Bizə yaxın ölkə...

 

İtaliya-Azərbaycan münasibətlərinin tarixi çox böyükdür

 

Bu ölkədən 44 günlük müharibə ərəfəsində də yüksək səviyyədə siyasi dəstək aldıq

 

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi;

     Qlobal miqyasda etibarlı tərəfdaş kimi nüfuz qazanan Azərbaycan regionun lokomotivi olaraq yüksək reputasiyaya malikdir. Rəsmi Bakı hələlik Ermənistan istisna olmaqla, yerləşdiyi regionun bütün ölkələri, o cümlədən Qərb dövlətləri ilə müxtəlif platformalarda iki və çoxtərəfli əməkdaşlıq əlaqələrinə sahibdir. Bu, özünü siyasi-iqtisadi münasibətlərdə, xarici ticarət dövriyyəsində göstərir. Ümumiyyətlə, Qərbə inteqrasiyanın sürətləndirilməsi, siyasi-iqtisadi əlaqələrin və beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsi, xarici dövlətlərlə ikitərəfli əlaqələrin inkişafı prioritet sayılır.

 O baxımdan Azərbaycan əksər ölkələrlə, ələlxüsus Avropa Birliyi dövlətləri ilə sıx əməkdaşlığı davam etdirir. Azərbaycanın strateji əməkdaşlığı uzun illərdir sürdürdüyü mühüm Avropa ölkələrindən biri də İtaliyadır. İtaliya Azərbaycanın Avropa Birliyində əsas tərəfdaşlarından biridir. Azərbaycan da öz növbəsində İtaliyanın Cənubi Qafqazda ən böyük tərəfdaşıdır. İtaliyanın Cənubi Qafqazla apardığı ticarətin 95 faizi Azərbaycanla aparılır. İtaliya nəinki təkcə Avropa qitəsində, ümumən dünya miqyasında ən yaxın tərəfdaşlarımızdan biridir. İtaliya Azərbaycanın strateji tərəfdaşlıq haqqında sənəd imzaladığı Avropa İttifaqına üzv olan 9 dövlətdən biridir. Dost ölkə olaraq İtaliya işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərmək üçün Türkiyədən sonra dəvət etdiyimiz ilk ölkələrdən biri olub. Hazırda italyan şirkətlərinin Qarabağda icra etdiyi çoxlu layihələr var. İtalyan memarlar Şuşadakı tarixi abidələri və məscidləri bərpa etmək üçün dəvət alıblar. Hazırda 3 şəhərdə İşğal və Zəfər muzeyləri İtaliya şirkətləri tərəfindən inşa olunur. Şuşada qədim məscidin bərpası və yeni məscidin inşası da İtaliya şirkətləri tərəfindən həyata keçirilir.

     2014-cü və 2020-ci illərdə strateji tərəfdaşlıq üzrə iki mühüm bəyannamə imzalanıb. Qarşılıqlı səfərlər, davamlı müzakirələr və imzalanan sənədlər Azərbaycan-İtaliya arasında güclü əlaqələrin olduğunu göstərir. Hazırda hər iki ölkə əməkdaşlığın davam etdirilməsində və daha da genişləndirilməsində maraqlıdır. Bu isə ondan xəbər verir ki, iki ölkə arasındakı strateji əməkdaşlıq növbəti illərdə də artan istiqamətdə davam edəcək. Tərəflər arasında enerji əməkdaşlığında yeni imkanlar da var. Azərbaycan İtaliyaya neft təchizatının bir nömrəli mənbəyidir. İtaliya-Azərbaycan əlaqələrinin xüsusi önəm kəsb etdiyini göstərən məqamlardan biri də ötən gün Bakıda İtaliyanın Milli Bayramının qeyd olunması idi. İtaliya-Azərbaycan diplomatikdostluq münasibətləri ilə əlaqədar keçirilən tədbirdə İtaliya səfiri Klaudio Taffuri və səfirliyin nümayəndələri ilə yanaşı, Prezidentin köməkçiləri Hikmət Hacıyev, Anar Ələkbərov, Təhsil naziri Emil Əmrullayev, energetika nazirinin müavini Samir Vəliyev iştirak ediblər. İtaliyanın Azərbaycandakı səfiri Klaudio Taffuri bu hadisənin Azərbaycan ilə İtaliya arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümü ilə bir vaxta düşdüyünü deyib: “Artıq 30 ildir ki, ölkələrimiz arasında əlaqələr bütün sahələrdə sürətlə inkişaf edir. Bu gün bu əlaqələr xüsusi səviyyəyə çatıb. Koronavirus pandemiyası zamanı Azərbaycanın İtaliyaya dəstəyini də vurğulamaq lazımdır. Bu, ilk növbədə, ölkələrimiz arasında dostluq və sıx əlaqələrin jestidir”. Klaudio Taffuri İtaliyanın xarici işlər nazirinin Azərbaycana səfəri zamanı Bakıda Azərbaycan-İtaliya Universitetinin yaradılmasına dair iki ölkə arasında strateji sazişin imzalanmasının humanitar sahədə əlaqələrin inkişafına zəmin yaratdığını xatırladıb. Çıxış edən Təhsil naziri Emin Əmrullayev iki ölkə arasındakı dostluq münasibətindən danışıb: “İtaliya Cənubi Qafqazda dövlət səviyyəsində ilk nümayəndəliyini Bakıda açıb. Bu faktor iki ölkə arasındakı əlaqələrin çoxşaxəli olmasının bariz nümunəsidir”.

     Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndiyev “Şərq”ə bildirib ki, İtaliya zəngin mədəniyyət və fenomenal dövlətçilik tarixinə malik bir dövlətdir. Ekspertin sözlərinə görə, bu xalq bəşəriyyətə mədəniyyət, incəsənət, rəssamlıq sahəsində dahi şəxsiyyətlər verməklə yanaşı parlamentli dövlət nümunəsini də bəxş edib: “Avropanın cənubunda yerləşən istiqanlı və çılğın italyanların xaraktercə avropalılara deyil, bizə yaxın olması münasibətlərimizin problemsiz qurulmasında az rol oynamayıb. Bu münasibətlər bəyanatlarda deyil, ciddi hüquqi baza üzərində qurulub.

 İndiyə qədər ölkələrimiz arasında geniş spektrdə işləyən sənədlər toplusu imzalanıb. İtaliya-Azərbaycan münasibətlərinin əsası isə müstəqillik tariximizdə Heydər Əliyev tərəfindən 1997-ci ildə İtaliyaya səfəri zamanı qoyulub. Bu ənənə isə dövlət başçısı İlham Əliyev tərəfindən inkişaf etdirilərək günümüzdə yaxın tərəfdaş və dost ölkə səviyyəsinə qaldırılıb. Hazırda İtaliya-Azərbaycan arasında ticarət dövriyyəsi 10 milyard dollara yaxındır. 2010-cu ildə İtaliya senatının Qarabağla bağlı qətnaməsində Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi bu ölkəyə etibarımızı və etimadımızı artırdı. İtaliyadan 44 günlük müharibə ərəfəsində yüksək səviyyədə siyasi dəstək aldıq. İtaliya karbohidrogen ehtiyatlarının istehsalında da əhəmiyyətli fəaliyyət nümayiş etdirir. Eləcə də işğaldan azad olunmuş ərazilərində bərpa işlərində iştirak edir. Əməkdaşlığımız hər iki ölkənin maraqlarına tam uyğundur”.

 

 

İsmayıl Qocayev

 

Şərq .- 2022.- 22 iyun.- S.6.