142 yaşlı Nəsib bəy
Yusifbəyli anıldı
Azərbaycan Türk Ocağının nəşrə
hazırladığı "İstiqlal
savaşında Nəsib bəy Yusifbəyli yolu"
kitabının təqdimatı keçirilib
Sherg.az xəbər verir ki, dünən
Azərbaycan İlahiyyat İnstitutunda Azərbaycan Türk
Ocağının hazırladığı "İstiqlal
savaşında Nəsib bəy Yusifbəyli yolu"
kitabının təqdimat mərasimi keçirilib.
Məlumat üçün kitab haqqında qısaca deyək ki, "İstiqlal savaşında Nəsib bəy Yusifbəyli yolu" adlı elmi toplusu 3 iyul 2021-ci ildə Azərbaycan İlahiyyat İnstitutu və Azərbaycan Türk Ocağı İctimai Birliyinin birgə keçirdiyi "İstiqlal savaşında Nəsib bəy Yusifbəyli yolu" mövzusunda elmi konfransın materialları əsasında hazırlanıb. Azərbaycan Cümhuriyyətinin iki dəfə baş naziri olan istiqlal fədaisi Nəsib bəy Yusifbəylinin (1881-1920) anadan olmasının 140 illiyinə həsr olunan elmi konfransda müxtəlif ali məktəblərin alimləri və müstəqil araşdırıcıların məruzələri dinlənilib. Kitabda da həmin məruzələr çap olunub. Toplunun elmi redaktoru, tarix üzrə fəlsəfə doktoru, Azərbaycan Türk Ocağının sədri Akif Aşırlıdır. Ön sözün müəllifi isə ilahiyyat üzrə fəlsəfə doktoru, dossent, Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinovdur. Topluda Türk Ocaqları başqanı, professor Mehmet Özün, İstanbul Türk Ocağı başqanı, professor Cezmi Bayramın Nəsib bəy Yusifbəyli barədə maraqlı çıxışları, tarixçi-alim Firdovsiyyə Əhmədovanın "İstiqlal tarixinə yazılan Nəsib bəy ömrü", professor Nəsiman Yaqublunun "Nəsib bəy Yusifbəylinin parlament fəaliyyəti", Yusifbəyli ocağının varisi Rəfat Cuvarlının ""Nəsib bəy Yusifbəylinin həyat yolu", o cümlədən digər tarixçi alimlərin, araşdırmaçıların dəyərli elmi məqalələri əks olunub.
Tədbiri açıq elan edən və qonaqları salamlayan Azərbaycan İlahiyyat İnstitutunun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru, dossent Aqil Şirinov deyib ki, Nəsib bəy Yusifbəyli Azərbaycan tarixində mühüm rol oynamış şəxslərdən biridir. Rektor bildirib ki, xalqa yol göstərən insanlar olmadıqda xalq da yolunu itirir. Çünki xalqın dəyərlərini onlara aşılayan məhz onun ziyalı təbəqəsidir. Rektor bildirib ki, Azərbaycan xalqı yol göstərən ziyalılarının olması baxımından xoşbəxtdir:
"XIX əsrin sonları, XX əsrin əvvəlləri dünyada çalxalanma dövrü sayılır. Həmin çətin və mürəkkəb dövrdə Azərbaycan xalqının fəxr edəcəyi ziyalıları çox olub. Biz burada mütləq Mirzə Fətəli Axundovu, Həsən bəy Zərdabini, Əli bəy Hüseynzadəni də xatırlamalıyıq. Bu ziyalılar milləti birləşdirən ideyaları önə çəkirdilər. Milləti millət edən ideyaları tərənnüm edirdilər. Əli bəy Hüseynzadənin "Füyuzat"dakı din və məzhəblərdən, vəhdətdən bəhs edən məqalələri sanki günümüz üçün deyilib. Məhz həmin müdrik sayəsində azərbaycanlılar milli kimliklərini dərk etdi. Milli kimliyini dərk edən azərbaycanlılar tarixi fürsətdən yararlanaraq öz müstəqilliklərini elan ediblər. Xalqa yol göstərənlər arasında Nəsib bəy Yusifbəylini xüsusi qeyd etmək lazımdır. Nəsib bəy Yusifbəyli bütün fəaliyyəti dövründə örnək, nümunəvi bir şəxsiyyət olub. Çox az, 38 illik ömür sürüb. Amma bu az ömrə nələri sığışdırıb. O dövrdəki insanların siyasi yetkinliyə çatması üçün mübarizə aparıb. Eyni zamanda Azərbaycan mədəniyyəti üçün çalışıb. Baxçasarayda olanda Azərbaycan əsərlərini səhnələşdirib, teatr sənətində mühüm rol oynayıb".
