Şuşada Vaqif Poeziya günlərinin, “Xarı bülbül” festivalının keçirilməsi qərarı verildi. Həmçinin 1982-ci ildə Şuşada Xan qızı Natəvanın da abidəsi qoyuldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 28 ildən sonra Şuşanın düşmən tapdağından azad edildiyini böyük qürur hissi ilə xalqa elan edərkən həm də bunu dedi ki, ata vəsiyyətini yerinə yetirdiyi üçün özünü xoşbəxt sayır. Prezidentin post-müharibə dövründə verdiyi fərmanlara, imzaladığı sərəncamlara, çıxışlarında toxunduğu məsələlərə diqqətlə baxdıqda onun Ulu Öndərin təkcə siyasi fəaliyyətindəki kursu deyil, eyni zamanda ictimai və sosial sahələrdə həyata keçirdiyi işləri də davam etdirməyi qarşısına məqsəd qoyduğunu görə bilirik. Prezidentin Şuşada Vaqif Poeziya Günlərinin, eləcə də “Xarı bülbül” festivalının bərpa edilməsinə dair tapşırıqları bu qəbildən olan fəaliyyətdir.

Mənfur qonşularımız Vaqifi də qısqanırmış

Cənab Prezident zəfər nitqində “Əziz Şuşa, sən azadsan. Əziz Şuşa, biz qayıtmışıq. Əziz Şuşa, biz səni dirçəldəcəyik” dedi. Şuşanın azadlığından sonra ora qayıdış başlanıb artıq. İllərdir Şuşa həsrətiylə yanan ürəklər ora can atır. Şuşalılar da, əslən şuşalı olmayıb ürəyi Şuşada döyünənlər də Azərbaycanın incisini görməyə, havasını sinə dolusu ciyərlərinə çəkməyə tələsirlər. Sənətçilər də gedir. Şuşa sakinləri də. Təbii ki, icazə verilən qaydada. Bilirik ki, mənfur düşmən xainliyindən əl çəkməyib. Təhlükə ola bilər. Ona görə də rəsmi qaydada icazə verilən yerlərə gedilir. Şuşanı görənlər ermənilərin şəhəri dağıtıdığına şahidlik edirlər. Amma hamı cənab Prezidentin sözünə inanır: Şuşa, biz səni dirçəldəcəyik. Necə ki, ötən əsrin 70-80-ci illərində Ulu Öndər Heydər Əliyev Şuşanı Azərbaycanın mədəniyyət paytaxtı halına gətirmişdi, eləcə də Prezident İlham Əliyev işğaldan xilas edilmiş Şuşamızı mədəniyyət paytaxtı elan etdi və buna müvafiq göstəriş və tapşırıqlarını verdi. Şühbəsiz ki, Vaqifin məqbərəsi də bərpa olunacaq, Xan qızı Natəvanın, Üzeyir bəyin, Bülbülün abidələri ucalacaq. Şuşa abadlaşacaq, yenə də incəsənət məkanına çevriləcək. Ötən əsrdə Ulu Öndərin Qarabağ siyasətinin konturlarını gözdən keçirərkən baş vermiş maraqlı və ibrətamiz hadisə qarşımıza çıxdı. Deməli, Şuşada Molla Pənah Vaqifin məzarının abadlaşdırılması, məqbərə tikilməsi, büstünün açılışı, Vaqif Poeziya Günlərinin keçirilməsi xain xislətli erməniləri narahat edirmiş. O dövrün sənədlərinə baxdıqda ermənilərin Heydər Əliyevin yürütdüyü siyasətdən Moskvaya şikayətlər etdiyi bəlli olur. Xankəndindən olan iki yaşlı erməninin 1979-cu ildə “Oqonyok” jurnalının 34-cü