MEDİA-nın
yaradılmasında niyyət safdır
Jurnalistikada hərşeyşünaslardan
imtina olunmalı, rəqabətli media mühiti
yaradılmalıdır
Azərbaycanda medianın
inkişafı, jurnalistikada peşəkarlığın
artırılması və bu sahədəki problemlərin həlli
istiqamətində islahatlar dərinləşdirilir. Prezident
İlham Əliyev Azərbaycan Respublikasında media sahəsində
islahatların dərinləşdirilməsi haqqında Fərman
imzalayıb. Fərmana əsasən, Azərbaycan
Respublikasının Medianın İnkişafı Agentliyi
(MEDİA) yaradılıb. Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət
Dəstəyi Fondunun (KİVDF) hüquqi varisi olan bu yeni qurum
KİVDF-nin bütün hüquqlarına sahib olacaq.Yeni
yaradılan qurumun İcraçı direktoru Əhməd
İsmayılov rəhbərlik etdiyi agentliyin fəaliyyət
istiqamətlərindən danışıb.
MEDİA-nın jurnalistikanın
inkişafında görəcəyi işlərdən
danışan Ə.İsmayılov deyib ki, əsas məqsəd
mətbuatda islahatların dərinləşdirilməsi,
jurnalistlərin peşəkarlığının
artırılması, onların sosial vəziyyətinin
yaxşılaşdırılmasına yardım etməkdir:
"Eyni zamanda, mətbuat orqanlarının nüfuzunun
qaldırılmasına, biznes subyektinə çevrilməsinə
yardım ediləcək.
“Jurnalist” və “jurnalistin statusu”
anlayışına hüquqi bazada aydınlıq gətirilməlidir. Bu məsələyə
aydınlığın gətirilməsi bizə tam imkan verəcək
ki, media subyektləri və jurnalistlərlə bağlı
iqtisadi, texniki və metodiki dəstək layihələrini həyata
keçirək".
Onun sözlərinə
görə, jurnalist və media subyekti blokunun bir-birindən
ayrılmasına ehtiyac var. Ə.İsmayılov əlavə
edib ki, əvvəlkindən fərqli olaraq, agentliyin nizamnaməsinə
media subyektlərinin bütün dairəsi daxil edilib. Agentlik tərəfindən
həyata keçiriləcək tədbirlər bundan sonra
onlayn, çap audioviziual media subyektləri üzrə əhatə
edəcək. Ə.İsmayılov bildirib ki, jurnalistlərin
peşəkarlığının və məsuliyyətinin
artırılması üçün onların
ixtisasartırması xüsusilə qeyd edilməlidir:
"Jurnalistikaya gəlmək
istəyənlər üçün peşə hazırlığı
tədrisinin təşkili və buna dəstək göstərilməsi
əsas istiqamət olacaq. İkinci istiqamət
hazırda jurnalistikada fəaliyyət göstərən
jurnalist həmkarların ixtisasartırılmasının təmin
olunmasıdır. Bunun üçün həm
ölkənin mövcud kadr və infrastruktur potensialı
çərçivəsində işlərin görülməsi,
eyni zamanda xaricdən mütəxəssislərin cəlbi ilə
bu təlimlərin və tədrisin keçirilməsi, xaricdəki
tədris subyektləri ilə əlaqələrin qurulması
nəzərdə tutulur. Media subyektlərinin
iqtisadi müstəqilliyinin təmin edilməsi agentliyin əsas
istiqamətlərindən biridir. Hazırda
Medianın İnkişafı Agentliyi tərəfindən fəaliyyət
planı hazırlanır. Həmin fəaliyyət
planı çərçivəsində media subyektlərinin
biznes modelinə keçidinə dəstək göstərilməsi
istiqamətlərini araşdırmağa çalışacağıq".
