Qarabağ üçün yeni gündəlik
tərtib olunub
Moskvada imzalanmış 4 maddəlik bəyanat regiona nəfəs gətirəcək
"Kommunikasiyaların
açılması o deməkdir ki, yaxın zamanda
bütün məcburi köçkünlərimiz öz
doğma yurdlarına qayıdacaqlar"
Ayın 11-də Moskvada
baş tutan üçtərəfli görüş olduqca
ciddi strateji əhəmiyyətə malikdir. Görüş
postmüharibə dövründə əldə edilən nəticələrin
bir növ hesabatı və bundan sonrakı fəaliyyət
istiqamətlərinin dəqiqləşdirilməsi idi. 10 noyabr tarixində imzalanmış 9 maddədən
ibarət sənəddə əksini tapan strateji prinsiplərin
bir daha təsdiq və qəbul edilməsi, regionda sabitlik və
təhlükəsizlik məsələlərinin daha da
möhkəmləndirilməsi istiqamətində atılan
növbəti addım idi.
Görüşdə yeni
imzalanmış 4 maddədən ibarət bəyanatı
ümumi prosesin davamı kimi qiymətləndirməliyik. Həm yerli, həm
də xarici ekspertlər 11 yanvar görüşünü
şərh edərkən Azərbaycanın strateji hədəflərinə
bir qədər də yaxınlaşdığını
vurğulayırlar. Ermənistan Baş
naziri Nikol Paşinyan görüşə saysız-hesabsız
absurd təkliflərlə gəlsə də, istəklərinin
heç biri nəzərə alınmadı. Paşinyan görüşə zorla gəlmişdi,
çünki xalq hava limanında qarşısını kəsmişdi.
Ümumilikdə, görüşdəki diplomatik jestlər də
qalibi məğlubdan açıq-aydın sezməyə imkan verdi. Ermənistan mini kapitulyasiya
aktına imza atmağa məcbur qaldı. Həmçinin,
10 noyabr razılaşmasına əsasən, yubanan öhdəliklərlə
bağlı ciddi xəbərdarlıqlar aldı. İndiki situasiyada yalnız 1 diktə edən tərəf
var, o da Azərbaycandır.
Məlum olduğu kimi
üçtərəfli Bəyanatda qeyd olunan əsas məsələlər
yol-nəqliyyat infrastrukturunun bərpa edilməsinə aiddir və
hazırkı mərhələdə bu, olduqca prioritet məsələdir. Çünki
regionun nəqliyyat və iqtisadi əlaqələrinin
pozulması və bunu 30 ildən çox davam etməsi regional
inteqrasiya və iqtisadi inkişafa çox böyük zərbə
idi. Əslində hazırkı tarixi mərhələdə
iqtisadi inkişafın gətirəcəyi rifah regionda sülh
və sabitliyin də davamlı olması üçün
başlıca faktorlardan biridir.
Ona görə də bəyanatda
növbəti mərhələ üçün konkret
icraedici strukturun yaradılması və onun fəaliyyət
istiqamətlərinin və vəzifələrinin dəqiq
müəyyənləşdirilməsi önümüzdəki
mərhələdə regionun nəqliyyat-kommunikasiya
infrastrukturunun tezliklə bərpa ediləcəyindən xəbər
verir. Əsas məsələlərdən biri isə Azərbaycanı
Naxçıvanla birləşdirən dəmiryolu və
avtomobil yolunun təmin edilməsidir. Bu,
olduqca vacib kommunikasiyadır və təkcə Azərbaycanın
deyil, qardaş Türkiyənin, eyni zamanda digər qonşu
ölkələrin də iqtisadi maraqlarının realizə
olunması baxımından əhəmiyyətlidir. Tarixi layihənin effektiv həlli üçün hər
üç ölkənin Baş nazirinin müavinləri səviyyəsində
birgə İşçi Qrup da yaradıldı. İşçi Qrupu bu ilin martın 1-nə kimi
avtomobil, dəmiryolu xətlərinin açılması və
müxtəlif iqtisadi layihələrin icrası ilə
bağlı konkret təkliflər hazırlayıb təqdim edəcək.
Hamıya məlumdur ki, Vətən müharibəsində
əldə etdiyimiz şanlı qələbədən, ərazi
bütövlüyümüzü və beynəlxalq səviyyədə
tanınan sərhədlərimizi bərpa etdikdən sonra
regionda kommunikasiyaların açılmasında, iqtisadi və
ticari əlaqələrin bərpa olunmasında ən çox
maraqlı olan Azərbaycandır. 30 il
blokada vəziyyətində olan Naxçıvanla birbaşa
avtomobil və dəmiryolu əlaqəsinin yaranması ilk
növbədə muxtar respublikanın inkişafı,
gediş-gəlişin asanlaşdılrılması, nəqliyyat
xərclərinin kifayət qədər azaldılması və
bütövlükdə Azərbaycanın anklav bölgəsi
ilə bütövləşməsi deməkdir. Həmçinin, Azərbaycanla Naxçıvan
arasında iqtisadi və nəqliyyat dəhlizinin işə
düşməsi Türkiyə ilə quru əlaqələrimizin
yaranmasıdır.
