"Festivalda türk ruhu möhtəşəm idi, digər məsələlərə göz yummaq olardı"

Güllü Yoloğlu: "Tədbirin ideya müəllifi gecə-gündüz burada çalışıb, hətta fəhlə yerinə də işləyib"

"Festival yenə eyni yaylaqda keçiriləcək. Şübhəsiz, növbəti dəfə bütün məqamlar nəzərə alınacaq"

  İkinci Milli Yaylaq Festivalı Göygöl rayonunun Sarıyal nahiyəsində, Hacıkəndin yaxınlığında yerləşən Xan Yaylağında keçirildi. İyulun 29-dan 31-dək baş tutmuş Festival Cavad xan Tarix və Mədəniyyət Fondunun təşkilatçılığı, Mədəniyyət, Gənclər və İdman, Kənd Təsərrüfatı nazirliklərinin, Turizm Agentliyinin, KOBİA, Gəncə və Göygöl rayon icra hakimiyyətləri rəsmi dəstəyi ilə təşkil edilmişdi. Festivala bir neçə ölkədən nümayəndə heyətləri, mədəniyyət və incəsənət xadimləri, turistlər, eləcə də jurnalistlər qatılmışdılar.

 

Xatırladaq ki, Birinci Festival 2019-cu ildə Gədəbəyin Düzyurd-Miskinli yaylağında keçirilib. Türksoylu ölkələrin və xalqların mədəni əlaqələrinə, milli həmrəyliyinə töhfə vermək məqsədi daşıyan budəfəki Milli Yaylaq Festivalı da öz möhtəşəmliyi, rəngarəng çalarları ilə birincidən geri qalmadı. Lakin bir qisim iştirakçı, ələlxüsus jurnalistlər Festivaldan narazı ayrıldılar. Səbəb isə media nümayəndələrinin Festivala gedərkən uzun müddət tıxacda qalması, yağışın yeni çəkilmiş torpaq yolu palçığa çevirməsi, mətbuat işçilərinə qarşı hörmətsizlik, yemək-içməklə təmin olunmamaq və sanitar qovşaqların ödənişli olması göstərildi. Bunlarla yanaşı, geri dönüş ərəfəsində yolların sürüşkənliyi ucbatından ciddi problemlərlə üzləşən jurnalistlər avtobuslarda, qohum-əqrəba evində gecələmək məcburiyyətində qaldılar. İki gündür sosial şəbəkədə geniş müzakirə olunan məsələnin aktuallığını və jurnalistlərin giley-güzarını nəzərə alaraq təşkilatçıların mövqeyini öyrənmək qərarına gəldik. Mövzu ətrafında suallarımızı İkinci Milli Yaylaq Festivalının Təşkilat Komitəsinin üzvü, türkoloq-alim, professor Güllü Yoloğluna yönəltdik. Hörmətli professor yaylaqda olmasına, telefon şəbəkəsindəki problemə rəğmən, suallarımızı cavabsız qoymadı...

 - Güllü xanım, Festivalla bağlı ittihamları necə dəyərləndirirsiniz?

 - Festival keçirilən yerlər dağlıq, təpəlik ərazilərdir. Burada indiyə kimi heç bir infrastruktur, ayrıca yol olmayıb. Çadır qurmaq üçün belə düz yer yox idi. Qısa müddətdə, aramsız yağışları da nəzərə alaraq, əraziyə yol çəkildi. Halbuki, bundan əvvəl minik avtomobilləri bura qalxa bilmirdi. Yəni o dərəcədə çətin yolu var idi. Yaylaq deyilən yerdə asfaltdan söhbət gedə bilməz. Festivalın keçirildiyi ərazidə uzun müddət çox böyük işlər görülüb. Təsəvvür edin, təpənin üzəri düz formada kəsilib və düzənlik hala gətirilib. Festivalda hər məqam millilikdən, türk ruhundan xəbər verirdi. Məsələn, çadırların aypara şəklində qurulması, ortada səkkizguşəli ulduz, həmçinin, sənətkarlıq guşələrinin, yemək yerlərinin yerləşdiyi yerin örtüklərin qədim türk əlifbasında “TÜRK” sözü ilə qurulması milli ruhumuzu dirçəldən amillər idi. Məncə, təkcə həmin məqamın özü çox möhtəşəm bir mənzərə idi. Qalan digər məsələlərə göz yummaq olardı. Festivalda 40-dan çox xalqın nümayəndəsi iştirak edirdi. Hindistandan tutmuş İtaliyaya, Macarıstana qədər dünyanın bir çox bölgəsindən qonaqlar, iştirakçılar var idi. Tatarlar, ukraynalılar sərgilər keçirtdilər. Bunlara sevinmək lazımdır. Birinci Milli Yaylaq Festivalı 2019-cu ildə Gədəbəydə, Miskinli yaylağında keçirilmişdi. Həmin Festivalı da Cavad xan Tarix və Mədəniyyət Fondunun birinci vitse-prezidenti Müzadil Həsənov təşkil etmişdi. Bütün böyük layihələr konkret bir adamın beynindən çıxır və birbaşa onun təşkilatçılığı sayəsində bu təşəbbüsə digər qurumlar, təşkilatlar da qoşulurlar. Nəticədə ideyanı reallaşdırmaq üçün bir komanda formalaşır. Müzadil müəllim Milli Yaylaq Festivalının keçirilməsinin ideya müəllifidir. O, gecə-gündüz burada çalışıb, hətta fəhlə yerinə də işləyib, işlərin hamısına nəzarət edib. Mən bir neçə ay Müzadil müəllimi burada gəzdirəndə, deyirdi ki, “bax, burada fılan şey olacaq, orada başqa bir şey”. O vaxt buralar boş təpələr idi. Adamın ağlına gəlmirdi ki, nə vaxtsa burada hamının müşahidə etdiyi gözəlliklər olacaq. Mən özüm hazırda Festival keçirilən ərazidəyəm, çadırları yığıb, getməyə hazırlaşırıq.

