Kəhriz mədəniyyətinə
yenidən qayıdılmalıdır
Regionların sosial-iqtisadi inkişafının təşviq
edilməsi
Artezian quyularının da bərpa
edilməsi kənd təsərrüfatının
inkişafı üçün böyük imkanlar
açır
“Məsələ təkcə işğaldan
azad edilmiş torpaqlarla bağlı deyil.
Azərbaycanın bütün
regionlarında kənd təsərrüfatının - əkinçilik,
heyvandarlıq, bitkiçiliyin sürətli
inkişafına çalışılmalıdır”
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab
İlham Əliyev “Azərbaycan
Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət
Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan
konfrans çıxışı
zamanı dövlət proqramının əhatə etdiyi genişmiqyaslı layihələrə
toxunarkən meliorasiya və su təsərrüfatı sahəsinə xüsusi diqqət ayırmışdı. Cənab
Prezident vurğulamışdı ki, dövlət proqramının icrası uğurla aparılır. Lakin
ölkəmizin idxal faktorundan
asılılığının minimuma
endirilməsi kənd təsərrüfatının
inkişafından asılıdır. Bu isə
öz növbəsində əkinə
yararlı torpaqların kultivasiyası, əkinə yararlı
torpaqların təyinatı üzrə istifadəsini, həmçinin
suvarma sistemlərinin dəqiq işləməsinə
bağlıdır. Prezident qeyd etmişdi ki, meliorativ tədbirlər
infrastruktur layihələri arasında
önəmli yer tutur:
“Bu infrastruktur
layihələri dövlət investisiya
proqramı hesabına icra edilmişdir.
Bu, bir daha
onu göstərir ki,
ölkəmizin dayanıqlı inkişafı üçün
gözəl zəmin yaradılır. Təbii ki,
bütün bu işlər
və eyni zamanda,
aparılan islahatlar kənd təsərrüfatının
inkişafına da güclü
təkan verdi. Kənd təsərrüfatı
istehsalı son illərlə müqayisədə
rekord həddə çatdı. Yəni
artım tempi 7 faizdən çox
olmuşdur, xüsusilə bitkiçilikdə
artım 10 faizdən çoxdur. Bizim kənd təsərrüfatı məhsullarının
ixracı artır. Daxili tələbat yerli məhsullar hesabına təmin edilir.
Çünki bütün bu işlər bir-biri ilə sıx bağlı olan məsələlərdir”. Prezident meliorativ tədbirlərdən danışarkən iki böyük su anbarı - Taxtakörpü və Şəmkirçay tikilməsini vurğuladı: “Bunlar olmasaydı, orada yerləşən rayonlarda su qıtlığı yaranacaqdı. Əgər Taxtakörpü su anbarı tikilməsəydi, keçən il Bakı şəhərini su ilə təmin etmək mümkün olmazdı. Çünki keçənilki quraqlıq bəlkə də tarixdə olmayıb. Biz məhz Taxtakörpüdə yığılan suları Ceyranbatana ötürməklə Bakını fasiləsiz su ilə təmin etdik. Bakıda heç kim hiss etmədi ki, belə ciddi quraqlıq olub. Bütün bu işləri biz ona görə görürük ki, insanlar daha yaxşı yaşasınlar. Hər bir böyük layihənin arxasında düşünülmüş siyasət dayanır. Kəndlərdə su təminatını yaxşılaşdırmaq üçün bu illərdə 1500-dən çox artezian quyusu qazılmışdır və bu proses davam etdirilir. Yüzlərlə kənddə modul tipli sutəmizləyici qurğular quraşdırılmışdır. Ona görə bizim proqramımızın icrasında infrastruktur layihələri xüsusi yer tuturdu. Biz sosial təşəbbüslərlə paralel olaraq, bu layihələri həyata keçirməklə bugünkü reallığı əldə etdik”.
Hazırda isə Azərbaycan dövləti qarşısında daha böyük işlər dayanır. 30 ilə yaxın müddətdə Ermənistanın işğal altında saxladığı ərazilərimiz artıq azaddır və bu Böyük Qələbə regionlarımızın inkişafı, o cümlədən kənd təsərrüfatının inkişafı üçün geniş perspektivlər açır. Kənd təsərrüfatının inkişafının su mənbələrindən səmərəli istifadədən keçdiyi isə məlum həqiqətdir. Torpağa can verən sudur. Su olmasa, kəndli torpağı nə əkə biləcək, nə də məhsul əldə edəcək. Bəzi regionlarda isə su problemi qalmaqdadır. Bu məsələ Milli Məclisdə də səsləndirilib. Millət vəkili Aqil Abbas Ağcabədi rayonunda artezian quyularından istifadə edilmədiyini deyib.
