"Bizim əsas silahımız dildir"

 

"Media quruluşlarına işə qəbulda əsas şərt dil bilgisi olmalıdır

 

Qulu Məhərrəmli: "Yoxsa təsadüfi adamlar efirə çıxarılır, məlum olur ki, aparıcı, diktor dil qaydalarını bilmir, sözlərdən düzgün, yerli-yerində istifadə etməyi bacarmır, bəlkə heç 1 kitab da oxumayıb"

 

Fikir, söz azadlığı, plüralizmin inkişaf etdirilməsi

 

   Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi tərəfindən "Televiziyaların dili monitorinq aynasında" adlı tədbir keçirilib. 12 televiziya kanalında aparılmış monitorinqin nəticələrinin ictimaiyyətə açıqlanması məqsədilə keçirilən tədbirdə mərkəzin əməkdaşları, Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin Müşahidə Şurasının üzvləri, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun aparıcı alimləri, Mətbuat Şurasının sədri Əflatun Amaşov, Audiovizual Şuranın aparat rəhbəri Fazil Novruzov, dövlət qurumlarının əməkdaşları, televiziya kanallarının rəhbər və məsul şəxsləri, tanınmış aparıcılar ve digər fəxri qonaqlar iştirak edib.

 

Mərkəzin direktoru, professor Sevinc Əliyeva bildirib ki, dövlət dilinin tətbiqinə nəzarət, kütləvi informasiya vasitələrində, internet resurslarında və reklam daşıyıcılarında ədəbi dil normalarının qorunmasının təmin olunması əsas fəaliyyət istiqamətləri kimi qurumun Nizamnaməsində öz əksini tapıb: "Mərkəz tərəfindən aparıcıların və müxbirlərin nitqi monitorinqə cəlb edilib və televiziyaların dilinin praktik vəziyyətini əks etdirən 4800 dil faktı "Televiziyaların dili monitorinq aynasında" adlı kitabda öz əksini tapıb. Bəzi aparıcıların televiziyaya "fərdi" üslub gətirmək cəhdi, alınma sözlərdən yersiz istifadə, yad intonasiyanın tətbiqi, dilimizə xas olmayan cümlə tipləri kimi xarakterik nöqsanlar mövcuddur". Sevinc Əliyeva bildirib ki, bu monitorinqlərin aparılmasında məqsəd yalnız qüsurların müəyyən edilməsi deyil, həm də onların aradan qaldırılmasıdır. Tədbirdə radioların monitorinqinin başa çatması və hazırda gündəlik qəzetlərin monitorinqinin aparılması barədə də məlumat verilib. Cərimələrlə bağlı suallara da aydınlıq gətirən Mərkəzin direktoru qeyd edib ki, aparılan monitorinqlərin nəticələri ilə bağlı müvafiq qurumlara xəbərdarlıq etdikdən sonra eyni xətalara təkrar yol verilərsə, cərimələrin tətbiqi qaçılmaz olacaq.

 

"Televiziyaların dili monitorinq aynasında" adlı məruzə ilə çıxış edən Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktor müavini Gülarə Əmirova televiziya kanallarında aparılan monitorinqin nəticələri ilə bağlı statistik məlumatı tədbir iştirakçılarının nəzərinə çatdırıb.  G.Əmirova bildirib ki, qeydə alınan 6000 dil qüsuru faktından 4753-ü hesabata daxil edilib. Onun sözlərinə görə, onlardan 1017-si orfoepik, 233-ü orfoqrafik, 1346-sı leksik, 651-i qrammatik, 1506-sı isə üslub və ifadə səhvidir.

Digər çıxışlarda Azərbaycan dili ahəngliliyi və nizamlılığı baxımından dünya dilləri içərisində özünəməxsus dil kimi səciyyələndirilib, milli varlığımız və kimliyimizin göstəricisi olan ana dilinin saflığının qorunması istiqamətində Mərkəzin fəaliyyəti yüksək qiymətləndirilib, Monitorinq Mərkəzinin Müşahidə Şurasının üzvləri, görkəmli dilçi alimlər və ziyalıların, media nümayəndələrinin yaxından iştirak etdiyi müzakirədə kütləvi informasiya vasitələrində yazılı və şifahi nitqdə yol verilən nöqsanların aradan qaldırılması ilə bağlı tövsiyə və təkliflər səsləndirilib.