Bunun nəticəsində
Türkiyənin Azərbaycan üzərindən türk
dünyasına asan çıxışı təmin edilir və
bu coğrafiya ilə birbaşa bağlantı əldə
olunur. Eyni zamanda Azərbaycan İpək Yolu marşrutu
üzrə ikinci alternativ dəhliz qazanır. Bu dəhliz yüklərin daşınması
baxımından ölkəmizin Gürcüstandan
asılılığına son qoyur. Daha
qısa yol olduğundan nəqliyyat xərclərini azaldır
və beynəlxalq bazarda rəqabət aparmaq
imkanımızı xeyli yaxşılaşdırır. Bununla yanaşı, Daqlıq Qarabağın Azərbaycana
inteqrasiya prosesini sürətləndirir. Bu məsələdə
ölkəmizə qarşı ola biləcək
mümkün təzyiqləri neytrallaşdırır və
beynəlxalq aləmdə siyasi mövqeyimizi daha da gücləndirir.
Nəqliyyat kommunikasiyalarının
açılması Azərbaycan, Rusiya, Türkiyə ilə
yanaşı, Ermənistan dövlətinin və
xalqının da maraqlarına cavab verir. Mehri vasitəsilə
Türkiyə-Naxçıvan-Azərbaycanın əsas hissəsi,
Azərbaycan vasitəsilə Ermənistan-İran və Ermənistan-Rusiya
nəqliyyat xətlərinin bərpası adıçəkilən
bütün ölkələr üçün
faydalıdır. Paşinyan daxili auditoriya
üçün görüşdəki nəticələr
haqqında ikibaşlı danışsa da, fakt
faktlığında qalır kı, Rusiya və Azərbaycan
liderləri regionun yeni geosiyasi xəritəsini artıq
cızıblar. Elə Prezident İlham Əliyevin
üçtərəfli görüşün nəticəsi
olaraq birgə Bəyanatda səsləndirdiyi fikirlər də
postmüharibə dövründə Ermənistanda və Qərbdəki
bəzi revanşist qüvvələr üçün
çox vacib ismarış sayılmalıdır:
“Dağlıq Qarabağ münaqişəsi keçmişdə
qalıb və biz gələcək barədə, qonşular
kimi birlikdə necə yaşamaq, nəqliyyat
arteriyalarının açılması məsələlərini
həll etməyə necə çalışmaq və gələcəkdə
regional sabitliyi və təhlükəsizliyi möhkəmlətmək
haqqında düşünməliyik”. Beləliklə,
Azərbaycanın ərazi bütövlüyünün təmin
edilməsi nəticəsində Cənubi Qafqaz yeni qonşuluq
münasibətlərinə qədəm qoyur.
Rusiya Siyasi Tədqiqatlar
İnstitutunun baş direktoru, tanınmış politoloq Sergey
Markov da bildirib ki, regionda yeni kommunikasiya və nəqliyyat əlaqələrinin
yaradılmasına, köhnə kommunikasiyanın bərpa
olunmasına start verilib. Bu o deməkdir ki, yaxın vaxtlarda Azərbaycanla
Naxçıvanı, daha sonra Türkiyəni birləşdirəcək
yol inşa olunacaq: “Hansı ki, bu yol Azərbaycanın iqtisadi
potensialını əhəmiyyətli dərəcədə
artıracaq. Bundan əlavə, Azərbaycan ərazisindən
keçməklə Ermənistanla Rusiyanı əlaqələndirəcək
yol inşa olunacaq. Bu isə Ermənistanın
Rusiya ilə quru yol əlaqəsində Gürcüstandan
asılılığını əhəmiyyətli dərəcədə
azaldacaq. Eyni zamanda Bakı və digər
şəhərləri Xankəndi ilə əlaqələndirəcək
yollar inşa olunacaq. Rəsmi Bakı
Dağlıq Qarabağın tamamilə Azərbaycanın tərkibinə
qaytarılmasının üçüncü mərhələsinə
daxil olur”.
Görüşün nəticələri
ilə bağlı “Şərq”ə danışan millət vəkili,
politoloq Hikmət Babaoğlu vurğulayıb ki, yanvarın 11-də
Moskvada baş tutan ikinci üçtərəfli
görüş 10 noyabr Bəyanatında əks olunan maddələrdən
sadəcə birinin icrasına həsr edilmişdi. Deputatın
sözlərinə görə, rəhbərlərin
müzakirələr fonunda fokuslandığı əsas məqam
kommunikasiyaların bərpası idi:
“Üçtərəfli Bəyannamə
imzalandıqdan sonra Prezident İlham Əliyev bir ifadə
işlətdi.
Ölkə rəhbəri dedi ki, “Qarabağ münaqişəsi
keçmişdə qaldı”. İmzalanmış
4 maddəlik anlaşma sənədini məhz bu tezisə
söykənərək şərh etmək lazımdır.
