İnam artır:Artıq bələdiyyələr
cəmiyyət tərəfindən qəbul olunur
Yaxın gələcəkdə
yerli özünüidarəetmə daha səlahiyyətli və məsuliyyətli qurum statusunu əldə edə
biləcək
İctimai və dövlət
maraqlarının müdafiəsi;
Yerli
özünüidarəetmə sisteminin
formalaşdırılması prosesi Azərbaycanda
demokratik inkişafın əyani nümunəsidir.
Hüquqi dövlət və vətəndaş cəmiyyətinin
qurulması, dövlət və cəmiyyətin idarə
olunmasının səmərəliliyinin artırılması
istiqamətində atılan addımlar bələdiyyələrin
fəaliyyətində öz ifadəsini tapmaqla yanaşı, respublikamızda yerli idarəetmə orqanlarının işinin təşkilinə mühüm töhfə verir.
Ulu Öndər Heydər Əliyev dövlət
və cəmiyyətin idarə olunmasında bələdiyyələrin
rolunu yüksək qiymətləndirərək
qeyd edirdi:
"Yerli özünüidarəetmənin yaradılması Azərbaycanda gedən demokratik proseslərin böyük bir hissəsi, böyük bir qoludur. Demokratik, hüquqi dövlət, dünyəvi dövlət qurmaq prosesinin bir hissəsi, bir sahəsidir". Ümummilli Liderimizin fikirləri bu gün real həyatda öz əksini tapmaqdadır. Heydər Əliyev ideyalarından qaynaqlanan bələdiyyə institutu təkmilləşir, formalaşır, Azərbaycanın ictimai-siyasi və sosial-iqtisadi həyatında öz mövqeyini durmadan möhkəmləndirir. "Yerli özünüidarəetmə haqqında" Avropa Xartiyasının müddəalarına uyğun olaraq respublikamızda da yerli özünüidarəetmə sistemi konstitusiya və qanunvericilik əsasında qurulur. Beynəlxalq normalara uyğundur. Ölkəmizin demokratik şəraitdə idarə olunmasında vətəndaşların rolu artır və onlara yeni, daha geniş imkanlar yaradılır. Bununla əlaqədar yerli özünüidarəetmə sisteminin hüquqi bazasının yaradılması üçün əsaslı tədbirlər həyata keçirilib. Milli Məclis tərəfindən bələdiyyələrin fəaliyyətinin əsas sahələrini əhatə edən mühüm qanunlar, normativ hüquqi aktlar qəbul edilib. Qanunvericiliyin təkmilləşdirilməsi prosesi davam edir və bələdiyyələrin formalaşdırılması, onların sosial-iqtisadi sahədə fəaliyyətinin artırılması və genişləndirilməsi üçün yeni qanunlar hazırlanır, bəzi qanunlara əlavə və dəyişikliklər edilir. Yerli özünüidarəetmə orqanlarının müstəqilliyinin təminatı və səlahiyyətlərinin artırılması ictimaiyyətlə bərabər dövlətin də diqqət mərkəzindədir. Bələdiyyələr dövlətin ən mühüm funksiyalarından biri olan yerli əhəmiyyətli sosial-iqtisadi, ekoloji, sosial müdafiə vəzifələrinin həyata keçirilməsinə xidmət etdikləri üçün onların düzgün istiqamətləndirilməsi, daha yaxşı və səmərəli işləmələrinə şərait yaradılması vacibdir.
Xatırladaq
ki, ötən gün
Ədliyyə Nazirliyinin təşkilatçılığı
ilə Ümummilli Lider
Heydər Əliyevin anadan olmasının
100 illik yubileyi
münasibətilə “Heydər Əliyev Azərbaycanda yerli özünüidarəetmənin banisidir” mövzusunda konfrans keçirilib.
Ədliyyə nazirinin müavini
Vilayət Zahirov Ümummilli
Lider Heydər Əliyevin zəngin dövlətçilik
irsindən bəhs edərək ölkəmizə rəhbərliyinin
bütün dövrlərində
xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətlərini, müstəqilliyimizin
möhkəmləndirilməsində xilaskarlıq
missiyasını vurğulayıb. Bildirib ki, demokratik hüquqi dövlətin möhkəm təməlini
qoyan Ulu Öndər
Heydər Əliyev azad cəmiyyətin əsasını
təşkil edən yerli
özünüidarəetmənin banisidir.