nömrəsində Dağlıq Qarabağa həsr edilmiş “Biz Qarabağdanıq” adlı oçerki dərc olunmuşdu. Oçerkdə bu iki erməni Dağlıq Qarabağın sosial-iqtisadi və mədəni həyatındakı uğurlardan bəhs edirdilər. Lakin bu oçerk Yerevanda narazılıqla qarşılanmışdı. Əslən Qarabağdan olan, atası Bakı fəhləsi olmuş, özü isə Yerevanda yaşayan erməni həkim Georgi Ter-Akopov o illərdə çox oxunan, geniş oxucu auditoriyası olan “Oqonyok” jurnalının redaksiyasına 5 səhifəlik məqalə göndərir. Məqalədə əvvəlki oçerkdə yazılanların guya yalan olduğunu bildirirdi. “Oqonyok” jurnalının baş redaktoru isə məktubu Azərbaycan Mərkəzi Komitəsinə, şəxsən Heydər Əliyevə göndərir və imkan daxilində məktubda yazılanlarla bağlı mülahizələrini söyləməyi xahiş edirdi. Heydər Əliyev yenə də öz siyasi fəhmi ilə erməni həyasızlığına tutarlı cavab hazırlayır. Həm də ermənilərin özü tərəfindən. Heydər Əliyev məktubu Dağlıq Qarabağ Vilayət partiya komitəsinin katibi Gevorkova göndərir, ondan faktları tələb edir. Gevorkov da DQMV-nin statistik göstəriciləri, əhalinin vəziyyəti, iqtisadi göstəricilər və sairlə bağlı arayış hazırlayıb Mərkəzi Komitəyə göndərir. Heydər Əliyev şəxsən özü əldə etdiyi bu rəsmi məlumatlara əsaslanaraq “Oqonyok”un baş redaktoruna cavab məktubu yazır. Deyilənə görə, jurnalın baş redaktoru Safronov Azərbaycan KP MK-nın birinci katibi, Sov.İKP MK Siyasi Bürosuna namizəd Heydər Əliyevin məktuba şəxsən cavab verməsindən yaxşı mənada çox təəccüblənibmiş. Qeyd edək ki, erməni həkim məktubunda Azərbaycan rəhbərinin Dağlıq Qarabağda yalnız azərbaycanlıların mədəniyyət, incəsənət xadimlərinə abidə qoyulduğunu, yalnız Azərbaycan xalqının mədəniyyətinin dirçəldilməsi siyasəti aparıldığını yazıbmış, Vaqifin isə Qarabağ xanının vəziri olmasını xüsusi vurğulayaraq, sovet sisteminə yad adamın xatirəsinin belə yüksək səviyyədə yad edilməsinin kommunist ideologiyasına yad olduğunu özlüyündə sübut etməyə çalışmışdı. Lakin ermənilər belə cəfəng iddiaları ilə Heydər Əliyev dühasının qarşısında heç nəyə nail ola bilməzdilər. Heydər Əliyev Molla Pənah Vaqifin Azərbaycan-Rusiya əlaqələrinin möhkəmlənməsinə bir xalq şairi və xanlığın vəziri olaraq verdiyi töhfəni tarixi sübutlarla dəqiqliklə izah etmişdi. Vaqifin əsl xalq şairi olduğunu və xalqa xidmət etdiyini sübut etmişdi. Xalqın dəyərlərinin itirilməməsi, milli maraqlarımızın hər zaman yüksək tutulması, incəsənətimizə ziyan dəyməməsi, ədəbiyyat ənənələrimizin  yaşadılması üçün Heydər Əliyev o zamanın sovet ideologiya maşınının istiqaməti ilə əsl milli ziyalı kimi necə hərəkət edilməli olduğunu bilirdi.

