İngilisdilli jurnalistlərin yetişdirilməsi olduqca vacibdir

 

Bununla biz beynəlxalq aləmdə ölkəmiz əleyhinə yönəlmiş ikili standartlı kampaniyaya qarşı uğurla mübarizə apara bilərik

 

"Silah dövrü geridə qalıb. İndi ölkələr faktlarla, informasiya və dezinformasiyalarla biri-birləri ilə mübarizə aparır, lazım gələndə zərbə vururlar"

 

 

Görkəmli Amerika yazıçısı və jurnalisti Mark Tven deyirdi ki, bütün dünyanı gəzən iki şey var: Günəş və “Assoşieyted press” agentliyi. Əlbəttə, o, nüfuzlu bir media qurumunu Günəşlə müqayisə etməklə həm də buradakı kollektivin peşəkarlığına işarə edir və hazırlanan materialların dünyanın dörd bir yanına yayıldığını göstərirdi. Yaşadığımız informasiya cəmiyyətində bu, xüsusilə vacibdir.

Təsadüfi deyil ki, ayrı-ayrı KİV müxtəlif İKT alətlərindən istifadə etməklə məsafəni “qısaltmağa” xüsusi üstünlük verirlər. Onlar həmin yolla həm auditoriyalarını genişləndirir, həm də informasiyanı mümkün qədər əlçatımlı edir, aktuallığını itirməsinə imkan vermirlər. Lakin təkcə bu da kifayət deyil. Xaricidilli medianın inkişafı da sözügedən məsələdə xüsusi əhəmiyyətlidir. Biz bunu geridə qoyduğumuz Vətən müharibəsi dövründə də gördük. Haqq səsimizin dünya ictimaiyyətinə çatdırılması naminə xaricidilli jurnalistlərin yetişdirilməsinin vacibliyini növbəti dəfə anladıq.

 

 Sevindirici haldır ki, bu gün Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsində ingilis bölməsi də fəaliyyət göstərir. Tələbə-jurnalistlərə burada həm öz peşələrini, həm də ingilis dilini dərindən bilən ixtisaslı kadrlar dərs deyirlər. Həmin peşəkar müəllimlər dərsləri ingilis dilində tədris etməklə, o cümlədən əcnəbi ədəbiyyatları yada salmaqla tələbələrinin fəaliyyət dairələrinin genişlənməsinə yardımçı olurlar. BDU-nun Jurnalistika fakültəsinin ingilis bölməsinin məzunları, şübhəsiz ki, dünyanın bir çox ölkələrində çalışa bilərlər. Özü də heç bir tərəddüdsüz, çətinliksiz.

 

BDU-nun Jurnalistika fakültəsinin ingilis bölməsində dərs deyən müəllimlərdən biri - Ellada İbadova bizimlə söhbətində ingilis dilində tədrisin özəlliklərindən danışıb. Onun fikrincə, tələbələrin xarici dildə təhsil alması xüsusi üstünlükdür:

 

“Azərbaycan bölməsi ilə ingilis bölməsinin tədris proqramı arasında ciddi fərq yoxdur. İngilis dilində tədrisin əsas üstünlüyü ondan ibarətdir ki, tələbələr Jurnalistika ixtisasına yiyələnməklə bərabər, həm də xarici dillərini təkmilləşdirirlər. Əlbəttə, bütün sahələrdə olduğu kimi, təhsildə də Avropaya inteqrasiya etdiyimiz bir vaxtda bu, olduqca vacib məqamdır. Müəllimlər də kifayət qədər professionaldırlar. Ancaq təəssüf  ki, ədəbiyyatlar arzuolunan qədər deyil. Buna baxmayaraq, ədəbiyyatın azlığı tədrisin keyfiyyətinə təsir etmir. Bizim hazırda mətbuatda fəal çalışan yetirmələrimiz kifayət qədərdir. Əsasən ingilis və Amerika mənbələrindən yararlanırıq. Bundan əlavə, vikipedik materiallar çox köməyimizə gəlir. İnternet vasitəsilə müxtəlif jurnalistika mütəxəssislərinin medianın konkret sahələrinə dair əsərlərini, məqalələrini əldə edirik. Tələbələr həm də Azərbaycan dilindəki dərslikləri, vəsaitləri ingiliscəyə tərcümə edirlər. Bəzən bu, onlar üçün daha səmərəli və əlverişli olur. Çünki tələbə əvvəlcə mətni öz dilində tam mənimsəyir, tərcümə zamanı isə söz bazasını artırır”.

