Ömər Faiq Nemanzadə dahi şəxsiyyətdir
Maarifçi ziyalımızın
türklük və islam dininin mahiyyətinin yenidən dərki
uğrunda apardığı mücadiləni mənimsəməliyik
Azərbaycanın dövlətçilik
tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin
təbliği:
Prezident İlham Əliyev görkəmli
publisist, ədib, ictimai-siyasi xadim, tanınmış
maarifçi Ömər Faiq Nemanzadənin 150 illik yubileyinin
qeyd edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama
əsasən, Azərbaycan milli mətbuatının
inkişafına dəyərli töhfələr vermiş
görkəmli maarifçi-ziyalı Ömər Faiq Nemanzadənin
anadan olmasının 150-ci ildönümünün qeyd
olunmasını təmin etmək məqsədilə Mədəniyyət
Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə
yubileyə dair tədbirlər planı hazırlayıb həyata
keçirməlidir.
Ömər
Faiq Nemanzadə XX əsrin əvvəllərində Azərbaycan
mətbuatı tarixinə parlaq səhifələr yazıb. O,
son dərəcə mürəkkəb şəraitdə onun
inkişafına istiqamət verərək keyfiyyətcə
yeni mərhələyə yüksəlməsində müstəsna
rol oynamış maarifpərvər ziyalılardandır. Ədəbi-mədəni
həyatda mühüm hadisəyə çevrilmiş “Qeyrət”
mətbəəsinin və Yaxın Şərq ölkələri
ədəbiyyatında demokratik meyillərin güclənməsinə
qüvvətli təsir göstərmiş məşhur “Molla
Nəsrəddin” jurnalının yaradılması ədibin gərgin
və səmərəli fəaliyyətinin ayrılmaz tərkib
hissələridir. Ana dilinə sevgini vətənə məhəbbətin
ən vacib şərti sayan geniş erudisiyalı, fədakar qələm
sahibi doğma xalqının mədəni dirçəlişi,
istiqlalı və xoşbəxt gələcəyi naminə
bilik və bacarığını əsirgəmədən əzmlə
mübarizə aparmışdır. Ümumxalq əhəmiyyəti
daşıyan bütün taleyüklü məsələlərin
zamanın qabaqcıl ideyaları fonunda daim azərbaycançılıq
məfkurəsi cəbhəsindən
işıqlandırılması Ömər Faiq Nemanzadənin
milli ideyalarla zəngin və dərin siyasi-ictimai məzmuna
malik publisistik irsinin başlıca leytmotivini təşkil edib.
Ömər Faiq Nemanzadə,
1906–1917-ci illərdə Bakıda jurnalist-yazıçı və
müəllim işləyib. Müxtəlif mövzularda qələmə
aldığı məqalələrdə milləti
düşündürən, həyəcanlandıran problemlərə
təmas edib. 1917-ci ildə vətəni Axalsıxa dönərək
buradakı türklərin milli mənafelərinin müdafiəçisi
olmağı seçib. Gürcüstan Respublikasının
anti-türk siyasi şiddətinə qarşı
çıxan Ömər Faiq 1918-ci ildə üç dəfə
həbs olunub. Gürcü həbsxanalarının
bütün zillətini yaşayıb. 1918-ci ildə Tiflis həbsxanasında
Ömər Faiqlə görüşən şair Əhməd
Cavad yazırdı: "Mən bu həkarəti yalnız
Ömər Faiqə deyil, millətimə edilmiş hesab
etdiyimdən gürcü millətinin dostluğunu ürəyimdə
saxlamaqla, gürcü hökumətinə qələm
dostlarım adından etiraz edirəm. Ömər Faiq təkçə
Axalsixin deyil, bütün millətin xadimidir".
