Dünyaya səs salacaq

Xocalıdan bəhs edən film xaricilərin də diqqətini çəkəcək

- Deyirlər, kino çəkənlər gəlib, hə, redaksiyamıza? Nədən çəkirlər, görəsən?

- Fantastik, macəra, dram janrındadır. Müasirliklə keçmişin uzlaşması. Xocalı hadisələri də xatırlanır.

"Sherg.az"ın qonağı yaxın vaxtlarda çıxan treyleri ilə ölkəmizə səs salan "Proyekt2602" filminin ssenari müəllifi və rejissoru Rafiq Hacıyevdir.

 

 

Həmsöhbətim R.Hacıyev əvvəllər musiqiçi, həmçinin səs rejissoru olub. Təxminən 10 ildən çoxdur ki, video istehsalı ilə məşğuldur. Əsas istəyi isə Azərbaycanda film sektorunun inkişafı, milli kinomuzu dünyaya tanıtmaqdır. R.Hacıyev danışır:

- 1992-1993-cü illərdə "Ulduz müharibələri" filmini izləmişdim. Sonradan filmlərə həvəsim yarandı. Ümumiyyətlə, ölkəmizdə kino inkişafdan qalıb. Təzə - təzə irəliləyir. Rejissor Stiven Spilberq, Ceyms Kemeron, Kristofer Nolan tərzini həmişə çox bəyənmişəm. Elə bir film çəkmək istəyirdim ki, xüsusi bir mesaj ötürsün. Daha müasir, hər kəsin bəyənəcəyi məhsul ortaya qoyulsun.

"Proyekt2602" filminin ssenari müəllifi R.Hacıyevlə yanaşı həm də ssenarist, aktyor Kənan Yusifdir. Müsahibim Kənan Yusiflə bir-birilərini yaxşı başa düşdüklərini söyləyir:

-İdeya bir-iki il ərzində formalaşdı. Ssenarist axtarmağa başlamışdım. Kənan Yusiflə tanış olduq.

Həmkarım Günəş Mərd müdaxilə edir: - Kənanın hansı işləri sizi cəlb etmişdi?

- Heç bir işi. Mən sadəcə görüşdüyüm ssenaristlərlə müzakirə aparırdım. Mənim fikirlərimlə uzlaşan ssenarist axtarışında idim. Təbii, çox gözəl ssenaristlərimiz var. Amma hamı ilə işləmək olmur. Çünki tərəflər arasında əlaqə, isti münasibət yaranmalıdır.

- Ssenari necə ərsəyə gəldi?

-  5 il ssenarinin üzərində işlədik. Bu cür ssenarilərin yazılması uzun müddət tələb edir. Pandemiya dönəmində Raul Silaya adlı prodüser Azərbaycanda idi. Hollivuddandır, əsli Meksikalıdır. Dostum, aktyor Zaur Şəfiyev onun barəsində danışırdı. Belə bir adam var deyəndə, onun Hollivuddan olduğuna inanmırdım. Raulla görüşdük. Gördüm ki, həqiqətən deyildiyi kimidir. Hollivudda 20 ildən çoxdur ki böyük layihələr üzərində çalışıb. Hətta Stiven Spilberq, Leanardo Di Kapriyo, Tom Henks və digər xarici ulduzlarla bir yerdə çalışıb. Ssenarimizi ona da göstərdik. Bəzi məsləhətlər verdi.  Texniki məsələlərlə bağlı düzəlişlərə kömək edəcəyini söylədi. 8 aya yaxın ssenarinin üzərində birlikdə çalışdıq, daha da təkmilləşdirdik və beləcə Raul filmimizin prodüserinə çevrildi. Sonra Raul söylədi ki, bu, artıq əsl Hollivud ssenarisinə bənzəyir.

- Xarici prodüserlə işləmək də bir avantajdır...

- Əlbəttə. Raulla birlikdə büdcəni də hazırladıq. Fors  major hallar daxil bütün nüanslar nəzərə almışıq. Elə prodüsser var ki, sırf maliyyə tapır, eləsi də var, filmin dünya standartlarına cavab verməsinə şərait yaradır. Raulun da əlaqələri genişdir. Hər şey münasibət üzərində qurulub.

