"Şuşa muğama yenidən ev sahibliyi edəcək"
Mənsum İbrahimov: "Artıq hamımızın bu ülvi arzusu
yerinə yetdi"
Azərbaycanın dövlətçilik tarixinin,
milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği:
dövlət müstəqilliyimizin bərpasının 30-cu ili – Azərbaycan dövlətçiliyi müasir mərhələdə
Müzəffər Ali
Baş Komandan,
qüdrətli ordumuz, mübariz,
igid əsgərlərimiz nəhayət ki, torpaqlarımızı işğaldan
azad etdi və mədəniyyət
beşiyimiz Şuşanı öz əzəli sahiblərinə
qaytardı. Şuşa azad
nəfəs aldı, doğmalarının isti
nəfəsini duydu, çal-çağırlı, musiqili, xoş günlərinə
təkrar qovuşdu.
Şuşaya ən böyük və layiq olduğu hədiyyəni isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2022-ci ili “Şuşa ili” elan etməklə verdi. “Şuşa ili”nə hazırlıqlar artıq başlayıb. Və tədbirlər planının detalları açıqlanıb. Bu barədə Mədəniyyət Nazirliyi Media və kommunikasiya şöbəsinin müdiri Məryəm Qafarzadə məlumat verib. O bildirib ki, dövlət başçısının 2022-ci ilin Azərbaycanda “Şuşa İli” elan edilməsi ilə bağlı müvafiq Sərəncamının icrası ilə əlaqədar Nazirlər Kabineti tərəfindən Tədbirlər Planı hazırlanaraq təsdiq olunub: "Sənədə əsasən, il ərzində ölkəmizdə, eləcə də Azərbaycanın mədəniyyət paytaxtı Şuşada silsilə tədbirlərin təşkili nəzərdə tutulur. Bu tədbirlərin, demək olar ki, əksəriyyətinin icrası Mədəniyyət Nazirliyinə həvalə edilib. Tədbirlər planı beş bölmədən ibarətdir: mədəni-kütləvi və idman tədbirləri; elmi nəşrlərin, audiovizual və çap materiallarının hazırlanması; “Şuşa İli”nin beynəlxalq səviyyədə təbliği ilə əlaqədar tədbirlər; tarixi-mədəni abidələrin bərpası, ekologiya və turizm üzrə tədbirlər; “Şuşa İli” ilə əlaqədar xatirə materiallarının və internet resurslarının hazırlanması". Şöbə müdiri qeyd edib ki, il ərzində 35 bənd üzrə tədbirlərin keçirilməsi nəzərdə tutulur: "Ümumilikdə il ərzində 35 bənd üzrə tədbirlərin keçirilməsi planlaşdırılır.
Tədbirlər Azərbaycan Respublikasının Mədəniyyət, Təhsil, Xarici İşlər, Gənclər və İdman, Rəqəmsal İnkişaf və Nəqliyyat nazirlikləri, Diasporla İş üzrə Dövlət Komitəsi, Dövlət Turizm Agentliyi və digər dövlət orqanları, Heydər Əliyev Fondu, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Yazıçılar Birliyi, “Azərbaycan Televiziya və Radio Verilişləri” ASC və başqa qurumların təşkilatçılığı və iştirakı ilə həyata keçiriləcək". Məryəm Qafarzadə vurğulayıb ki, bu ilin əvvəlindən nazirlik tərəfindən 270 yaşlı şəhərimizin zəngin mədəni irsini tanıtmaq məqsədilə “Şuşa mədəniyyətinin inciləri” adlı layihə həyata keçirilir: "Əsas məqsəd Şuşa şəhərinin zəngin mədəni mirasının daha geniş təbliğatına töhfə verməkdir. Layihə “Şuşanın memarlıq salnaməsi”, “Azərbaycan musiqisinin məbədi – Şuşa”, “Muğam ocağı – Şuşa”, “Qarabağ xalçaçılıq məktəbi – Şuşa”, “Şuşanın ədəbi həyatı”, “Şuşanın simaları”, “Şuşa milli geyim üslubu” olmaqla yeddi istiqaməti əhatə edir”. “Şuşa ili”nin ilk böyük tədbiri isə “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı olacaq. M.Qafarzadə bildirib ki, tədbir Mədəniyyət Nazirliyi, Heydər Əliyev Fondu və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin təşkilatçılığı ilə may ayında keçiriləcək: "İyul ayında Şuşada növbəti Vaqif Poeziya günlərinin, iyul-avqust aylarında “Muğam” televiziya müsabiqəsinin final mərhələsinin və qaliblərin qala-konsertinin keçirilməsi planlaşdırılır. Yeri gəlmişkən qeyd edək ki, Azərbaycan Televiziyası “Muğam” televiziya müsabiqəsinin başlandığını elan edib. Azərbaycan Mədəniyyət Fondunun layihəsi olan müsabiqə Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət Nazirliyinin köməkliyi ilə həyata keçirilir. Müsabiqədə yaşı 8-dən 30-a qədər olan (13-16 yaşarası oğlanlar istisna olmaqla) yeniyetmə və gənclər iştirak edə bilər. Müsabiqəyə sənədlərin qəbulu, müsabiqə şərtləri barədə ətraflı məlumat verilir. Həmçinin il ərzində “Şuşa – 2022” beynəlxalq incəsənət, “Şuşanın 4 fəsli” (“4 seasons of Shusha”) adlı beynəlxalq fotoqrafiya festivallarının və s. keçirilməsi nəzərdə tutulur.