Azərbaycan üçün ən gənc
təsisat olan yerli
özünüidarəetmənin yaradılması prosesi məhz Ümummilli Liderin müəllifi olduğu
Konstitusiyamızda bələdiyyələrin təşkilinin
və fəaliyyətinin əsas prinsiplərinin təsis edilməsi
ilə başlanıb. Ulu Öndərin ideyalarına uyğun
olaraq yerli
özünüidarəetmə fəaliyyətinin ölkə Prezidenti İlham
Əliyevin rəhbərliyi ilə respublikamızın hərtərəfli
inkişafına uyğun olaraq
təkmilləşdiyini bildirən V.Zahirov
müasir üsul və
vasitələrdən istifadə edilməklə bələdiyyələrin
fəaliyyətində qanunçuluğun
gücləndirilməsi üçün inzibati nəzarət, həmçinin fəaliyyətin
qanunauyğun təşkili məqsədilə
mütəmadi keçirilən profilaktik
və maarifləndirmə tədbirlərini qeyd
edib, bu sahədə
Ədliyyə Nazirliyinin fəaliyyətinə
toxunub: “Ötən dövrdə 1 milyona yaxın bələdiyyə
aktı hüquqi ekspertizadan
keçirilib, profilaktik
tədbirlərin gücləndirilməsi və hüquqi maarifləndirmənin
yaxşılaşdırılması məqsədilə bələdiyyələrə
75 mindən çox tövsiyə göndərilib,
90 min bələdiyyə üzvü
və qulluqçusu Ədliyyə
Akademiyasında və digər qurumlarda
təşkil edilmiş maarifləndirmə
tədbirlərinə cəlb olunub, bələdiyyələr
üçün 300 metodik
vəsait hazırlanıb”. Nazir müavini
torpaqlarımızın Ermənistan tərəfindən
işğalı dövründə həmin ərazilərdə
yerli özünüidarəetmənin təşkilinin
mümkünsüz və bir
milyondan artıq soydaşımızın
özünüidarəetmə hüququndan
məhrum olduğunu bildirib,
Müzəffər Ali Baş Komandan, Prezident İlham
Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində
Böyük Qələbəmizlə işğala son qoyularaq tarixi ədalətin
bərpa edildiyini xüsusi
vurğulayıb. Bildirilib ki, yerli əhalinin
rifahı naminə həyata keçirilən tədbirlərdə
fəal iştirak edən bələdiyyələr
də Vətən müharibəsi və sonrakı dövrdə
səmərəli fəaliyyətləri ilə seçilirlər.
Ötən müddətdə bələdiyyələr tərəfindən
Vətən müharibəsi veteranlarının və şəhid
ailələrinin yerli özünüidarəetmə
fəaliyyəti ilə bağlı çoxsaylı müraciətləri
həll edilib. Həmçinin şəhidlərimizin
xatirəsinin əbədiləşdirilməsi məqsədilə
900-dən çox abidə və abidə
kompleksi, xatirə lövhəsi və
bulağı istifadəyə verilib,
onların yaşadıqları evlər və küçələr
abadlaşdırılıb. Tədbirdə Ədliyyə Nazirliyi tərəfindən müasir
tələblərə uyğun
hazırlanmış və səmərəli yerli
özünüidarəetmə fəaliyyətinə töhfə
olan “Bələdiyyələrlə iş portalı”nın təqdimatı keçirilib. Bələdiyyələrin
fəaliyyətində səmərəliliyin və
aşkarlığın artırılması məqsədilə
portalda ictimaiyyət üçün
açıq olan faydalı bölmələr,
o cümlədən ölkəmizdə yerli özünüidarəetmə sisteminin tarixi,
hazırkı dövrədək keçirilən bələdiyyə
seçkiləri və onların nəticələri, hər bir bələdiyyə sədri, üzv və qulluqçuları, əlaqə
vasitələri, geolokasiyası və s.
