Sabir Gəncəlinin 90 illik yubileyidir
Yorulmaz tədqiqatçı ömrünün 68 ilini jurnalistika və elmi-tədqiqat işinə,
milli mətbuatın öyrənilməsinə və
təbliğinə həsr
edib
Qocaman yazıçı-jurnalist, mətbuat
tədqiqatçısı, tarix elmləri doktoru, qızıl qələm mükafatçısı
Sabir Gəncəli - Məmmədovun 90 illik yubileyidir. Sabir Gəncəli 1932-cu ildə Gəncədə anadan olub. M.Ə.Sabir adına
orta və ibtidai rəssamlıq məktəbini bitirib. 1952-1957-ci
illərdə Azərbaycan
Dövlət Universitetinin
filologiya fakültəsinin
jurnalistika şöbəsində
ali təhsil
alıb. 1958-1963-cü illərdə "Bakı"
qəzetində, 1963-1967-ci illərdə
“Azərbaycan qadını”
jurnalı redaksiyasında
ədəbi işçi,
Azərbaycan Elmi Tədqiqat Pedaqogika İnstitutunda baş elmi işçi işləyib. 1976-ildən
2010-cu ilədək “Azərbaycan
qadını” jurnalının
məsul katib vəzifəsində çalışıb.
1990-cı illərin əvvəllərində
yeni yaranan bir çox qəzet və jurnalların - “Fermer” və “Vəfa” jurnalı, “Cik-Cik” qəzeti, “Səhnə”, “Dəli Kür” qəzetlərinin nəşrlərində
fəal iştirak edib. Onların işıq üzü
görməsində köməklik
göstərib. 2000-2014-cü illərdə Azərbaycanın
İctimai Siyasi Universitetinin professoru olan Sabir Gəncəli
“Azərbaycan mətbuat
tarixi” və “Jurnalistika sənətkarlığı”
fənnindən dərs
deyib.
Sabir Gəncəli ömrünün
68 ilini jurnalistika və elmi-tədqiqat işinə, milli mətbuatın öyrənilməsinə
və təbliğinə
həsr edib. 1947-ci ildən başlayaraq, Azərbaycanda maarif və mədəniyyətin,
qadın azadlığı
hərəkatının, qadın
təhsilinin inkişafında
böyük rolu olmuş ziyalı qadınlarımızın həyatından,
nəcib xidmətlərindən
bəhs edən 1200-dən
çox məqalə,
tarixi silsilə oçerk, sənədli hekayə, iki sənədli povestin müəllifidir. 1967-ci ildə
“XIX əsrin əvvəllərində
Azərbaycanda maarif və mədəniyyətin
inkişaf etdirilməsində
Azərbaycan qadınlarının
rolu” mövzusunda namizədlik, 1996-cı ildə
Azərbaycan EA-nın
Şərqşünaslıq İnstitutunda “Azərbaycanda
qadın təhsili və Azərbaycanın tərəqqipərvər qadınlarının
maarifçilik fəaliyyəti
(XIX əsrin ikinci yarısı - 1920 ilə qədər)” mövzusunda
dissertasiya müdafiə
edib, tarix elmləri doktoru alimlik dərəcəsi alıb. Azərbaycan, rus, ingilis, ərəb,
fars dillərində
30-a yaxın kitabın,
o cümlədən 10 ensiklopedik
toplunun müəllifi
olan Sabir Gəncəli əsərlərində
ilk dəfə olaraq milli mədəniyyətimizin
görkəmli xadimləri
Hacı Zeynalabdin Tağıyev, Əhməd
bəy Ağaoğlu,
Əli bəy Hüseynzadə, ilk publisist
qadın Şəfiqə
Əfəndizadə, ictimai
xadim Həmidə Cavanşır, ilk dramaturq
xanım Səkinə
Axundzadə, görkəmli
akademik Zərifə Əliyeva haqqında bəhs edib. Həmçinin, Azərbaycanın
ilk maarifpərvər qadınları:
Hənifə Məlikova,
Mədinə Qiyasbəyli,
Xədicə Ağayeva,
Sara Vəzirova, Nazlı
Tahirova və yüzlərlə elm, mədəniyyət,
maarif, incəsənət
xadımləri barədə
ətraflı bilgilər
dərc edib.
Sabir Gəncəlinin elmi-publisistik
fəaliyyəti Azərbaycanın
dövlət və ictimai təşkilatları
tərəfindən də
yüksək qiymətləndirilib. 2015-ci ildə
Azərbaycan mətbuatının
inkişafındakı xidmətlərinə
görə, Prezident İlham Əliyevin fərmanı ilə Tərəqqi medalına, iki dəfə "Qızıl qələm"
mükafatına, 2006-cı ildə Beynəlxalq Dinlərarası və Dünya Sülh Federasiyaının Sülhməramlı
səfiri fəxri adına, Azərbaycan Mətbuat Şurasının
fəxri diplomuna layiq görülüb. “Bakı”- “Baku” qəzetlərinin
özülünü qoyanlardan
biri olub.
Sabir Gəncəli səylə,
səbr və təmkinlə, inadkarlıqla,
eyni zamanda böyük həvəslə
tədqiqatlar aparıb,
tarixin qaranlıq səhifələrinə işıq
salıb. İki yüz ildən
də çox tarixi bir dövrü
araşdıran, milli oyanış dövrünün
təbəddülatlarına, xalqın ictimai həyatında baş verən bütün hadisələrə özünün
elmi araşdırmaları
ilə cığır
açan Sabir Gəncəli elmi-ədəbi
yaradıcılığını özünəməxsus orijinallıqla
inkişaf etdirib.