 - Niyə Festival məkanı dəyişdirildi? Yenidən Gədəbəydə keçirilə bilməzdimi?

 - Müzadil müəllim özü bu yerlərin adamıdır. Hər zaman deyirdi ki, uşaqlıqda bu yerlərdə at çapıb. Sadəcə, 2019-cu ildə məsələ elə gətirdi ki, Birinci Festival Gədəbəydə keçirildi. Görünür, ya icazə ala bilməmişdilər, yaxud başqa problem olmuşdu. Dəqiq bilmədiyim üçün məsələni harasa yozmaq istəmirəm. Ancaq qeyd edim ki, birinci Festivalı da indiki ərazidə keçirmək niyyətində idik. Məcburiyyət qarşısında ilk Festival Gədəbəydə təşkil olundu.

 - Bəs növbəti Festivalın yeri dəyişdirilə bilərmi?

 - Festival hər il bu yaylaqda keçiriləcək. Artıq məkan seçilib, yerlər düzəldilib, müəyyən hazırlıqlar var. Nələr çatır, nələr çatmır, bizə məlumdur. Şübhəsiz, növbəti festivallarda bütün məqamlar nəzərə alınacaq. İlk iş, özü də sıfırdan başlanmış proseslər gələcək üçün ideyalar verir. Yəni nəzərə alırıq ki, gələn il bunu elə edək, onu başqa formada reallaşdıraq və s. Adicə bir iş gördükdə belə çatışmazlıqlar üzə çıxır və gələn dəfə bunu aradan qaldırmaq barədə düşünürsən.

 - Hava durumunu əvvəlcədən nəzərə almaq, Festivalı yağışlı günlərə salmamaq mümkün deyildimi?

 - Əzizim, hava durumunu 3-4 gün, bir həftə qabaqdan öyrənirlər. Belə böyük bir Festivala üç-dörd gün ərzində hazırlaşmırlar ki?! Festivala hazırlıq aylar öncədən başlayır. Hətta Festival günləri ilə bağlı 2-3 ay öncədən məlumat verilir. Çünki xarici ölkələrdən qonaqlar dəvət olunur. Sərhədlərdə pandemiyaya görə müəyyən məhdudiyyətlər, peyvənd pasportu və s. məqamlar var. Bunları həll etmək üçün bir-iki ay zaman lazımdır. Dağıstandan noqayları dəvət etmişdim, qaqauzları çağırmışdım. Bəziləri vaksin pasportu olmadığı üçün Festivala gələ bilmədi. O ki qaldı hava məsələsinə, neçə gündür yaylaqdayam, iki gündən bir hava dəyişir. Gecə soyuqdan donuruq, yağış ara vermir, amma günorta istidən “ölürük”. Hamımız yanıb, qap-qara olmuşuq. Demək istədiyim odur ki, bura yaylaqdır, hər yer təpə, torpaqdır. Kim asfalt, kombi, kondisioner istəyirsə, otursun evində. Onun yaylaqda nə işi var?!

 - Jurnalistlərin qarşılanmasında, yeməklə təmin olunmasında niyə problem yaşanıb? 

