Azad olunmuş ərazilərimizi
hər kəs görə biləcək
"Qarabağa marşrutun
açılması "Böyük
Qayıdış"ın ən iri
addımlarından biridir"
İşğaldan azad olunmuş ərazilərə "Böyük Qayıdış"
İşğaldan azad olunmuş ərazilərimizdə bərpa və yenidənqurma işləri aparılır, infrastruktur layihələri həyata keçirilir. Şübhəsiz, Qarabağın dirçəlişinə aparan “Böyük Qayıdış” proqramının birinci mərhələsi işğal olunmuş ərazilərdə nəqliyyat infrastrukturunun yaradılmasıdır.
Azad olunmuş ərazilərə yanvarın 24-dən etibarən ilk müntəzəm avtobus marşrutlarının açılması gözlənilir. İkin mərhələdə Şuşa və Ağdama avtobusların getməsinə şərait yaradılacaq. Nəzərdə tutulan marşrut xətləri Bakı-Şuşa-Bakı, Əhmədbəyli-Şuşa-Əhmədbəyli, Ağdam-Bakı və Bərdə-Ağdam-Bərdədir. Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə təşkil olunacaq müntəzəm sərnişin marşrut avtobuslarının hərəkət cədvəli açıqlanıb. 24 yanvar tarixindən etibarən Bakı-
Şuşa, Bakı-Ağdam, Əhmədbəyli-Şuşa, Füzuli Beynəlxalq Hava Limanı-Şuşa, Bərdə-Ağdam istiqamətlərində şəhərlərarası müntəzəm avtobus marşrutları istifadəyə veriləcək. Artıq hər bir marşrut üzrə sınaq səfərləri həyata keçirilib, istismar ediləcək avtobusların sinifləri müəyyən olunub. Reyslər Əhmədbəyli-Şuşa marşrutu üzrə həftədə 4 dəfə, digər istiqamətlər üzrə isə 2 dəfə olmaqla təşkil ediləcək. Füzuli Beynəlxalq Hava Limanı Şuşa avtobus marşrutunun fəaliyyəti təyyarə aviareysləri ilə uzlaşdırılacaq. Növbəti günlərdə marşrut xətlərinə bilet satışı onlayn qaydada həyata keçiriləcək. Vətəndaşlar “Yolumuz Qarabağa” portalı vasitəsilə onlayn bilet ala biləcəklər.
Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümbətov deyib ki, təhlükəsizlik tədbirləri və infrastruktur imkan verdiyi təqdirdə işğaldan azad olunan digər istiqamətlərdə də sərnişin marşrutlarının açılması təmin ediləcək. Onun sözlərinə görə, bununla bağlı hər hansı qərar qəbul olunduqda, ictimaiyyətə məlumat veriləcək: “Hazırda elan olunan istiqamətlər Şuşa və Ağdamdır. Bunun da başlıca səbəbi təhlükəsizlikdir. Artıq Şuşa şəhərində minatəmizləmə işləri aparılarkən ərazinin o qədər də çirklənmədiyi, yalnız mərmi sursatları aşkarlandığı məlum olub. Bununla yanaşı, bildiyiniz kimi, ora aparan müasir “Zəfər” yolu inşa olunub, istismara verilib və sərnişinlər ora təhlükəsiz qaydada çata bilərlər. Ağdama ötən ilin yay aylarından etibarən silsilə səfərlər təşkil olunub. O marşrut özü də tamamilə təhlükəsiz hesab olunur”. O həmçinin əlavə edib ki, hazırda bu istiqamətlər üzrə yalnız Azərbaycan vətəndaşları səfər edə bilər: “İndiki mərhələdə bu, yalnız Azərbaycan vətəndaşları üçün nəzərdə tutulur. Onlar həmin ərazilərə yalnız gedib, ziyarət edib və geri dönə bilərlər”.
Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Eldəniz Məmmədov da bildirib ki, DİN işğaldan azad olunmuş ərazilərdə təhlükəsizliyin təmin olunması üçün kompleks plan tədbirləri həyata keçirir, təhlükəsizlik tədbirləri nəzarət altındadır: “Təhlükəsizlik məsələsi hamımızın çox diqqət yetirməli olduğu məsələdir”. O qeyd edib ki, işğaldan azad olunmuş ərazilərə müntəzəm avtobus marşrutlarının açılması ilə bağlı üç istiqamətdə işlərin görülməsi nəzərdə tutulur: “Birincisi, avtobus üzvlərinin gedəcəyi yollarla tanışlığı, orada yollarda hansı çətinlik ola bilər və s. İkinci olaraq bütün avtobuslar çıxış məntəqəsindən etibarən yol-patrul xidməti tərəfindən müşayiət olunacaq. Sonrakı mərhələdə azad olunmuş əraziyə girməmiş son duracaqda biletlər və bilet alan şəxslər yoxlanılacaq. Daha sonra isə polis əməkdaşı həmin avtobusda əyləşəcək”. ANAMA İdarə Heyətinin sədr müavini Samir Poladov qeyd edib ki, Şuşada mina problemi yoxdur, təhlükəsiz hərəkət mümkündür: “Ümumilikdə 38 binada və 573 yaşayış sahəsində təmizləmə əməliyyatları həyata keçirilib. Ümumən Şuşa şəhəri, bölgəsi üzrə 1684 partlamamış hərbi sursat aşkar olunub. Təmizlənmiş obyektlər ANAMA-nın xüsusi nişanlama sisteminə salınıb. Ümumiyyətlə, Şuşa şəhərində mina problemi yoxdur. Şuşada ANAMA-nın mütəxəssisləri və müvafiq dövlət qurumlarının təlimatlarına riayət etməklə təhlükəsiz qaydada hərəkət etmək mümkündür”.
Millət vəkili Aydın Mirzəzadə “Şərq”ə bildirib ki, erməni işğalçılarından Azərbaycana çox ağır miras qalıb. Deputatın sözlərinə görə, Azərbaycan əsgərinin şücaəti və Ali Baş Komandanın ağıllı siyasəti nəticəsində torpaqlarımız işğaldan azad ediləndən sonra məlum oldu ki, Ermənistan ərazilərimizi tamamilə bərbad vəziyyətə salıb:
“Daha ciddi problem odur ki, ermənilər torpaqlarımızı ucdantutma
minalayıb. Ərazilərimizin minalardan təmizlənməsi
müəyyən qədər
vaxt aparır. Ötən müddət ərzində
kommunikasiyaların bərpası
istiqamətində çox
mühüm işlər
görülüb. Bunun nəticəsidir
ki, Zəngilanın bir neçə kəndində yaşayış
məskənləri salındı.
Ən əsası isə Şuşaya və Ağdama avtobus marşrutları xətti açıldı. Bu xəbəri təkcə həmin rayonların sakinləri deyil, bütün Azərbaycan xalqı böyük səbirsizliklə gözləyirdi.
Sosial şəbəkədə bununla
bağlı hədsiz
sevinc hissini ifadə edən çoxsaylı münasibət
ortaya qoyulur. Şuşalılar və ağdamlılarla
yanaşı, digər
zonaların sakinləri
də Qarabağa səfər etmək üçün gün sayırlar. Çox təəssüf ki, hələlik işğaldan azad edilmiş ərazilərə
səfər edə bilməmişəm. İmkan tapıb,
səfər edəcəm”.
Parlament üzvünün
sözlərinə görə,
avtobus marşrutlarının
açılması tək
jurnalistlərin, yaxud bərpa işlərində
iştirak edənlərin
deyil, hər bir vətəndaşın
həmin əraziləri
görmə imkanı
deməkdir:
“Bu, bir xatirədir, gələcək nəsillərə ötürülən qan yaddaşıdır. Digər tərəfdən Qarabağda görülən bərpa işlərini yaxından görmək şansı əldə edəcəyik. Şübhəsiz, təhlükəsizlik qaydalarını gözləmək olduqca vacibdir. Düzdür, avtobus marşrutları açılacaq, amma orada infrastruktur və yaşamaq üçün şərait demək olar ki, yoxdur. Bilmirəm, bəlkə müvəqqəti ictimai iaşə təşkil edilib. İstənilən halda təhlükəsizlik qaydalarını gözləmək əsas şərtdir. Ancaq bələdçilərin icazə verdikləri yerlərə getməyi, baxmağı məsləhət görərdim. Ehtiyatsız sağa-sola addım atmaq bir insan həyatının itirilməsinə və bir ailə üçün faciəyə səbəb ola bilər. Hesab edirəm ki, ərazilərin minalardan təmizlənməsi, infrastrukturun qurulması, gələcəkdə avtobus marşrutlarının sayının və coğrafiyasının genişlənməsinə səbəb olacaq. Ümumən, bu marşrutların açılması “Böyük Qayıdış”ın çox iri addımlarından biridir”.
İsmayıl Qocayev
Şərq
.- 2022.- 19 yanvar.- S.6.