 

 E.İbadova ən ciddi problemlərdən biri kimi tələbələrin ingilis dili biliyini göstərib. Onun sözlərinə görə, gələcək jurnalistlərin xarici dil səviyyələri eyni deyil. Bu isə bəzən tədrisdə çətinliklər yaradır:

 

“Adətən birinci və ikinci kurslar terminlərin çətin, proqramın ağır olduğunu deyirlər. Müəyyən mənada razıyam. Məktəbi yenicə bitirən tələbə üçün jurnalistikanı ingilis dilində oxumaq heç də asan deyil. Üçüncü və dördüncü kurslar isə müəllimlərin hərdən Azərbaycan dilində danışdıqlarından şikayət edirlər. Qrupdakı tələbələrin heç də hamısının ingilis dili səviyyəsi eyni deyil. Bu səbəbdən də pedaqoq məcbur qalıb hərdən Azərbaycan dilində də danışır. Lakin ixtisasını bilməyən müəllimi, yəqin, Bakı Dövlət Universiteti kimi bir müəssisəyə, özü də Jurnalistika fakültəsinə işə götürməzlər. Bu çox aktual bir məsələdir. Hər qrupda bir neçə tələbə olur ki, ingilis dilində nəinki başa düşür, heç normal danışa da bilmir. Onlardan niyə bu bölməni seçdiyini soruşanda cavab verə bilmirlər. Qeyd etdiyimiz məsələ ciddi problemdir. Bəlkə də həmin tələbə ingilis dilini mükəmməl səviyyədə bilən hansısa gəncin yerini tutur. Məhz bu səbəbdən şəxsən mən xüsusilə birinci və ikinci kursların dərslərində mühazirəni həm də öz dilimizdə oxuyuram. Belə olan halda ingiliscəni kifayət qədər bilməyən tələbələr də mövzunu mənimsəmiş olurlar. Zənnimcə, məsələdən əsas çıxış yollarından biri də həmin tələbələr üçün kursların keçirilməsidir. Hər halda biz onlara ingilis dili yox, jurnalistika öyrətməliyik. İkinci bir tərəfdən, tələbələr mütləq öz aralarında ingilis dillərində danışmalıdırlar. Bu, mühüm məqamdır. Üzərlərində çalışmasalar, inkişaf edə bilməzlər”.

 

 Ellada xanımın fikrincə, Azərbaycan həqiqətlərini dünyaya çatdırmağa ehtiyac olduğu bir məqamda ingilis dilində tədris alan tələbələrin öhdəsinə böyük vəzifə düşür. Onlar dərslərinə məsuliyyətlə yanaşmalı, lazımi tapşırıqları yerinə yetirməlidirlər ki, ixtisaslı kadr kimi yetişə bilsinlər:

 

“ 1990-cı ildən üzü bəri Azərbaycan jurnalistikası böyük inkişaf yolu keçib. Mediamız, demək olar, hər gün tərəqqi edir. Mətbuat işçilərimiz KİV-in fərqli qollarında çox zaman professional davranır, baş verən hadisələrə operativ münasibət göstərirlər. Bizim müharibə şəraitində olduğumuz, haqq səsimizi dünyaya çatdırmaq istədiyimiz bir zamanda bu, çox yaxşıdır. Ancaq bəzən professionallıq kifayət etmir. Mövcud məsələləri dünya miqyasına çıxarmaq üçün beynəlxalq dillərdən heç olmasa birini mükəmməl bilmək lazımdır. İngilisdilli jurnalistlərimiz sözügedən istiqamətdə mühüm rol oynayırlar. Bu dili bilən media işçilərimizin olması, həmçinin BDU-nun Jurnalistika fakültəsində ingilisdilli mətbuat nümayəndələrinin yetişmələri olduqca sevindiricidir. Beləliklə biz  beynəlxalq aləmdə ölkəmiz əleyhinə yönəlmiş ikili standartlı kampaniyaya qarşı uğurla mübarizə apara bilərik. Sözsüz ki, potensial kadr hazırlamaq asan deyil. Bu işdə müəllim və tələbə qarşılıqlı çalışmalıdırlar. İlk növbədə isə həvəs lazımdır. Həvəs və bir az istedad tələbənin gələcəkdə yaxşı jurnalist olmasını şərtləndirən əsas amillərdəndir. Dörd illik ali təhsil müddətində tələbələr Jurnalistika fakültəsində öz istedadlarını təkmilləşdirir, eyni zamanda nəzəri biliklər əldə edir, müxtəlif janrların xüsusiyyətlərini mənimsəyirlər. Onu da deyim ki, jurnalistlər üçün nəzəriyyə və təcrübə vəhdətdə inkişaf etməlidir. Fakültəmizdə tələbələrin praktika ilə məşğul olmaları üçün hər cür şərait var. Məsələn, “Jurnalist” qəzeti, “Jurnalistika.info” saytı, Tədris-teleradio studiyası tələbələrin təcrübə laboratoriyaları hesab olunur. Tələbə-jurnalistlər peşəkar müəllimlərin köməyi ilə müxtəlif sahələrin sirlərinə yiyələnirlər. Hətta bizim artıq müxtəlif KİV-də çalışan tələbələrimiz var. Bu, olduqca sevindirici haldır. Həm də tələbənin zəhmətkeşliyindən, öz işinə sevgisindən xəbər verir”.