Aqil Şirinov vurğulayıb ki, Nəsib bəy Yusifbəyli ciddi maddi sıxıntılar çəkib:
"Nəsib bəy Yusifbəyli bəy nəslindəndir və istəsəydi, özünə dünyəvi həyat qurardı. Amma o özünü xalqının gələcəyinə həsr etdi. Cümhuriyyət dövründə müxtəlif nazir postlarını tutdu ki, onların biri də dinimizlə əlaqəli idi. Maarif və din işlərinə baxan nazirlik idi".
Rektor gələcək layihələrdən də söz açıb: "Azərbaycan həyatında mühüm rol oynayan milli ruhanilərimizi tanıtmaq istəyirik. Bu gün ruhanilər içərisində ən böyük problemlərdən biri milli təfəkkürlü ruhanilərin olmamasıdır. XX əsrin əvvəllərində ruhanilərimizin çoxu milli təfəkkürlü insanlar idi".
Daha sonra söz "Şərq" qəzetinin baş redaktoru, Azərbaycan Türk Ocağının sədri, tarix üzrə fəlsəfə doktoru Akif Aşırlıya verilib. A.Aşırlı vurğulayıb ki, Azərbaycan Türk Ocağı ilə İlahiyyat İnstitutu arasında sıx əlaqələr var:
"Bakıda, Gəncədə, eyni zamanda Türkiyədə birgə elmi konfranslar keçirmişik. Bu gün də əməkdaşlığımızı davam etdiririk və buna görə də Aqil müəllimə təşəkkürümü bildirirəm. Düşünürdük ki, yoxdan bir dövlət və bayraq yaradan tarixi şəxsiyyətlərimizə sayğı olaraq onların həyatını və fəaliyyətini əks etdirən elmi simpozium, konfrans keçirilməlidir. Ona görə də 2021-ci ilin iyulun 3-də Nəsib bəy Yusifbəylinin 140 illliyi ilə bağlı Azərbaycan İlahiyyat İnstitutu və Azərbaycan Türk Ocağı İctimai Birliyinin birgə təşkilatçılığı ilə "İstiqlal savaşında Nəsib bəy Yusifbəyli yolu" mövzusunda elmi-praktiki konfrans keçirdik. Tədbirimizdə Türkiyənin Azərbaycandakı səfiri, millət vəkillərimiz, alimlərimiz iştirak etdilər. Sonra qərara gəldik ki, alimlərimizin tədqiqat əsərlərini, bizə təqdim olunan elmi məqalələri bir araya gətirərək kitab halında çap etdirək. Müəyyən çatışmazlıqları və əlimizə yeni çatan məqalələri də nəzərə alaraq, kitabı daha geniş formada yenidən çap etdirməyi planlaşdırırıq".
Akıf
Aşırlı diqqətə çatdırıb ki, Gəncədə olarkən Nəsib bəy
Yusifbəylinin anadan olduğu
evi də ziyarət ediblər: "Nəsib
bəy Yusifbəylinin varisi, bacısı
nəvəsi Rufat Cuvarlı bizə
söylədi ki, evdə Nəsib bəydən
bir neçə əşya qalıb.
