Ortaq media platformasına ciddi ehtiyac var
"Bir çox məsələlərdə
Türkiyənin təcrübəsindən
yararlana bilərik"
"3 ay ərzində
Türkiyə və Azərbaycan arasında
media platformasının həyata
keçirilməsi üzrə
işçi komissiya yaradılacaq"
Qədim tarixi ənənələrə
malik Azərbaycan-Türkiyə
əlaqələri sarsılmaz
dostluğa, ənənəvi
qardaşlığa söykənən
möhkəm təməllər
üzərində qurulub. Ortaq kök, dil, din birliyi, oxşar mədəniyyət, adət və ənənələr bu əlaqələri şərtləndirən
amillər sırasında
yer alır. Son aylar baş
verən hadisələr
bir daha təsdiq etdi ki, iki qardaş
ölkə arasındakı
qırılmaz əlaqələr
daha möhkəm və sarsılmazdır.
Xüsusilə son vaxtlar Azərbaycanla
Türkiyə arasında
hərbi sahədə
əməkdaşlıq istiqamətində
xüsusi bir canlanma müşahidə edilir.
Bu günləri
həmçinin Azərbaycanla
Türkiyə arasında
birgə media platforması
yaradılması, xəbər,
mütəxəssis və
fikir mübadiləsi həyata keçirmək,
o cümlədən hər
iki ölkənin sosial media vasitəsilə
dünyada daha yaxından tanıdılması
genişləndirilməkdədir. Televiziyadan kino
sektorunadək bütün
sahələr üzrə
birgə layihələrin
həyata keçirilməsi,
mütəxəssis mübadilə
proqramlarının hazırlanması,
eləcə də texnologiya sahəsində əməkdaşlıq ilk olaraq
hər iki ölkəyə qarşı
həyata keçirilən
qaralama kampaniyası ilə mübarizədə
də əhəmiyyətli
rol oynayacaq. Artıq Azərbaycan-Türkiyə media platformasının
əhatə dairəsi
müəyyənləşib. Bu barədə "Azərbaycan Respublikası
ilə Türkiyə Respublikası arasında
media sahəsində strateji
əməkdaşlıq haqqında"
Anlaşma Memorandumunun
təsdiq edilməsi barədə qanun layihəsində bildirilib.
Sənəddə qeyd edilib ki, tərəflər
yaradılacaq birgə
media platforması çərçivəsində
iki ölkə arasında sağlam media əlaqələri şəbəkəsinin
infrastrukturunun yaradılması
aşağıdakı üsullarla
həyata keçiriləcək:
- Media sahəsində
bilik, təcrübə
və mənbələrin
paylaşılması;
- İki ölkənin media sahəsində fəaliyyət
göstərən rəsmi
qurumları ilə birgə işlərin aparılması;
- Beynəlxalq arenada rast gəlinən dezinformasiyaya qarşı birgə mübarizə aparılması və dünya ictimaiyyətinin düzgün məlumatlandırılması;
- Televiziya və kino sahəsində ortaq işlərin həyata keçirilməsi;
- Müxtəlif media və sektor təmsilçiləri
ilə tərəfdaşlığın
qurulması;
- Peşə təhsili və mübadilə proqramlarının təşkil
edilməsi;
-
İki ölkənin
fikir öndərləri
arasında rabitə körpüsünün qurulması.
Sənəddə bildirilir
ki, Anlaşma Memorandumunun qüvvəyə
minməsindən sonrakı
3 ay ərzində Türkiyə
və Azərbaycan arasında media platformasının
həyata keçirilməsi
üzrə məqsədyönlü,
əhatəli planın
hazırlanması üçün
birgə işçi
komissiya yaradılacaq.
Mövzu ətrafında
fikirlərini "Şərq"lə
bölüşən “Xalq
Cəhbəsi” qəzetinin
baş redaktoru Elçin Mirzəbəyli
bildirib ki, platforma çərçivəsində
müxtəlif media və
sektor təmsilçiləri
ilə tərəfdaşlığın
qurulması mühümdür.
Tanınmış media eksperti
əlavə edib ki, bu yöndə
qarşılıqlı səfərlərin
təşkili çox
əhəmiyyətlidir:
"Bu səfərlər
ilk növbədə praktik
məcrada olmalıdır. Yəni məqsəd
ondan ibarət olmamalıdır ki, kimlərsə turist səfərlərinə gedib
vaxtlarını itirsinlər.
Digər
tərəfdən qarşılıqlı
əlaqələrin inkişafı
üçün forumların
keçirilməsinin də
məqsədəuyğun olduğunu
düşünürəm. Çünki media platforması çərçivəsində əməkdaşlıq hər
iki tərəfin marağında olmalıdır.