 - Cavad xan Mədəniyyət və Tarix Fondu qonaqların qarşılanması, onların otellərdə yerləşdirilməsi, yeməklə təmin olunması ilə məşğul olmurdu. Festivalın keçirilməsində tərəfdaş olan digər qurumlar, təşkilatlar müəyyən işləri öz üzərinə götürmüşdülər. Ancaq konkret deyə bilmirəm ki, Mədəniyyət Nazirliyi, yaxud Gəncə İcra Hakimiyyəti hansı işləri görürdü? Ona görə də bu məsələyə münasibət bildirmək istəmirəm. Sadəcə bəyan edirəm ki, işlərin hamısı Fonddan asılı deyildi. Hər bir təşkilatın üzərinə ayrıca vəzifələr qoyulmuşdu. Əgər kimsə öz öhdəliyini yaxşı icra etməyibsə, onlara görə Cavad xan Mədəniyyət və Tarix Fondunun rəhbərliyi tənqid olunmamalıdır. Xüsusən, həm ideya müəllifi, həm də layihə rəhbəri olan Müzadil müəllimin bu gözəl təşəbbüsü kölgə altında qalmamalıdır. “Qurunun oduna, yaş da yanmamalıdır”. Fondun üzərinə düşən əsas iş göz qabağındadır.

 - Jurnalistlər Festival ərazisində “bazar açılması”ndan, qutabların, dönərlərin bahalığından gileyləndi...

 - Tərəfdaş qurumlar Festivalla bağlı müxtəlif təşəbbüslər həyata keçirirlər. Festivalda nəsə satanlar, xəmir yayıb qutab bişirən qadınlar, dönər hazırlayanlar 2019-cu ildə keçirilən Birinci Festivalda da var idi. Məsələn, şəxsən özüm müalicəvi bitkilər satan xanımın Gədəbəydə video-görüntüsünü çəkmişdim. Bu dəfə də eyni proses oldu. Niyə Birinci Festivalda tənqid olunmayan, problem yaratmayan məqamlar birdən-birə gözə batdı?!

 - Sizcə, nə baş verdi? Niyə Festival ətrafında belə ajiotaj yarandı?

 - Tənqid edənlər ilk növbədə özlərinə baxsınlar. Dövlət, millət, xalq üçün, keçmişimiz və gələcəyimiz üçün hansı işləri görüblər. Digər yandan, giley-güzar edənlər hər zaman narazılıq etməyə nəsə tapırlar. Onların “işi” odur. Qutabı satanlar sadə vətəndaşlardır, kimsə onları xüsusi olaraq, seçib gətirməyib. Özüm də onlarla söhbətləşmişəm. Hətta ilk qutabı özüm aldım, dedim, əlim yüngüldür. İşlərin necə getdiyini xəbər aldım, dedilər ki, müştəri o qədər çoxdur ki, çatdıra bilmirlər, yorulurlar. Bakıda “mollarda”, dənizkənarı bulvarda, istirahət mərkəzlərində 5-6 manata kartof qızartmasını elə rahat alırlar, heç ruhları da incimir. Amma həmin pula neçə kiloqram kartof düşür. O qədər pulu işbazlara verəndə narazı qalmırlar, amma burda sadə adamlara 2 manat verəndə giley-güzar edirlər. Niyə bişmiş qarğıdalıya 1 manatı qıymırsız?

 - Sanitar qovşaqların ödənişli olması iddialarına nə deyərdiniz?

 - Pullu söhbəti olmayıb, ola da bilməz. Beş gündür camaat burdadır. Kim ayaqyolundan pullu istifadə edib?! 

- Mədəniyyət Nazirliyinin üzr istəməsi qurumun müəyyən qüsurlara yol verməsi anlamına gəlirmi?

 - Mədəniyyət Nazirliyi ilə bağlı heç nə deyə bilmərəm. Həqiqətən o məsələlərlə maraqlanmırdım. Məni türk ruhlu bir insan kimi Festivalın möhtəşəmliyi, görülən gözəl işlər maraqlandırırdı. Amma görülən işlərə həsəd aparanlar, paxıllıq edənlər çoxdur. Məncə, əsas problem budur.

 - Yollarda tıxacların olması da iştirakçıların gedişini çətinləşdirib. Bunu əvvəlcədən tənzimləmək olardımı?

 - Festivalda iştirak edənlər çox idi. Tıxacları çox vaxt iştirakçılar, maşınla gələnlərin özləri yaradırdılar. İkitərəfli yol var, amma bəzi sürücülər qarşı yola çıxaraq tıxaca səbəb olurdular. Arxadan gələn maşınlar keçə bilmədiyi üçün gediş-gəliş ləngiyirdi. Bunun təşkilatçılara dəxli yoxdu axı.

Qocayev, İsmayıl.

Şərq.-2022.-2 avqust.- S.4.