Onların arasında müqəddəs kitabımız
"Qurani-Kərim" də var. Dediyinə
görə, onu İsmayıl bəy
Qaspıralı gətirib. Nəsib bəy Yusifbəylinin
siyasi fəaliyyətə, millətçi
platformaya keçidi
İsmayıl bəy Qaspıralının yanında, Baxçasarayda "Tərcüman" qəzetində
başlayıb. İlk dəfə Azərbaycanda,
1917-ci ildə "Türk Ədəmi-mərkəziyyət
partiyası" yaratmışdı. Sonrakı proseslərdə,
Müsavat Partiyası ilə N.Yusifbəylinin
partiyası birləşdi. Və bu birlikdən
Azərbaycan Xalq Cümhuriyyəti doğdu. Nəsib bəy Yusifbəylinin fəaliyyəti
ilə bağlı çox
danışmaq olar".
Tarixçi-alim Firdovsiyyə Əhmədova bildirib ki, Nəsib bəy Yusifbəyli ilə bağlı hansı kitab, toplu nəşr olunursa, onun adında mütləq "istiqlaliyyət" sözü olmalıdır. Alim vurğulayıb ki, Nəsib bəy ardıcıl olaraq istiqlal məsələsində çox qətiyyətli mövqe tutub:
"Məhəmməd Əmin Rəsulzadə sonradan dönə-dönə bəyan edirdi ki, "məhz Azərbaycan ideyasını siyasi tələb maddəsi kimi formula etmək şərəfi mərhum Nəsib bəyindir". Əgər Nəsib bəyin fəaliyyəti Cümhuriyyətin ideoloqu, lideri M.Ə.Rəsulzadə tərəfindən dəfələrlə vurğulanırsa, bu, çox böyük bir göstəricidir. Mənəmlik, təkəbbürlülük yox idi, ümumi Vətən, dövlət, millət davası var idi. Bu milli davada "Türk Ədəmi-mərkəziyyət" və Müsavat Partiyasının birləşməsi və Nəsib bəyin mövqeyi həlledici rol oynamışdı. Bir çox önəmli məsələ məhz Nəsib bəyin komandası vasitəsilə həyata keçirilmişdi. Nəsib bəy nazir bütün postlarında da Azərbaycan istiqlaliyyətinin əldən getməməsi üçün çalışıb. Digər məsələlər istiqlalın kölgəsində qalıb".
Tarixçi-alim, professor Nəsiman Yaqublu çıxışında qeyd edib ki, o, 1988-ci ildən Azərbaycan Xalq Cümhuriyyətini araşdırır. Yaşının 60-a çatdığını söyləyən alim çox zəngin xatirələrinin olduğunu deyib:
"Nəsib bəydən danışanda qızı Zöhrə xanım yadıma düşür. 1990-cı ildə o xanımın sağ olduğunu, İstanbulda yaşadığını öyrəndim. İstanbula getməyi qərara aldım. O zaman 20 yanvar hadisəsi baş verdiyinə görə Türkiyə ilə hava nəqliyyatı dayanmışdı. Ona görə də Türkiyəyə Moskvadan gedirdik. Bakıdan birbaşa gedişə icazə verilmirdi. Mən Türkiyəyə Batumi yolu getdim və Zöhrə xanımı tapdım. Zöhrə xanım atası ilə bağlı mənə iki xatirə verdi. Onları özümdə əziz xatirə kimi saxlayıram. Nə zaman Cümhuriyyət muzeyimiz yaradılsa, mən onları muzeyə verəcəm. Xatirələrdən biri 1904-cü ildə Nəsib bəyin Baxçasarayda çəkdirdiyi orijinal fotosudur. Fotonun arxasında da öz əli ilə adını yazıb. O mənim üçün çox doğma xatirədir. İkinci isə Zöhrə xanım mənə 1923-cü ildə İstanbulda nəşr edilmiş "Yeni Qafqaziyə" jurnalının 1-ci sayını bağışladı. O da mənim üçün əziz xatirədir. Zöhrə xanım mənə dedi ki, 1920-ci il aprelin 27-si gecə saatlarında atası evə gəlib. Azərbaycan artıq bolşeviklər tərəfindən işğal olunmuşdu. Nəsib bəyin həyat yoldaşına ilk sözü "biz hamımız bədbəxt olduq" olub. Yəni Azərbaycan işğal edildi. Deyir, atasından eşitdiyi son söz olub". Professor əlavə edib ki, mərhum Mövsüm Əliyev və Hafiz Sadıqov da Nəsib bəy Yusifbəyli haqqında araşdırmalar aparıblar. Həmçinin vurğulayıb ki, Nəsib bəy Yusifbəyli üçün ən toxunulmaz məsələ Azərbaycanın istiqlalı idi: "Nəsib bəy fəaliyyəti dövründə bir çox fərqli sahəyə rəhbərlik edib. O insan özünü Azərbaycan üçün fəda etmişdi".