Onu da qeyd edim ki, filmin ssenarisi Amerikanın “Metro-Goldwyn-Mayer”və “Rocket Content” kimi şirkətlər tərəfindən müsbət rəy alıb. Həmçinin, Oskara namizəd, Bafta və Emmy mükafatların sahibi olan, Henri Hyuz(Henry Hughes) adlı amerikalı ssenarist-rejissor da ssenarimiz ilə tanış olub, çox müsbət rəy bildirib. Bunları instaqram səhifəmizdə tezliklə paylaşacağıq.

- Filmin mahiyyəti nədən ibarətdir?

- "Proyekt2602" məhz Xocalı soyqırımından bəhs etmir. Film bir insanın - Ramilin hekayəsinin üzərində qurulub. Amma o Xocalıdandır. Avtomatik Xocalıdan da söz açmış oluruq. O , zaman maşını üzərində işləyir. Xocalı hadisələrinə qayıdıb anasını xilas etmək istəyir.  Filmi izləyən  xarici vətəndaş istər - istəməz "Xocalı" yazıb “Google”də axtarışa vurub maraqlanacaqlar.

Günəş Mərd:

-Xocalı hadisələri ilə bağlı bir çox sosial çarxlar, filmlər çəkilib. "Proyekt2602" digər filmlərdən nə ilə fərqlənir?

- Düzdü, bu istiqamətdə işlər görülüb. Amma xaricilər üçün problemi qışqırsaq, heç kim qulaq asmayacaq. Artıq belə istiqamət işləmir. Hər bir problemi dünyaya çatdırmağın bədii həlli mövcuddur. Problemi birbaşa göstərməməliyik.

Tutalım, mən sizə söyləyirəm ki, gəlin, filan yerə baxaq, çox gözəldir. Onda gedib baxmaq istəmirsiz. Amma  biri də var, mən sizi heç yerə çağırmıram. Deyirəm, orada çox maraqlı bir şey var.  Özünüz  durub baxmağa gedəcəksiz. Struktur bunun üzərində qurulub.

Məsələn, "Notre-Dame de Paris" əsəri olmasaydı, bəlkə də, indi onun mövcudluğundan məlumatsız idim. Belə sənət əsərləri bizə bilmədən informasiya ötürür.

- İnsanlar filmə baxanda özü də bilmədən baş verənləri "yeməlidir"...

- Təbii ki. Həm də diqqət çəkməlidir. İnsanlar birbaşa mesajlarıartıq birmənalı qarşılamırlar. Problemi dolayı yolla çatdırmaq lazımdı. Ən uğurlu tanıtımlarda da əsas məqam tamaşaçını narahat etmədən çatdırılır. Artıq film Azərbaycan tamaşaçısı üçün çox maraqlıdır. Xaricilərin də diqqətini çəkəcək. Hətta indiyə kimi baxan xarici mütəxəssislər çox bəyənib.

- Sosial şəbəkədə mənim də qarşıma çıxmışdı. Necə oldu ki, geniş kütlə tərəfindən sevildi?

- İnstaqram səhifəm elə də aktiv deyil. Amma 26 fevralda @proyekt2602 instaqram səhifəsini açdım, bizim promo çarxı paylaşdım. Taleh Yüzbəyov, Elxan Rəcəbov, Oksana Rəsulova, Zülfiyə Xanbabayeva və digərləri sağ olsun, paylaşdılar. Rəylər gəlməyə başladı, iki günə 140 minə yaxın adam izlədi.

Həmsöhbətim deyir ki, filmdə xarici vətəndaş rolu da var. Həmin obrazı Amerika, İngiltərənin məşhur simalarından biri oynayacaq. Hamının sevdiyi tanınmış türk aktyorları da filmdə yer alacaq:

- Türkiyədəki pradakşnlarla, həmçinin dövlət səviyyəsində danışıqlar aparırıq. Azərbaycanlı aktyorlar üçün yüngül kastinq keçirilib. Bəzilərini gözaltı etmişik. Promoda çəkilən aktyorlar qala da bilər, qalmaya da. Hər birinə təşəkkür edirik.

-Promo çarxının çəkilişi harada gerçəkləşib?

- Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyanın həyətində tərk edilmiş sex var. Demək olar, sıfırdan quruldu. Bir aya yaxın gedib gəldik. Quruluşcu rəssam Səbuhi Atababev də çox yardımçı oldu. Xeyli dostlarımız təmmənnasız yardım etdi.

