Zəfərin mübarək,
Atam Balası!!!
Moderator.az gənc alim, filologiya üzrə fəlsəfə doktoru Xəyalə Zərrab qızı Əfəndiyevanın Ölkəmizin ərazi bütövlüyü uğrunda rəşadətlə vuruşan, qanıyla tarix yazan, adını tarixə çevirən, azad etdiyi ərazilərdə - 26 yerdə üçrəngli hilalımızı ucaldan 26 yaşlı Vətən müharibəsi qəhrəmanı şəhid Azər Nazim oğlu Yusiflinin əziz xatirəsinə həsr etdiyi yazısını təqdim edir:
"Mən uşaqlığımdan, özümü qanandan Atamın içində, ruhunda həmişə bir Qarabağ ağrısı, Təbriz həsrəti duymuşam. Biz o bölgədən olmasaq da, mən zaman keçdikcə Atamın Bütöv Azərbaycan nisgilinin daha dərinləşdiyini hiss etməkdəydim. Atam artıq 40 ildir ki, Naxçıvan MR Kənd Təsərrüfatı Nazirliyində çalışır və işi ilə bağlı respublikanın müxtəlif bölgələrinə səfərlər edir. Bir dəfə Ordubada planlaşdırılan səfərin birində atamdan xahiş etdim ki, məni də özü ilə aparsın. Naxçıvanda Aza kəndində bir körpü var – Aza körpüsü. O körpüyə yaxınlaşanda Atam sürücüyə dedi ki: Ənvər, zəhmət olmasa, burda maşını saxla, bir o körpünü ziyarət edək, çayda üzümüzü yuyaq. Aza körpüsünün yaxınlığında Ənvər əmi maşını saxladı: “Buyurun, Əfəndim!”, - dedi. Ənvər əmi atama həmişə xüsusi bir ehtiramla soyadı ilə xitab edir, “Əfəndim” deyirdi. Həmin günü, həminki səhnəni xatırlayanda həmişə kövrəlirəm. Atam Aza körpüsünə baxdı, baxdı, üzünü mənə tutdu: “Ay nənəm, dedi, bura gələndə elə bilirəm Xudafərindi. Xudafərin çox müqəddəs körpüdür, o həm Qarabağın, həm də Təbrizin yoludur... Xudafərin – “Xudaya Afərin!” – “Allaha mərhəba!” deməkdir. Xudafərin sadəcə körpü, tarixi abidə deyil, Arazın ikiyə ayırdığı xalqı birləşdirən mənəvi teldir... Əsrlər boyu sinəsinə çalın-çarpaz dağ çəkilmiş Vətənin Araz boyda yarasına məlhəm olan, tarixin min bir tufanına şahidlik edən Xudafərinin indi boğazından Qarabağ adlı bir yük də asılıb... Gün gələcək, Qarabağ azad olacaq, o taylı, bu taylı Azərbaycan birləşəcək, o günü mən görməsəm də, siz görəcəksiniz,” - dedi. Atam bahar buludu kimi dolmuşdu, üzünü Araza sarı çevirib, heç vaxt unutmayacağım bu misraları söylədi:
Ey Xan
Araz, torpaq oyan, daş yuyan,
Dərd mənimdir,
mənəm onu daşıyan,
Qəlb
yaramın qaysağını qaşıyan,
Bir arzum
var, ömrüm boyu bütöv yük...
Vahid Vətən,
Vahid Birlik, Bütövlük!
Ey Xan
Araz, quzey, güney üzün var,
Biri
gülər, biri ağlar gözüm var,
Gələcəyə
inanıram, dözüm var,
Qılınc
kimi kəssən də sən aranı...
Qardaş
görür qardaşında yaranı...
Atam hələ
31 il əvvəl, 31 dekabr 1989-cu ildə Azərbaycanla İran
arasında sərhədlərin dağıdılmasında,
Naxçıvan Muxtar Respublikası ilə İranın Azərbaycan
sərhədində tikanlı məftillərin sökülməsində
böyük fədakarlıq göstərən gənc
aydınların öndə gedəni olub... Elə buna görə
də Xudafərinin iki yüz illik bütövlük həsrəti,
otuz illik Qarabağ ağrısı ilə birləşib
Atamın çiyinlərinə yük, ürəyinə
ağrı olmuşdu..
Atam nə
vaxtsa bir gün Haqqın, ədalətin mütləq zəfər
çalacağına böyük ürəklə
inanırdı... Və bu gün onun müqəddəs arzusu
çin oldu, igid oğullar bir yumruq kimi birləşib Xudafərini
azad etdilər, Qarabağa – Təbrizə yol açdılar...
Həyatın
işinə baxın ki, Xudafərinin azad edilməsində
böyük şücaət göstərən, o müqəddəs
körpüyə üçrəngli
bayrağımızı sancan da Atamın doğması,
canı, qanı – Sayad əmisinin ər qeyrətli, igid Azər
balası olur...