Onun sözlərinə görə,
bu dəstək media subyektlərinin özləri tərəfindən
yeni biznes modelə keçidlə bağlı təklifləri
əsasında olan layihələr şəklində də ola bilər. Yaxud bu, Agentlik tərəfindən
həmin media subyektlərinin biznes modelinin tətbiqinə
dövlətin dəstəyi formasının müəyyən
edilməsində özünü göstərə bilər:
"Biz hazırda bu fəaliyyətin həyata keçirilməsi
istiqaməti üzrə araşdırma aparırıq. Bu istiqamətdə geniş müzakirələrin
aparılması gözlənilir. Bu
müzakirələr nəticəsində media subyektlərinin
biznes modelinin formalaşdırılması yollarını
müəyyən etməyə
çalışacağıq".
Məlum olduğu kimi, bu
günləri Azərbaycan mediasında kifayət qədər
problemlər var. Bu problemi həll etmək üçün nə
etmək lazımdır?
Azərbaycan mediasında problemləri
çox olduğunu vurğulayan tanınmış jurnalist
Elçin Alıoğlu "Şərq"ə
açıqlamasında qeyd edib ki, bu problemlərdən biri də
dünyada populyar olan əcnəbi dillərdə yazan, oxuyan və
bu dillərdə informasiya media məhsulları hazırlayan
şəxslərin sayının ölkəmizdə az
olmasıdır. O diqqətə çatdırıb ki, bu
problemi həll etmək üçün sadəcə dil bilmək
lazım deyil:
"Çünki media dili
adi ünsiyyət dilindən, ünsiyyət dili isə ədəbi
dildən çox fərqlənir. Yəni sadəcə xarici dili bilən şəxsin
yaxşı jurnalist ola biləcəyi ehtimalı çox da
böyük deyil. Ölkəmizdə xarici dili
bilən çoxlu jurnalistlər var, lakin bu, problemin həlli
deyil. Dilin öyrədilməsi, dilə
vaqif olmaq, dilə bələd olmaq həmin dildə media məhsullarının
hazırlanması medianın inkişafı və yaxud da
problemin həlli demək o qədər də düzgün
olmaz. Problemi necə həll etmək olar?
İlk olaraq, əcnəbi dili mükəmməl
öyrənmək lazımdır. Habelə,
əcnəbi dilin media formatının öyrənilməsi əsas
məsələlərdən biridir. Üçüncüsü
isə xaricdə populyar və gündəmdə olan, Qərbin
mediasının bugünkü gününü müəyyənləşdirən
media strukturlarının hansı məhsulu ortaya qoyduğunu,
necə qoyduğunu və məqsədinin nə olduğunu
araşdırmalıyıq. Bundan sonra həmin
təcrübədən bəhrələnərək ölkəmizdə
baş verənləri, Azərbaycanın məqsədlərini,
strateji taktiki hədəflərini biz xaricə
çatdırmalıyıq".
Media eksperti əlavə edib ki, sadəcə
ölkəmizdə hansısa məmurun
açıqlamasını ingilis dilinə tərcümə
etmək və yaxud da publisistik, bədii janrda ingilis dilində
yazı yazmaq, bu, xaricidilli media demək deyil:
"Azərbaycanda
saytların, onlayn medianın xarici dildə variantının
hazırlanması da problemdən çıxış yolu
deyil. Çünki məsələn, mən Nigeriyada
baş verən hər hansısa bir hadisəni öyrənmək
üçün Nigeriya saytlarını axtarmıram. Sadəcə, "google"da axtarış verirəm
və "Niger" yazaraq orada nə baş verdiyini öyrənirəm.
Yəni elə etməliyik ki, bizim
hazırladığımız xəbərlər xarici dillərdə
dünyanın ən populyar axtarış sistemlərində ön
sırada olsunlar və xaricdə bunu oxusunlar. Bunun
üçün nələr edilməlidir? Birincisi, xəbər maraqlı, keyfiyyətli, obyektiv,
soyuqqanlı, rasional və proqmat formada
hazırlanmalıdır. Xəbərdə
emisionallıq, baretonluq, mentorluq qətiyyən
olmamalıdır. Qərbdə bu artıq
mediada qəbuledilməzdir. Əgər biz "BBC",
"Times" və yaxud da "New York Times" stilində
işləmək istəyiriksə, bunun üçün
xüsusi seminarlar olmalı, xüsusi kurslar
açılmalı, xaricdə təlimatçılar, treninq
ustaları, təcrübəli jurnalistlər ölkəmizə
dəvət olunmalıdır".