Media qurumları arasında əgər hansısa əlaqələr
qurulacaqsa və inkişaf etdiriləcəksə,
ortaq məqamlar olmalıdır. Məsələn, hər iki tərəf
üçün informasiya
siyasətində hansı
amillər əsas götürülür, hansı
məqamlar prinsipal əhəmiyyət kəsb
edir. Bunlar xüsusilə önəmlidir.
Şübhəsiz ki, bu gün Azərbaycan mediası ilə Türkiyə mediasının
gücünü və
potensialını müqayisə
etmək mümkün
deyil. Qənaətimə
görə, ilk növbədə
daha çox Azərbaycan mediasının
inkişafına təkan
verəcək amilləri bu prosesdə nəzərə
almaq lazımdır".
E.Mirzəbəyli vurğulayıb
ki, daha çox birgə təlimlərin keçirilməsi
vacib şərtlərdən
biridir:
"Əlaqələrin
qurulmasında bu amil də əhəmiyyətli
rol oynaya bilər. Necə ki, maddi-texniki
bazanın gücləndirilməsi
və kommersiya fəaliyyətinin inkişafı
amilləri. Media platforması ilə yanaşı Türkiyədə
bizim öyrənəcəyimiz
çox məqamlar
var. Çünki medianın
bir kommersiya strukturu kimi fəaliyyət göstərməsi
və qazanc əldə etməsi üçün əsas şərtlərdən biri
reklam bazarının liberallaşdırılmasıdır. Məsələn, reklamların və
sosial reklamların ədalətli bölünməsi
və s. Bu aspektdən
də Türkiyədən
bu məsələlərlə
bağlı öyrənə
biləcəyimiz çox
məqamlar var.
Amma bu prosesin inzibati
metodlarla həyata keçirilməsi düşünürəm
ki, mümkün deyil. Sadəcə olaraq, burada
tənzimləyici bir funksiya həyata keçirilməlidir. Ola bilsin ki, bu,
Media İnkişafı Agentliyi
tərəfindən gerçəkləşdiriləcək.
Amma tənzimləyici
proses olmalıdır və əlaqələr qurulmalıdır. Nəzərinizə çatdırım ki, bundan öncə də Azərbaycan və Türkiyə mediaları arasında əlaqələrin qurulması
üçün kifayət
qədər cəhdlər
olunub. Ayrı-ayrı media qurumlarının rəhbərləri tərəfindən
belə addımlar atılıb.
Hələ 2020-ci illərdən başlayaraq
bu proseslər gedir. Həmin insanlar Azərbaycanla
Türkiyənin ortaq
media platformasında birləşməsini
və iki ölkənin bütün
sahələrdə olduğu
kimi media sahəsində
də yaxınlaşmasını
ürəkdən arzulayırdılar.
Amma təəssüflər olsun
ki, bəzən ən gözəl ideyalar belə bəzi şəxslər tərəfindən xüsusi
olaraq məqsədyönlü
şəkildə mənimsənilir
və onların həyata keçirilməsinə
imkan verilmir. Yəni formal
bir xarakter daşıyan ayrı-ayrı
platformalar və təchizatlar yaradılıb.
Təchizatların da məqsədi əslində inkişafdan
yox, daha çox fərqli maraqlardan ibarət olub. Ümid edirəm ki,
indiki şəraitdə
ortada çox ciddi tərəf var və bu,
parlament səviyyəsində
paraflanan sənəddir.
Şübhəsiz ki, çox
önəmli sənəddir.
Azərbaycan tarixində indiyə
qədər belə bir fakt olmayıb.
Bu əslində sənədin özünün
ciddiliyindən xəbər
verir".
Tanınmış media eksperti
qeyd edib ki, Azərbaycan-Türkiyə
media əlaqələrinə mane olan bu amillərlə
yanaşı digər
amil isə Azərbaycan mediasının
zəifliyi olub:
"Media qurumları
ən azı bərabər səviyyəyə
yaxın bir platformada olmalıdırlar
ki, onların əməkdaşlıq perspektivləri
olsun. Biz Türkiyə
mediasına nə vəd edə bilərik ki, onlar üçün maraqlı olsun? Məhz bu barədə düşünmək lazımdır.
Əvvəla nə vəd
verəcəyimizi düşünməliyik.
Onlar üçün
hansı aspektdən maraqlı olacağımızı
gündəmə gətirməliyik.
Hətta gələcəkdə
bu məsələlər
müzakirə olunsa və həllini tapsa, bir sıra
problemlər hətta gələcəkdə
ortaq media qurumlarının
yaradılması perspektivi
də kifayət edir.