Qazi Mustafa Kamal Atatürk deyirdi ki, Ordu o zaman müzəffər
və qalib ordu olur ki, xalqı bir yumruğa çevirib ordu
kimi birləşdirə bilsin, xalq orduya çevrilsin.
Hələ
1989-cu ilin bugünkü günü Atam və onun kimi gənc
aydınlar birləşib, əllərinin qanıyla Araz boyu
tikanlı məftilləri söküb bu günkü tarixi -
31 dekabrı təqvimə Dünya Azərbaycanlıların Həmrəylik
günü kimi yazmışdılarsa, Atamın Azər
balası – qəhrəman qardaşım Azər və Gənc
Azərlər bir yumruq olub, dəmir yumruğa çevrilib bu
gün yenilənəsi olan təqvimin bütün tarixlərini
kökündən dəyişdilər, bütün təqvimimizin
mahiyyətini, məğzini, ruhunu təzələdilər...
Azər...
Atamın qürur yeri... İtkisinə Doğma balası kimi
sarsıldığı, cəsarətinə göz
yaşları içində sevindiyi İgid Oğul...
Mənim
Qəhrəman Qardaşım...
Yurdumun ər
qeyrətli Tarix yazan Mərd Oğlu...
Köksü
Vətən boyda, Bayraq sevdalı, Azadlıq Fədaisi...
***
Yusifli Azər
Nazim oğlu... 28 mart 1994-cü il Ağstafa
rayonu Böyük Kəsik kəndində ziyalı ailəsində
anadan olmuşdur. 2000-ci ildə Böyük Kəsik
kənd orta məktəbinin birinci sinfinə gedən Azərin
ibtidai sinif müəllimi anası Yeganə xanım
olmuşdur.
Yeganə xanımın həm Ana, həm Müəllim
kimi əməyi göz önündədir. Bu həyatda
Ana olmaq ən çətin peşədir, çünki şəxsiyyət
yetişdirirsən. Yeganə xanımın
Azər kimi milli məfkurəyə sahib, əqidəli,
dönməz, cəsur və sağlam təfəkkürlü
övlad yetirməsi onun peşəsinin öhdəsindən
necə şərəflə gəldiyinin göstəricisidir.
Azər körpə yaşlarından elə vətənpərvər
ruhda tərbiyə olunmuşdu ki, ta uşaqlıqdan hərbçi
olmaq arzusuyla böyüyürdü. 2012-ci
ilin aprelində hərbi xidmətə yollanmış,
Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin 11-ci
bölüyündə kiçik çavuş rütbəsində
xidmət etmişdir. Hərbi xidmətini
bitirdikdən sonra sənədlərini işləmək
üçün sərhəd qoşunlarına təqdim edir və
işə qəbul olunur. Sərhəd xidmətində fəaliyyətə
Cəlilabad rayon Göytəpə sərhəd dəstəsinin
2003 ¹li hərbi hissəsində başlamışd, dəfələrlə
xidmətlərinə görə hərbi hissənin komandiri tərəfindən,
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin
rəisi general – polkovnik Elçin Quliyev tərəfindən fəxri
fərmanlar və medallarla
mükafatlandırılmışdır. Hərbi
döyüş hazırlığında, idman
hazırlığında xüsusilə fərqləndiyinə
görə Azəri Mərdəkanda yerləşən sərhəd
qoşunlarına məxsus “xüsusi təyinatlı” dəstəyə
göndərmişlər. Orada keçirilən
döyüş təlimlərinə və taktiki, texniki fəaliyyətlərinə
görə Azər xüsusilə fərqlənirmiş.
Tovuz döyüşləri zamanı “xüsusi
təyinatlı” dəstədə kəşfiyyatçı
kimi fəaliyyətə başlamış, dəfələrlə
kəşfiyyatçı kimi düşmən arxasınca
20-30 km məsafələrdə çətin və
keçilməz ərazilərə keçmişlər.
Vətən müharibəsi başlayanda Sərhəd
qoşunlarına məxsus, xüsusi təlim keçmiş
“xüsusi təyinatlı kəşfiyyat dəstəsi”
bütün torpaqların azad olunmasında birinci qrupda
getmişlər.
Azər
Füzuli, Cəbrayıl, Hadrut, Qubadlı, Zəngilanın
azad edilməsində böyük şücaət və qəhrəmanlıq
göstərmişdir. Döyüş yoldaşları
danışır ki, Azərin qəhrəmanlıqlarını
saymaq – sadalamaqla bitməz, döyüşlərin birində
o, düşmənin 30 canlı qüvvəsini və 4 zirehli
texnikasını məhv edib. “O qədər cəsur və mərd
idi ki, başından mərmi yağa-yağa, heç nədən
qorxmadan odun – alovun içinə atılırdı Azər” –
deyirlər...
