Bundan sonra fərdi
məlumatlar qorunacaq
İnformasiya və kommunikasiya
texnologiyalarının inkişaf etdirilməsi
Strategiyanın icrasından sonra vətəndaşın
razılığı olmadan, hansısa bank və ya qurum onun fərdi
məlumatlarına baxa bilməyəcək
“Azərbaycan
Respublikasının informasiya təhlükəsizliyi
və kibertəhlükəsizliyə dair
2023–2027-ci illər üçün
Strategiyası” təsdiqlənib. Bununla
bağlı Prezident İlham
Əliyev avqustun 28-də Sərəncam
imzalayıb.
Sərəncam ölkənin informasiya məkanının təhdidlərdən qorunması, informasiya təhlükəsizliyi sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsi, habelə bu sahədə qarşıda duran vəzifələrin müəyyən edilməsi məqsədilə imzalanıb.
Sərəncama əsasən, Nazirlər Kabineti Strategiyanın həyata keçirilməsini əlaqələndirməli və bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir. İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyası isə Strategiyada nəzərdə tutulmuş tədbirlərin icrasının mütəmadi monitorinqini və qiymətləndirilməsini təmin etməli, bu Strategiyanın həyata keçirilməsi ilə bağlı görülən işlər barədə ildə bir dəfə Azərbaycan Prezidentinə məlumat verməlidir.
Strategiyaya əsasən, Nazirlər Kabineti Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dövlət Təhlükəsizlik Xidməti, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi ilə birgə mütəmadi olaraq fərdi məlumatların işlənməsi və mühafizəsi sahəsində normativ hüquqi bazanın beynəlxalq təcrübə əsas götürülməklə təkmilləşdirilməsini təmin etməlidir.
“Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası”nın (AİKTSA) İdarə Heyətinin sədri, ekspert Elvin Abbasov AZƏRTAC-a açıqlamasında deyib ki, hazırda özəl sektorda xidmətlər fərdi məlumatlarla işləyir. Artıq insanların məlumatları toplanılır, saxlanılır və təbii ki, bu da özlüyündə kibertəhlükəli məqamlar yaradır: “Bu istiqamətdə son 5 ildə ölkəmizdə kifayət qədər böyük layihələr icra olunub. Bu layihələrin hər biri informasiya təhlükəsizliyi istiqamətində, həm də kibertəhlükəsizlik istiqamətində qanunvericiliklə tam uyğunlaşmalı idi. Belə ki, istər dövlət sektorunda, istər özəl sektorda insanların məlumatlarının toplandığı layihələrdə onların informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik məqamlarına tam riayət olunması zəruridir”.
Bu baxımdan Prezident İlham Əliyevin Sərəncamı ilə ötən gün təsdiqlənən “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023–2027-ci illər üçün Strategiyası”nın çox zəruri addım olduğunu söyləyən E.Abbasov deyib: “Bu Sərəncam bir neçə ildir ki, gözlənilirdi. Ölkəmizdə rəqəmsallıq bir neçə istiqamətdə, çoxşaxəli inkişaf edir, həm dövlət, həm özəl sektorda bu inkişaf görünür. Eyni zamanda Prezident İlham Əliyev tərəfindən 2022-ci il noyabrın 16-da təsdiqlənən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə "Böyük Qayıdış"a dair I Dövlət Proqramı” çərçivəsində də kifayət qədər rəqəmsal layihələr icra olunur. Bunların hər birinin qanunvericiliklə təsdiqlənməsi və uyğunlaşması lazım idi”.
Ekspert deyib ki, ölkəmizdə bu sahədə son bir neçə ildir ki, kiberinsidentlər baş verir. “Vətəndaşların məlumatları ilə bağlı həm dövlət portallarında, həm də özəl sektordakı sistemlərdə kiberinsidentlər baş vermişdi. Bunun əsas səbəbi standartlara tam riayət olunmaması halları, həmçinin müəyyən boşluqların olması idi ki, orada mütləq qanuna istinad olunmalı idi. Bütün bu qeyd olunan istiqamətlərdə informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində qanunvericiliyin inkişafı çox zəruri idi. Bir neçə ildir ölkəmizdə insanlar kibertəhlükəsizlik, kiberdələduzluq halları ilə qarşılaşırlar və bu hallarda vətəndaşların hüquqları qanunvericiliklə tam təmin olunmurdu, çünki müəyyən boşluqlar mövcud idi. Bu Sərəncam Prezidentimiz tərəfindən təsdiqləndi. Nəticə olaraq, Sərəncamdan irəli gələrək qeyd olunan bütün aidiyyəti qurumlarlar birgə fəaliyyət göstərərək qanunvericilik istiqamətində kifayət qədər təkmilləşmə işləri aparmalıdırlar. Düşünürəm ki, bunun həm dövlət, həm özəl sektor üçün çox böyük faydaları olacaq”, - deyə ekspert əlavə edib.
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz isə “Sherg.az”a açıqlamasında deyib ki, bu konseptual sənəd ölkədə kibermühitin inkişafında və dayanıqlığında mühüm rol oynayacaq: “Nəhayət ki, uzun müddət ləngiyən sənədlərdən biri, "İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023–2027-ci illər üçün Strategiya” təsdiqlənib.
Sektorun kordinasiyaedici qurumu, İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyası Strategiyada nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini təmin edəcək, Strategiyanın həyata keçirilməsi ilə bağlı görülən işlər barədə ildə bir dəfə Prezidentə məlumat verəcək.
Komissiyanın sədri Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi, general İlqar Musayevdir. Onu da deyim ki, adıçəkilən sənədin hazırlanması haqqında Prezident 2018-ci ildə tapşırıq vermişdi. XRİTDX bu sənədin layihəsini RİNN ilə birgə hazırlayıb”. O.Gündüzün sözlərinə görə, hazırda istənilən şəxs MyGov-a daxil olub "Sorğulanmış məlumatlarım" bölməsini seçəndə görəcək ki, xeyli sayda dövlət və özəl qurum, banklar sizdən xəbərsiz fərdi məlumatlarınıza baxıb.
Bəzən isə burada hətta sizin şəxsi məlumatlarınıza baxanların uzun siyahılarını görə biləcəksiniz: “Hərdən mən özüm də təəccüblənirəm ki, banklarda olanlar gecə-gündüz bilmədən, dövlət sistemlərində olan bu şəxsi məlumatları necə və nə üçün toplayırlar. Hansı ki, vətəndaşın razılığı olmadan bu, qanunsuzdur.
Qurumlar, banklar
da bilir ki, vətəndaşın hansısa bir razılığı olmadan
bunu etmək qanunsuzdur
və onu məhkəmə gözləyə
bilər. Odur ki , vətəndaş nə zamansa identifikasiya olunmadan, adi bir loginlə harasa daxil olub xidməti almaqla bağlı nəyisə təsdiqləyəndə,
qurumlar, banklar dərhal,
heç vətəndaşın xəbəri
olmadan da fərdi məlumatlarına
baxmaq razılığı da alırlar. Bunlar hamısı yolverilməzdir. Uzun müddətdir
ki, proses bu qaydada davam
edir.
Sözügedən strategiyanın icrasından
sonra isə vətəndaşın razılığı
olmadan, hansısa bank və ya qurum
onun fərdi məlumatlarına baxa bilməyəcək”.
Şəymən
Bayramova
Şərq .- 2023.- 30 avqust.- S.6.