 

Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi KİV-də aşkarlanan qüsurlara görə kimlərin cərimələnəcəyini açıqlayıb. Mərkəzin direktoru Sevinc Əliyeva bildirib ki, nitqdə səhvlər olduğu halda bir neçə dəfə xəbərdarlıq olunacaq:

 

"Məqsədimiz cərimələmək deyil. Aparılan monitorinqlərin nəticələri ilə bağlı müvafiq qurumlara xəbərdarlıq edildikdən sonra eyni xətalara təkrar yol verilərsə, cərimələrin tətbiqi qaçılmaz olacaq. Dil qüsurları davam edərsə, cərimə aparıcılara,   jurnalistlərə tətbiq olunmayacaq. Həmin şəxslərin çalışdığı qurum cərimələnəcək". S.Əliyeva qeyd edib ki, saytlarda aparılan monitorinqlərin nəticələrinə görə, vəziyyət elə də qənaətbəxş deyil: "Bizi narahat edən məsələ dil normaları dediyimiz orfoqrafikorfoepik qaydalardan çox leksiksintaktik normaların pozulmasıdır ki, bu artıq çox ciddi məsələdir". Qeyd edək ki, kütləvi informasiya vasitələrində və reklam daşıyıcılarında dövlət dili normalarının pozulmasına görə fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə, hüquqi şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə ediləcək. S.Əliyeva həmçinin bildirib ki, radioların monitorinqi başa çatıb və hazırda gündəlik qəzetlərin monitorinqi aparılır.

 

Bakı Dövlət Universitetinin professoru Qulu Məhərrəmli “Şərq”ə açıqlamasında dil qüsurlarının aradan qaldırılmasına necə nail olunacağından danışdı:

 

- Mürəkkəb məsələlərin çox sadə həlli var. O cümlədən ana dilimizlə də bağlı qüsurların aradan qaldırılması mümkündür. Bu, sadə bir prinsipə dayanır; mediada çalışanlar ana dilini yaxşı bilməlidir və Azərbaycan dilinin ədəbi qaydalarını da mükəmməl bilməlidirlər. Yoxsa təsadüfi adamlar efirə çıxarılır, məlum olur ki, aparıcı, diktor dil qaydalarını bilmir, sözlərdən düzgün, yerli-yerində istifadə etməyi bacarmır, bəlkə heç 1 kitab da oxumayıb. Ədəbi dil qaydalarına riayət edilməsi tələbi sərtləşdirilməlidir, media quruluşlarına işə qəbulda əsas şərt dil bilgisi olmalıdır. Çünki bizim əsas silahımız dildir. İkinci şərt isə redaktorluq işiylə bağlıdır. Görünən budur ki, efirə verilən, saytlarda, çap mediasında dərc olunan materiallar yaxşı oxunmur. Bir saytın səhv üslubda, dil qüsurları, yazı xətaları ilə çap edilmiş materialı digər saytlar tərəfindən də olduğu kimi – səhv formada tirajlanır. Oxucuda yanlış təsəvvürlərin formalaşmasına səbəb olur ki, yəqin bu söz, ifadə belə yazılmalıdır, teleaparıcı bu sözü belə işlədirsə, deməli, belə deyilməlidir. Məna səhvləri çoxdur, şifahi nitqdə vurğu səhvləri, xüsusi adların yazılmasında nöqsanlar var. Vahid qaydalar olmalıdır və kütləvi informasiya vasitələrinin hər bir subyekti bu qaydalara əməl etməlidir. Elmi Mərkəzlər var, Monitorinq Mərkəzi fəaliyyət göstərir. Amma önəmli olan nəticədir. Nəticə də peşəkarlıqdan və qaydalara əməl edilməsinin istisnasız hamıdan eyni qaydada tələb olunmasından asılıdır. 

 

 

Məlahət Rzayeva

 

Şərq  2022.- 4 mart.- S.6.