148 il böyük
tarixdir
Azərbaycan
mediası indi qlobal informasiya şəbəkəsinin bir hissəsinə
çevrilib
Azərbaycan Milli Mətbuatının
yaranmasından 148 il ötür.
Ölkədə
ilk mətbu orqanın - əsası Həsən bəy Zərdabi
tərəfindən qoyulmuş “Əkinçi” qəzetinin nəşrə
başladığı 22 iyul Azərbaycanda Milli Mətbuat
Günü kimi qeyd olunur.
XIX əsrin sonlarına yaxın
bütün Qafqazda böyük əks-səda doğuran bu qəzetin
naşiri də, redaktoru da, korrektoru da Azərbaycan milli
maarifçilik hərəkatının banilərindən biri,
təbiətşünas-alim Həsən bəy Zərdabi idi.
Qəzetin ərsəyə gəlməsində Mirzə Fətəli
Axundzadə, Seyid Əzim Şirvani, Nəcəf bəy Vəzirov,
Əsgər ağa Gorani və başqa ziyalıların
böyük xidmətləri olub.
“Əkinçi”nin 1875-ci il iyulun
22-dən 1877-ci ilin sentyabrınadək cəmi 56 sayı
işıq üzü görsə də, onun Azərbaycan
milli mətbuatının təşəkkül tapmasında,
inkişafında əvəzsiz rolu olub. Əsasən
maarifçilik missiyasını üzərinə
götürmüş “Əkinçi” qısa müddətdə
həm ziyalı təbəqə, həm də sadə insanlar
arasında çox məşhurlaşıb. Lakin
“Əkinçi”nin ömrü uzun sürməyib. Çar
Rusiyası qəzetin insanların maariflənməsində,
ictimai-siyasi proseslərə daha yaxından bələd
olmasındakı rolundan çəkinməyə
başlayıb və sonda qəzetin nəşrini
dayandırıb. Buna baxmayaraq, o dövrün görkəmli
maarifçiləri "Əkinçi" qəzetinin səhifələrində
öz maarifçi və demokratik ideyalarını təbliğ
edərək ictimai, siyasi və bədii fikrin inkişafına
böyük təsir göstəriblər.
O vaxtdan müxtəlif tənəzzül
və intibah dövrləri keçən Azərbaycan mətbuatı
daim cəmiyyətin proseslərə baxışını əks
etdirən güzgü rolunu oynayıb.
Azərbaycan mətbuatının
ilk müjdəçisi "Əkinçi"dən sonra bu
sahədə xeyli irəliləyişlər olub. XIX əsrin
sonlarında "Ziya", (1879), "Kəşkül"
(1880),"Kaspi" (80-90-cı illər) qəzetləri nəşrə
başlayıb. XX əsrin əvvəllərində C. Məmmədquluzadə,
M.Şahtaxtinski, S.Hüseyn, Ö.Faiq Nemanzadə,
Ü.Hacıbəyov və başqaları yeni demokratik mətbuatın
yaranması uğrunda mübarizə aparıblar. Bu gərgin
mübarizə öz nəticəsini verdi. "Şərqi-rus"
(1903), "Həyat" (1905), "Açıq söz"
(1915), "Azərbaycan" (1918) kimi demokratik ruhlu, milli qayəli
qəzetlər meydana çıxıb.
Milli mətbuatımızın
inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə
bağlıdır. Ulu Öndərin 1993-cü ildə
xalqın təkidli tələbi ilə hakimiyyətə
qayıdışı mətbuatımızın inkişaf tarixində
də yeni mərhələ açıb.
1998-ci ilin avqustunda senzuranın ləğvi
isə Azərbaycanda mətbuatın inkişafına ciddi təkan
verib.
Azərbaycan öz müstəqilliyini
bərpa etdikdən sonra bir çox milli-mənəvi dəyərlərə
qayıdış mətbuat sahəsində də
özünü göstərib. Bu gün ölkəmizdə
yüzlərlə mətbu orqan - qəzet və jurnal fəaliyyət
göstərir. Azərbaycan dövləti bu sahənin
inkişafına hər zaman böyük diqqət
ayırır. Ulu Öndərin mətbuata və mətbuat
nümayəndələrinə göstərdiyi diqqət və
qayğı Ümummilli Liderin layiqli varisi Prezident İlham
Əliyev tərəfindən davam etdirilir. Ölkəmizdə
söz və mətbuat azadlığı tam təmin olunub. Təsadüfi
deyil ki, hazırda respublikada çoxlu sayda müxtəlif qəzet
və jurnallar nəşr olunur, internet qəzetçilik
inkişaf edir. Müasir dövrdə informasiya
texnologiyalarının inkişafı Azərbaycan mətbuatını
qlobal informasiya şəbəkəsinin bir hissəsinə
çevirib.
