"Azərbaycan dünyanın
ən multikultural ölkələrindən biridir"
Dini və milli tolerantlıq, millətlərarası
münasibətlərin inkişaf
etdirilməsi;
"Ermənistanın
Ümumdünya Kilsələr
Şurasına yalan məlumatlar verməsi qəbuledilməzdir"
Azərbaycan müxtəlif millətlərin,
fərqli dinlərə
sitayiş edən insanların tarixən dostluq və qardaşlıq şəraitində
yaşadığı tolerant ölkədir. Ölkəmizdə ayrı-ayrı etiqad
və inanclara malik etnosların min illərlə əmin-amanlıq
şəraitində yaşamasında,
etnik mədəni müxtəlifliyin günümüzədək
qorunub saxlanmasında Azərbaycan xalqına xas olan humanizm
və çoxmillətlilik
dəyərlərin müstəsna
rolu olub. Azərbaycanda bütün dinlərin
nümayəndələri öz
dini ayinlərini azad şəkildə icra etməkdədirlər.
Fərqli dinlərin nümayəndələri
qarşılıqlı hörmət
və anlaşma, sülh şəraitində
birgə yaşayır
və Milli Məclisdə təmsil olunurlar. Ölkədə mövcud ictimai
sabitlik, vətəndaş
həmrəyliyi və
etnik dini dözümlülük mühiti
mütərəqqi tarixi
ənənələrdən bəhrələnən milli
siyasətin məntiqi
nəticəsidir. Bu gün ölkəmizdə
dinlərarası münasibətlər
ən yüksək səviyyədədir.
Azərbaycana gələn mütəxəssislər
dini tolerantlığı
universal model kimi təqdim
etməkdədirlər. Fərqli dini konfessiyaların nümayəndələri hər
zaman Azərbaycan xalqı ilə həmrəy olub, vahid Vətənimizin azadlığı və firavanlığı uğrunda
mübarizə aparıblar.
Son günlər müşahidə
olunan odur ki, Ermənistan və erməni lobbisi Azərbaycana qarşı mübarizədə
hər cür addıma əl atır, bütün istiqamətlərdə ölkəmizi
hədəf alır. Ermənilərin ölkəmiz əleyhinə
əsassız ittihamlarından
biri də Qarabağda yaşayan ermənilərin dini inancları, ibadətləri
ilə bağlıdır.
İddia
edilir ki, guya, ermənilər Azərbaycan vətəndaşlığını
qəbul etsələr,
Azərbaycanda sərbəst
ibadətlərini icra
edə bilməyəcək,
təqib olunacaq və sıxışdırılacaqlar.
Ermənistanın yalan təbliğatına
uyan Ümumdünya Kilsələr Şurası
da mütəmadi olaraq birtərəfli və qərəzli şəkildə ermənipərəst
mövqedən çıxış
edir. Kilsə sülhün təmin
olunmasına töhfə
verən və birgəyaşayışı təbliğ
edən çağırışlarla
çıxış etmək
əvəzinə mövcud
vəziyyəti dinlərarası
müstəviyə çıxararaq
“xristian təəssübkeşliyi"ni
açıq-aşkar qabardır.
Daxili məsələni
"müsəlman-xristian qarşıdurması"
müstəvisinə çəkməyə
çalışanlar bilməlidir
ki, Azərbaycanın müstəqilliyini müdafiə
edən insanlar arasında müxtəlif dinlərin daşıyıcıları
- ruslar, gürcülər,
yəhudilər və
digər xalqların nümayəndələri var. Ermənistanla
müharibədə on minlərlə
şəhid verməyimizə
və bir milyon qaçqınımızın
olmasına, dini abidələrimizin dağılmasına
baxmayaraq, erməni kilsəsinin hələ də Azərbaycanın paytaxtı Bakının mərkəzində qalması
xalqımızın tolerantlığına
ən bariz nümunədir. Azərbaycanda
xristianlığın tarixi
Alban kilsəsindən başlayır
və bütövlükdə
bu dinin tarixində həmin kilsənin xüsusi yeri var. Azərbaycanda xristianlıq özünün
pravoslavlıq, katoliklik
və protestantlıq qolları, habelə müxtəlif sektant icmaları ilə təmsil olunub. Pravoslavlıq Azərbaycanda 19-cu əsrin əvvəllərindən
etibarən rus çarizminin bölgədə
yeritdiyi "köçürmə
siyasəti" nəticəsində
yayılmağa başlayıb.