- Filmin demo versiyasını izləyəndə "Sehirli xalat"a bənzərlik duymuşdum. "Proyekt2602"də də keçmişə səyahət edilir.

-  Ona görə deyirəm bu, müasir Azərbaycanın ilk fantastik filmidir. Əvvəllər belə filmlər çəkilib. “Qərib cinlər diyarında”,  Sehirli xalat” və s. Lakin o vaxtlar viziual effektlər yox idi, hər şey təbii yolla və boyük əziyyətlərlə qurulurdu. Həmin dönəmə görə Əlisəttar Atakişiyevin möhtəşəm işlərindən biridir.Ermənilər hər yerdə qondarma soyqırımı ifadəsini sıramağa çalışırlar. Məsəl üçün, Den Braunun “İnferno” əsərində(həm fimdə həm kitabda),  Kristian Beyl rol aldığı “Söz”(Promise) filmi və digərləri. Yaxın zamanda Disney+ rəqəmsal platformasında yayımlanan  "Moon Knight" serialında da bənzər hadisə baş verib. Oskar Ayzeklə Ethan Hawke arasında dialoqların birində  "erməni soyqırımı" barəsində bir cümlə keçir. Çox danışılmır.

Məncə, "Proyekt2602" filmi onlara layiqli bir cavab olacaq.

- İnstaqramla yanaşı digər sosial şəbəkələrdə də paylaşaraq daha çox kütləyə səs salmaq olar..

- "Tik Tok" da paylaşım etmişik. Lakin izləyicimiz azdır. Başqaları bizim roliki paylaşır, 250 mindən çox baxış gəlir. Türkiyəli bloqer “twitch” sosial şəbəkəsində oyun oynayır. 3-4 milyon izləyicisi var. Azərbaycanlılardan biri həmin videonu çat hissəsinə göndərib. Sən demə, 15-20 min adam var imiş. Bloqer də videonu canlıda hər kəs üçün açıb. Sonuna kimi izləyib və çox bəyənib!

Müsahibim deyir ki, paylaşılan görüntülər demo versiya olduğuna görə,  musiqisi hələ  tam hazırlanmayıb:

-İzlədiyiniz promo çarxının ilk yarsında eşitdiyiniz musiqilər bəstəkar Ramin Vəlibəyov tərəfindən yazılıb.Hazırda onunla birgə film üçün yazılacaq musiqilərhaqqında geniş müzakirə aparırıq.

- İnsanlar filmin artıq çəkildiyini zənn edir.

- Bəli, "filmə harda baxa bilərik" kimi kifayət qədər rəylər gəlir. Lakin bu demo variantdır, film çəkilməyib. Filmin istehsalı üçün  1 milyon 800 min manat maliyyə vəsaiti lazımdır. 400 min manat Mədəniyyət Nazirliyi, 300 min manat Azərbaycan Televiziyası, 100 min isə xaricdə yaşayan biznesmenlər , azərbaycanlılar ianə edib.

- Maliyyə vəsaitinin tamamlanması üçün dəstək kampaniyası da başlatmağı düşünmüsüz?

- Biz  artıq neçə müddətdir ki “Crowdfunding” sistemini burada ilk dəfə tətbiq etmişik.

Veb səyfə yaratmışıq  - www.proyekt2602.az . Hər bir vətəndaş 1 manat, 5 manat belə ödəniş edərək dəstək ola bilər. Hətta ianəçilər üçün hədiyyələr nəzərdə tutulub. Saytda hər şey ətraflı yazılıb.

Sosial şəbəkənin aktiv istifadəçiləri, dostlarımız da paylaşaraq dəstək verir. Sentyabrda yeni bir dalğa etmək istəyirik. Promo çarxın kinoteatrlarda yayımlanmasını planlaşdırırıq.

 

 

Bu kino ki, var. Çox qəliz məsələdir. Həm qəlizdir, həm də ki, vacib. Kino təəssübkeşi Rafiq Hacıyev əsas addımı atıb, təkcə maliyyə tamamlanmayıb. Bizim də borcumuz əlimizdən gələn hər bir dəstəyi əsirgəməməkdir.Ümid edirik lazımi vəsait qısa müddət ərzində toplanacaq. Azərbaycan öz həqiqətlərini dünyada, beynəlxalq arenada işıqlandıra biləcək.

 

Hazırladılar: Günəş MƏRD, Aygün TAHİR

 

Şərq .-2022.- 11 avqust.- S. 7.