barədə məlumatlar yerləşdirilib. Eyni
zamanda portalda yerli özünüidarəetmə sahəsində
Ədliyyə Nazirliyinin gördüyü
işlər – metodoloji yardım və inzibati nəzarət tədbirləri öz əksini tapıb. Portal bələdiyyələrin
fəaliyyətinə inzibati nəzarət
icraatının avtomatlaşdırılmış rejimdə
aparılmasını, o cümlədən
elektron sənəd mübadiləsini mümkün etməklə, həmçinin bələdiyyələrə
şəxsi kabineti vasitəsilə iclas protokollarını (aktlarını) elektron qaydada tərtib
etmək imkanı yaradır. Təqdimat zamanı portalın funksional imkanları əyani nümayiş
etdirilib, onun ictimaiyyət
və bələdiyyələr üçün
faydası qeyd olunub.
Millət vəkili
Naqif Həmzəyev "Şərq"ə
açıqlamasında bildirib ki, Ulu Öndər Heydər
Əliyev, ümumiyyətlə, müasir
Azərbaycanın banisi və qurucusudur. Deputat qeyd edib ki,
Ulu Öndər ikinci
dəfə hakimiyyətə gəldikdən sonra
ilk növbədə hüquqi
dövlətin qurulması üçün
zəruri addımlar atdı:
"Konstitusiya yaradıldı,
referendum keçirildi və
Azərbaycan Parlamenti yenidən formalaşdırıldı. Bütün bunlarla
yanaşı, torpaq islahatları həyata keçirildi. 1999-cu ildə
ilk dəfə olaraq bələdiyyə seçkilərinin
keçirilməsinə nail olundu. Bu, Azərbaycan
cəmiyyəti üçün
yeni bir dövrün başlanğıcıdır.
Faktiki olaraq yerli özünüidarəetmə,
seçkilər yolu ilə bələdiyyələrdə
təmsil olunmaq tam yeni yanaşma idi. 1999-cu ildən
başlayaraq bələdiyyə
seçkiləri Azərbaycanda
keçirilir. Mütəmadi olaraq bu təsisatın
gücləndirilməsi üçün
bəzi dəyişikliklər
edilir. Ümid edirik ki, yaxın illərdə bələdiyyələrin statusları,
hüquq və səlahiyyətləri daha
da artacaq. Nəticə
etibarı ilə yerli özünüidarəetmə
məhz bələdiyyələr
vasitəsilə həyata
keçiriləcək. Artıq bələdiyyələr cəmiyyət
tərəfindən qəbul
edilir. Əvvəlki dövrlərdən fərqli olaraq bələdiyyələr yalnız
torpaqların vətəndaşlara
verilməsi ilə yox, həmçinin bir çox sosialyönümlü və
məhəllədaxili icmaların
maraqlarını qorumaq
məqsədilə layihələr
həyata keçirdir.
Bələdiyyələr yerli icmalarla sıx işləyərək
vətəndaşların yerlərdəki
narahatlıqlarının aradan
qaldırılmasında birbaşa
töhfə verməkdədir. Bu təsisat cəmiyyətimiz
üçün yenidir.
Daha da uğurlu fəaliyyət göstərməsi
üçün hər
kəs çalışmalıdır.
İnanırıq ki, yaxın
gələcəkdə yerli
özünüidarəetmə daha səlahiyyətli və məsuliyyətli qurum statusunu əldə edə biləcək. İstənilən halda Ulu Öndər
Heydər Əliyev tərəfindən yerli özünüidarəetmənin yaradılması ilə bağlı verilən qərar çox düzgün və lazımlı bir addım idi. Hazırda fərqli idarəetmə üsulundan istifadə etsək də, bələdiyyələr yerli
özünüidarəetmədə yaxından iştirak edir. Bəzi əlavə düzəlişlər
və dəyişikliklərlə
bu strukturların gücünü daha da artıra biləcəyik".
İsmayıl Qocayev
Şərq .- 2023.- 13 aprel.- S.6.