Azərbaycançılıq
ideologiyası ən böyük dəyərdir
Bu ideya həm
daxildə, həm də ölkəmizin hüdudlarından kənarda
yaşayan hər bir
azərbaycanlı üçün əsas
baza mənbəyidir
Bütün bunların
kökündə, mayasında bünövrəsində
Ümummilli Liderimiz Heydər Əliyevin düzgün yeritdiyi
siyasət durur və bu siyasət bu gün də uğurla
davam etdirilir
Azərbaycançılıq
ideyasının təbliği
Milli
ideologiyamızın əsas tərkib hissəsini azərbaycançılıq
və dövlətçilik təşkil edir.
Azərbaycançılıq ideologiyası müstəqillik dövrümüzün ilkin
illərində cəmiyyətdaxili parçalanmalara
və qarşıdurmalara son qoyan, bizi etnik
və regional separatçılıqdan qurtaran universal
ideologiyadır. Digər bütün fərqliliklərin
fövqündə duran, azərbaycanlı
sosial üst kimliyini təyin edən vasitədir. Yəni vətəndaş
həmrəyliyi və milli birliyimizin sosial-siyasi düsturudur. O cümlədən də azərbaycançılıq
ideologiyası, milliyyətindən, etnik mənsubiyyətindən,
dinindən, irqindən asılı olmayaraq,
bütün Azərbaycan vətəndaşlarını
özündə birləşdirən ən böyük
dəyərdir. Bu ideya
həm Azərbaycanın sərhədləri daxilində, həm
də ölkəmizin hüdudlarından kənarda yaşayan hər bir azərbaycanlı
üçün əsas baza
mənbəyidir.
Ona görə də "Heydər Əliyev İli"ndə Ulu Öndər Heydər Əliyevin bizə miras qoyduğu bütün digər dəyərlərlə bərabər azərbaycançılıq ideologiyasının da öyrənilməsi və təbliği aktual məsələlərdən biridir. Bu həm də milli kimliyin və sosial harmoniyanın davam etdirilməsi baxımından mühüm və vacib məsələdir. Hazırda bütün dünyada milli-etnik müstəvidə misli görünməmiş bir özünəqayıdış və milli kimliyin yenidən dərkedilməsi prosesi gedir. Bu mənada “Heydər Əliyev İli” təkcə onun yaratdığı böyük siyasi irsi yenidən öyrənib və gənc nəslə öyrədəcəyimiz il kimi deyil, həm də əslində milli dövlətçilik yaddaşımızın təzələnməsi ili kimi yaddaşlarda qalmalıdır. Azərbaycançılıq ideologiyası birbaşa Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev müasir azərbaycançılıq ideologiyasının – dövrün, zamanın tələblərini, dövlətçiliyin əsaslarını, milli-etnik şəraiti nəzərə alan milli təlimin banisidir. Çünki azərbaycançılıq ideologiyası məhz onun dövründə həqiqi siyasi-ideoloji məzmun qazanaraq, mükəmməl bir dövlətçilik təliminə çevrildi və müstəqil Azərbaycan Respublikasının dövlət ideologiyası səviyyəsinə yüksəldi.
Heydər Əliyevin əməli və nəzəri fəaliyyətinin mühüm bir hissəsini onun milli dövlətçilik təlimi, milli-mənəvi və ideya-siyasi dünyagörüşü təşkil edir. Heydər Əliyevin azərbaycançılıq nəzəriyyəsinin mühüm metodoloji əhəmiyyəti bundadır ki, o, tarixi varislik prinsipindən istifadə edir, bunun milli məfkurəmizin, düşüncə tərzinin, millətin irsində vətənçilik ideologiyasının formalaşmasının mənbəyi hesab edir.
Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyətinin bütün mərhələləri bir-birini tamamlamış, öz xalqına sıx bağlılığın, milli dövlətçilik məfkurəsinə sadiqliyin canlı təcəssümü olub. Geniş bilik və dərin təfəkkür sahibi olan Heydər Əliyev düşünülmüş və cəsarətli qərarları ilə təkcə müstəqillik dövründə deyil, bütün dövrlərdə Azərbaycan ictimaiyyətini ən ciddi şəkildə düşündürən məsələləri uğurla həll edib. Ulu Öndər cəmiyyət həyatının müxtəlif sahələri arasında üzvi bağlılığı aydın görərək, müəllifi olduğu milli inkişaf strategiyasında ictimai, siyasi, sosial, iqtisadi, mədəni və digər sahələrdə qarşıda duran vəzifələri düzgün müəyyənləşdirib və məharətlə həyata keçirib. Heydər Əliyevin milli neft strategiyasının uğurla reallaşdırılması nəticəsində xalqımız öz təbii sərvətlərinin tam sahibinə çevrilib və qısa müddətdə ölkəmizin inkişafına güclü təkan verən resurslar əldə edilib. Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul olunması və bütün sferaları əhatə edən köklü islahatların həyata keçirilməsi, demokratik, hüquqi dövlət quruculuğu, nizami ordunun yaradılması Heydər Əliyevin Azərbaycan xalqı qarşısında müstəsna xidmətləridir. Xalqımızı vahid amal ətrafında birləşdirən azərbaycançılıq ideologiyasının formalaşdırılması, ana dilinin dövlət qayğısı ilə əhatə olunması, ictimai-siyasi, elmi və mədəni fikir tariximizin əlamətdar hadisələrinin müntəzəm qeyd edilməsi ənənəsinin yaradılması, Azərbaycanın çoxəsrlik mənəvi-mədəni irsə sahib qədim diyar və sivilizasiyaların qovşağında yerləşən tolerantlıq məkanı kimi geniş şöhrət qazanması Heydər Əliyevin mükəmməl quruculuq proqramının tərkib hissələri olub. Dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir.