İlk yayılan protestant təriqəti
lüteranlıqdır. Ölkənin xristian əhalisi
əsasən Bakı,
Sumqayıt, Gəncə
şəhərlərinin, eləcə
də Qax (gürcü pravoslavlar), İsmayıllı, Gədəbəy,
Qobustan (molokanlar), Qəbələ və Oğuz (Nic qəsəbəsində
və Oğuz şəhərində alban-udilər)
rayonlarının əhalisidir.
Katoliklər və lüteranlar
daha çox Bakı şəhərində
yaşayırlar. Azərbaycanın azadlığı və ərazi bütövlüyü
uğrunda vuruşmuş,
bu yolda canından keçmiş müxtəlif dini konfessiyalara mənsub vətəndaşlarımızın uyuduqları Şəhidlər
Xiyabanı bu gün bizim təkcə and yerimiz yox, həm də
qardaşlığımızın və tolerantlığımızın
simvoludur. Dövlətin tolerantlıq prinsiplərinə
yanaşmasını həm
dini konfessiyalara, müxtəlif dinlərin nümayəndələrinə, tarixi-dini abidələrin bərpasına, həm bu istiqamətdə təşkil etdiyi beynəlxalq konfranslara münasibətdə, həm
də milli qanunvericiliyin mahiyyətində
açıq-aydın görmək
mümkündür. Lakin əfsuslar
olsun ki, Ermənistan və onun havadarları bu reallıqları görmək istəmirlər.
O səbəbdən Azərbaycandakı
dini konfessiya rəhbərləri növbəti
dəfə birgə bəyanat yayıblar. Bəyanatda deyilir ki, Ermənistanın
“etnik təmizləmə
siyasəti” barədə
yaydığı məlumatlar
yalan və böhtan xarakteri daşıyır. Məhz Ermənistanın
Azərbaycana qarşı
təcavüzü zamanı
işğal olunmuş
ərazilərimizdə məscidlər,
məbədlər, qəbiristanlıqlar,
tarixi abidələr dağıdılıb talan
edilib. Qafqaz Albaniyasına məxsus
xristian kilsələri
və Rus Pravoslav kilsələri qriqorianlaşdırılıb. Məscidlərdə islam dinində haram sayılan heyvanlar saxlanılaraq bütün islam dünyasına həqarət
olunub. Erməni Apostol Kilsəsi erməni revanşizminin önündə gedir, qisas təbliğatı, beynəlxalq müstəvidə
Azərbaycana qarşı
qarayaxma kampaniyası aparır: "Birinci Qarabağ müharibəsi
zamanı erməni qəsbkarları tərəfindən
Azərbaycan əhalisinə
qarşı törədilən
soyqırımı cinayətlərinə,
Xocalı qətliamına
“narahatlıq” bildirməyən
Kilsələr Şurasının
indiki mövqeyi ikili standartlara və siyasətbazlığa
söykənir. Azərbaycanın suveren ərazisi olan Naxçıvanın uzun müddətdir ki, Ermənistan tərəfindən blokadada
saxlanılmasına etiraz
etməyən Ümumdünya
Kilsələr Şurasının
indi belə canfəşanlıq etməsi
beynəlxalq dini təşkilata yaraşmayan
riyakarlıqdır. Biz
bu kimi halları
qətiyyətlə qınayır,
Ermənistanı, xüsusilə
də erməni Kilikiya və Eçmiədzin kilsələrini
müharibə ritorikasından
əl çəkməyə,
millətlər arasında
nifrət çağırışlarına
və revanşizm ideyalarına dəstək
verməməyə çağırırıq.