 

 BDU-nun Jurnalistika fakültəsinin digər bir müəllimi Türkan Əkbərova isə söyləyib ki, bu ixtisas üzrə xaricidilli mütəxəssislərin hazırlanması ikiqat əhəmiyyətlidir. Çünki jurnalistlər cəmiyyətin görən gözü, eşidən qulağı, danışan dilidirlər:

 

“Jurnalistika sərhəd tanımır. Başqa sözlə desək, media beynəlxalq əhəmiyyətli sahədir. Xüsusilə texnikanın, texnologiyanın inkişaf etdiyi hazırkı dövrdə informasiya çox zaman bir millətə, xalqa yox, bütün bəşəriyyətə təqdim olunur. Məhz bu səbəbdən də hamının xəbərə çatmasından ötrü beynəlmiləl dillərdən birindən, o cümlədən ingilis dilindən istifadə olunmalıdır. Müasir dövrdə təkcə yazı qabiliyyəti ilə professional jurnalist olmaq kifayət deyil. Bu mənada BDU-nun digər fakültələri kimi, bizim fakültəmizdə də ingilis bölməsinin yaradılmasının məqsədəuyğun olduğu qənaətindəyəm. Nəzərə almaq lazımdır ki, hər bir ölkənin informasiya müharibəsində qalib gəlməsi xeyli dərəcədə onun xaricidilli jurnalistlərinin üzərinə düşür. Silah dövrü geridə qalıb. İndi ölkələr faktlarla, informasiya və dezinformasiyalarla biri-birləri ilə mübarizə aparır, lazım gələndə zərbə vururlar”.

 

 XX əsrin əvvəllərində Qərbdə “Sərhədsiz informasiya konsepsiyası” var idi. Həmin nəzəriyyəyə görə, jurnalistlər istənilən informasiyaya çata, ona əməl edə və ötürə  bilərlər. Əslində keçən əsrin arzusu bu gün reallığa çevrilib. Dünyanın əksər ölkələrində, o cümlədən Azərbaycanda söz azadlığı ilə bağlı heç bir problem yoxdur. Peşəkarlar bircə cümləlik informasiya ilə dünyanın bir nöqtəsindən digərinə təsir edə bilərlər. Həmsöhbətimiz düşünür ki, xaricidilli jurnalistikanın qarşısında duran əsas vəzifələrdən biri də məhz budur:

 