Son döyüşdə ermənilərlə qeyri-bərabər
qüvvə ilə döyüşürlər. Kiçik bir
kəşfiyyat dəstəsi ermənilərin 37 nəfər əsgər
və zabitini əsir götürür, 42 nəfərini isə
öldürürlər. Həmin döyüşdə
Azər son nəfəsinə qədər qəhrəmanlıqla
vuruşur və şəhadətə yüksəlir... Azərbaycanın
ərazi bütövlüyünün bərpa edilməsində
xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin
azad olunması zamanı düşmənin məhv edilməsi
üzrə qarşıya qoyulmuş döyüş
tapşırığını yerinə yetirən zaman
göstərdiyi qəhrəmanlıq nümunəsinə
görə, həmçinin hərbi qulluq vəzifəsini
yerinə yetirən zaman igidliyin və mərdliyin nümayiş
etdirilməsinə görə Azərbaycan Prezidenti İlham
Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən
Azər Nazim oğlu Yusifliyə ölümündən sonra
"Vətən Müharibəsi Qəhrəmanı"
adı verilmiş, həmçinin cənab prezidentin 15 dekabr
2020-ci il tarixli sərənacamına əsasən ən ali dərəcəli
“Vətən uğrunda” medalı ilə təltif
edilmişdir.
Təkcə
varlığıyla deyil, yoxluğuyla qalib olanlar Böyük
İnsanlardır...
Qalibiyyətin
qutlu, Zəfərin mübarək olsun, Atam balası!
Mən Azəri
dünyaya gətirən, Azərin həmişə “Anacan” deyə
sevib əzizlədiyi Nur üzlü Yeganə Anamızın
qarşısında baş əyirəm, Azəri bu ürəkdə,
bu təfəkkürdə cəsur, mərd, yenilməz bir igid
kimi yetişdirən Nazim əmimin əllərindən
öpürəm, uca Allahdan onlara səbir diləyirəm.
Sən
bizim qürur yerimizsən, Azər!
Dağ
kimi vüqarın, dağ kimi əzəmətin,
varlığının böyüklüyü qədər də
gedişin ağır bir dağ oldu...
Sən təkcə
Nazim əminin evindən yox, böyük bir eldən getdin... Sən
bizim hamımızın könlümüzü özünlə
söküb apardın, mənim Atamın ürəyinin
içindən köç eylədin, Azər! Sən
Atamın Qarabağ nisgilinə məlhəm olduğun qədər
elə Qarabağ boyda da yara da açdın Atamın ürəyində...
Sənin şəhidlik zirvəsinə ucaldığın bu
iki ay ərzində Atamın sözü, söhbəti, dilinin
əzbəri Sən oldun, Azər!
Bu
dünyada bütün ağrılara məlhəm tapmaq olur,
lap Allah kəsmiş, diş ağrısına da… Amma indi
Atamın “Həyatı ağrıyır…” Adamın “həyatı
ağrıyanda” heç bir məlhəmlə ovutmaq olmur
sızıltısını, Azər… Atamla hər gün Səndən
danışıram... Bəzən sözsüz, səssiz, səmirsiz...
Atamın susqunluğun altında dayanan sözləri də, nə
demək istədiklərini də ürəyimlə, ruhumla
duyuram, eşidirəm, hiss edirəm...
Atamın
maraqlı bir xasiyyəti var –təzə ildə, Novruzda, hər
kəndə gedəndə qohumda, əqrəbada,
qonum-qonşuda nə qədər ki, körpə uşaqlar
var, hamısına ayrıca pay alıb aparar. Bir
dəfə öz içimdə düşündüm ki,
görəsən bu indiki cavanların içində Atam
ürəkdə qohuma, əqrəbaya, böyüyünə,
kiçiyinə, hərəyə ayrıca can yandıran bir
oğul varmı?!
Tapdım o İgidi... Atam ürəkdə, Atam
qəlbdə, Atam fədakarlıqda, Atam kimi istiqanlı o
Oğulu tapdım...
Kəndimizdəki
körpə balaların gözlərindəki kədərdə
tapdım o Oğulu... Körpə fidanların “Azər əmi”
deyən dillərində, yumruqları boyda bapbalaca ürəklərindəki
Azər əmiyə ünvanlanan böyük sevgidə tapdım
o Oğulu... Sən demə, Azər əmiləri hər
bayrama, hər məzuniyyətə kəndə gedəndə
qohum, əqrəbadakı, qonşudakı bütün körpələrə
şirinlik alar, hamısının cibinə xərclik
qoyarmış... Azər əmi hər ilin bu
günkü günü kəndə gedərmiş... İndi
körpə fidanlar “bayrama Azər əmi gələcək”
deyə yol gözləyir... İndi o kənddə hamı yol
gözləyir... izahagəlməz bir ümidlə... nəmli
gözlərlə...
Azər isə çıxdığı Haqq Yolunun başında – qərar tutduğu o ucalıqda Tanrı dərgahında xəfif bir təbəssümlə gülümsəyir... Xocalıda qanına qəltan edilən körpə balaların qisasını düşməndə qoymadığı üçün ruhu şaddır Azər əminin...
Nur içində uyu, Azər! Tanrı şəhadətin qutlu, Ucalığın mübarək, Atam Balası!
Zərrabqızı,
Xəyalə.
Şərq 2021.- 12 yanvar.- S.8.