Həbsdən
çıxdıqdan sonra Bakıya gələrək 1919-cu ildə
Bakı Polis idarəsində çalışıb. 1920-ci ildə
isə yenidən Gürcüstana qayıdaraq "Zəhmətkeşin
Səsi" qəzetinin baş yazarı və Gürcüstan
İnqilab Komitəsinin üzvü olub. Sovet dövründə
də müəllimlik və dramaturgiya fəaliyyətini davam
etdirib. Dərs kitablarının hazırlanmasında daha fəal
çalışıb. 1927-ci ildə pensiyaya
çıxdıqdan sonra Ömər Faiq XX əsr Azərbaycan
mədəniyyəti və mətbuat tarixi üçün
son dərəcə əhəmiyyətli olan "Xatirələrim"
üzərində çalışıb. Lakin müəllif
bu xatirələri bitirə bilməyib. Dövrün vətənpərvər
ruhlu bir çox şəxsiyyətləri kimi o da totalitar
sovet rejiminin 1930-cu illər repressiyasının
qurbanlarından olub. Öməq Faiq Nemanzadə 1937-ci ilin
yayında Axalsıxda öz ata yurdunda dincələrkən
iyulun 16-da rayon prokuroru Odabaşyanın sərəncamı ilə
həbs olunub. 3 ay sonra oktyabrın 10-da Gürcüstan SSR Xalq
Daxili İşlər Komissarlığının nəzdindəki
"Üçlüyün" qərarı ilə güllələnib.
1958-ci ildə Gürcüstan SSR Ali məhkəməsi ona bəraət
verib. Ömər Faiqin həyatının öyrənilməsinə
və zəngin külliyyatının toplanaraq nəşr
olunmasına ancaq 1980-ci illərin ortalarından sonra
başlanılıb.
Türkoloq-alim, AMEA-nın əməkdaşı
Faiq Ələkbərli "Şərq"ə
açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin
görkəmli maarifçi-ziyalı Ömər Faiq Nemanzadənin
anadan olmasının 150-ci ildönümü ilə
bağlı Sərəncam imzalaması olduqca təqdirəlayiq
haldır. Alim deyib ki, Ömər Faiq Nemanzadə XX əsrin əvvəllərində
Azərbaycan mətbuatının inkişafı prosesində
olduqca mühüm rol oynayıb:
"Rusiyada
1905-ci il inqilabından sonra yeni mətbu orqanlar yarandı. Həmin
ərəfələrdə Bakıda, Tiflisdə nəşr
olunan qəzetlərdə Ömər Faiq Nemanzadənin
imzası, müstəsna rolu var idi. Xüsusən, məşhur
"Molla Nəsrəddin" jurnalında çox dəyərli
məqalələri var. "Həyat",
"İrşad", "Tərəqqi",
"İqbal", "Yeni İqbal", "Açıq
söz" qəzetlərində də Ö.F.Nemanzadənin
maarifləndirici əhəmiyyətə malik yazıları dərc
olunub. 1905-ci ildə nəşr olunan "Dəvət" əsəri
də xüsusi önəm kəsb edir. Ömər Faiq
bütün yazılarında, məqalələrində əsas
diqqəti məhz türklüyə, islama yönəldirdi.
Türklüyə dönüşə, təhrifə məruz
qalmış islami dəyərlərin yenidən dəyərləndirilməsinə
böyük önəm verirdi. Onun ən dəyərli məqalələrindən
biri 1917-cu ildə qələmə aldığı "Mən
kiməm?"dir. Müəllif yazırdı ki, niyə biz
özümüzü müsəlman adlandırırıq,
halbuki biz türkük. Niyə özümüzə türk
deməkdən qorxuruq? Milli özünüdərk
baxımından çox dəyərli bir məqalədir. Bu
baxımdan Ömər Faiq Nemanzadənin fəaliyyətinin
daha genişmiqyaslı təqdimatı və təbliğatı
əhəmiyyətli və zəruridir. Onunla bağlı yeni
kitabların nəşri də təqdirəlayiq olardı. O,
indiki Gürcüstan ərazisində axısqa türkü
kimi dünyaya gəlsə də, Azərbaycan və türk
dünyası üçün böyük xidmətləri
olmuşdu".
F.Ələkbərli də
maarifçinin 150 illik yubileyinə xüsusi töhfə verəcəyini
söyləyib: "Ömər Faiq Nemanzadə haqqında nəşrə
hazırlanan bir kitabın həmmüəlliflərindən
biriyəm. İlin sonunadək Azərbaycan və Türkiyə
türkcəsində və başqa dillərdə kitabın nəşrini
planlaşdırırıq. Konfranslarımız da olacaq.
Bütün hallarda Ömər Faiq Nemanzadəni öyrənmək
və tanıtmaq lazımdır. Ələlxüsus, yeni nəsil
Ömər Faiq kimi şəxsiyyətlərimizi daha dərindən
öyrənməlidir. Onun türklük və islam dininin
mahiyyətinin yenidən dərki uğrunda apardığı
mücadiləni mənimsəməliyik".
İsmayıl Qocayev
Şərq 2022.- 5 oktyabr.- S.6.