Millət
vəkili Elman Məmmədov “Şərq”ə
açıqlamasında deyib ki, Heydər Əliyevin siyasi
kursu dövlət müstəqilliyimizin qorunub saxlanılması və möhkəmləndirilməsi,
Azərbaycanın beynəlxalq imicinin
yüksəldilməsi, habelə sosial-iqtisadi
tərəqqinin əldə olunması kimi
taleyüklü məsələlərdə
uğurla illərin
sınağından çıxıb:
“Tarixi, adət-ənənələri, milli fəlsəfi məfkurəni, təcrübəni və zəngin mədəniyyətimizin bütün çalarlarını özündə ehtiva edən və müəllifi Heydər Əliyev olan azərbaycançılıq ideologiyası təkcə bu dövlətin ərazisində yaşayan şəxsləri yox, eyni zamanda bütün dünyada məskunlaşan azərbaycanlıları əhatə edən, dünya azərbaycanlılarını vahid ideologiya ətrafında birləşdirən milli məfkurəyə çevrilib. Milli ruhun yüksəlməsi, milli özünüdərkin inkişafı və xalqın tarixi yaddaşının özünə qaytarılması kimi fundamental prinsip və vəzifələrə xidmət edən azərbaycançılıq məfkurəsi dövlətin qüdrətinin artırılmasında real siyasi amilə çevrilib. Heydər Əliyev azərbaycançılıq ideologiyasını dövlət təliminə çevirməklə dövlətimizi daxildən parçalamaq, nifaq salmaq, millətlər və konfessiyalar arasında ziddiyyətlər yaratmaq və bu kontekstdə öz çirkin niyyətlərini həyata keçirmək istəyən qüvvələrin qarşısına sədd çəkdi. Ulu Öndər Heydər Əliyev və azərbaycançılıq ideologiyası deyəndə onun üçün əsas bu idi ki, biz bir millət olaraq azərbaycanlıyıq, dilimiz Azərbaycan dilidir və biz öz milli-mənəvi dəyərlərimizi qorumalı, ona sahib dayanmalı və ona qarşı olan təhdidlərin qarşısını almalıyıq".
Millət
vəkili Vüqar İskəndərov isə
hesab edir ki, Ulu Öndərin azərbaycançılıq
ideyasının təbliği sahəsində ölkəmizin
atdığı ardıcıl sistemli
addımlar xalqımızın və dövlətimizin daha da güclənməsinə,
beynəlxalq arenada nüfuz
qazanmasına əvəzsiz töhfə verir:
“Vaxtı ilə dünya ictimaiyyətinə
məlum olmayan Azərbaycan dövləti
və xalqı hazırda dünya ictimaiyyətinin
diqqətini cəlb edir, ölkəmizə
böyük maraq
göstərilir. Azərbaycanın beynəlxalq siyasi dialoqların, sivilizasiyalararası mədəniyyətlərin,
dinlərin, BMT-nin platformasının geniş müzakirəsinin, dünya
və Avropa idman
oyunlarının hər il keçirildiyi
möhtəşəm ölkəyə çevrilməsi hər
kəsin iştirakı və gözü
qarşısında baş verir. Ölkəmizin qeyd etdiyimiz
və etmədiyimiz bütün
uğurlarının mayasında azərbaycançılıq
ideyasının məqsədyönlü təbliğatının
dövlətimiz tərəfindən müvəffəqiyyətlə
aparılmasının xüsusilə böyük
rol oynamasına heç
kim şübhə etmir.
Azərbaycançılıq ideologiyası
ölkəmizi yad təzahürlərdən,
yad təsirlərdən qorumuş
olmaqla bərabər mayasında
özünüdərk, keçmişimizi
dərindən öyrənmək və sağlam
gələcək naminə birlikdə mübarizəni qoruyub saxlayır. Azərbaycançılıq
ideologiyası həm də xalqın tarixən
tapındığı mütərəqqi ənənələri
gələcək nəsillərə ötürən mənəvi
körpüdür. Azərbaycançılığın
gücü, eyni zamanda, fərdi maraq və
meyilləri dövlət siyasəti ilə birləşdirmək,
xalqın milli-mədəni eyniyyətini qoruyub
saxlamaq imkanları ilə ölçülür.
Bugünkü inkişafımızın düzgün bünövrəsi milli liderimiz Heydər
Əliyev tərəfindən 90-cı illərin əvvəllərində
qoyulub. Hazırda bu siyasi kurs Prezident
İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Cənab Prezident
İlham Əliyev tərəfindən ordunun maddi texniki
bazasının möhkəmləndirilməsi, gənclərimizdə
vətənpərvərlik və vətəndaşların
rifahının yüksəldilməsi sahəsində önəmli
sərəncamları və bununla
bağlı görülən işlər bizim
44 günlük Vətən müharibəsindəki
qələbəmizi şərtləndirib. Azərbaycan
xalqı olduqca müzəffər
xalqdır. Ali Baş
Komandanın rəhbərliyi altında şanlı ordumuz bizə yüz illərlə
həsrətində qaldığımız qələbəni
yaşatdı və bu qələbə həm
də xalqımızı daha da sıx birləşdirib. Bütün
bunların kökündə, mayasında bünövrəsində
Ümummilli Liderimiz
Heydər Əliyevin düzgün yeritdiyi siyasət idi və
bu siyasət bu gün də uğurla davam etdirilir”.
Şəymən
Bayramova
Şərq .- 2023.- 22 fevral.- S.6.