Vaqif Poeziya Günləri Şuşanın poeziyasını özünə qaytaracaq

Vaqif Poeziya Günlərinin, eləcə də “Xarı bülbül” festivalının keçirilməsinə yalnız mədəniyyət hadisəsi kimi baxılmamalıdı. Bu, mədəniyyət və incəsənət bayramı olması ilə yanaşı həm də siyasi məsələdir. Qarabağın Azərbaycana məxsusluğunu, Qarabağın havasında, torpağında, hər daşında, hər çiçəyində türk – Azərbaycan milli kimliyinin saxlandığının təcəssümü olmalıdır. Necə ki, Qarabağı ordumuzun, rəşadətli əsgərlərimizin şücaəti sayəsində işğaldan azad etdik, eləcə də Qarabağın büllur kimi saf havasını – xanəndələrimiz ifasında, şair və nasirlərimizin yazıları ilə dünyaya yaymalıyıq. Və bu torpaq bizimdir, deməliyik.

Heydər Əliyevin 1982-ci ilin yanvarında Şuşaya səfəri, Vaqifin məqbərəsinin açılışında iştirak etməsi Azərbaycan şair və yazıçılarının yaddaşında ən işıqlı xatirələrdəndir. Ümumiyyətlə, bəlkə bunu söyləmək artıqdır ki, Ulu Öndər yaradıcı insanlara xüsusi münasibəti vardı, səfərlərində hər zaman nümayəndə heyətinin tərkibində tanınmış şairlər, yazıçılar, incəsənət adamları olardı. Şuşaya bu səfərində də Heydər Əliyev elm, mədəniyyət adamlarının böyük bir qrupunu aparmışdı. Bu addımıyla sanki ziyalılara, mədəniyyət adamlarına Şuşanı unutmayın, Şuşaya tez-tez səfər edin, mesajı verirdi. Həmin tarixi gündə Ulu Öndərlə birlikdə möhtəşəm tədbirdə iştirak edənlərdən biri də Xalq şairi Nəriman Həsənzadə olub. Nəriman müəllim o günü indi də çox yaxşı xatırladığını söylədi:

- Heydər Əliyev ədəbiyyatı çox sevirdi, bütün şairləri, yazıçıları, sənət adamlarını şəxsən tanıyırdı. Vaqifin abidəsinin açılışına getdik. Tədbirdə iştirak etdik. Böyük bir abidə idi. Gözəl məqbərə tikilmişdi. Allah lənət eləsin, ermənilərə. Pis günə qoydular o gözəllikdə abidəni. Qış vaxtı, yanvar ayı. Şuşanın qışı sərt olur. Qarlı hava idi. Kipriklərimizə qar dənələri düşürdü. Qar deyildi, elə bil göydən çiçək yağırdı. Yağan qarın altında Heydər Əliyev özü tədbirin açılışını etdi. Sonra bir-bir hamımıza söz verdi. Kimlər yox idi orda?!. Korifey sənətkarlarımızın hamısı orda idi. Heydər Əliyev özü təqdim edirdi danışanları, həm də şeir diliylə, özü də şairləşmişdi. Mən də orda, Vaqifin abidəsi önündə şeir söylədim. Səməd Vurğunun adıyla başladım. Təxminən şeir belə idi ki, Vurğundan Vaqifə salam gətirmişəm. Böyük bir bayram oldu. Qayıdanda “Xarı bülbül” poemasını yazdım. Heç yadımdan çıxmaz o gün, ordakı şeir, poeziya bayramı. Vaqifə layiq bayram oldu. Vaqif dahi şairdi. Görün, 200 il əvvəl yazıb; xumar-xumar baxmaq göz qaydasıdır... Nə gözəl dil qoyub bizə. Vaqifin o gözəl, şirin dilini bərpa etməliyik. İnanıram ki, edəcəyik. Şuşamıza milli ruhu qaytaracağıq. O ruh onsuz da Şuşada var. Amma biz gərək Şuşanı bundan sonra daha da möhkəm qoruyaq. Təkcə ərazi, torpaq baxımından yox. Şuşanın ruhunu qoruyaq. Onun yadlaşmasına imkan verməyək.

 

Məlahət Rzayeva

Şərq  2021.- 9 yanvar.- S.8.