“Media sisteminin Beynəlxalq jurnalistika adlı xüsusi bir sahəsi var. Bəziləri hətta beynəlxalq jurnalistikanı medianın zirvəsi hesab edirlər. Beynəlxalq jurnalistika ilə məşğul olanlar məhz ölkə sərhədlərindən kənarda dövləti, milləti, xalqı təmsil edirlər. Onların əsas silahı isə xarici dildir. Xarici dilə tələbat heç vaxt indikitək çox olmayıb. Bu, birbaşa olaraq planetdə baş verən siyasi proseslərlə əlaqədardır. Hər bir ölkənin tarixi var. Mövcud tarixi faktları beynəlxalq aləmdə müzakirəyə çıxarmaq xaricidilli jurnalistlərin işidir. Xocalı soyqırımı, 20 Yanvar faciəsi ilə bağlı həqiqətlər göz qabağındadır. Lakin heç də hər kəs onları qəbul etmir. Deməli, bizim yetişdirdiyimiz jurnalistlər yazılarını əcnəbi dildə hazırlayaraq, onları fakt qarşısında qoymalıdır. Çünki faktın qarşısında hər şey acizdir. Həm də Azərbaycan sürətlə Qərbə inteqrasiya edir. Deməli, biz istər-istəməz digər dövlətlərlə informasiya mübadiləsi edirik. Jurnalistlərimiz xarici dil bilməsə, bu prosesdə də müəyyən boşluqlar yarana bilər”.

 

 T.Əkbərovanın xaricidilli ədəbiyyatla bağlı fikirləri isə fərqlidir. O bildirib ki, ədəbiyyat kifayət qədər olsa da, əsas problem yenə də həllini tapmır:

 

“Biz dərsi interaktiv, yəni sual-cavab formasında keçirik. Bu zaman tələbənin dərsə marağı daha da artır. İkinci bir tərəfdən biz proqramı beynəlxalq tədris planına uyğun tərtib etməyə çalışırıq. Həm də elə fənlər var ki, ingilis dilində ədəbiyyat daha çoxdur. Məsələn, “KİV-də menecment və reklam” bu qəbildəndir. Bu fəndən Azərbaycan dilində ədəbiyyat çox azdır, ingiliscə isə lazımi qədərdir. İngilis bölməsində oxuyan tələbələr hər iki dildə olan ədəbiyyatlardan istifadə edə bilərlər. Beləliklə, onlar  müxtəlif media sistemlərini, nəzəriyyə və standartları müqayisəli şəkildə öyrənirlər. Həm də həmin vəsaitləri asanlıqla internet məkanından tapmaq mümkündür. İngilis dilində ədəbiyyatın bol olması tələbələr üçün avantajdır. Onlar müxtəlif kitablara müraciət etməklə konkret mövzu haqqında ətraflı məlumat öyrənə bilərlər. Lakin tələbələrin heç də hamısının ingilis dili biliklərinin eyni səviyyədə olmaması bu məsələyə mane olur. Onların bir çoxu dil probleminə görə qeyd etdiyimiz imkandan yararlana bilmirlər. Ümumiyyətlə, tələbələr ingilis dilində tədrisi daha zəif mənimsəyirlər. Çünki bəzən ədəbiyyatlar akademik səviyyədə olur. Əksər tələbələr mətni anlamaqda çətinlik çəkirlər. 25 nəfərdən 6-7-sinin ingilis dilini normal səviyyədə bildiyi qruplarımız da var. Beləliklə, müəllim çarəsiz qalıb mühazirəni Azərbaycan dilində oxuyur. Auditoriyanın yarıdan çoxu ingilis dilini bilmirsə, dərsin də keyfiyyəti olmaz. Hətta tapşırığı da tədris dilində yerinə yetirə bilməyən tələbələrimiz az deyil”.

 

 Türkan xanım ingilis bölməsində oxuyan tələbələrin xarici dil biliklərinin kifayət qədər olmamasının təsadüfi olmadığı qənaətindədir. Belə ki, tələbələrin bir çoxu keçid balı aşağı olduğuna görə bu ixtisası seçir və nəticədə dörd il heç nə öyrənmədən məzun olurlar:

 