Belə siyasət nəhayətində
regionda vəziyyəti
gərginləşdirəcək, özəlliklə erməni
xalqına xeyir gətirməyəcək". Vurğulanıb ki, bütün peyğəmbərlər
insanları haqqa, ədalətə, sülhə
dəvət ediblər:
"Biz, Azərbaycanda fəaliyyət
göstərən dini
konfessiya rəhbərləri
bu Bəyanatımızla
dünya ictimaiyyətini,
xüsusilə Ümumdünya
Kilsələr Şurasını
bölgəmizdə sülhə
və əmin-amanlığa
maneə olan erməni təxribatçı
təbliğatına uymamağa
və həqiqətlərə
söykənən məlumatlara
diqqət yetirməyə
çağırırıq. Unutmayaq ki, din xadimlərinin əsas vəzifəsi ilahi əmrlərə riayət
etmək, bəşəri
sülh naminə barışdırıcı mövqedə
olmaqdır”.
Millət
vəkili Cavid Osmanov "Sherg.az"a açıqlamasında bildirib
ki, 2020-ci ildə Müzəffər Ali Baş
Komandan İlham Əliyevin rəhbərliyi
ilə Azərbaycan Vətən müharibəsində
öz tarixinin ən parlaq qələbəsini qazandı
və Ermənistanın
işğalçılıq siyasətinə son qoyaraq torpaqlarımızı azadlığa
qovuşdurdu. Deputatın
sözlərinə görə,
Azərbaycan qalib və güclü tərəf olaraq Ermənistanla münasibətlərin
normallaşması üçün
5 maddəlik sülh prinsiplərini İrəvana
təklif etdi:
"Ermənistan tərəfi Azərbaycanla münasibətlərin normallaşmasını istəmədiyi üçün öz havadarları və erməni lobbisi ilə birlikdə ölkəmizə qarşı müxtəlif səpkili təxribatlardan istifadə etməkdədir. Bu təxribatlar siyasi-hərbi və informasiya sahəsi ilə yanaşı, göründüyü kimi artıq dini-mədəni zəminə də keçməkdədir. Əlbəttə, ermənilərin bütün iddiaları absurd və uydurmadır. Bütün dünya bilir ki, Azərbaycan dünyanın ən multikultural ölkələrindən biridir. Tolerantlıq mühiti Azərbaycanda çox inkişaf edib və dünyanın aparıcı dini liderləri də bunu dəfələrlə bəyan ediblər. Azərbaycan dövləti, həmçinin ölkənin Birinci-vitse prezidenti hörmətli Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən hansı dinə mənsub olmasından asılı olmayaraq, bütün məbədlərin yüksək səviyyədə təmir-bərpa işləri aparılır. Ölkəmizdə keçirilən millətlərarası və dinlərarası forumların təşkili, nüfuzlu dini liderlərin ölkəmizə səfərləri, bütün etnik azlıqların bir ailə kimi yaşaması, dinindən asılı olmayaraq, hər kəsin öz ibadəti ilə sərbəst məşğul olması, Bakının mərkəzində erməni kilsəsinin təmir olunması və digər dinlərə aid məbədlərin qorunması dünya üçün nümunədir. Ermənistanın Ümumdünya Kilsələr Şurasına yalan məlumatlar verməsi və Şuranın məsələni araşdırmadan, yaxud qərəzli şəkildə erməni tərəfindən çıxış etməsi qəbuledilməzdir. ÜKŞ də bilməlidir ki, Ermənistan Azərbaycan torpaqlarını işğalda saxladığı 30 il müddətində soyqırımlar törədib, etnik təmizləmələr həyata keçirib. Şübhəsiz, ermənilərin istənilən təşəbbüsü iflasa uğrayacaq. Azərbaycan öz qətiyyətli addımlarını bundan sonra da atacaq. Heç bir qüvvə bizi haqq yolumuzdan çəkindirə bilməz".
İsmayıl Qocayev
Şərq 2023.- 19 avqust.- S.6.