E.Alıoğlu qeyd edib k, bu gün
ölkə mediasında ixtisaslaşma olmalıdır:
"Azərbaycanda savaş
jurnalistikasını və hərbi reportyorluğu inkişaf
etdirməliyik.
Ən əsası jurnalistikamızda
ixtisaslaşma olmalıdır. Məsələn, bu
gün tibdən yazan jurnalist sabah ədəbiyyatdan,
o biri gün biologiyadan, daha sonra hərbi əməliyyatlardan
yazmamalıdır. Bu, mümkün də deyil.
Ona görə də bu günləri
jurnalistikaya məxsus olan hərşeysünaslığı
aradan qaldırmalıyıq. İxtisaslaşma
olduqdan sonra artıq jurnalistika da öz işini görməlidir.
Yəni mediamızda biri savaş reportyoru olmalı, o biriləri
isə iqtisadiyyatın və s. sahələrin problemlərini
mediada əks etdirməyə
çalışmalıdır".
Bakı Dövlət Universitetinin
Jurnalistika fakültəsinin dekanı, filologiya elmləri
doktoru, tanınmış jurnalist Vüqar Zifəroğlu da
"Şərq"ə açıqlamasında jurnalistika
sahəsində ixtisaslaşmanın vacib olduğunu
vurğulayıb:
"Bir praktiki jurnalist kimi
bir jurnalistin hər sahədən yazmasını düzgün
hesab etmirəm. Artıq 20 ildən çoxdur ki, mən
beynəlxalq jurnalistka sahəsində
çalışmışam. Hesab edirəm
ki, jurnalistikaya qədəm qoyduqdan sonra orada jurnalistin ona
yaxın olan sahəni seçib işləməsi onun gələcəkdə
peşəkar kadr yetişməsi üçün son dərəcədə
çox vacib və əhəmiyyətlidir. Yəni bir jurnalistin universal olaraq həm siyasətdən,
həm də iqtisadiyyatdan yazması gələcəkdə
onun həm də bir ekspert, mütəxəssis kimi yetişməsinə
əngəl olur. Məsələn, Türkiyə, Rusiya,
Avropa ölkələrinə diqqət etsək görərik
ki, jurnalistlər ekspert kimi çıxış edirlər. Onlar iqtisadi, siyasi, beynəlxalq məsələləri
şərh edirlər, münasibət bildirirlər. Bunlar da cəmiyyətdə necə gözəl və
anlamlı qarşılanır. Bu mənada
hesab edirəm ki, jurnalist həm də ekspert kimi
yazdığı sahə üzrə özünü bir
mütəxəssis kimi yetişdirməlidir. Jurnalist birinci gündən mediadan
çalışmağa başladısa, o mütləq
özünə uyğun müvafiq bir sahəni seçməli
və addım-addım həmin sahə üzrə
yetişdirməlidir. O jurnalist həmin sahə üzrə
xəbər jurnalisti, sabah artıq
xüsusi müxbir funksiyasını icra edə bilər. Daha sonra həmin sahə üzrə
araşdırmaçı jurnalist kimi öz qələmini
sınaya bilər və analitik-ekspert kimi çıxış
edə bilər. Bunlar hamısı
jurnalistikada inkişaf mərhələləridir. Yaxşı olardı ki, jurnalistikada artıq məhz
bu meyarlar əsas götürülsün. Çox
təəssüf ki, bunlar jurnalistikamızda çox az
saydadır".
V.Zifəroğlu qeyd edib ki,
jurnalistika hər zaman yenilənməli olan bir təsisatdır:
"Çünki informasiya
texnologiyaları inkişaf edir, informasiya ilə iş prosesinin
artıq yeni çalarları, yeni meyarları ortaya
çıxır. Hətta jurnalistikanın
özündə dəyişikliklər çox sürətlə
baş verir. Janrların transformasiyası
gedir. Kütləvi informasiya vasitələrində
konvengensiya baş verir, yəni bütün bu hallar birmənalı
şəkildə həm də medianın yenilənməsi zərurətini
ortaya qoymuş olur. Bax, bu səbəbdən Cənab
Prezidentin imzaladığı fərmanda birmənalı şəkildə
göstərilir ki, o qlobal informasiya məkanında baş verən
yeniliklər, yeni tendensiyalar, onların izlənməsi, öyrənilməsi,
tətbiqi, yəni bunların mediaya gətirilməsi,
bütün bu məqamlar açısı baxımından
yeni Medianın İnkişafı Agentliyinin yaradılması
çox mühüm və əhəmiyyətli bir qərardır".