İndiyə qədər “postmüharibə
dövrü” terminini işlədirdik, sülhün uzunmüddətli
bərqərar olması mərhələsindən
danışırdıq. Cənab Prezident
bunu bir addım daha irəli çəkərək ümumiyyətlə
münaqişənin keçmişdə
qaldığını vurğuladı. Əgər
münaqişə artıq başa çatıbsa, növbəti
mərhələ quruculuq, inkişaf, tərəfdaşlıq
və əməkdaşlıq müstəvisində
olmalıdır. Moskva bəyannaməsində
“altıtərəfli” yeni əməkdaşlıq və tərəfdaşlıq
platformasının yaradılmasının ilkin əsasları
qoyuldu. Bu nədən ibarətdir? Zəngəzur nəqliyyat-kommunikasiya dəhlizinin
açılması sayəsində Rusiya-Türkiyə,
İran-Ermənistan, Rusiya-Ermənistan və Azərbaycan-Türkiyə
arasında iqtisadi əlaqələr daha da genişlənəcək.
İqtisadi faktor bəzi siyasi məsələlərdən
ona görə önə çəkilir ki,
kommunikasiyaların bərpası 30 ildir iflic edilmiş regional
iqtisadiyyatın dirçəlməsi deməkdir. Bu isə özlüyündə rifah və əməkdaşlığı
şərtləndirən birinci amildir. Çünki
nəqliyyat və iqtisadi əlaqələr hər bir cəmiyyətə
firavan həyat gətirir. Rifah isə
öz-özlüyündə sülhə və sabitliyə
doğru atılmış uzunmüddətli addıma səbəb
olur. Bu baxımdan 4 maddəlik bəyanat
kifayət qədər əhəmiyyətlidir. İşçi Qrupu martın 1-nə qədər həyata
keçirilməsi vacib olan kommunikasiyalarla bağlı layihələr
təqdim edəcək. Beləliklə
bölgədə çox sürətli bərpa prosesi gedəcək”.
Politoloq Tofiq Abbasov da “Şərq”ə
bildirib ki, Ermənistan baş naziri Nikol Paşinyan hakimiyyətdən
getsə belə ölkənin yeni rəhbərləri 10 noyabr
Bəyanatından irəli gələn öhdəlikləri
yerinə yetirməyə məcburdur. Siyasi şərhçinin
sözlərinə görə, rəhbərlikdə kimin təmsil
olunmasından asılı olmayaraq, Ermənistan dövlət
olaraq məsuliyyət daşıyır:
“Düzdür, Ermənistan tərəfi
daim çalışacaq ki, məsələləri siyasi
yöndə müzakirəyə çıxartsın. Ancaq Moskva
görüşünün əsas üstünlüyü
ondadır ki, Kremldəki müzakirələr Azərbaycanın
qələbəsinin işığında aparıldı.
Rəsmi Bakı siyasi aspektləri hələlik
arxa plana keçirərək, iqtisadi komponentləri önə
çıxarır. Kommunikasiyaların
açılması o deməkdir ki, yaxın zamanda
bütün məcburi köçkünlərimiz öz
doğma yurdlarına qayıdacaqlar. Geri
dönüş Xankəndi, Xocalı və Xocavəndi də əhatə
edəcək.
Rusiya və Azərbaycan
prezidentlərinin həmahəng mövqeləri, qətiyyətli
yanaşmaları nəticəsində yeni gündəlik tərtib
olunub. Moskvada “altılıq” əməkdaşlıq
platformasının təməl daşı qoyulub. Belə məqamda Yerevan özünü kənarda
saxlaya, öhdəliklərindən qaça bilməz. Əslində Ermənistanda ağıllı adamlar
yeni mərhələnin onlar üçün daha yaxşı
olacağının fərqindədirlər.
Kommunikasiya xətlərinin bərpası
erməni xalqının iqtisadi vəziyyətini xeyli dirçəldəcək. Ermənistan
prosesləri real dəyərləndirməyi
bacarmalıdır”.
Analitik əlavə edib ki, iqtisadi
proseslərlə siyasi hadisələr paralel cərəyan
edir:
“Bir sahədə böhran
yaşanırsa, avtomatik digərinə də sirayət edir.
Çünki iki sahə arasında üzvü
bağlılıq var. Azərbaycan tərəfi siyasi və hərbi
cəhətdən Dağlıq Qarabağ münaqişəsini
çözdü. Rəsmi Bakı bu məsələlərə
yenidən qayıtmayacağını bildirir. “Status” söhbəti
müzakirə mövzusu olmayacaq. Ermənilərin Xankəndi
və ətrafında yaşaması problemi də həllini
tapmaq üzrədir. Geriyə sadəcə iqtisadi dirçəliş
və yeni layihələrin reallaşdırılması
qalır.
İsmayıl Qocayev
Şərq 2021.- 15 yanvar.- S.11.