Xalq artisti, xanəndə Mənsum İbrahimov “Şərq”ə
açıqlamasında “Şuşa ili”, Şuşada
keçiriləcək tədbirlər barədə
danışmağın çox xoş olduğunu dedi:
- İndi bu haqda danışmaq o qədər xoş, o qədər qürurvericidir ki! Biz 30 il bu günün həsrətini çəkmişik. Hər il növbəti ildə doğma torpaqlarımıza qayıdacağımızı ümid edirdik, növbəti ildə bayramlarımızı Şuşada, cəmi Qarabağda keçirməyi arzulayırdıq, bu arzularla yaşayırdıq. Sağ olsun Ali Baş Komandanımız, cənab Prezident, bizə bu sevinci, bi iftixarı yaşatdı, arzularımız çin oldu. Bəli, Şuşa azad edildikdən sonra ilk “Xarıbülbül” festivalı keçirildi. Çünki Şuşanın rəmzi həm də xarıbülbüldür. Bütün dünya şahid oldu ki, Şuşaya artıq öz sahibləri qayıdıb, Azərbaycan musiqisi Şuşa dağlarında, Cıdır düzündə əks-səda verdi, nəhəng mədəniyyətimizi Şuşadan dünyaya nümayiş etdirdik. “Şuşa ili”nin ilk tədbirinin də məhz “Xarıbülbül” festivalının olacağı mədəniyyətimizin təbliğinin layiqli şəkildə davamıdır. Bu tədbirlər xarici ölkələrdə də keçiriləcək, Azərbaycan mədəniyyəti dünyanın bir çox ölkələrində təbliğ olunacaq. Amma Şuşada bu tədbirlərin keçirilməsinin özünəməxsusluğu var. Bu da Şuşanın Azərbaycan mədəniyyəti, incəsənətinin beşiyi olması, Şuşanın dünya mədəniyyətinə nəhəng simalar bəxş etməsindən ibarətdir.
M.İbrahimov “Muğam”
müsabiqəsinin final mərhələsinin
və qaliblərin qala-konsertinin Şuşada keçiriləcəyini də böyük sevinclə xatırlatdı:
- Hazırkı “Muğam” müsabiqəsi sayca 8-cidir. Bu vaxta qədər biz hamımız, müsabiqə iştirakçıları, münsiflər heyəti, dinləyicilər hər dəfə bu müsabiqə keçiriləndə ürəyimizdə bir arzu olurdu ki, kaş növbəti il müsabiqə Şuşada keçirilərdi. Artıq hamımızın bu ülvi arzusu yerinə yetdi.
“Muğam” müsabiqəsinin final mərhələsinin və qala-konsertin Şuşada keçiriləcəyi böyük qürur hissi yaşadır. Nəhayət ki, muğamımız Şuşada səslənəcək, Şuşa yeni səslər eşidəcək, Azərbaycanımız yeni nəfəslər qazanacaq.
Azərbaycan mədəniyyətinə, həm də dünya mədəniyyətinə təkrarsız səslər bəxş etmiş Şuşa, nəhayət ki, muğamatı doğma ocaqda qarşılayacaq, muğama yenidən ev sahibliyi edəcək. Bundan böyük sevinc, bundan böyük qürur təsəvvür etmirəm. Bundan sonra yeni səslər, yeni nəfəslər Şuşadan çıxacaq və bir gün “Muğam” müsabiqəsinə qatılmış bir gənc “mən Şuşadan gəlmişəm”, deyəcək.
“Şuşa ili” həm də dünyaya bir mesajdır ki, bu torpağın əzəli sahibləri bizik. Və doğma yurdumuza qayıtmışıq. Bundan sonra da bu yurdda əbədi sakin olacağıq
Məlahət Rzayeva
Şərq.-2022.-2 mart.-S.6.