“Bəzən Azərbaycan bölməsində oxuyan tələbə ilə ingilis bölməsində oxuyanların xarici dil bilikləri arasında heç bir fərq olmur. Bu, düzgün deyil. Ona görə ingilis bölməsində oxumaq istəyənlərin dil bilikləri yoxlanılmalı, onlar oxuma, yazma və anlama testlərindən keçməlidirlər. Qeyd etdiyim model tətbiq edilmədiyinə görə ingilis bölməsində oxuyan bəzi tələbələr dərs zamanı heç nə başa düşmürlər. Əsas nöqsanlardan biri də odur ki, qəbul imtahanı zamanı ingilis bölməsində oxumaq istəyənlərlə Azərbaycan və rus bölməsində oxumaq istəyənlərin “İngilis dili” fənnindən imtahan səviyyələri eyni olur. Zənnimcə, bu da normal deyil. Jurnalistika fakültəsində ingilis dilini öyrənəcəyini düşünənlər də var. Hərçənd ki, jurnalistika fakültəsi heç kimə xarici dil öyrətməməlidir. İngilis dilini kifayət qədər bilməyən tələbə dörd il ərzində nə bu dili öyrənə bilir, nə də jurnalistikanı. Odur ki, ixtisas seçimi zamanı diqqətli və məsuliyyətli olmaq lazımdır. Həm Azərbaycan, həm də ingilis bölmələrində rast gəlinən ikinci bir problem isə tələbələrin bəzilərinin fakültəyə təsadüfən “düşmələridir”. Bunu özləri də etiraf edirlər. Haqlı olaraq sual yaranır: Gələcəkdə jurnalist olmaq istəməyən, bir yazı yazmağa  həvəs göstərməyən tələbə nə üçün Jurnalistika fakültəsində oxuyub kiminsə yerini tutmalıdır ki? Axı, həqiqətən, bu fakültəni arzulayanlar kifayət qədərdir. Sözügedən məsələyə etinasız yanaşmaq olmaz. Yalnız jurnalist olmaq istəyənlər, bu ixtisasın özəlliyini, çətinliyini, məsuliyyətini, “cəmiyyətin güzgüsü” statusunu başa düşənlər Jurnalistika fakültəsində oxumalıdırlar”.

 

 Nizami Gəncəvi deyirdi:

 

“Bir elmi öyrənmək istədikdə sən, çalış ki, hər şeyi kamil biləsən”. Həmin fikirlər bütün sahələrdə, o cümlədən təhsildə də özünü doğruldur. İngilis dilində jurnalistika ilə məşğul olan şəxs bu dili mükəmməl bilməlidir. Sadəcə adi danışıq səviyyəsində bu dili bilənlər heç bir elm sahəsindən baş çıxara bilməzlər.

 

Məsələyə münasibət bildirən müsahibimiz bəzi müəllimlərin də ingilis dilini akademik səviyyədə bilmədiklərini deyir: “Tələbələri də qınamaq olmaz. Axı ingilis dilini akademik səviyyədə bilməyən müəllimlər də var. Ona görə də, məncə, xarici dillərini təkmilləşdirməyə ehtiyacı olan həm müəllimlər, həm də tələbələr üçün kurslar təşkil edilməlidir. Bununla yanaşı, müxtəlif fakültələrin ingilis bölmələrində dərs keçən müəllimlər ingilis dili fakültələrindən seçilməlidirlər.

 

Çünki onların ixtisası məhz ingilis dilidir və bu dilin bütün incəliklərinə bələddirlər”.  Bir neçə ildir, Jurnalistika fakültəsində dərs deyən təcrübəli pedaqoqun fikrincə, gələcəkdə xaricidilli jurnalistlərimizin daha çox olmasından ötrü lazımi şərait yaradılıb. Həm də bunu zaman tələb edir. “Xarici dil dövrün diktəsidir. İndi ingilis dilini bilən jurnalistlərimizin sayı çox azdır. Bu, sadəcə təəssüfləndiricidir. İnformasiya müharibəsində olduğumuz bir vaxtda ingilisdilli jurnalistlərə çox ehtiyac var. BDU-nun Jurnalistika fakültəsində yetişən tələbələrin gələcəkdə bu sahədəki boşluğu dolduracaqlarına inanıram”.

 

 Hər iki mütəxəssislə söhbətdən sonra belə qənaətə gəldik ki, 1875-ci ildən üzü bəri davam edən milli mətbuat tariximizi uğurla, layiqincə davam etdirə bilərik. Sadəcə bircə şərtlə: gərək dünyada formalaşmaqda olan müasir standartlara cavab verək, necə deyərlər, onlarla ayaqlaşaq. Çünki yazımızın əvvəlində də dediyimiz kimi, indi informasiya cəmiyyətində yaşayırıq. Və bu cəmiyyətdə ən qiymətli kapital informasiyadır. Gərək xəbərin, yeniliyin bu dəyərini qoruyaq, saxlayaq.

 

 Kənan  Novruzov

 

Şərq  2021.- 29 yanvar.- S.11.