Millət vəkili bildirib ki, Ağcabədi rayonundakı artezian quyularından 115-i işləmir. Meliorasiya və Su Təsərrüfatı" ASC cəmi 11 quyunun bərpası üçün pul ayırıb. Əkin sahələri susuzluqdan yanır. İçməli su təchizatı üçün qazılmış artezian quyuları da pis vəziyyətdədir. Millət vəkili Yaponiya hökumətinin rayonda bir neçə artezian quyusu qazdığını da yada salıb, kəndlinin ehtiyacı olan artezian quyularının bərpası üçün yerli kadrların çalışmalı olduğunu deyib. Məlumdur ki, bölgələrdə əkin sahələrinin suvarılmasında, içməli su probleminin aradan qaldırılmasında, həmçinin kəhrizlər böyük əhəmiyyətə malikdir. Bir müddət əvvəl Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov bildirmişdi ki, Ağdam, Ağcabədi, Bərdə, Füzuli, Gəncə, Qazax, Goranboy və Göygöl rayonlarının ərazisində 40-a yaxın kəhrizin bərpası nəzərdə tutulur. Bu işlər “Azərbaycanda kəhriz su sistemlərinin bərpası vasitəsilə məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə kənd yerlərinin kompleks inkişafı” layihəsi çərçivəsində aparılacaq. Koreya hökuməti də Azərbaycanda kəhrizlərin bərpası layihəsinə 1,2 milyon dollar vəsait ayırıb. Layihə tamamlandıqdan sonra 8 000 insan öz doğma yurdunda təmiz su ilə təmin oluna bilər. Qeyd edilir ki, Beynəlxalq Miqrasiya Təşkilatı müxtəlif donor təşkilatları ilə birgə Azərbaycandakı kəhrizlərin bərpası ilə bağlı bir çox layihələr həyata keçirir. Bugünədək ümumilikdə kəhrizlərin bərpası ilə əlaqədar 10 layihə icra edilib. Bundan əvvəl də Qarabağ bölgəsində kəhrizlərin bərpası prosesi icra edilib. Məsələn, Ağdam rayonunun Əhmədağalı kəndinin ərazisindəki kəhriz quyuları müasir texnoloji üsullardan istifadə edilməklə bərpa olunub. Məqsəd əhalinin suya tələbatının qarşılanması, su təminatının yaxşılaşdırılması, həmçinin suvarmada kəhriz suyundan istifadədir.
Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru Həvva Məmmədova Qarabağ torpağında kəhriz mədəniyyətinin əsrlər öncə mövcud olduğunu dedi:
- Kəhrizlər, artezian
quyuları suvarmada böyük
əhəmiyyət daşıyır. Bir vaxtlar
torpaqların suvarılmasında kəhrizlərdən də
istifadə olunub, artezian
quyuları hesabına fərdi təsərrüfatlarda su qıtlığı aradan
qaldırılıb. İndi qlobal su
qıtlığı fonunda kəhriz mədəniyyətinə
də yenidən qayıdılmalı, artezian
quyularının da fəaliyyəti bərpa
edilməlidir. Xüsusən kəhrizlərin bərpası çox faydalıdır. Kəhrizlər qədim
suvarma mədəniyyətidir. Azərbaycan
ərazisində tarixən əkinçilikdə kəhriz
sularından istifadə olunub. Vaxtilə kəhrizlərin
qazılması işini bilən kənkanlar
vardı. Onlar işlərinin ustası
idilər. Qarabağda da
ta qədim dövrlərdən suvarma üçün kəhriz
quyuları qazılıb, kəhriz suyundan
istifadə edilib. Hektarlarla
torpaq sahələrini kəhriz
sularıyla suvarıblar, dəyirman işlədiblər. Kəhrizin
suyu daim buz kimi sərin olur. Qarabağ torpağı
həmişə bərəkətli olub.
Pambığı, üzümü, meyvə-tərəvəzi
ilə məşhur idi Qarabağ.
Su qıtlığı da
yaşanmazdı, çünki bol sulu çaylar
vardı, kəhrizlər qazılardı və əhalinin həm
içməli su, həm də suvarma üçün
ehtiyacı ödənərdi. Amma Aran zonalarında su
qıtlığı yaşanırdı. Sonra
da nankor
qonşularımız bizə su
qıtlığı yaratmağa
başladılar. Nankor qonşularımız qışda suyu
qəsdən açıb buraxırdılar, əkin sahələrini
məhv edirdilər, yayda isə suyun qarşısını kəsməklə
təsərrüfatlara ziyan vururdular. Şükür ki, artıq Qarabağımız azaddır və
bu barlı-bərəkətli torpaq doğma insanlarını
qarşılayır, yenə də Qarabağ
torpaqlarında əkin-biçin olacaq, bol məhsul əldə ediləcək. Kəhrizlərin
bərpası kənd təsərrüfatının
inkişafı üçün də böyük imkanlar
açır. Məsələ təkcə işğaldan
azad edilmiş torpaqlarla bağlı deyil.
Azərbaycanın bütün
regionlarında kənd təsərrüfatının - əkinçilik,
heyvandarlıq, bitkiçiliyin sürətli
inkişafına çalışılmalıdır. Çünki dünyada qlobal iqtisadi böhran gözlənilir, ərzaq
qıtlığı təhlükəsi var.
Biz çalışmalıyıq ki, böhrandan minimum itkiylə çıxaq, əhalimiz korluq çəkməsin. Bunun
da yolu torpaqların
becərilməsindən, əkin-biçindən keçir. Buna da bol su
lazımdır. Gərək su
ehtiyatlarından səmərəli istifadə olunsun.
Su itkisinin
qarşısı alınsın, həmçinin suyun düzgün paylanması
həyata keçirilsin. Elə olmasın ki, kiminsə əkin sahəsinə su verilsin, amma
kimsə suya həsrət qalsın.
Ölkəmizin kənd təsərrüfatının
inkişafı bu amildən çox asılıdır. Cənab Prezident də həmişə su
probleminə diqqət ayırır, gücünü-qüvvəsini
sərf edir ki, təsərrüfatla
məşğul olanların iş və
həyat şəraiti yaxşılaşsın, bölgələrimiz
daha da inkişaf
etsin.
Məlahət Rzayeva
Şərq .- 2022.- 12 oktyabr.- S.6.