Bütün bunlar Sabir müəllimin yaradıcı
axtarışlarının məhsulu olan 30-dan çox kitabında – monoqrafiyalar, ensiklopediyalar,
tədqiqat xarakterli publisistik əsərlərində
cəmləşib.
Sabir Gəncəli mətbuatda çalışdığı uzun dövr ərzində həcmindən,
janrından asılı
olmayaraq hər bir əsərində əsas mövzusu qadınlar olub. Demək olar
ki, bütün yaradıcılığını qadınlara həsr edib. “Azərbaycan
qadını” jurnalında
məsul katib işləyən S.Gəncəlinin
qəhrəmanları Azərbaycanın
maarif və mədəniyyətinin tərəqqisinə
çalışan, qadın
azadlığı uğrunda
mübarizə aparan, yeni həyat quran, ailə, övlad qayğısı
çəkən, həyatımıza
dayaq olan qadınlardır. Sabir müəllim
Azərbaycanda qadın
təhsilinin tarixini tədqiq edən ilk elmlər doktorudur. Onun qələminin məhsulu olan "Azərbaycan maarifpərvər
qadınları”, "Azadlıq
yollarında”, " Azərbaycan
şanlı qızları”,
"Nurlu ömürlərinin
dastanı”, İşıqlı
ömürlər, kövrək
talelər” və b. kitabları yurdumuzun mərd, azadlıqsevər
qadınlarının nəcib
xidmətlərindən bəhs
edir. Onun "Hər sətirdə
bir tarix...” ensiklopedik toplusunu Azərbaycan qadınlarının
həyat salnaməsi adlandırmaq olar. Mübaliğəsiz demək
olar ki, Sabir Gəncəlinin bütün kitabları azərbaycançılıq ideyalarının
təşəkkülü və formalaşması, ictimai fikir tarixini,
xalqın inkişafı
prosesini izləyən
tədqiqatçıların, ailə dəyərlərinə
önəm verən, milli mənsubiyyətimizi,
kimliyimizi öyrənməyə
maraqlı olan hər bir ziyalının,
tədqiqatçının masaüstü kitabı olmağa layiqdir. Çünki Sabir müəllimdən
əvvəl bu məsələlərlə bağlı
arxivlərdə, kitabxana,
muzey, şəxsi fondlarda əsrlərin yadigarı olan qovluqları, sənədləri
əhatəli şəkildə
və geniş prizmadan tədqiq edən olmayıb. S.Gəncəlidən sonra bu sahələrdə araşdırma
aparanlar ilk mənbə
kimi məhz onun tədqiqatlarına söykəniblər. Onlardan bəhrələnib
və iqtibaslar ediblər. Adətən,
böyük həcmli,
əhatəli bir işi görüb-başa
çatdıran tədqiqatçı
üçün “bu adam bir
institutun görə bilmədiyi işin öhdəsindən ləyaqətlə
gəlib” deyirlər. Sabir Gəncəli də həmin ziyalılardan, dəyərli tədqiqatçılardandır.
Özünün də ifadə
etdiyi kimi 2009-cu ildən, “Hər şeyi olduğu kimi...” adlı xatirə kitabının çap olunmasından sonrakı dövr ömrünün elmi-tədqiqat,
ədəbi və jurnalistlik fəaliyyətinin
ən məhsuldar illəri olub. Sabir Gəncəlinin
2018-ci ildə, Azərbaycan
Xalq Cümhuriyyətinin
100 illik yubileyi ərəfəsində 6 ensiklopedik toplusu, “Azərbaycan”, “Respublika”, “Ədəbiyyat”,
“Şərq” və s.
qəzet, jurnallarda onlarla elmi-publisist məqalələri dərc
olunub.
Onun xidmətləri
akademik Cəmil Quliyev, professor Fəridə
Məmmədova, Şövqət
Tağıyeva, Tamilla
Musayeva, Məhəd Sofiyev, Adil Məmmədov,
professor Abbas Zamanov və başqa alimlərimiz tərəfindən
yüksək qiymətləndirilib.
Gənclik dövründən ömrünü elmi və bədii yaradıcılığa həsr
edən Sabir Gəncəli dinclik bilmədən uzun illər ayrı-seçkilik
siyasəti ucbatından
xalqdan gizlin saxlanılmış milli-mədəni
irsi, dəyərləri
arayıb-araşdırıb, monumental əsərlər yaradıb.
O, Azərbaycan tarixşünaslığında
və mənbəşünaslığında
yeni səhifə açıb.
Dəyərli mətbuat
tədqiqatçısı 2017-ci ildə “Şərq” qəzetinə təşrif
buyuraraq redaksiya daxilində yaradılmış
“Milli Mətbuat Tarixi Muzeyi”nin
də qonağı olmuşdu.
Qəzetin baş redaktoru Akif Aşırlı qocaman tədqiqatçıya
muzeydəki tarixi sənədlər, fotolar və digər eksponatlar barədə məlumat vermişdi. Sabir Gəncəli
öz şəxsi arxivində olan dəyərli foto və sənədləri də Muzeyə hədiyyə etmişdi.
Azərbaycanın ilk maarifpərvər qadınlarından biri, maarif xadimi, yazıçı, publisist
Şəfiqə xanım
Əfəndizadənin blaknotunu
da eksponatlar arasına qatmışdı.
Yorulmaz tədqiqatçı Sabir
Gəncəliyə ömrünün
zirvəsinə doğru
irəlilədiyi yolda
sağlam həyat tərzi, xoş ovqat, müdrik çağında tükənməz
yazıb-yaratmaq eşqi,
barlı-bəhərli ömür
arzulayırıq.
İsmayıl Qocayev
Şərq 2022.-
6 mart.- S.6.