Əməkdar jurnalist Qərənfil Xəlilova deyib ki, o özünü çox şanslı hesab edir ki, Cümhuriyyət qurucularını araşdırmaq, onların həyatını ekranlaşdırmaq qismətinə yazılıb:
"Onların keçdiyi yolu addımlamışam. Gəncədə, Baxçasarayda, Türkiyədə olmuşam. Nəsib bəy haqqında saatlarla söhbətlər dinləmişik. Onların həyatını öyrəndikcə görürsən ki, həyatlarını xalq üçün fəda ediblər, özlərini düşünməyiblər. Əgər özlərini düşünsəydilər, milləti düşünə bilməzdilər. Həmin şəxslərin məqsədi tarixdə qalmaq, məşhurlaşmaq olmayıb. Onların qayəsi örnək olmaq idi. Çünki örnək olmaq çox çətindir. Politologiya elmi formalaşmamışdan öncə həmin dəyərli şəxsiyyətlər siyasətin, idarəetmənin, liderlik xüsusiyyətlərinin ən yaxşı nümunəsi ortaya qoymuşdular. Yoxdan var etmək çox çətin idi və onlar bunu bacarmışdılar".
"Carçı" Tarix və Mədəniyyət Araşdırmaları Mərkəzinin sədri Sərxan Carçı bildirib ki, Nəsib bəy Yusifbəylinin işığına yığışmaq istiqlal şərəfidir.
Araşdırmaçı görülən bu cür dəyərli işlərə görə təşkilatçılara təşəkkürünü bildirib.
Filologiya üzrə fəlsəfə
doktoru, dosent İlhamə Qəsəbova deyib ki, Nəsib bəy
Yusifbəylinin 142 yaşı var:
"Nə qədər ki Azərbaycan xalqının dəyərbilən alimləri, ziyalıları var, o qədər də Nəsib bəy kimi şəxslər yaşayacaqlar. Biz 5-6 kitabla Nəsib bəy Yusifbəyli və tərəfdaşlarını kəşf edə, qaranlıq tərəflərini aça bilməmişik. Onların çoxşaxəli fəaliyyətini və şəxsiyyətini tam öyrənə bilməmişik".
Kinoşünas-yazar
Ceyhun Mirzəli bildirib ki, tarixə bir az metofizik baxmaq
lazımdır:
"Tarixi həm də ruhani proses kimi dəyərləndirməliyik. Bunu Qərb ölkələrində tarixi fəlsəfənin bir qolu kimi də görürlər. "Quran"da deyilir ki, dövlət əldən-ələ dolaşan sərvət halına çevrilməsin. Nəsib bəy baş nazir olan dövlət maşını ilə Gəncəyə gedib. Sonra xəbər gəlib ki, bacısı həmin maşınla bazarlığa gedib. Nəsib bəy öz sürücüsünə deyib ki, dövlətin maşını ilə bazarlığa, kənar işlərə
getmək olmaz. Bu, "Quran"ın məntiqinə uyğundur".
Toplantını
yekunlaşdıran İlahiyyat İnstitutunun rektoru Aqil
Şirinov bildirib ki, Azərbaycan Türk Ocağı ilə gələcəkdə
bir neçə layihə üzərində
çalışmaq fikirləri var.
İsmayıl Qocayev
Şərq .- 2023.- 23 dekabr, ¹235.-
S.3.