Milli Məclisin deputatı Məşhur
Məmmədovun sözlərinə görə, Azərbaycan mətbuatında
senzuranın ləğvi məhz Ulu Öndər Heydər
Əliyevin hakimiyyətdə olduğu dövrə aiddir.
Ümummilli Lider hər zaman qələm adamlarına,
jurnalistikaya hörmətlə yanaşıb: “Mərhum Heydər
Əliyev jurnalistlərlə görüşlər keçirər,
söhbətləşər, müsahibələr verərdi.
Yadımdadır ki, hər xarici səfərdən
qayıdışında jurnalistlərə açıqlama
verərdi. Onun prezidentliyi dövründə mətbuat öz
inkişaf mərhələsinə qədəm qoydu. Bu gün
148 yaşlı Milli Mətbuatın inkişafında Ulu
Öndərin böyük əməyi olub”. Millət vəkilinin
sözlərinə görə, cənab Prezident İlham
Əliyevin rəhbərliyi dövründə mətbuat
müasir inkişaf mərhələsinə keçid edib: “Cənab
Prezident həmişə jurnalistlərə qayğı ilə
yanaşıb. Onların mənzillərlə təmin edilməsi,
dövlət büdcəsindən ildə iki dəfə
çap və elektron mətbuata vəsait ayrılması məhz
cənab İlham Əliyevin diqqətinin,
qayğısının nəticəsidir. Eyni zamanda Prezident
bir neçə il əvvəl çıxışında
deyib ki, jurnalistlər mənim köməkçilərimdir.
Prezident bildirib ki, hansısa qanun pozuntuları, məmur
özbaşınalığı haqda bir çox hallarda mətbuatdan
məlumat alır. Bu da göstərir ki, həm cənab
prezident mətbuatı diqqətlə izləyir, həm də
ölkədə qanun pozuntusu qeydə alınırsa, bunun
ifşa edilməsində medianın roluna da böyük əhəmiyyət
verir”.
“İki sahil” qəzetinin baş
redaktoru Vüqar Rəhimzadənin sözlərinə görə,
Azərbaycan Milli Mətbuatının keçdiyi yol 1875-ci ildən
bugünə qədər enişli-yoxuşlu, problemlərlə
dolu olub: “Amma bugünkü gündə Azərbaycan mətbuatı
sözün əsl mənasında mətbuat tarixində
özünün inkişaf dövrünü yaşayır. Azərbaycanda
mətbuatın inkişafı ilə bağlı dövlət
tərəfindən kifayət qədər lazımi sərəncamlar
imzalanıb. Bu da ölkəmizdə müstəqil mətbuatın
inkişafında müstəsna əhəmiyyət kəsb edən
qərarlardır. Bugünkü gündə peşəkar mətbuat
formalaşıb. Çap mətbuatı ilə yanaşı,
eyni zamanda elektron media qurumları uğurla öz fəaliyyətini
formalaşdırıb və davam etdirir. Dünyada gedən
prosesləri elektron media qurumları xüsusilə dərc etmək
imkanına malikdir. Media qurumları vasitəsilə
dünyanın istənilən ölkəsinə dəqiqə
ərzində xəbər ötürmək və ya xəbər
almaq mümkündür. Son dönəmlər Azərbaycanda
zamanla ayaqlaşan "Media haqqında" qanun qəbul olunub.
Bu qanun medianın bütün sferalarını özündə
ehtiva edən maddələrlə zəngindir. Bu qanun
ümumilikdə mətbuatın fəaliyyətində müstəsna
əhəmiyyətə malikdir. Medianın İnkişafı
Agentliyi həm yazılı mətbuata, həm də elektron media
qurumlarına dəstək funksiyasını kifayət qədər
yerinə yetirir. Azərbaycanda Mətbuat Şurası
Qeyri-Hökumət Təşkilatı olaraq öz işini
uğurla qurub. Bu gün Azərbaycan mətbuatı müstəqil
söz və fikir azadlığını özündə
ehtiva edərək sərbəst şəkildə fəaliyyət
göstərir. Qarşıdan gələn Mətbuat
Günü münasibətilə bütün həmkarlarımı
və Azərbaycan ictimaiyyətini ürəkdən təbrik
edirəm. Düşünürəm ki, cəmiyyəti mətbuatsız,
mətbuatı da cəmiyyətsiz təsəvvür etmək
mümkün deyil”.
Şəymən
Şərq.-
2023.- 22 iyul.- S.6.