V.Zifəroğlu mediamızın
maddi-texniki bazasının daha da
yaxşılaşdırılmasının çox
mühüm və vacib olduğuna diqqət çəkib:
"Ümid edirəm ki,
bu mənada agentlik mediamıza böyük bir dəstək verə
bilər. İkinci bir məsələ, yeni media ilə
bağlı hüquqi bazanın
formalaşdırılmasıdır. Gəlin açıq
etiraf edək ki, bu gün açığı internet
medianın inkişafı, rəqəmsallaşma və s.
bütün bu kimi yeniliklər, məqamlar müəyyən mənada
bir informasiya nizamsızlığını ortaya qoyub. Bu da müəyyən
mənada bir professional yanaşmanı zəruri edir həm də.
Burda başqa bir məqam ondan ibarətdir ki, media
orqanımızda çalışanların heç də
hamısı ali təhsilli jurnalistlər
deyil və aralarında həvəskarlar çoxdur. Təbii ki, bu, anlaşılan bir şeydir. Çünki jurnalistikaya hər zaman maraq
böyük olub. Ələlxüsus da bu
gün texnologiyaların inkişafı jurnalistikaya olan
marağı, axını daha da artırır. Amma biz maksimum dərəcədə ona
çalışmalıyıq ki, hətta həvəskar
jurnalist kimi mediaya addım atan həmkarlarımız da peşəkarlıq
baxımından müəyyən təlimlər, kurslar
keçsinlər. Agentliyin nizamnaməsində
bu da öz əksini tapıb. Hesab edirəm
ki, bu gün mediada çalışan və mediaya həvəsi
olan, jurnalist kmi öz gələcəyini görmək istəyən
qeyri-ixtisas sahibləri üçün də çox
geniş imkanlar açıla bilər. Biz
də yeni yaranan agentliyimizə BDU-nun jurnalistika fakültəsi
olaraq hər cür dəstək verməyə hazırıq.
Çünki bizim bu məsələdə dəstək
olmaq üçün kifayət qədər, ciddi maddi-texniki
bazamız var".
APA TV-nin baş redaktoru, tarix üzrə
fəlsəfə doktoru Cavid İsmayıl "Şərq"ə
açıqlamasında qeyd edib ki, Medianın
İnkişafı Agentliyi ilk növbədə KİVDF təcrübəsindən
imtina etməlidir:
"Çünki bu təcrübə
özünü doğrultmadı, mediaya ayrılan milyonlarla vəsait
bir qrup şəxs tərəfindən mənimsənildi. Ümid edək
ki, yeni qurum media qanunvericiliyini təkmilləşdirəcək,
nəticədə ələbaxan mediadan sağlam rəqabətə
davamlı mediaya keçid nəhayət ki, başlayacaq.
Niyyət safdır, gerçəkləşməsi
üçün əməllərin də saf olacağına
ümid edirəm".
Xudayarın anası: "Onun
barmaqları kəsilməli idi, Bakıya gəlirəm..."Xudayarla
bağlı “zarafat”ına görə döyülən gənc
danışdı (VİDEO)Alimpaşa Məmmədovun
cinayətində tanınmış müğənnilərin
adı da hallanıbSON DƏQİQƏ! Prezident sərəncam
imzaladı: Bu şəxslərə pul veriləcəkXudayarla
bağlı “zarafat”ına görə
döyülən gənc DANIŞDI - VİDEOİkinci
Dünya müharibəsinin iştirakçılarına birdəfəlik
maddi yardım veriləcək
Aynurə Pənahqızı
Şərq 2021.- 16 yanvar.- S.11.