Düşünürəm ki, bu media platformasının
ciddi şəkildə
işlənilməsi, həyata
keçirilməsi, bütövlükdə
Türkiyə media platforması
üçün çox
ciddi bir bağ rolunu oynaya bilər. Çünki ümumiyyətlə, türk
dövlətlərinin əməkdaşlığı
prosesini sürətləndirən
amillərdən biri Azərbaycan-Türkiyə əməkdaşlığının
perspektivli olması, belə deyək ki, özünü sübuta yetirməsi olub. Bu özünü
enerji layihələrində,
iqtisadi əlaqələrdə
və s. büruzə
verib. Bu aspektdən
də media platformasında
da eyni tendensiyaların
- səmərəlilik, qarşılıqlıq,
faydalılıq elementlərinin
önə çıxmasına
ehtiyac var".
Tanınmış media eksperti Zeynal Məmmədli "Şərq"ə
açıqlamasında Azərbaycan-Türkiyə
Birgə Media Platforması
çərçivəsində televiziya və kino sahəsində ortaq işlərin həyata keçirilməsinin
vacibliyini qeyd edib. Ekspert diqqətə
çatdırıb ki,
bu günləri televiziya sahəsində çox ciddi qüsurlar var:
"Azərbaycan
və Türkiyə arasında birgə media əməkdaşlığına çox ciddi ehtiyac var. Qeyd edim ki, operatorların,
televiziya rejissorlarının,
reportyorların, şərhçilərin
hazırlanması ilə
bağlı özəlliklə
TRT böyük təcrübəyə
sahibdir.
Ümumiyyətlə, Türkiyə televiziyaları bu sahədə kifayət qədər peşəkar praktikaya malikdirlər. Burda məhz təsdiq-təlim baxımından işbirliyi ola bilər. Bədii televiziyaya gəlincə, bu günləri dövlətimiz tərəfindən televiziya seriallarına pullar ayrılır. Məsələn, set çəkilişlərinə, situasiya komediyalarına, ümumilikdə tarixi seriallara. Lakin istənilən keyfiyyət əldə olunmur. Bunlarla bağlı Türkiyənin təcrübəsindən yararlanmaq mümkündür.
Digər tərəfdən televiziyada xəbər və xəbər törəmə materialların çəkilişi ilə bağlı işlərin daha da təkmilləşməsinə ehtiyac var. Məsələn, daha çox təlimlər və kadrların hazırlanması ilə bağlı iş birliyi çox vacibdir.
Yəni birgə təlimlər və hazırlıqlarla bağlı onların çox böyük faydaları ola bilər. Məni işin bu istiqaməti maraqlandırır. Sözsüz ki, digər birgə proyektlər, layihələr də mümkündür. Bu, türk xalqların mədəniyyəti, tarixi ilə bağlı ola bilər. Sənədli filmlərin, silsilə sənədli filmlərin çəkilişi və materialların hazırlanması ilə bağlı ciddi iş birliyi qurmaq lazımdır".
Z.Məmmədli bildirib ki, bu günləri televiziyalarda peşəkarlıqlarla bağlı axsamalar var:
"Efir məkanımızda efir, danışıq və görüntü dili, sözlərin ifadə olunması ilə bağlı ciddi qüsurlar mövcuddur. Habelə, davranış və təcrübə ilə bağlı da. Görürsən ki, məsələn, 20-22 yaşında bir telexəbər aparıcısı hər hansı bir hadisəyə münasibət bildirir.
Bu zaman onun ifadələri və səs tonu xoş təsir bağışlamır, yəni bunun nə həyat təcrübəsi var ki, birdən-birə efir məkanındadır. Onun reportyor olan vaxtı efirdə aparıcılıq etməsini düzgün hesab etmirəm. Yəni bizdə efir yaşı problemi də var.
Bu məsələlərdə də Türkiyənin təcrübəsindən ciddi faydalana bilərik. Televiziyalarda efir yaşı deyilən bir anlayış mövcuddur. 30-35 yaşına kimi sən televiziyada reportyorsan, yəni hələ xəbər dalınca qaçmalısan, nədəsə ixtisaslaşmalısan, öyrənməlisən və ondan sonra efirə çıxa bilərsən. Amma bizdə bilmirsən ki, bu aparıcıların hansı moderatordur.
Yəni heç
bir tərəfə və təbliğata
yol vermədən aparacaq.
Bizdə efir aparıcıları
hamısı bir-birinə çox bənzəyir.
Birinin elementləri hamısında var. Elə qəribə bir
qarışıq yaranır ki,
çaşıb qalırsan ki, bu nədir? Bu baxımdan
bizdə həm təhsil, həm seçilmək baxımından,
həm də dünyagörüşlü
şəxsiyyət olmaq baxımından çox ciddi nöqsanlar aşkarlanmaqdadır. Türkiyədəki
seçim təcrübəsi bizə böyük fayda verə
bilər.
Aynurə Pənahqızı
Şərq 2021.- 22 yanvar.- S.11.